Azərbaycan Respublikası Prezidenti 2016-cı il avqustun 30-da Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında sərəncam imzalamışdır. Sərəncamda deyilir ki, bir-birinin milli dəyərlərinə qarşılıqlı hörmət və ehtiram Azərbaycan və alman xalqlarının mədəni əlaqələrini səciyyələndirən başlıca cəhətdir. Alman şərqşünasları Azərbaycan xalqının möhtəşəm söz sənəti yadigarlarının dünya elm aləminə tanıdılmasında mühüm xidmətlər göstərmiş, alman memarları isə Azərbaycanda şəhərsalma mədəniyyətinə dəyərli töhfələr vermişlər.
2017-ci ildə Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi tamam olur. Azərbaycan xalqının tarixi və mədəniyyətində dərin iz qoymuş bu hadisənin UNESCO-nun "2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı"na daxil edilməsi təqdirəlayiqdir. Sərəncamda Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinə həsr olunmuş tədbirlərə dair xüsusi proqramın hazırlanıb həyata keçirilməsi nəzərdə tutulub. Artıq bununla bağlı xüsusi tədbirlər planı hazırlanmaqdadır.
Azərbaycanda məskunlaşmış alman icması həmişə böyük qayğı və diqqətlə əhatə olunmuşdur. Bunu Azərbaycan- alman dostluğuna həsr olunan sənədli və bədii filmlər də təsdiq edir. "Uzaq Qafqaz ümidi – Azərbaycanda alman izləri" sənədli filmində bu barədə ətraflı məlumat verilib. Film Azərbaycanın "Salnamə" studiyası və Almaniyanın "Züdost" informasiya agentliyinin birgə istehsalıdır. Alman dilində hazırlanmış 82 dəqiqəlik bu filmin rejissoru Mojkan Ehraridir.
XIX əsrdə Vürttemberq əyalətinin şəhər və kəndlərindən Azərbaycana köçmüş almanlar milli adət-ənənələrini burada da yaşatmışlar. Burada böyüyən nəsil öz mədəniyyətindən, milli ənənələrindən uzaqlaşmamışdır. Lakin sonrakı dövrdə xoşbəxt uşaqlıq çağları SSRİ-də baş alıb gedən faciəvi deportasiya ilə sona çatmışdır. 1941-ci ildə İ.Stalinin əmri ilə Azərbaycanda məskən salmış 20 min almanın burada doğulmuş, böyümüş nəsli Qazaxıstana və Sibirə sürgün olunmuşdur. Bu gün sürgündən sağ qalan almanların Rusiya almanları adlandırılan nəsli Almaniyada yaşayır. Vaxtilə Azərbaycanda yaşamış almanların bugünkü törəmələri ölkəmizdə indiyə qədər yaşayan həmvətənlərinin izlərini axtarırlar. Onlar Helenendorfun –Azərbaycandakı alman kəndinin salnaməsini yazmaq fikrindədirlər. 71 yaşlı Gizela Rasper və onun 18 yaşlı nəvəsi Sara həmin izləri bərpa edən almanlardandır.
Sənədli filmin müəllifləri – Almaniya və Azərbaycan tarixçiləri həmin kəndin əhalisi və canlı şahidlər vasitəsilə şərabçılıqla məşhur olmuş Helenendorf kəndinin, indiki Göygöl şəhəri, həyatını canlandırmağa çalışıblar.
Alman-Azərbaycan Cəmiyyəti tərəfindən hazırlanmış "Azərbaycan-alman dostluq əlaqələri" filmində Drezdendə saxlanılan "Dədə Qorqud" eposu, Mirzə Şəfi Vazehin Fridrix Bodenştedtlə dostluğu, Leypsiq dövlət kitabxanasında Azərbaycana dair kitablar, Berlin İncəsənət Muzeyində saxlanılan qədim musiqi alətləri və antik geyimlər lentə alınmışdır. 49 dəqiqəlik yeni ekran əsərində almanların Azərbaycanda məskunlaşma tarixindən də bəhs edilir. Göstərilir ki, Azərbaycanda məskunlaşan alman icmalarına həmişə xüsusi qayğı göstərilmiş, onların mədəniyyətinə, dininə, adət-ənənələrinə hörmət və ehtiramla yanaşılmışdır. Filmdə bu məskunlaşmanın tarixinə də qısa nəzər salınır.
Bu yaxınlarda almaniyalı kino mütəxəssisləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olmuşlar. Almaniyalı diplomat Ortvin Hennig, kinossenarist, professor Günter Konrad və tanınmış prodüser Friedhelm Brücknerin təmsil olunduğu nümayəndə heyəti Azərbaycanda olduğu müddətdə, ölkəmizdə mövcud olan çoxəsrlik multikultural mühitlə əyani şəkildə tanış olmuşlar. Qeyd edək ki, bu səfərin məqsədi vaxtilə Azərbaycanda və Gürcüstanda koloniya şəklində məskunlaşan alman icmaları ilə bağlı sənədli film çəkməkdir.
Ölkəmizdə dinc, yanaşı şəkildə yaşayan onlarca xalqın nümayəndəsi kimi, almanlar da Azərbaycanda məskunlaşdıqları XIX əsrin əvvəllərindən etibarən xalqımızla qaynayıb-qarışaraq, çox mehriban və səmimi yaşadıqları, onların Azərbaycanın ictimai, mədəni həyatındakı rolunu yüksək dəyərləndirərək, Vətənimizin multikultural palitrasına xüsusi rəng qatdıqları barədə ətraflı məlumat toplayan alman kinematoqrafçıları artıq bu filmin çəkilişinə başlamışlar. Söz yox ki, BBMM filmin çəkilişində əlaqələndirici rolunu oynayacaq.
Xalq atristi, kinorejissor Oqtay Mirqasımovun "Qisas almadan ölmə. Uzaqdan məktublar" bədii filmi "didərginlik faciəsini yaşamış bütün insanlara ithaf olunur" sözləri ilə başlayır. Ekran əsəri Azərbaycanda yaşamış almanların 1941-ci ildə Orta Asiyaya sürgün olunmasından bəhs edir. Bu mövzunun tarixi isə XIX əsrin əvvəllərinə gedib çıxır. O vaxt alman icmaları çar I Aleksandrın razılığı ilə Rusiya imperiyasının əyalətlərinə – Krıma, Qafqaza gələrək bu ərazilərdə məskunlaşırdılar. 1819-cu ildə Vürtemberq krallığından - Almaniyanın indiki Baden-Vürtemberq əyalətindən gələn almanlar Azərbaycanın qərbində, Gəncə yaxınlığında ilk koloniyanı, sonra isə Şəmşəddin və Qazax mahallarında yeni alman yaşayış məntəqələrini yaratmışdılar. Beləliklə, Azərbaycan burada yurd salan almanların ikinci vətəninə çevrilmişdi. Bir neçə nəsil dəyişmiş və həmin almanlar yerli əhali ilə birgə yaşamağa alışmışlar. Ekran əsərində məktublar, etiraflar, xatirələr, insanın hiss və yaşantıları əks olunur.
M.MÜKƏRRƏMOĞLU,
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.