Ömrün də öz rəngləri var

Onu  çoxdan tanıyıram, yaradıcılığı ilə  də yaxından tanışam. Sərgilərində iştirak etmişəm, rəsmlərinə  necə böyük maraq  göstərildiyini də görmüşəm. Rafiq  Quliyev yaradıcılıqda  öz dəst-xətti olan, istedadlı rəssamdır. Rəssamlığın bir çox janrlarında  sevə-sevə yaratdığı əsərlər  sənətşünaslar tərəfindən yüksək qiymətləndirilib.  İstədik ki, ömrünün 60-cı ilində onun  sənət  və həyat yolu ilə  bağlı özü danışsın, bu gün mədəni həyatımızda  baş verənlərə münasibətini bildirsin.

Rafiq müəllim  söhbətimizə düşmən tapdağı altında qalan  doğulduğu  Cəbrayılın  həsrətindən başladı:

– Torpaq, yurd  itkisi sənətkar üçün daha ağrılı, daha əzablı  olur. Cəbrayılın işğalı  ömrümün ən ağrılı anlarıdır.  Uşaqlığımın, gəncliyimin keçdiyi, bütün ruhumla bağlı olduğum, hər qayası, hər daşı xatirimdə iz buraxmış, ­dağlarında qartallar yuva quran, çaylarının şırıltısı beşik nəğməm olan bir diyara həsrət qalmışam. Cəbrayıl rayonunun Quycaq kəndində doğulmuşam. Bu gün o yerləri  xatırladıqca, qəlbimdəki həsrət dolu kövrək hisslər məni rahat buraxmır. Bu hisslərim həsrət yüklü sənət əsərlərinə çevrilir.  Hər dəfə bu mövzuya qayıdanda ömrümün Cəbrayıllı günlərini yenidən yaşayır və bütün ağrılarımı yaratdığım əsərlərdə ifadə etməyə çalışıram. Həyatda  ən  böyük arzum bizə boylanan o dağlara ayaq basmaqdır.

Deyir ki,  əsərlərimin əksəriyətini Azərbaycana, azərbaycanlılara həsr etmişəm. Çalışmışam ki, əsərimin rəngləri də, pafosu da  Vətənimizin ruhu ilə həmahəng olsun.

Rafiq Quliyevin sənət dünyası olduqca rəngarəngdir. Burada rəssam təxəyyülünün elə möcüzələri yaşayır ki, onların açması bəzən sənətşünaslar üçün də sirr olaraq qalır. O nə istəyir, onun qəhrəmanları olan insanlar hansı hiss və duyğularla yaşayırlar? Baxın, müəllif özü nə yazır: "Gözəlliyə, təsviri sənət aləminə düşmək Allah dərgahına düşmək kimi bir möcüzədir".

Mən həmişə rəssamlığı ilahi vergi hesab etmişəm. O, yeganə sənətdir ki, rəssam öz əsərini tamaşaçı ilə heç bir vasitə olmadan üz-üzə qoyur. Və bu anda qarşındakı əsər sənə hər şeyi deyir. Rəssamlıq nə musiqi deyil, nə də kino. Onun ifaçısı, yaxud şərikli müəllifi olmur.

Rafiq Quliyevin əsərlərinə tamaşa etdikcə hiss edirsən ki, onun çox güclü müşahidə qabiliyyəti var. O,  ətrafındakı hər şeyə rəssam gözü ilə baxır və ən yaxşı olanları hafizəsində  yaşadır, sonradan onlar yeni-yeni əsərlərə çevrilir. "İçərişəhər", "İçərişəhər işıqları" əsərləri də  belə müşahidələrin nəticəsində yaranmışdır.

Rəssamın əsərlərində Azərbaycanımıza, onun  gələcəyinin möhkəm təməlini qoyan, müstəqilliyimizin əbədiliyini təmin edən ulu öndərə böyük məhəbbət hissi var. 2000-ci ildən başlayaraq, onun yaradıcılığında ulu öndər Heydər Əliyevlə  bağlı əsərlər xüsusi yer tutmağa başlamışdır. Rafiq Quliyev indiyə qədər ulu öndərin 15-ə qədər büst və heykəlinin müəllifi, 40-dan çox muzeyin, xatirə kompleksinin layihəçisi olmuşdur. Rafiq müəllim deyir ki, ümummilli liderə həsr etdiyi əsərlər bu böyük insanın halal haqqıdır. Məhz onun böyük qayğısı sayəsində Azərbaycanda rəssamlıq sənəti inkişaf tapdı və bugünkü səviyyəyə yüksələ bildi.

Rafiq müəllim ulu öndərin siyasətini davamlı olaraq həyata keçirən hörmətli Prezidentimiz İlham Əliyevin də bu sənətə qayğısından ürək dolusu danışır. Deyir ki, Azərbaycan incəsənəti, mədəniyyəti son illər çox sürətlə inkişaf etməkdədir. Bu isə, söz yox ki, cənab İlham Əliyevin, ölkənin birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətləri ilə bilavasitə bağlıdır. O,  Prezidentimizin bu sözlərini xatırlayır: "Azərbaycan incəsənəti, rəssamlıq məktəbi çox zəngindir, dərin köklərə əsaslanır. Milli rəssamlığımızın son illər ərzində xeyli güclənməsi ona böyük beynəlxalq şöhrət qazandırmışdır. Bunu Azərbaycan ictimaiyyəti də görür və xarici mütəxəssislər də qeyd edirlər. Bu, çox sevindirici haldır və onu göstərir ki, Azərbaycan hərtərəfli inkişaf edir".

Yaradıcılıqla bərabər sənət haqqında araşdırmaları da maraq  doğuran rəssam hazırda  Mədəniyyət və Turizm Nazirliyinin Elmi-Metodik Mərkəzində elmi araşdırmalar şöbəsinə rəhbərlik edir. Mərkəzin təşkil etdiyi  konfransların, seminarların əksəriyyətinin təşkilatçılarından olmuşdur. Deyir ki,  son vaxtlar  çalışdığı mərkəzin  fəaliyyəti  əsaslı şəkildə yenidən qurulub. Mərkəzin keçirdiyi tədbirlər xalqın mənəvi sərvətlərinin ortaya çıxarılmasında olduqca əhəmiyyətli rol oynayır.

İş stolumun üstündə Rafiq müəllimin "Azərbaycan təsviri sənətində tarix və şəxsiyyət" adlı tədqiqat əsəri  var. Bu kitab haqqında  dövri mətbuatda, saytlarda  dəfələrlə yazılıb, onun  müasir  sənətşünaslığa böyük töhfə olduğu bildirilib. Əsildə bu, onun ilk kitabı deyil. Rəssamın "Azərbaycan incəsənətində rəmzi-bədii şərhə yüksəlmə", "Təsviri sənətdə insan dünyası" əsərləri təsviri sənətimizə əsl sənətşünas baxışıdır. Tanınmış sənətşünas Ziyadxan Əliyev onun haqqında 2006-cı ildə "Rafiq Quliyev" adlı monoqrafiya da yazmışdır.

Rafiq müəllim deyir ki, o, hər şeydən əvvəl  rəssamdır. Yaradıcılıq üçün geniş imkanlar açıldığı bir dövrdə  ölkəmizdə gedən quruculuq işlərini, gözəlləşən Azərbaycanımızı öz əsərlərində tərənnüm etməkdən həzz alır. Və bir də Rafiq müəllimin sənətində ağrılı Qarabağ mövzusu qırmızı xətt kimi keçir. Bir vaxtlar böyük zəhmətlə Quycaq kəndində  həmkəndlisi, Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovun xatirəsinə həsr etdiyi kompleksin və onun büstünün taleyindən çox  narahatdır. "İndi yəqin düşmənlərimiz bu kompleksi darmadağın etmiş, büstü isə Allah bilir haraya tullamışlar" – deyir. Amma o, inanır ki, gec-tez bu torpaqları azad edəcək,   Vətən torpağında daha əzəmətli heykəllər, xiyabanlar yaradacağıq.

Beynəlxalq müsabiqələrin qalibi  Rafiq Quliyev artıq sənətdə öz sözünü demiş, Azərbaycan rəssamlığında xüsusi  mövqeyi olan bir sənətçidir. Onun əsərləri  xalqımızın mənəvi sərvətidir. Neçə-neçə nəsillər bu əsərlərə tamaşa etdikcə, Azərbaycanın, onun qurub-yaradan insanlarının istedadla yaradılmış obrazları ilə üzləşəcək.

M.MÜKƏRRƏMOĞLU,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında