Dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsi yad olunub

18 sentyabr – Milli Musiqi Günü hər il olduğu kimi bu il də ölkəmizdə geniş və təntənəli şəkildə qeyd ediləcək. Bu musiqi bayramı tariximizə görkəmli bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, ensiklopedik biliyə malik musiqişünas alim Üzeyir Hacıbəylinin doğum günü kimi həkk olunub.

Bu münasibətlə sentyabrın 17-də tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Üzeyir Hacıbəylinin və digər görkəmli mədəniyyət, incəsənət xadimlərinin məzarları ziyarət olunub.

 Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Üzeyir Hacıbəylinin məzarı ətrafına toplaşmış tədbir iştirakçılarını musiqi bayramı münasibətilə təbrik edərək deyib ki, bu gün sadəcə musiqisevərlərin deyil, həm də bütün Azərbaycan xalqının bayramıdır. Böyük bəstəkarın doğum gününün bayram kimi qeyd edilməsi ənənəsini ulu öndər Heydər Əliyev qoyub. Ümummilli liderimizin 1995-ci ildə - dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.

Bildirilib ki, həmişə olduğu kimi, bu dəfə də sentyabrın 18-dən başlanaraq bütün musiqi müəssisələrində dahi Üzeyir Hacıbəylinin doğum günü qeyd ediləcək. Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə  həmin gün başlanan Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı sentyabrın 27-dək davam edəcək.

Diqqətə çatdırılıb ki, festivalda 10-dən çox xarici ölkədən gəlmiş dünyanın tanınmış kollektivlərinin ifaları dinləniləcək. On gün ərzində M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, kamera və orqan musiqisi zalında, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Azərbaycan Bəstəkarlar İttifaqında, Bakı Musiqi Akademiyasında və digər mədəniyyət ocaqlarında, müxtəlif konsert salonlarında dahi Üzeyir Hacıbəylinin, Azərbaycan klassik musiqisinin digər nümayəndələrinin, dünya şöhrətli bəstəkarların əsərləri həm yerli, həm də xarici ölkələrin musiqiçilərinin ifasında təqdim olunacaq.

Tədbirdə Azərbaycan Dövlət Xor Kapellasının ifasında Üzeyir Hacıbəylinin "Şəbi-hicran"ı səslənib.

Daha sonra Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri Azərbaycan Milli İncəsənət Muzeyinin bağındakı "Güllələnmiş heykəllər" abidəsini ziyarət edib, burada Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşidbanu Natəvanın heykəlləri önünə gül düzüblər.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında