Həyatın müxtəlif sahələrində xalqımıza xidmətləri ilə seçilən, amal və əməlləri ilə tarixdə qalmaq şərəfi qazanan soydaşlarımızın ömür yollarının başlanğıcı – bu dünyaya gəlmələri kimi, sonu – əbədi aləmə qovuşmaları da milli təqvimimizdə ayrıca yer alıb. Geniş ədəbi-mədəni ictimaiyyət, çoxsaylı pərəstişkarları, doğmaları və yaxınları hər il Xalq yazıçısı İlyas Əfəndiyevin dünyadan köçdüyü günü oktyabrın 3-nü unudulmaz ədibin xatirə günü olaraq qeyd edirlər.
XX əsr Azərbaycan ədəbi prosesinin ön sıralarında şərəflə addımlayan Xalq yazıçısı İlyas Əfəndiyev həm də görkəmli dramaturq kimi fəaliyyət göstərirdi, teatr sənətinin inkişafında özünəməxsus xidmətin, cəfakeşliyin sahibi idi. Böyük yazıçının yaradıcılığını ümummilli lider Heydər Əliyev həmişə yüksək dəyərləndirirdi. Ulu öndər vaxtaşı sevimli dramaturqumuzun Milli Dram Teatrında səhnə təcəssümü tapan pyeslərinin premyeralarında iştirak edir, ali qiyməti ifadə edən mülahizələrini bildirirdi.
Yazıçı dünyadan köçəndən sonra da onun repertuarında ölməzlik qazanmış səhnə əsərlərini diqqətlə izləyən ulu öndər belə görüşlərin birində demişdi: "İlyas Əfəndiyevin bütün yaradıcılığını, onun yazdığı əsərləri böyük minnətdarlıq hissi ilə xatırlayıram. Hesab edirəm ki, o, xalqımız qarşısında öz borcunu, daha doğrusu, öz missiyasını şərəflə yerinə yetirmişdir. Xalqımıza, mədəniyyətimizə, ədəbiyyatımıza çox böyük irs, böyük sərvətlər qoyub getmişdir. Güman edirəm ki, bunu xalqımız heç vaxt unutmayacaqdır. İlyas Əfəndiyevin əsərləri də, özü də həmişə xalqın qəlbində yaşayacaqdır".
İndi yaşlı nəsil sayılan oxucuların fikir və duyğularında, həyata və insanlara münasibətində bir yazıçı kimi İlyas Əfəndiyevin özünəməxsus rolu olub. Kitabın çox oxunduğu, daha dəqiq desək, dəbdə olduğu vaxtlarda İlyas Əfəndiyevlə bərabər, bir çox yazıçı var idi. Amma bu, bir həqiqətdir ki, biz Mirzə İbrahimovun, İlyas Əfəndiyevin romanlarını daha çox sevirdik. Hələ sovet imperiyası illərində müasirləri ilə müqayisədə İlyas Əfəndiyevin nəsrində o dövrə məxsus olan inqilabçı, hər şeyə asi kəsilən, ötənlərə arxa çevirən, dinsiz-imansız, yalançı müsbət qəhrəmanları gözə dəymirdilər.
İlyas Əfəndiyev nəsrimizə insan qəlbinin ən zərif nöqtələrinə təsir edəcək nəfəs gətirmişdi. Əsərlərindəki məhəbbət, dostluq, fədakarlıq, sevgi və nəhayət, ağayanalıq, böyüklük, müdriklik kimi yüksən insani dəyərlər onu başqa yazarlardan fərqləndirirdi. İnana bilmirsən ki, o illərdə "Söyüdlü arx"ı, "Körpüsalanlar"ı, "Dağlar arxasında üç dost"u, "Sarıköynəklə Valehin nağılı"nı, "Geriyə baxma qoca"nı, "Üçatılan" kimi romanları oxuyaraq dərindən təsirlənən oxucu həyatda o əsərlərdən gələn ideyaları, gerçəkləri axtarmamış olsun.
Yəqin, bu fikirlə çoxu razılaşar ki, İlyas Əfəndiyev qəhrəmanlarının oxucuya və tamaşaçıya qəribə nüfuzetmə xüsusiyyətləri var. Biz ətrafımızda olan insanlara müəllifin arzularından doğan bir istəklə baxırdıq. Hamımızı insanın mənəvi saflığı düşündürürdü. İlyas Əfəndiyev yaradıcılığının bu tərbiyəvi xüsusiyyəti böyük bir məktəb idi. Bu səbəbdən də çoxları yazıçının qəhrəmanını özünə həyat idealı seçirdi. Bu, sənətin həyata estetik təsirini göstərən gözəl nümunə idi.
Təəssüf ki, belə nümunələrə maraq indi çox azalıb. Bunun bir neçə səbəbi var: bir tərəfdən, gənclərin bədii mütaliəyə meyli yoxdur, digər tərəfdən də belə yazıçıların təbliğatı zəif qurulur. Bunun əvəzinə, ən kütləvi auditoriya olan telekanallarda elə şit, zəif əsərlərə çəkilmiş filmlər, süjetlər nümayiş etdirilir ki, belə təqdimatlar insan əxlaqına, tərbiyəsinə, xüsusilə də gənclərin düzgün formalaşmasına yalnız mənfi təsir göstərir.
Unudulmaz yazıçımız Mirzə İbrahimov yazırdı: "Azərbaycan ədəbiyyatı mənim nəzərimdə böyük və rəngarəng gülüstandırsa, İlyas Əfəndiyevin yaradıcılığı bu gülüstanda öz gözəlliyi, ətri və təravəti ilə dərhal diqqəti cəlb edən cazibədar toplu və dolğun bir çiçəklikdir". Bu qiymətli və obrazlı fikrə söykənərək demək olar ki, İlyas Əfəndiyev ədəbiyyat gülüstanımızın belə solmayan sənət gül-çiçəklərini ərsəyə gətirən mahir söz bağbanı idi. Həqiqətən, elə müəlliflər var ki, əsərləri sağlığında unudulur, özləri isə sanki, ölürlər. Amma əbədi ayrılıq ədəbi baxımdan İlyas Əfəndiyevi öz oxucularından, onu sevənlərdən uzaqlaşdıra bilməyib. Əksinə, İlyas Əfəndiyev həmişə bizimlədir. Xalq yazıçımız elə mövzular seçib, elə əsərlərə imza atıb ki, onun unudulması mümkünsüzdür.
Onu hamı sevirdi – qələm dostları da, rejissor və aktyorlar da, bəstəkar və musiqiçilər də, başqa sənət sahibləri də, oxucusu və tamaşaçısı olan sadə insanlar da. Yazıçı barədə bu insanların fikirlərini araşdırarkən maraqlı düşüncə və münasibətlərin şahidi oluruq. Tənqidçinin nəzərində, İlyas Əfəndiyev heç kimə bənzəməyən yazıçıdır. Şairə elə gəlib ki, İlyas müəllim, sadəcə, misraları yan-yana düzərək onu qəsdən nəsrə çevirib. Səid Rüstəmova görə, İlyas Əfəndiyev "bəstəkar qəlbli sənətkar" idi. Rəssamlar isə xalq yazıçısını sözlə nəhəng tablolar yaradan ustad hesab edirdilər. Xalq yazıçısı Süleyman Rəhimov yazırdı: "İlyas Əfəndiyevin yaradıcılığı istedadlı nasirlə mahir dramaturqu birləşdirib". Bunun da nəticəsində meydana nəhəng əsərlər çıxıb. Sənətşünaslar isə Akademik Milli Dram Teatrının ötən əsrdəki son 50 ilini İlyas Əfəndiyevsiz təsəvvür edə bilmirlər.
Öz sələflərinin ənənəsini zənginləşdirən İlyas Əfəndiyev Azərbaycan teatrının repertuar ağırlığını çiyinlərinə götürərək onu yarım əsrə yaxın bir zaman kəsiyində ləyaqətlə başa vurdu. Azərbaycan teatrına gətirdiyi uğurları araşdırarkən bir neçə önəmli faktın şahidi olursan. Birinci növbədə, İlyas Əfəndiyev öz məktəbini yarada bilmişdi. Azərbaycanın bir qrup aktyor nəslinin yetişməsində, kamilləşməsində ədibin dramaturgiyasının özünəməxsus rolu olub. O, Azərbaycan səhnəsinə yeni poetik düşüncə, nəfəs və həyat gətirdi. Aktyorlar texniki cizgilərdən xilas edildilər.
Ötən əsrdə Akademik Milli Dram Teatrının səhnəsinə İlyas Əfəndiyevin 20-dən artıq əsəri çıxarılmışdı. Bu tamaşalar ayrı-ayrı insanların, fərdlərin, tamaşaçıların əxlaqına, mənəviyyatına deyil, böyük bir nəslin dünyagörüşünə müsbət təsir edirdi. Çox insan etiraf edir ki, onun həyat yolunun müəyyənləşməsində, daxilən təmizlənib-dəyişməsində, inamla mübarizə apara bilməsində, ləyaqətlə yaşamasında qüdrətli bir ədib kimi İlyas Əfəndiyevin əsərlərinin böyük təsiri olub.
Sovet dövründə səhnə həyatı almış "Billur sarayda" pyesi, yəqin ki, çoxlarının xatirəsindən silinməyib. İlyas Əfəndiyev sovet quruluşunun sərt qanunlarının tüğyan etdiyi zamanda kommunist sisteminin daxili ziddiyyətlərini, bəzi məmurların meşşanlığını, mənəviyyatla mənəviyyatsızlığın üz-üzə dayandığını açıb göstərən nadir, cəsarətli yazıçı idi. Ömrü boyu ürəyinin diktəsi ilə yazıb-yaradan, həyat gerçəkliklərini, reallıqlarını ədəbiyyata gətirib ona bədii don geydirən İlyas Əfəndiyev həmişə insan taleyini düşünərək oxucunun qəlbindən xəbər verən mövzulara toxunmuşdur. Milli varlığımıza dərindən bağlı olan ədib dövrün ağrı-acılarını, yaşantılarını, problem və qayğılarını təfəkkürünün işığı, qələminin gücü ilə canlandırmağa çalışmışdır. Səhnə həyatı almış əsərləri, bir tərəfdən, yeni aktyorlar nəslinin yetişməsinə təkan verirdisə, digər tərəfdən də rejissorların, bəstəkarların fantaziyasına üfüqlər açırdı. Müəllifin bütün əsərlərində bəşəri saflığa, milli-mənəvi zənginliyə bir çağırış var. Bu sənət məfkurəsi həyatın ağır sınağından qalib çıxmış İlyas Əfəndiyev müdrikliyindən qaynaqlanırdı.
Unudulmaz dramaturqun əsərləri teatr sənətimizin incilərindən sayılır. "Unuda bilmirəm", "Sən həmişə mənimləsən", "Məhv olmuş gündəliklər", "Mahnı dağlarda qaldı", "Xurşud Banu Natəvan", "Şeyx Məhəmməd Xiyabani", "Bizim qəribə taleyimiz", "Billur sarayda" və başqa dram əsərlərinin hər birində həyatın fərqli rəngləri, müasirliyin canlı nəfəsi duyulur. "Hökmdar və qızı" pyesini isə səhnədə görmək İlyas Əfəndiyevə nəsib olmadı, amma bu əsər də mərhum müəllifin öz estetik idealına sadiqliyini, sənətinin yaşarılığını sübuta yetirdi. Teatr səhnəsi ilə yanaşı, kinofilmlərə, teletamaşalara köçürülmüş əsərləri də İlyas Əfəndiyevin həyat həqiqətini bədii gerçəyə çevirmək məharətini, ideya və istəklərini tamaşaçıya çatdırmaq ustalığını nümayiş etdirir.
1996-cı il oktyabrın 3-də İlyas Əfəndiyev dünyasını dəyişdi, onun fəth etdiyi sənət zirvələri isə bizimlə qaldı. Ölkə başçısı İlham Əliyevin 24 may 2004-cü ildə imzaladığı sərəncama əsasən, İlyas Əfəndiyevin anadan olmasının 90 illik yubileyi dövlət səviyyəsində yüksək sayğı və təntənə ilə qeyd edildi. Bu münasibətlə respublikada fəaliyyət göstərən dövlət teatrlarının əksəriyyəti görkəmli yazıçının əsərlərinə müraciət etdi. Bunun da nəticəsində birdən-birə teatrlarda bir dirçəliş yarandı. Tamaşaçılar "Yenə də İlyas Əfəndiyev qüdrəti..." söylədilər.
Teatr mühitinə həmişə cazibədarlıq gətirən İlyas Əfəndiyevin dramaturgiyası bu gün də rejissor və aktyorlardan tutmuş bəstəkar və rəssamlara, tərtibatçı və dekorasiyaçıya qədər hamıya axtarış aparmağa, istedadının, potensialının nəyə qadir olduğunu nümayiş etdirməyə şans qazandırır. İlyas Əfəndiyevin pyeslərində sənətkarlara kömək edən məqamlar çoxdur. Rejissor Mərahim Fərzəlibəyov belə faydalanmaya görə dramaturqa sayğısını belə açıqlayıb: "Mən İlyas Əfəndiyevi hər şeydən əvvəl, ona görə sevirdim ki, o, yazdığı tarixi mövzulu əsərlərə çox həssaslıqla yanaşırdı... Onun pyeslərinin mərkəzindən qırmızı bir xətt kimi keçən vətəndaşlıq mövqeyini yüksək qiymətləndirirəm".
Əsərlərində çoxlu təzadlar olduğuna görə İlyas Əfəndiyevin dramlarının səhnə həlli çətin alınsa da nəticəsi güclü alınırdı. Bu gün də rejissorlar təəssüf hissi keçirirlər ki, İlyas Əfəndiyevin vəfatından sonra teatrda, sanki, bir boşluq əmələ gəlib. Bəlkə, buna görədir ki, vaxtilə ədiblə eyni əsər üzərində çalışmış rejissorlar bir fikri təkrarlamaqdan çəkinmirlər: "Biz İlyas Əfəndiyevin şinelindən çıxmış dramaturqları gözləyirik". Xalq artisti Amaliya Pənahova səhnəyə gəldiyi ilk gündən özünü İlyas Əfəndiyev teatrının şagirdi sayır. "Unuda bilmirəm"dən başlayan bu yol "Hökmdar və qızı"na gəlib çatdı. Amaliya xanım İlyas Əfəndiyevin dramlarında oynadığı bütün obrazların öhdəsindən layiqincə gəlib. Özü də etiraf edir ki, mən dünənimə boylananda fikirləşirəm: "Unudulmaz İlyas Əfəndiyevin dramaturgiyası olmasaydı, yəqin ki, bu gün Amaliya Pənahova kimi aktrisa yox idi".
Teatrşünas İnqilab Kərimov İlyas Əfəndiyevin teatrda qazandığı uğurların kökünü bu yazıçının səhnə sənətinə olduqca aydın, ciddi və vicdani münasibətində görürdü. Öz sələfləri – Mirzə Fətəli Axundov, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Cəfər Cabbarlı kimi İlyas Əfəndiyev də teatra müqəddəs məkan, məbədgah kimi baxırdı.
İlyas Əfəndiyev, sözün həqiqi mənasında, ötən əsr ədəbiyyatımızın klassikidir. O, gözəl romanlar, povestlər, hekayələr müəllifi kimi sevilirdi. Ədibin yaradıcılığı ilə dərindən maraqlandıqca, heyrətlənməyə bilmirsən. İlyas Əfəndiyev nasirliyi, dramaturqluğu ilə yanaşı, həm də ədəbi görüşləri ilə seçilən obyektiv tənqidçi olub. Yazıçının çapdan çıxmış yeddicildliyinin sonuncu kitabında onun tənqidi yazıları, müsahibələri, esseləri toplanıb.
Ötən əsrin 40-cı illərindən başlayaraq ömrünün sonuna kimi İlyas Əfəndiyev ədəbi mühitlə bağlı maraqlı yazılar qələmə alıb. Klassiklərdən tutmuş müasirlərinə qədər İlyas Əfəndiyev, demək olar ki, bir çox yazıçı, şair, sənətkar, aktyor, rejissor barəsində söz deyib. Ədəbi mühitə münasibətində, tənqidi qeydlərində, yazıçıların qurultaylarındakı məruzələrində, müsahibə və esselərində İlyas Əfəndiyev həmişə səmimiliyi, obyektivliyi, həyat gerçəkliyinə sadiqliyi ilə seçilən qələm sahibi kimi təmkinli və müdrik görünür.
"Geniş yaradıcılıq üfüqləri" adlı məqaləsində ədəbiyyatımızın böyük ənənələrinə toxunan yazıçı aktual mövzuları, konfliktləri təhlil edib. O, ədəbiyyatda yeniliklər arzusunda olduğunu bildirərək yazırdı: "Müasirlik ədəbiyyatımızın meyarıdır. Biz sələflərimizin qiymətli irsini öyrənməklə bərabər yeni ənənələr yaradırıq. Yeni xarakterlər təsvir edirik. Yeni duyğular tərənnüm edirik. Biz öz xalqımızın həyat və mübarizəsini qələmə almaqla gələcək ədəbiyyatın bünövrəsini qoyuruq". 1959-cu ildə yazılmış bir məqalədəki bu fikirlər indi də aktualdır. İlyas Əfəndiyevə görə, mücərrədçilərin, formalistlərin özlərini "novator" kimi qələmə vermələri saxtakarlıqdan başqa bir şey deyildir: "Hər dövrün müsbət qəhrəmanı cəmiyyətin mütərəqqi ənənələrini davam etdirməklə bərabər, tamamilə yeni bir xarakter kimi meydana çıxır".
Hər bir əsərini ömrünün bir parçası kimi qiymətləndirib əziz bilən İlyas Əfəndiyevin dilimiz və əlifba ilə bağlı da maraqlı fikirləri var. O fəxr edirdi ki, müasirləri ilə birlikdə böyük Nizaminin, Füzulinin, Mirzə Fətəlinin, Sabirin, Mirzə Cəlilin yaratdığı mənəvi aləmin varisidir. Latın əlifbasına keçməyimizlə bağlı bu prosesi gözləyən və alqışlayan sənətkarlardan birincisi İlyas Əfəndiyev oldu: "Bizim yeni əlifbaya keçməyimiz stalinizmin yaratdığı və bizi saldığı dar qəfəsdən çıxıb dünya mədəniyyətinə qovuşmaq istəyimizin ifadəsidir. Bu mədəniyyətlə ayaqlaşmaq üçün bizim istedadımız da var, potensial gücümüz də".
Ana dilini varlığı qədər sevən və onun şirin təhkiyəsində möhtəşəm əsərlər yazan İlyas Əfəndiyev özgə dildə danışanlara ləngimədən ana dilini öyrənməyi məsləhət görürdü. O yaxşı bilirdi ki, hər bir xalqın özünəməxsus milli ruhu, milli koloriti hər şeydən artıq onun ana dilində yaşamaqdadır.
İlyas Əfəndiyev hələ sovet dövründə bədii yaradıcılığındakı cəsarəti ilə yanaşı, tənqidi fikirlərindəki kəskinliyi ilə də seçilirdi. 1945-ci ildə qələmə aldığı "Yüksək sənət uğrunda" məqaləsində, haqlı olaraq, yazıçıları qınayırdı ki, bizim nəsrimizdə hələlik iki qəhrəman var: "Bunlardan birisi ağıla gələn nöqsanların hamısından uzaq, necə deyərlər, "ağıl" sahibi, digəri isə ağıla gələn nöqsanların hamısına malik cahil və nadandır". İlyas Əfəndiyevin qəbul etmədiyi bu nöqsan isə sovet rejiminin ədəbiyyata yönəlmiş ən kəskin diktəsinin nəticəsi idi. Ədib "37-ci il"in qanlı, əzici repressiyalarından çıxmış qələm yoldaşlarını bu nöqsanlara qarşı qorxmadan, çəkinmədən mübarizəyə səsləyirdi. Öz mövqeyini belə əsaslandırırdı ki, yeni yaranmış ədəbiyyatımızda qəhrəmanların zəif çıxmasının səbəbi məhz bu sağlam olmayan ədəbi prosesdir.
İlyas Əfəndiyevin yeddinci cilddə toplanmış əsərlərinin içində milli mənəviyyatla bağlı bir neçə yazı da diqqət çəkir: "Yüksək mənəviyyat dedikdə bizim fikrimizə hər şeydən əvvəl yüksək şüur gəlir. Yüksək şüurla vətəndaşlığın mənası isə aydın olduğu qədər də dərindir. Onun birinci meyarı Vətən sevgisidir. Vətəni sevmək, əlbəttə, onun əzəmətli dağlarına, yarpağı min rəngə çalan meşələrinə, laləli, nərgizli çöllərinə, bülbüllər oxuyan bağlarına heyran olmaqla bitmir... Sadəlövh mədhiyyəçilik heç bir zaman həqiqi sənət nümunəsi olmamış və ola da bilməz. Vətən sevgisi vətəndaşın öz xalqına, doğma torpağına münasibəti zamanı meydana çıxır.Həqiqi vətəndaş yalnız gözəlliklərdən zövq alan bir seyrçi deyil, Vətənin və xalqın rifahı, inkişafı naminə görülən ümumi işin ağırlığının müəyyən hissəsini çiynində daşıyan, özünün yüksək, vicadani borcunu məhz bunda görən ilhamlı bir fədaidir".
İlyas Əfəndiyev başqaları ilə münasibətlərində də səmimi idi. "Bu günün yazıçısı hansı keyfiyyətləri özündə cəmləşdirməlidir?" sualına onun cavabı belə olub: "Yazıçının hər şeydən əvvəl istedadı olmalıdır, bu bir; yüksək savadı olmalıdır, yəni, dünya ədəbiyyatının ən yaxşı nümunələrinə bələd olmalıdır, daha dəqiq desək, yazdığından çox mütaliə etməlidir, bu iki; böyük mədəniyyəti olmalıdır, bu da üç. Bütün bunlarla bərabər yazıçı geniş ürək və ülvi insanlıq xüsusiyyətlərinə malik olmalıdır. Yalnız bu cür yazıçı insanların vicdanına təsir eləyə bilər. Yazıçı hər şeydən əvvəl öz daxilindəki mənfi emosiyalara qalib gəlməyi bacarmalıdır. Mənə elə gəlir ki, bu keyfiyyətləri özündə birləşdirə bilən yazıçı həmişə ədəbiyyata fayda verə bilər".
Xalq yazıçısı İlyas Əfəndiyev bu keyfiyyətləri, ilk növbədə, öz mənəviyyatında daşıdığı üçün Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri səviyyəsinə yüksələ bilmiş, zəngin ədəbi irsi isə ona ölməzlik qazandırmışdır.
Flora XƏLİLZADƏ,
Əməkdar jurnalist
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.