Bakıda V Beynəlxalq “Tullantıdan sənətə” sərgisi açılıb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub

Oktyabrın 2-də “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda V Beynəlxalq “Tullantıdan sənətə” sərgisi açılıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub.

Sərgi Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, IDEA İctimai Birliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Q Gallery” incəsənət qalereyasının dəstəyi ilə reallaşıb. Məişət tullantılarından, lazımsız əşyalardan istifadə olunaraq hazırlanmış sənət əsərlərinin təqdim edildiyi sərgidə 8 ölkədən 25 incəsənət nümayəndəsinin əl işləri nümayiş olunur. Ümumilikdə, 5 il ərzində “Tullantıdan sənətə” sərgisində 30 ölkədən 80-dən çox sənət adamı iştirak edib. Sərginin əsas məqsədi əhaliyə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, onları lazımsız saydıqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir. Yararsız hesab edilərək atılmış əşyalar, tullantı materialları sənətkarların əllərində “canlanıb”.

Sərgidə yer alan əsərlərdən biri Məmməd Rəşidovun (Azərbaycan) “Qarabağ Peqası” əl işidir. Qarabağ atları fədakarlıq və mərdlik təcəssümüdür. Əsərin konsepsiyasına görə, mürəkkəb sualların həllində ədalətin qalib gəlməsi üçün zaman tələb olunur. Əfsanəvi Peqas əsrlər boyu gücün və sürətli vaxt axınının rəmzi hesab olunub. Bu iki varlığın vəhdəti ədalətin bir gün qələbə çalacağından xəbər verir.

Tatyana Qomzanın “Yumşaq pəncələr” əsəri isə pişik ailəsini əks etdirir. Pişiklər “xoş gəldin” jesti olaraq qonaqlara sanki qucaq açmışlar. Metal skeletdən ibarət sərt görkəmlərinə baxmayaraq, onların çox yumşaq və rahat çəkmələri var. Sərgiyə gələnlər yaşından asılı olmayaraq onları geyinərək bir anlıq “yumşaq pəncələri” hiss edəcəklər. Bəlkə də bu pozitiv incəsənət əsəri ilə yaxından təmasda olduqdan sonra tullantılara kreativ yanaşma ideyası tamaşaçılara daha real görünəcək.

Dünya okeanlarını cənginə almış plastik çirklənmə İnqrid Qoldblumun (ABŞ) “Cərəyan” əsəri üçün katalizator olub. Riyazi modeldən ibarət arxa fonda xırda tullantıların birləşərək nəhəng tullantı burulğanına çevrilməsi əks olunub. Eynək şüşələri həm okeanın plastiklərlə çirklənməsini göstərir, həm də tullantılar ilə yanlış rəftarın yaratdığı problemi nümayiş etdirmək üçün pəncərə rolunu oynayır. 

Katarina Monteyronun (Portuqaliya) “Doğma küçə” əsərində zibil yeşiyində yaşayan küçə pişiyi ətrafında siçanlar və balıq sümükləri ilə birgə əks olunub. Amma həmin zibil qutusu sanki dəniz qulduru xəzinəsi kimi qızıl və qiymətli daşlarla doludur. Əsərin konsepsiyası bundan ibarətdir ki, bir insanın tullantı saydığı əşya digər insan üçün xəzinə hesab oluna bilər.

Rusiyalı rəssamlar Nina Nikiforova və Vladimir Nikiforovun “Tullantılardan qızıl” kompozisiyasının məqsədi təbiətin ən vacib qanunu olan “maddələr dövriyyəsi” anlayışını, yəni tullantıların istifadəyə yararlı məhsullara qaytarılması ideyasını insanlara təlqin etməkdir.

Eləcə də Aleksandr Faley (Belarus), Erkin Ələkbərli (Azərbaycan), Həbib Saher (İran), Cenifer Maestre (ABŞ), Şamil Quliyev (Qazaxıstan), Soso Çxaidze (Gürcüstan), Zəkəriyə Zəkəryəyev (Rusiya), Martins Sprogis (Latviya), Pandora Apostolovska Sazdovska (Makedoniya) və digər rəssamların əsərləri bir daha təsdiq edir ki, incəsənət insan həyatının önəmliyinin, xaosun gözəlliyə və cəsarətə çevrilə biləcəyinin təzahürüdür.

Açılış mərasimində “Tullantıdan sənətə” sərgisinin 5 illiyi münasibətilə videokadrlar nümayiş etdirilib. 

Bu gün Bakı şəhərində tullantılardan təkrar istehsal üçün xammal kimi istifadə olunur. Həmçinin tullantıların yandırılması nəticəsində elektrik enerjisi əldə edilir. “Tullantıdan sənətə” sərgisi isə tullantıların lazımsız əşyalar toplusu olmadığını, hətta onlardan sənət əsərləri yaratmağın mümkünlüyünü əyani formada nümayiş etdirir.

Xatırladaq ki, “Tullantıdan sənətə” sərgisi 2010-cu ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC-nin Qala qəsəbəsində həyata keçirdiyi “Təmiz Qala” adlı pilot layihə çərçivəsində təşkil olunur. Layihə əsasında qəsəbədə tullantıların idarə olunması müasir standartlara cavab verən üsulla aparılır. Qeyd edək ki, 2015-ci ildən etibarən Qala qəsəbəsində “Tullantıdan sənətə” muzeyi də fəaliyyət göstərir. Ziyarətçilər burada tullantılardan yaranan müxtəlif əsərlərlə tanış ola bilər.

Oktyabrın 12-dək davam edəcək V Beynəlxalq “Tullantıdan sənətə” sərgisi ilə tanış olmaq istəyənlər üçün oktyabrın 3-dən etibarən 3 gün ərzində saat 12:00-da “İçərişəhər”in Qoşa Qala qapısından “Qala” qoruğuna avtobus yola düşəcək.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında