Dahi bəstəkar Üzeyir bəy Hacıbəylini hər zaman böyük ehtiram və rəğbətlə xatırlayıram

18 sentyabr – Milli Musiqi Günüdür

Ümumiyyətlə,  dünya şöhrətli şəxsiyyətlər haqqında nə isə yazmaq böyük məsuliyyət tələb edir. Dahi bəstəkarımız Üzeyir bəy Hacıbəyli də həmin şəxsiyyətlər sırasındadır. Çünki Üzeyir bəy, sözün həqiqi mənasında, ensiklopedik biliyə malik  musiqi xadimlərindəndir. Onun yaradıcılığının çoxşaxəli olması da məhz həmin ensiklopedik təfəkkür səviyyəsinə əsaslanırdı.  Təbii ki, dünya bəstəkarlıq təcrübəsində bir bəstəkarın bir neçə istiqamətdə yazıb-yaratması faktları istənilən qədərdir. Ancaq bir bəstəkarın öz xalqının tarixinə opera,  operetta, musiqili komediya, vokal, xor, kamera ansamblı yaradıcısı kimi düşməsinə o qədər də tez-tez rast gəlinmir. Üstəlik, Üzeyir bəy milli  təhsilin inkişaf etdirilməsində, xalqın inkişafını təmin edəcək kadrların yetişdirilməsində xüsusi xidmətləri olan ziyalılarımızdandır.

Musiqi tədqiqatçıları yaxşı bilirlər ki, bizim bir neçə musiqi kollektivimizin yaranması  məhz Üzeyir bəyin adı ilə bağlıdır. Məsələn,  xalq çalğı alətləri orkestri, xor, mahnı və rəqs ansamblı, simfonik orkestr və sair  fəaliyyətini bu günə qədər davam etdirən kollektivlərimiz şəxsən Üzeyir bəyin təşəbbüs və təşkilatçılığı sayəsində ərsəyə gəlmişdir. O, mədəniyyət, incəsənət, ədəbiyyat, təhsil, mətbuat sahəsində elə təşəbbüslərlə çıxış etmiş, elə təşkilatçılıq nümunəsi göstərmişdir ki, bəlkə də onlarca digər ziyalımız birləşsə, həmin işləri reallaşdıra bilməzdi.

...Üzeyir bəy bizim qonşuluğumuzda yaşayırdı. Yəni, uşaqlıq və yeniyetməlik illərimdə onu çox görmüşdüm. Mərhum atam – Xalq artisti, Əməkdar incəsənət xadimi və Əməkdar müəllim Əhməd Bakıxanovun bir tarzən kimi mahir ifaçılığı Üzeyir bəyin diqqətindən yayınmamışdı. Hələ 1929-cu ildə böyük bəstəkar atamı konservatoriyaya və  musiqi texnikumuna -- muğam fənni üzrə müəllim vəzifəsinə dəvət etmişdi. Onların hər ikisi təkcə musiqini deyil, eləcə də, Şərq ədəbiyyatını gözəl bilirdi. Öz dilimizdən əlavə fars və ərəb dillərini də mükəmməl bildiklərinə görə ədəbiyyatda musiqiyə, xüsusən , muğamlarımıza aid  fikirlərə rast gələndə o barədə uzun çəkən  elmi xarakterli müzakirələri olurdu.

Əhməd Bakıxanov  ­
"Ömrün sarı simi" ­kitabında  (Bakı, "İşıq" nəşriyyatı, 1985-ci  il) belə yazırdı: ­­
"...Sevimli bəstəkarımız Üzeyir bəy  mənimlə Şərq musiqisi barədə  xeyli söhbət etdi. Həmin söhbətin sonunda dedi:  – Seyid Qarabağlının "Vüzuhil--Ərqam" kitabında "Nəva--Nişabur" muğamı barədə yazılıb. Deyildiyinə görə, siz həmin muğamı yaxşı bilirsiniz. Mən cavabında dedim ki, bəli, bilirəm. İstəyirsiniz, sizin üçün çalım. Dedi, yaxşı olar. Tarı köklədim. Bəstəkar üçün "Nəva -- Nişabur" muğamını çaldım. Bəstəkar mənim ifama diqqətlə qulaq asandan sonra dedi: "Axtardığımı tapdım". Sonra zarafatla əlavə etdi:  -- Neçə vaxtdır ki, "Nəva - Nişabur" muğamını nə çalan var, nə də oxuyan.

Sonra mərhum bəstəkarımız məndən "Humayun" və "Rast - Xocəstə" muğamlarını çalmağı xahiş etdi. Çaldım. Söhbət qurtarandan sonra Üzeyir bəy xahiş etdi ki, yaxın günlərdə konservatoriyaya -- onun yanına gəlim. Vədələşdiyimiz vaxt gəldim. Məni çox səmimi qarşıladı. Dedi ki, bu gündən tar sinfində muğamatdan dərs deyəcəksən. Bizim belə təcrübəli muğam ustasına ehtiyacımız var".

Atamın xatirələrindən sonra gələk, 1937-38-ci illərə. 1938-ci ildə -- ölkəmizdə repressiyanın gücləndiyi bir dövrdə ziyalılar daha çox hədəfə alınırdılar. Bakıxanovlar ailəsi də köklü ziyalılar nəsli olduğuna görə həmin repressiyadan kənarda qalmamışdı. Günün birində atam Əhmədxan və əmim Məmmədxan Bakıxanov qardaşları da həbs edildilər. Evlərində aparılan axtarışlardan sonra hökumət əleyhinə heç nə tapılmadığı barədə arayış verilsə də, həbs olunan bakıxanovları azad etmədilər. Anam Məsumə xanım qonşuluqda  yaşayan Üzeyir bəydən kömək istəyir.  Bəxtimizdəndir ki, həmin günlər Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü keçirilirdi. Ongünlükdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırov da iştirak edirdi. Üzeyir bəy Moskvada Bağırova məlumat verərək deyir ki, bakıxanovlar əsassız yerə həbs olunublar. Bağırov söz verir ki, Bakıya qayıdan kimi bu məsələ ilə maraqlanacaq. Belə də oldu. Atamgil tezliklə buraxıldı və ailəmizin sevinci öz yerinə qayıtdı. Yəni Üzeyir bəy Hacıbəyli xalqın sayılıb - seçilən yaradıcı adamlarını ölümdən, sürgündən, zindandan qurtarmağı bacaran ziyalı idi.

Bundan başqa, həm atamın, həm də əmimin yaradıcılığını dərindən izləyən böyük bəstəkar  1943-cü ildə atama Əməkdar müəllim, əmimə isə Əməkdar artist fəxri adı verilməsi barədə təklif irəli sürür. Daha beş il əvvələ qayıdaraq yada salım ki, o, məşum 38-ci ildə  Əhməd Bakıxanovun kiçik oğlu -- bu sətirlərin müəllifi böyük ­Üzeyir bəyin qarşısında dəfələrlə gənc skripkaçı kimi çıxış etmiş və onun dəyərli tövsiyələrini eşitmişdir. Məhz elə ona görə də  mən Üzeyir bəyin təşəbbüsü ilə Milli Konservatoriyanın nəzdində yaradılmış 10 illik musiqi məktəbinin skripka sinifində  təhsil almışam. O da belə olub. Atamla Üzeyir bəy konservatoriyadan evə gələndə yolboyu söhbət edərdilər. Həmin söhbətlərdən birində Üzeyir bəy atama deyir ki, bizim Avropa musiqi alətlərində ifa edən gənc sənətkarlara ehtiyacımız var. Sənin isə üç övladın var. Yaxşı olardı ki, onlar Avropa musiqi aləminə istiqamətlənsinlər. Xoşbəxtlikdən belə də oldu. Bacım piano, böyük qardaşım violençel, mən isə skripka ifaçılığını seçdik. Mən indi də fəxr edirəm ki, Üzeyir Hacıbəyli kimi korifey sənətkar dəfələrlə mənim ifama qulaq asıb və hər dəfə də əsl müəllim tövsiyələrini verib.

...Böyük müəllimimizin, Azərbaycan musiqi mədəniyyətinin ən görkəmli simasının dünyasını dəyişməsindən sonra onun haqqında nə qədər məqalə, kitab, elmi əsər yazılıbsa, sayı bilinmir. O böyük insanın qayğı və köməyini görmüş bir musiqiçi kimi mən həmin əsərlərin hamısını oxumuşam. Ancaq qətiyyətlə deyə bilərəm ki, hələ də Üzeyir bəy haqında hər şey yazılmayıb. Çünki onun haqqında nə qədər yazılsa, yenə də azdır. Düşünürəm ki, yeni-yeni tədqiqat əsərlərinin yazılması xalqımızın bu görkəmli oğlunun musiqi və ədəbi yaradıcılığının  çox incə məqamlarının belə gənc nəslə çatdırılmasına xidmət edəcək.

Sonda  bir məsələni  xüsusilə qeyd etmək istəyirəm. Bu gün dövlətimiz və xalqımız cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, mədəniyyət  aləmində də mükəmməl bir qədirbilənlik nümayiş etdirir. Həmin qədirbilənliyin ən bariz nümunəsi bu günün-- 18 sentyabrın  Milli Musiqi Günü kimi qeyd edilməsidir. Mən fəxr edirəm ki, uzun illərdir xalqımız Üzeyir bəyin ad gününü məhz musiqi bayramı kimi qeyd edir. Musiqi bayramınız mübarək, əziz həmkarlar, musiqisevərlər və Üzeyir bəy Hacıbəyli yaradıcılığının xiridarları!

Tofiq BAKIXANOV,
 Azərbaycan Respublikasının Xalq artisti,
professor, bəstəkar


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında