Bu günlərdə Bakıda dünya şöhrətli müğənni, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun adını daşıyan küçədə unudulmaz sənətkarın əzəmətli abidəsinin açılışı dövlətimizin milli-mənəvi dəyərlərimizə verdiyi yüksək qiymətin növbəti təzahürü və korifey sənətkarın ölməzliyinin bir daha təsdiqi oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın mərasimdə iştirakı, dövlət başçısının Rəşid Behbudov barədə söylədiyi dəyərli fikirlər bu mədəni hadisəyə hədsiz təntənə gətirdi. Böyük nəğməkar Rəşid Behbudovun adını daşıyan Dövlət Mahnı Teatrının qarşısında onun sənətinə və şəxsiyyətinə layiq heykəlin qoyulması rəşidsevərlərin qəlbində hədsiz minnətdarlıq duyğuları yaratdı.
Açılış mərasimində dövlət başçısının söylədiyi qiymətli sözlər Rəşid Behbudov irsinin həqiqi dəyərini bir daha xalqımıza xatırlatdı:"Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün biz dünya şöhrətli müğənni, görkəmli musiqi xadimi Rəşid Behbudovun abidəsinin açılışına toplaşmışıq. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Rəşid Behbudov öz həyatını musiqiyə həsr etmişdir. Onun təkrarolunmaz səsi bizim milli sərvətimizdir. Rəşid Behbudov doğma xalqına, millətinə çox bağlı insan idi. O, Sovet İttifaqında ən populyar ifaçılardan biri idi. Bir çox ölkələrdə Azərbaycanı Rəşid Behbudova görə tanıyırdılar. Azərbaycan xalqı fəxr edə bilər ki, dünyaya Rəşid Behbudov kimi böyük insanı bəxş edib".
Dünya şöhrətli müğənni Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlmişdir. Anası Firuzə xanım Vəkilovlar nəslinə mənsub idi. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışmışdır. Hərbi xidməti zamanı ordu ansamblının solisti olan Rəşid Behbudov, əsgəri xidmətdən sonra Tbilisi estrada qruplarından birində solistlik edir və tezliklə İrəvanda caz orkestrində solistliyə başlayır. 1930-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan" filmində baş rola dəvət alır. 1945-ci ildə film efirə çıxır və çox tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanır.
1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov "Stalin mükafatı" ilə təltif olunur. 1949-cu ildə Budapeştdə keçirilən Gənclərin və Tələbələrin Ümumdünya Festivalında çıxış edir. 1946-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olur. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edir və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olur.
Bütün sovet respublikaları ilə yanaşı, Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edən Rəşid Behbudov Azərbaycan xalq mahnılarının və bəstəkarların vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynamışdır. Rəşid Behbudov Hindistana səfəri haqqında "Uzaq Hindistanda" kitabını yazmışdır. Dahi sənətkar 1989-cu il iyunun 9-da vəfat etmişdir.
Bir jurnalist kimi xoşbəxtəm ki, Rəşidlə bir əsrdə yaşamışam, Rəşidlə üzbəüz oturub nəğmələri qədər şirin sözünə-söhbətinə qulaq asıb lentə almışam. Hətta fürsət tapıb dəfələrlə televiziya verilişləri üçün onunla görüşmüşəm də. Ölümündən azca əvvəl radio üçün lentə aldığım 4 saatlıq çıxışı bu günə qədər neçə-neçə verilişə, neçə-neçə məqaləyə çevrilib. Nəhayət, "Sənətin keçdiyi yollar" kitabına da daxil edilib. Aztelefilmin yaradıcı qrupu böyük müğənninin anadan olmasının 100 illiyi münasibətilə sənədli film çəkib.
İllər keçəndən sonra Rəşid Behbudovla son müsahibəmin epizpodları yada düşür: "Azərbaycan xalqı çox böyük xalqdır. İlahi! Onun elə gözəl mahnıları var ki, min ildən bəridir unudulmur, yaşıyır, milyon il də keçsə yaşayacaq, unudulmayacaq. Azərbaycan xalqı bu inciləri bizə etibar edibsə, biz də gərək onun qədrini bilək, göz bəbəyimiz kimi, balamız kimi qoruyaq. Heç kəsin haqqı yoxdur ki, o mahnıları oxuyanda ağız-burunlarını əysinlər. Bir də təkrar edirəm. Azərbaycan xalqının mahnıları dünyanı valeh edir. Yarım əsrdən çoxdur ki, mən Azərbaycan xalq mahnılarını, bəstəkar mahnılarını tərənnüm edirəm. Bu mahnıları gərək getdiyin ölkələrdə elə çatdırasan ki, hamının yaddaşında qalsın."
Rəşid Behbudov üçün yüksək səhnə mədəniyyəti, zəngin repertuarla yanaşı, ilk növbədə, mükəmməl ifa önəmli idi. O, həmişə bu hədəfə doğru can atardı. Dünya ölkələrinin mahnılarına münasibətdə də, bu yolu seçərdi. O, 60-dan çox ölkənin mahnısını repertuarına daxil etmişdi. Müğənni səfərə çıxanda, sanki, öz-özünə imtahan verirdi. Gecəli-gündüzlü gedəcəyi yerin ab-havasını öyrənirdi, dilini araşdırırdı, seçdiyi bir çox mahnıların tərcüməsi ilə məşğul olurdu. Ən başlıcası səsinə düşən, səsinə uyğun olan, ruhuna yatan mahnılara müraciət edirdi. Eləcə də seçdiyi mahnıları o xalqların dilində hazırlayırdı. Əbəs deyil ki, harada olursa olsun, o, oxuyanda çoxlarını təəccüb bürüyürdü. Xarici ölkələrin böyük səhnələrində hamı ona qarışıb həmin mahnını xorla oxuyurdu.
Ən çox İran və Hindistandan səfərlərindən danışardı. Hindistanın kino ulduzları Rac Kapurdan, Nərgizdən yaxın sənət dostları kimi söz açardı. Müsahibə aldığımız zaman qarşısındakı Hindistanın simvolu olan fil heykəlini göstərib dedi: "Bu ölkəyə doqquz dəfə səfər etmişəm. Böyük stadionları var, oxuyanda iynə atsan yerə düşməzdi. Xüsusilə onların dilində oxuduğum nəğmələr sürəkli alqışlarla qarşılanırdı. Elə tədbirləri gərək gözlə görəsən."
El arasında müğənninin İran səfəri ilə bağlı xoş xatirələr də yaşamaqdadır. Həmvətənləri müğənninin çıxışlarından doymadıqları, üçün necə olursa olsun, çalışırdılar ki, unudulmaz bir an yaşasınlar. Ona görə də qərara gəliblər ki, Rəşid Behbudovun konsert verdiyi əyalətdəki böyük kinoteatrlardan birinə onun adını versinlər. Bu xəbər hamının ürəyindən olmuşdur. Uzun müddət "Rəşid teatrı" deyə o ünvana baş çəkənlər, sanki, ziyarətgaha gedirdilər. Sağlığında belə hadisələrlə üzləşən dahilər az-az olur.
Muğamlarımıza münasibətlə bağlı söhbət salanda narahatlığını gizlədə bilmirdi: "Çoxları elə bilir ki, Rəşid Behbudov məşhur müğənni Məcidin tərbiyəsində böyüsə də, ömründə bir dəfə də olsun muğam oxumayıb. O belə sözləri eşidəndə çox sərt şəkildə deyirdi ki, bu tamam yalan fikirdir, bütün xalq mahnıları, bəstəkar mahnıları, ariyalar hamısı muğamdan güc almırmı? İstərdim ki, muğamlarımız böyük-böyük əsərlərə çevrilsin. Fikrətin simfonik əsərləri kimi və digər bəstəkarların bu sahədəki nümunələri kimi. Mən həm də istəyirəm ki, bizim muğamlarımız, xalq mahnılarımız nota salınsın."
Doğrudur, bu barədə o bəzi uğurlarımızı da sadalayırdı. Amma fikri bu idi ki, nəticə qənaətbəxş deyil. İfaçılardan da narazı qaldığını bildirirdi. Muğamı düzgün oxumayanlar, onun sözlərini təhrif edənlər barədə konkret nümunələr də göstərirdi. Elə bu yerdə adamın ürəyindən keçir ki, kaş sənətkar sağ olaydı. Bizim günlərdə muğamlarımızın uğurlarını görüb sevinərdi. Dünyanın mədəni irsi sırasında özünü doğruldan muğamlarımız, paytaxtımızda yaranan Muğam Mərkəzi, Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən muğam müsabiqələri onun görmək istədiyi arzular idi.
Ruhun şad olsun, ölməz müğənnimiz!
Telman Qarayev,
Əməkdar jurnalist
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.