AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu "Seyid Cəfər Pişəvəri. Məqalə və çıxışlarıından seçmələr (Təbriz 1945-1946-cı illər)" kitabını bu yaxınlarda çapdan buraxmışdır.
"Nurlar" nəşriyyatında nəfis şəkildə çap edilmiş bu kitab təkcə pişəvərişünaslıqda deyil, həm də 1945-1946-cı illərdə Arazın o tayında yaranmış xalq hərəkatını öyrənmək baxımından da önəmli iş, dəyərli təşəbbüsdür.
Vaxtilə "Azərbaycan" qəzetində çap edilmiş bu yazılardan geniş oxucu kütləsi xəbərsizdir. Səbəbi isə S.C.Pişəvərinin çıxış və məqalələrinin əski əlifbada Təbrizdə çap edilməsi olmuşdur. Məqalə və çıxışları diqqətlə redaktə edib nəşrə hazırlayan Güney Azərbaycandan olan tanınmış alim Əkrəm Rəhimlinin zəhmətinin önəmli cəhəti ondadır ki, bu materialların xronoloji ardıcıllıqla verilməsi oxucunu həmin dövrə aparmaqla, siyasi, iqtisadi, mədəni və s. olayların məğzi və mahyyəti ilə onları tanış edir.
Kitaba ön sözdən məlum olur ki, Azərbaycan Milli Hökuməti dövründə hərəkata başçılıq etmiş S.C.Pişəvərinin yazdığı məqalələrin, etdiyi çıxış və verdiyi bəyanatların sistemə salınmasına və redaktə olunmasına ehtiyac var. Yazıları nəşrə hazırlayanın bu cəhəti nəzərə alaraq cümlə və fikirlərin səlisləşməsində, çoxsaylı fars və ərəb sözlərinin dilimizə çevrilməsində, müasir oxucu üçün İrandakı bəzi vəzifə, ad və şəxslərin tanınmasında səhifənin sonunda verilmiş şərhlər çox önəmlidir. Kitabın nəşrə hazırlanmasında tanınmış güneyşünas alim Əkrəm Rəhimlinin zəhmətinin və redaktorluq bacarığının yetərincə diqqət çəkdiyini xüsusi qeyd etməliyik.
Seyid Cəfər Pişəvəri bizim XX əsr tarixinin öndərlərindəndir. Belə şəxsiyyətləri öyrənmək, keçdikləri mübarizə yolunda çəkdikləri zəhmət və əziyyəti bütün çalarları ilə gənc nəslə çatdırmaq, onlardakı vətənpərvərlik və millətsevərlik hisslərini qiymətləndirmək və onu gəncliyə aşılamaq hər birimizin vətəndaşlıq borcumuzdur.
Böyük öndərimiz Heydər Əliyev Azərbaycan tarixçılərinə müraciət edərək demişdir: "Xalqın hər bir günü tarixdə öz yerini tapmalıdır. Tariximizin hər bir nöqtəsi, hər bir günü bizim üçün əzizdir, nə cür olur-olsun". Bu baxımdan yanaşılarsa, tariximizin keçmişdəki və indiki olayları, xalqa istiqamət verən şəxsiyyətləri bizim üçün əzizdir. 1945-1946-cı illərdə Güney Azərbaycanda S.C.Pişəvərinin başçılığı altında Rza şah zülmünə və zorakılığına qarşı "21 Azər" (12 dekabr) hərəkatı Azərbaycan xalqının milli azadlıq mübarizəsinin şanlı səlnaməsidir.
"S.C.Pişəvəri. Məqalə və çıxışlarından seçmələr" kitabının işıq üzü görməsi cənubdakı xalq hərəkatını öyrənmək işində çox dəyərli addımdır. Kitabdakı məqalə və çıxışlar xalq hərəkatına rəhbəri olmuş Seyid Cəfər Pişəvərinin düşüncələrinin məhsuludur. Başqa sözlə, kitab hərəkat haqqında ilk etibarlı mənbə sayıla bilər. Doxsana qədər seçmə məqalə və çıxışları öz səhifəsində əks etdirən kitabda cəmi bir il yaşamış Azərbaycan Milli Hökumətinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə gördüyü işlər, həyata keçirdiyi tədbirlər, bu hərəkata böyük dövlətlərin münasibəti və s. məsələlər öz əksini tapmışdır. 1945-1946-cı illərdə Arazın o tayında baş vermiş hərəkatı, Azərbaycan Milli Hökumətinin qısa zaman kəsiyində göstərdiyi fəaliyyəti və icra edilmiş çoxsaylı tədbirləri öyrənmək baxımından da bu kitab çox önəmlidir. Çünki, bunlar bizim tariximizin yaxın keçmişi, təzadlı olaylarla əhatəli olsa da, şanlı səhifələrindəndir. Biz seçmə məqalə və çıxışlardan ibarət bu kitabı oxuduqca sanki həmin dövrdə baş vermiş hadisələrin kədərli seyriçisinə çevrilirik.
Keçən əsrin 40-cı illərində Güney Azərbaycandakı xalq hərəkatını öyrənmək üçün ilk mənbə olan bu kitab hər kəsin stolüstü kitabı olmalıdır.
Son olaraq xüsusilə vurğulamaq istərdik ki, bu qiymətli kitabın ərsəyə gəlməsinə sponsorluq etmiş və hazırlanmasında öz dəyərli tövsiyələrini əsirgəməmiş görkəmli ziyalı, şair, ədəbiyyatşünas, Böyük Britaniyanın Edinburq Universitetinin professoru Qulamrza Səbri Təbrizinin danılmaz xidmətləri olmuşdur.
Q.PİRİYEV,
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.