Qabilin poeziyasında azad düşüncə, realist fikir və mübarizə ruhu vəhdət təşkil edir

Qabil – 90

Ədəbi-mədəni ictimaiyyət çağdaş poeziyamızın görkəmli nümayəndəsi, Xalq şairi Qabilin 90 illik yubileyini qədirbilənliklə və söz ustasının zəngin irsinə dərin sevgi ilə qeyd edir. Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Filarmoniyasında təşkil etdiyi təntənəli yubiley mərasimində unudulmaz şairin milli ədəbiyyatımıza töhfələri, poeziyasının özünəməxsusluğu, şəxsiyyətinin bütövlüyü çıxış və təqdimatların əsas mövzusu oldu.

Yubiley gecəsinə gələnlər əvvəlcə paytaxtın qədim konsert salonunun geniş foyesində Qabilin həyat və yaradıcılıq yoluna işıq salan fotomateriallardan və kitablarından ibarət ekspozisiya ilə tanış oldular.

Toplantını giriş sözü ilə açan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev şairin çoxillik zəngin ədəbi yaradıcılığının, ictimai-mədəni fəaliyyətinin seçilən məqamlarını yada saldı. O bildirdi ki, Qabilin lirik şeirlərində həssas insan qəlbinin nəcib duyğularının əlvan palitrası ifadə olunub, epik şeirlərində və poemalarında isə milli-mənəvi dəyərlərimiz estetik təhlildən keçirilib. Şairin tarixi mövzuların  müasirləşdirilməsi, günün ağrılı məsələlərinin aktuallaşdırılması ilə səciyyələnən irsi sağlığında həmişə geniş əks-səda doğurub, bizim günlərdə də dildə-ağızdadır.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar da Qabilin Azərbaycan poeziyasında özünəməxsus yerindən və xidmətlərindən ərtaflı söz açdı. O bildirdi ki, 90 il bundan əvvəl Bakıda anadan olan, yeniyetməlikdən taleyini poeziya ilə bağlayan bənzərsiz şairin adı bu gün soydaşlarımızın məskunlaşdıqları bütün ünvanlarda poeziya həvəskarlarına, söz xiridarlarına yaxşı məlumdur. Qabilin yüksək ictimai ideallara bağlı yaradıcılığı ilə sabitqədəm şəxsiyyəti həmişə bir-birini tamamlayıb. Çevik, səmimi və duzlu zarafatları, eləcə də ona yaraşdırılan gülməcələr bu insanın qəlbinin genişliyini, müdrikliyini həmişə gözlərimiz önündə canlandırır. Bütün bunlar Xalq şairinin  şəxsiyyətinə ümumxalq hörməti yaradıb, əsərlərinə isə populyarlıq, ölməzlik qazandırıb.

Qələm yoldaşı və məslək dostu Qabili həyat yollarından keçirib yetkinləşdirən mühitdən söz açan Anar xatırlatdı ki, Bakıda Pedaqoji Universitetin filologiya fakültəsində və Moskvada Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsildən sonra Qabil müxtəlif illərdə Yardımlıda və  Bakıda orta məktəbdə, Pedaqoji Universitetdə işləmişdi, “Azərbaycan müəllimi” qəzetində şöbə müdiri, “Kommunist”(indiki “Xalq qəzeti”) qəzetində tərcüməçi-redaktor, Dövlət Teleradiosunda redaktor, “Ədəbiyyat və incəsənət” qəzetində şöbə müdiri, “Azərbaycan” jurnalında ədəbi işçi və baş redaktor müavini olmuşdu. O, azad düşüncəsi, açıq sözü ilə həmişə həqiqətin, düzgünlüyün, obyektivliyin tərəfində idi.

Gecədə bildirildi ki, uzun illər Azərbaycan Yazıçılar Birliyində Ağsaqqallar Şurasının sədri olan Qabilin ədəbi və ictimai fəaliyyəti dövlət tərəfindən zaman- zaman  yüksək qiymətləndirilib. Görkəmli sənətkar və vətənsevər ziyalı “Əməkdar incəsənət xadimi” və “Xalq şairi” fəxri adlarına, respublikanın Dövlət mükafatına layiq görülüb, “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib. Ədəbiyyatımızda əbədiyaşarlıq qazanmış Qabilin xatirəsi xalqımızın qəlbində, son ünvanı xalqımızın görkəmli insanları ilə bir sırada Fəxri xiyabandadır.

Ədəbiyyatşünas professor Buludxan Xəlilov yubilyarın ədəbi portretini təsvir edərək göstərdi ki, “Gəl baharım” adlı ilk şeiri 1944-cü ildə “Ədəbiyyat” qəzetində çap olunan Qabilin 1950-ci ildə “Səhər açılır” adlı kitabı işıq üzü görüb. Onun “Mənim mavi Xəzərim” (1959), “Küləkli havalarda” (1964), “Qoy danışsın təbiət” (1966), “Vətəndaş sərnişinlər” (1973) və s. kitablarını oxucular maraqla qarşılayıblar. Yaradıcılığı ilə müasir Azərbaycan ədəbiyyatını daha da zənginləşdirən şairin xalqın keçmişindən, bugünündən bəhs edən, böyük təsir gücü olan, həyat həqiqətlərinin realist təsvirini verən əsərləri müasirlərimizə vətəndaşlıq hissləri və mübarizlik ruhu aşılayıb.

Qabil həmişə sevilə-sevilə oxunan, əzbərlənən “Bakılı”, “Qarışdırma”, “Çörək”, “Təmizlik”, “Gülləbaran eylədilər”, “Nəsimi bazarında”, “Beşiyimdir - məzarımdır o mənim”, “Dağlar”, “Azərbaycan torpağı” kimi günün suallarını cavablandıran şeirləri və “Nəsimi” fəlsəfi-psixoloji, epik-dramatik poeması ilə əbədiyyət qazanıb. Xalq şairi böyük ictimai duyğularla, gərgin zəhməti və yaradıcılıq axtarışları ilə milli poeziyamızı ideya və mövzu baxımından zənginləşdirib. O, müstəqilliyimizin ilk illərinin ağır sınaq anlarında ürək yanğısı ilə yazdığı “Şəhid anası”, “Qeyrət, a vətəndaşlar”, “Oldu”, “Xəcalət”, “Birini elə, birini belə” və digər siyasi lirika nümunələri ilə xalqın dözüm və mübarizə ruhunu yüksəldib.

Həssas və narahat şair Azərbaycanın bütün ağrılarını ürəyindən, beynindən keçirərək poeziyanın dili ilə mübarizə aparmağı bacarırdı. Bu mövzularda elə poetik söz deyirdi ki,  dərhal aforizmə çevrilir, dilə-ağıza düşürdü. Bu mənada “ Çalsın Azərbaycan haray zəngini “,  “Təndir”, “Türkün qəbri”, “Mərsiyə “, “ Qeyrət, a vətəndaşlar “ , “İnanmaq öz yerində...”,  “ Çalma qaboy”, “Nisbi sakitlik nədir?”, “ Özgədən çək gözünü”, “ Xəcalət “, “ Çadırlar “, “Çadırlara alışmayın “ ,  “ Rəqs “ , “ Ümid sənədir ancaq...” və s. şeirlər qələmlə xalqın müqəddəs mübarizəsinə xidmət nümunələri idi.

Buludxan Xəlilov sonda bildirdi ki, “Vətən” mövzusunda yazdığı şeirlərdə Qabil dili, üslubu, ifadə forması, məslək və əqidə sahibliyi baxımından bənzərsizdir. O, “Vətən” şeirində yazırdı: “Bir-birindən hər şey qopar, ayrılar? Ayrılmayan bəs nə var? --Mən, Vətən!” Umumiyyətlə, Qabil nə yazıbsa, nədən yazıbsa, hamısı yaşamaq vəsiqəsi alıbdır. Ona görə də milyonlarla oxucusu, pərəstişkarı var. Bu gün də var, sabah da olacaq.

Mərasimdə Qabilin çıxış və müsahi-blərindən seçilmiş videofraqmentlər və ömür yolundan bəhs edən sənədli film yubilyarın canlı nəfəsini və sevimli obrazını mərasim iştirakçılarına dərindən duydurdu. Şairin incəsənət ustalarının ifasında  məharətlə səslənən poetik nümunələri və şeirlərinə qoşulmuş  mahnılar isə gecəyə xoş ovqat və təntənə qatdı, hamını duyğulandırdı.

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında