Azərbaycan və azərbaycanlılar öz şanlı tarixinə, mədəniyyətinə, ədəbiyyatına, adət və ənənələrinə əmin və arxayın bir dövlət, bir xalq olaraq, başqa millətlərin də mənəvi dəyərlərinə daim böyük maraq göstərmiş, onları zaman-zaman öyrənmiş, bir çox cəhətlərini əxz etməkdən belə çəkinməmişlər. Elə buna görə də bütün dünya müasir dövrdə Azərbaycanın multikulturalizmin təməli olan bir məkana çevrildiyini bəyan edir. Ölkəmizi yaxından tanıyan dövlət və hökumət başçıları, ən nüfuzlu siyasi xadimlər, qabaqcıl elm, mədəniyyət, ədəbiyyat və incəsənət adamları Azərbaycanı multikulturalizmini ümumdünya və ümumbəşəri bir hərəkat kimi qəbul edirlər. Hələ kommunikasiya imkanları və vasitələri məhdud və primitiv olan dövrlərdə belə, Azərbaycan dövləti və xalqı, heç olmasa, yaxın qonşuları ilə əlaqə yaratmağa cəhd göstərmişlər. Onlardan biri də Rusiya olmuşdur.
Xalqımız qüdrətli şimal qonşumuzun imperiya siyasəti ilə razılaşmasa da, onun mədəniyyətini, ədəbiyyatını və incəsənətini, bu sahədə böyük iz buraxmış korifeylərin yaradıcılığını öyrənməyə, ondan bəhrələnməyə, xüsusən o dövr üçün müasir olan maarifçilik ideyalarını geniş yaymağa, bu yolun davamlı olması üçün geniş “körpülər” salmağa çalışmışdır. Bu mənəvi körpülərin ən etibarlı dayaqlarından biri Bakıya, Azərbaycana qəlbən bağlı olan görkəmli şair Sergey Yesenin olmuşdur.
XX əsrin ilk onilliklərində yaşayıb-yaratmış, cəmi 30 il ömür sürdüyünə baxmayaraq zəngin ədəbi –bədii irs qoyub getmiş bu böyük söz ustadı ömrünün son çağlarında üç dəfə Bakıya gəlmiş və hər gəlişində bu şəhərin, bu diyarın şəninə ölməz şeirlər həsr etmişdir. Onun yaradıcılığında “İran motivləri” ümumi adı altında toplanmış poeziya nümunələri istər yüksək bədii cəhətləri, istərsə də mövzusu baxımından xüsusi yer tutur. Bu silsilə şeirlərin yaradılmasının maraqlı və qəribə tarixçəsi var: O vaxt bolşevik mətbuatının ən öndə gedən nümunələrindən biri kimi böyük nüfuz sahibi olan “Bakinski raboçi” qəzetinin redaktoru Pyotr Çagin Yeseninin dostu idi. O, şairi Bakıya dəvət edir, necə deyərlər, qulluğunda dururdu. Belə səfərlərin birində Yesenin tələb etmişdir ki, Çagin onu İrana, xüsusən, şairlər diyarı Şiraza göndərsin. Çagin o vaxt Azərbaycana rəhbərlik edən Kirovun tövsiyəsi ilə Mərdəkan bağlarında Yesenin üçün bir İran səyahəti illüziyası təşkil edir. Və beləliklə də “İran motivləri” yaranır. Bu şeirlər ümumiyyətlə Yeseninin Bakı səfərlərinin məhsulu olan poeziya nümunələrinin hamısı “Bakinski raboçi” qəzetinin səhifələrində dərc edilmişdir. Şairin “Əlvida, Bakı! Səni mən görməyəcəyəm” şeiri onun hiss və duyğularının dil açıb danışmasının, yaxın gələcəyi sanki ovcunun içi görməsinin nəticəsi idi. Bu şeir 1925-ci ilin may ayında Bakıda yazılmış, “Bakinski raboçi” qəzetinin 25 may 1925-ci il tarixli 115-ci sayında dərc edilmiş, elə həmin ilin son günlərində – dekabrın 28-də Yesenin dünyasını dəyişmiş, ya da qətlə yetirilmişdir—onun ölümünün səbəbi indiyədək müəmma olaraq qalır. Xalqımız Sergey Yesenini heç vax unutmur.
Bu il Yeseninin doğum tarixi - anadan olmasının 121-ci ildönümü əlamətdar günlərə – V Bakı Beynəlxalq Humanitar Forumu günlərinə təsadüf edirdi. Bu, Yesenin günlərinə xüsusi bir ab – hava, unudulmaz bir təravət aşıladı. Ölkəmizdə multikulturalizmin nəzəri və tətbiqi müddəaları sahəsində görkəmli mütəxəssis, akademik Kamal Abdullanın rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondunda elə bu əhval-ruhiyyə ilə gözəl bir Yesenin törəni təşkil edilmişdi. Tədbirə fondun nəzdində fəaliyyət göstərən “Sönməz ulduzlar” kollektivinin üzvləri, ədəbiyyat və incəsənət xadimləri – şairlər, ədiblər, bəstəkarlar, ictimaiyyətin nümayəndələri toplaşmışdılar. Fondun direktor müavini, Əməkdar mədəniyyət işçisi Rafiq Kaşanlı, Musiqili Komediya Teatrının aktrisası Elmira Hidayətova, şair Vahid Əziz, SSRİ Xalq artisti Zeynəb Xanlarovanın ansamblının direktoru, Əməkdar mədəniyyət işçisi İldırım Qasımov, bəstəkar Azər Dadaşov, “Sönməyən ulduzlar” kollektivinin üzvü Zakir Məmmədov, ADPU fəlsəfə kafedrasının dosenti Taliyə Məmmədova, N.Tusi adına Gimnaziyanın müəllimi Nüşabə İmaməliyeva, RSFSR-in Azərbaycan Respublikasında səfirliyinin nəzdində fəaliyyət göstərən Rusiya İnformasiya –Mədəniyyət Mərkəzinin nümayəndələri Lyubov Yakunina, Natiq Əliyev və başqaları çıxış edərək, Yesenin yaradıcılığından, böyük rus şairini Azərbaycanla bağlayan tellərdən söz açdılar.
Çox yüksək əhval-ruhiyyə ilə keçən Yesenin gecəsi bir daha göstərdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, multikulturalizmin alternativi yoxdur və Azərbaycan həmişə multikultural bir ölkə olmuşdur.
Hacı Rafiq,
“Vahid” poeziya məclisinin sədri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.