Azərbaycanda alman məskənlərinin salınmasından 200 il keçir

2017-ci ildə Cənubi Qafqaz regionuna, o cümlədən Azərbaycan ərazisinə almanların köçürülməsindən və alman məskənlərinin salınmasından 200 il ötür. Bununla bağlı keçiriləcək tədbirlər UNESCO-nun yubiley proqramına daxil edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 avqust 2016-cı il tarixli "Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında" sərəncam imzalayıb.   Bu sərəncam Azərbaycanda tarixi irsə diqqət və qayğının,   respublikada alman mədəniyyət abidələrinin dövlət səviyyəsində qorunması və bərpasının, ümumiyyətlə, ölkəmizdə tolerantlıq və multikulturalizm siyasətinin bariz ifadəsidir.

Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycan çox maraqlı geosiyasi məkana, zəngin tarixi və mədəni irsə malikdir. Tarixin ayrı-ayrı dövrlərində ölkəmizə müxtəlif xalqların, mədəniyyətlərin və konfessiyaların nümayəndələri köçüb məskunlaşıblar. Belə bir şəraitdə Azərbaycanda çoxəsrlik tarixi ənənələri olan multikulturalizm və tolerantlıq böyük əhəmiyyət kəsb edib və bu, hazırda dövlət siyasətinin vacib istiqamətlərindən biri kimi diqqət çəkir.

Azərbaycan Prezidenti İlham Əliyevin 11 yanvar 2016-cı il tarixli sərəncamı ilə 2016-cı il respublikamızda "Multikulturalizm ili" elan edilib. Eyni zamanda, hazırda  ölkəmiz beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoq mərkəzi kimi tanınır. Bu sahədə Azərbaycanda son illərdə   beynəlxalq tədbirlərin, o cümlədən mədəniyyətlərarası dialoq üzrə ümumdünya forumlarının, beynəlxalq humanitar forumların, nəhayət, bu il aprel ayının 25-27-də   BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsi dünya dövlətlərinin respublikamızda mövcud multikultural mühitə münasibətinin parlaq ifadəsidir. 

Son illər ərzində Azərbaycan dünyanın, o cümlədən Avropanın bir çox dövlətləri ilə sıx münasibətlər qurub. Bu baxımdan Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında siyasi, iqtisadi münasibətlərin, mədəni əlaqələrin inkişafını qeyd etmək yerinə düşər. Azərbaycan və alman xalqları arasında tarixi əlaqələr mövcüddur. Respublikamızda XIX-XX əsrlərdə  alman əhalisi yaşayıb, alman məktəbləri, lüteran kilsələri fəaliyyət göstərib, hazırda 200 illiyi qeyd olunan alman məskənləri salınıb.   

Azərbaycan ərazisində alman məskənlərinin salınması tarixi XIX əsrin ilk onilliklərindən başlanıb. Başqa sözlə, 1816-1818-ci illərdə Almaniyanın cənubundan - Vürtemberq vilayətindən olan alman kəndlilərinin Cənubi Qafqaza köçürülməsi və onların Azərbaycan və Gürcüstan ərazilərində məskunlaşmaları baş verib. 1819-cu ildə Azərbaycanda iki alman koloniyası – Yelenendorf  və Annenfeld yaranıb. Sonradan Azərbaycan ərazisində onların sayı artıb və XX əsrin əvvəlində səkkizə çatıb:    Göygöl, Şəmkir, Qazax, Tovuz, Ağstafa rayonlarının köhnə Azərbaycan kəndlərinin yerində Yelenendorf, Annenfeld, Qeorqsfeld, Alekseyevka, Qrünfeld, Eyqenfeld, Traubenfeld, Yelizavetinka adlanan alman məskənləri yerləşib. 1939-cu il əhalinin siyahıyaalınma məlumatına görə, respublikamızda  23 min 133 nəfər alman yaşayıb. Onların arasında müxtəlif sahələrin mütəxəssisləri, iş adamları, alimlər, memarlar, mühəndislər və s. olub. 

Ölkəmizdə məskunlaşan alman kolonistləri kənd təsərrüfatının üzümçülük və şərabçılıq sahələrində fəaliyyət göstəriblər. Forer və Hümmel qardaşları şərabçılıq firmaları, orta və xırda təsərrüfatları ilə tanınıblar. Yelendorfda Forer qardaşlarının firması tərəfindən  pivə, konyak zavodları tikilib. Üzümçülük və şərabçılıqla yanaşı, alman məskənlərində əkinçilik, maldarlıq, müxtəlif sənət növləri də inkişaf edib. 1922-ci ildə alman məskənlərində "Konkordiya" üzümçülük-şərabçılıq istehsal kooperativi yaradılıb, ötən əsrin 30-cu illərində isə kolxozlar fəaliyyətə başlayıb. 

Alman icmasının mədəni həyatında təhsil, mədəniyyət böyük əhəmiyyət kəsb  edib.  1842-ci ildə Yelendorfda ilk məktəb binası tikilib. 1920-ci illərin ortalarında Azərbaycanın alman məskənlərində və Bakı şəhərində səkkiz alman məktəbi fəaliyyət göstərib.  Bu məktəblərdə alman, azərbaycanlı və rus müəllimlər dərs deyiblər.   Alman əhalisi Azərbaycan dilinə ciddi maraq göstərib.  1920-ci ilin sonunda Yelenendorfda maşınqayırma, 1930-cu illərdə isə üzümçülük və şərabçılıq texnikumu fəaliyyətə başlayıb.  

Azərbaycanda yaşayan alman əhalisi tərəfindən lüteran kilsəsinin əsası  qoyulub. Alman memarları A.Eyxler və F.Lemkulun layihələri əsasında 1854-cü ildə Yelenendorfda (Göygöl şəhəri), 1909-cu ildə Annenfelddə (Şəmkir şəhəri) lüteran kilsələri ucaldılıb, 1899-cu ildə isə Bakı şəhərində inşa edilən lüteran kirxasının açılışı olub.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentdə millət vəkili olan Lorents Yakovleviç Kun alman əhalisini təmsil edib. Həmin dövrdə alman məskənlərinin həyatında mühüm bir tarixi hadisə baş verib,  9 iyun 1919-cu il tarixində Yelenedorf koloniyasının yubileyi, almanların Azərbaycanda məskunlaşmasının 100 illiyi qeyd olunub.   

1920-1930-cu illərdə Azərbaycanda "Bauer und Arbeiter" ("Kəndli və fəhlə"), "Lenins Weg" ("Lenin yolu") adlı alman dilində qəzetlər nəşr olunub. 1928-ci ildə Yelenendorfda arxeoloq, pedaqoq Hummel tərəfindən təşkil olunan Diyarşünaslıq muzeyi açılıb. 1940-cı ildə isə həmin muzeydə keçmiş SSRİ-də 800 illiyi keçirilən  dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr edilən sərgi təşkil olunub ki, bu da mədəniyyətlər dialoqunun bariz nümunələrdən biri sayıla bilər.

Azərbaycanda yaşadıqları dövr ərzində alman əhalisi ana dilini, milli-mədəni, etnoqrafik xüsusiyyətləri qoruyub.   Alman məskənlərindəki kilsələrin inşası zamanı qotika üslubu diqqət mərkəzində saxlanılıb. Alman kolonistləri adət-ənənələrini, folklorunu unutmayıblar, həmişə milli və dini bayramlarını qeyd ediblər, geyimləri, habelə milli mətbəxləri özünəməxsusluğu ilə fərqlənib. Yelenendorfda mədəniyyət klubu təşkil olunub, onun nəzdində teatr, idman dərnəkləri, nəfəsli orkestr, xor, kitabxana fəaliyyət göstərib, tamaşalar, konsertlər keçirilib. Alman məskənlərinin abadlaşdırılmasına, təsərrüfat infrastrukturunun inkişafına daim qayğı göstərilib. 

Azərbaycanlılarla alman kolonistləri arasında qarşılıqlı ünsiyyət, təsərrüfat sahəsində təcrübə mübadiləsi müşahidə olunub. Alman kolonistləri azərbaycanlılardan bu yerlərdə qədimdən mövcud olan və ənənəvi sayılan bəzi becərmə, suvarma üsullarını mənimsəyiblər. Azərbaycanlılar isə kolonistlərin təsərrüfatında yayılan   Avropa üzüm növlərini, gübrələri, müalicə vasitələrini, texniki yenilikləri, Avropa furqonlarından istifadə etməyi öyrəniblər.

Alman əhalisi respublikamızda yaşayan digər xalqların nümayəndələri kimi, dini etiqad azadlığına malik idilər. Onlar təhsil alır, işləyir, milli-mədəni dəyərləri qoruyub saxlayır, ölkəmizin multikulrural məkanında dinc yaşayırdılar.

1941-ci ildə Böyük Vətən müharibəsinin başlanması ilə bir çox müxtəlif xalqların nümayəndələri kimi, keçmiş SSRİ ərazisində, o cümlədən Azərbaycanda yaşayan almanlar da sovet rəhbərliyinin müvafiq qərarı ilə deportasiya olunaraq, Qazaxıstan və Sibirin ucqar vilayətlərinə köçürüldülər.   

Azərbaycanda bu gün almanların mədəni abidələri, o cümlədən, Bakı, Göygöl və Şəmkir şəhərlərində lüteran kilsələri, burada yaşayan alman kolonistlərinin evləri və tikililəri saxlanılır. 2010-cu ildə dövlət başçısının sərəncamına əsasən, aparılan təmir və bərpa işlərindən sonra Bakıda lüteran kilsəsi binasının – Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalının açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. 2013-cü ildə Prezident İlham Əliyev Şəmkirdə alman lüteran kilsəsinin bərpa edilən binası ilə tanış olub.

Bakıda fəaliyyət göstərən "Kapellhaus" Alman-Azərbaycan Mədəniyyət Birliyində mədəni tədbirlər, konsertlər, sərgilər keçirilir. Paytaxtımızda alman memarlarının layihələri əsasında inşa edilən memarlıq binaları qorunub saxlanılır. Bütün bunlar tolerantlıq və multikulturalizm siyasətinin, tarixi keçmişimizə, Azərbaycan ərazisində yaşayan müxtəlif etnik icmaların, konfessiyaların nümayəndələrinin mədəniyyətinə qayğıkeş münasibətin parlaq nümunəsi və təzahürüdür.

Südabə ZEYNALOVA, 
tarix üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında