Hər bir ölkənin elm tarixində özünün sanballı araşdırmaları ilə layiqli yer tutmuş, dərin iz buraxmış görkəmli alimlər olmuşdur. Belə insanlar həm tutarlı elmi araşdırmaları, həm də yüksək insani keyfiyyətləri ilə yaddaşlarda qalırlar. Bu, ilin 3-4 ayını ağır çöl şəraitində, qazıntı işlərində keçirən arxeoloqların həyatında daha qabarıq şəkildə özünü büruzə verir. Azərbaycan arxeologiya elmi tarixində belə yüksək keyfiyyətlərə malik görkəmli alimlərdən biri də SSRİ EA-nın Sankt-Peterburqda yerləşən Maddi Mədəniyyət Tarixi İnstitunun əməkdaşı Aleksandr Aleksandroviç İyessen olmuşdur.
A.A. İyessen 1896-cı il iyul ayının 23-də Peterburqda anadan olmuşdur. 1915-ci ildə Peterburq Universitetinin tarix fakültəsinə daxil olmuş, lakin hərbi xidmətə çağırıldığından təhsilini 1922-ci ildən davam etdirmişdir. 1925-ci ildə arxeologiya bölməsi üzrə həmin universiteti bitirmişdir. Aspirantura təhsilindən sonra A.A. İyessen 1929-cu ildən ömrünün sonuna qədər Maddi Mədəniyyət Tarixi İnstitunda çalışmışdır. Onun hələ aspirant ikən, 1929-cu ildə nəşr olunmuş, Qəbələ rayonu ərazisində aşkara çıxarılmış Yaloylutəpə mədəniyyətinə aid "Kultura Yaloylutepe v Zakavkaze" adlı məqaləsi, demək olar ki, ilk elmi əsəri də məhz Azərbaycan arxeologiyasına həsr olunmuşdur. Artıq 30-cu illərdə A.A. İyessen Qafqaz və Şərqi Avropanın arxeoloji tədqiqi sahəsində tanınmış alimlər sırasında idi.
A.A. İyessen ömrünün son on ilini Azərbaycan abidələrinin arxeoloji tədqiqinə həsr etmişdir. Eyni zamanda, bu illər onun daha böyük elmi təcrübəyə malik olduğu zaman idi və bu səbəbdən də onun çöl tədqiqat və nəşr işləri bütövlükdə Qafqaz arxeologiya elmi tarixində mühüm əhəmiyyətə malikdir.
1953-cü ildə Azərbaycanın Mil-Qarabağ bölgəsinin, Kür və Araz çayları arasındakı ərazilərin tarixi-arxeoloji abidələrinin tədqiqi üçün Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutu və SSRİ Elmlər Akademiyasının Arxeologiya İnstitutunun birgə arxeoloji ekspedisiyası yaradılmışdır. Birgə ekspedisiyanın yaradılmasında əsas məqsəd, ilk növbədə, Mil düzündə orta əsr Örənqala şəhər yerində arxeoloji qazıntıların aparılması və sonra tədricən Kür və Araz çayları arasında müxtəlif dövr abidələrində ekspedisiyanın fəaliyyətinin genişləndirilməsi olmuşdur.
Əsas tədqiqat obyekti orta əsr Örənqala (Beyləqan) şəhər yeri olan ekspedisiya "Örənqala" arxeoloji ekspedisiyası adlandırılmışdır. O zaman çox böyük məsuliyyət, zəngin elmi-təşkilati təcrübə tələb edən bu ekspedisiyaya rəhbərlik məhz A.A. İyessenə həvalə edilmişdir. Ekspedisiyanın Mil-Qarabağ bölgəsində, eyni zamanda, Naxçıvandakı I Kültəpə qədim yaşayış məskənində apardığı fundamental tədqiqatlar nəinki Azərbaycanın, o cümlədən bütövlükdə Cənubi Qafqazın minilliklər öncəki qədim tarixinin öyrənilməsinə, eləcə də bu regionun qədim mədəniyyətinin Yaxın Şərq sivilizasiyaları ilə bağlılığı məsələlərinə böyük töhfələr verdi. Bu ekspedisiyanın araşdırmalarının nəticələri bu gün də Qafqaz arxeologiyasında öz aktuallığını saxlamaqdadır.
A.A. İyessenin rəhbərlik etdiyi, elmi problemlərə uyğun şəkildə ayrı-ayrı dəstələrə bölünmüş geniş tərkibli bu ekspedisiyanın uzunmüddətli elmi layihə çərçivəsində gördüyü işlər Azərbaycanın böyük bir ərazisində, demək olar ki, ilk sistemli arxeoloji tədqiqatlar idi. 1953-1960-cı illərdə geniş çöl tədqiqatları aparan bu ekspedisiya Mil düzündə və Qarabağın dağlıq ərazilərində 50-dən artıq arxeoloji abidəni qeydiyyata almışdır ki, bu da həmin illərin elmi-texniki imkanları daxilində çox böyük göstərici idi.
Eyni zamanda, 1958-ci ilə qədər "Örənqala" ekspedisiyasının tərkibində O.H.Həbibullayevin rəhbərlik etdiyi dəstə Naxçıvan şəhəri yaxınlığındakı I Kültəpə qədim yaşayış yerində əsaslı qazıntılar aparmışdır. Bütövlükdə Cənubi Qafqaz arxeologiyasının neolit, xalkolit və tunc dövrlərinin xronoloji ardıcıllığı baxımından etalon hesab edilən bu abidənin qazıntıları arxeologiya elmində əsil çevriliş idi. I Kültəpədəki qazıntılara qədər bütövlükdə xalkolit (eneolit) dövrünə aid edilən Kür-Araz mədəniyyətinin tarixi-xronoloji yeri ilk tunc dövrü mədəniyyəti kimi müəyyənləşdirildi. Eyni zamanda, I Kültəpədəki Kür-Araz mədəniyyəti təbəqəsindən altda ilk dəfə olaraq daha qədim mərhələyə – neolit və xalkolit dövrlərinə aid mədəni təbəqələrin olduğu müəyyən edildi. A.A. İyessenin mühüm elmi əhəmiyyətə malik, Qafqazla Yaxın Şərqin qədim mədəniyyətlərinin sıx əlaqələrindən bəhs edən "Kavkaz i Drevniy Vostok v IV i III tısyaçiletiyax do naşey erı" adlı məqaləsi, demək olar ki, məhz I Kültəpənin qazıntılarının nəticələri əsasında yazılmışdır.
Yeni aşkar olunmuş abidələr və arxeoloji materiallar ilk növbədə Mil-Qarabağ bölgəsinin ən qədim zamanlardan -- qədim daş dövründən orta əsrlərədək minillikləri əhatə edən tarixi barədə əhatəli təsəvvür yaratmışdır. 1954-cü ildə Xocalı ərafında axtarışlar aparan görkəmli alim burada paleolit dövrünə aid daşdan hazırlanmış əmək alətləri aşkar etmiş və bunun əsasında da Qarabağın dağlıq ərazisinin hələ qədim daş dövründə məskunlaşdığını müəyyən etmişdir.
İlk dəfə olaraq bölgənin neolit və xalkolit mərhələlərini əhatə edən erkən oturaq əkinçilik mədəniyyətinə aid abidələr məhz A.A.İyessenin rəhbərlik etdiyi ekspedisiya tərəfindən aşkar edilmişdir. Həmin illərdə bu abidələrdə arxeoloji qazıntıların aparılması mümkün olmasa da, A.A.İyessen yerüstü tapıntılara əsasən həmin abidələri də I Kültəpə ilə eyni mədəniyyətə aid olduqlarını və onlarda gələcəkdə qazıntıların aparılmasının zəruriliyini xüsusi vurğulamış, bölgənin erkən istehsal mədəniyyəti tarixinin ümumi mənzərəsini yarada bilmişdir. Bu abidələr Ağcabədi, Ağdam və Füzuli rayonları ərazisində Şahtəpə, Kamiltəpə, Adsıztəpə və digər qədim yaşayış məskənləridir.
Bölgənin qədim tarixinin növbəti mərhələsini – tunc dövrünü əks etdirən abidələri şərh edərkən görkəmli alim e.ə. III minilliyin axırlarına aid etdiyi 3nömrəli Üçtəpə kurqanı barədə xüsusilə geniş bəhs etmişdir. On kilomtrlərlə məsafədən müşahidə edilən bu nəhəng kurqanlar Qarqarçay vadisində düzən ərazidə yüksəlirlər. Bu yerlər məhz bu əzəmətli kurqanların ərazinin landşaftını müəyyən etməsi ilə Üçtəpə adlandırılmışdır. A.A. İyessen Üçtəpə kurqanlarından 3nömrəli kurqanın qazıntılarını dörd qazıntı mövsümü ərzində (1957-1960-cı illər) həyata keçirmişdir. Həmin illərin maddi, elmi-texniki imkanları çərçivəsində diametri 130 metr, hündürlüyü 15 metrə yaxın, həcmi 35000 kubmetr olan bu kurqanın qazıntıları, bütövlükdə SSRİ arxeologiyasında mühüm, əlamətdar elmi hadisə idi. Bu qazıntıların nəticələri görkəmli alimin "Raskopki bolşoqo kurqana v uroçişe Uç-tepe" adlı geniş həcmli fundamental elmi məqaləsində şərh edilmişdir. Birbaşa analogiyaların hələ məlum olmadığı elmi mühitdə, əldə edilmiş yalnız azsaylı keramika məmulatı əsasında bu kurqanın mahiyyəti, tarixi-mədəni yeri barədə A.A. İyessenin məqalədə apardığı təhlillər Qafqaz arxeologiyasında ən yaddaqalan məqamlardan biridir. Əsas dəfn kamerasından gözlənilən çoxsaylı arxeoloji materiallar əldə edilməsə də, bu kurqanda min illər sonra – bizim eramızın VII əsrinə aid qəbirdən zəngin maddi mədəniyyət nümunələri, eyni zamanda, qızıl məmulatından ibarət tapıntılar aşkara çıxarılmışdır. A.A. İyessenin fikrincə, burada cəmiyyətin imtiyazlı şəxslərindən – VII əsrdə Albaniyaya yürüş etmiş xəzərlərin hərbi rəhbərlərindən biri dəfn edilmişdir. Sonralar görkəmli Azərbaycan arxeoloqu İ.H.Nərimanov bu məzarda alban hökmdarı Cavanşirin dəfn edildiyi ehtimalını irəli sürmüşdür.
Üçtəpə tipli nəhəng kurqanlar Cənubi Qafqazda yalnız Azərbaycan ərazisindədir. A.A. İyessen tərəfindən bu kurqanlardan birinin qazılması böyük elmi əhəmiyyət kəsb edir. Sonrakı araşdırmalar kurqanın daha qədim dövrdə – e.ə. IV minillikdə qurulduğunu və buradan aşkar edilmiş qədim keramikanın Yaxın Şərq mənşəli olduğunu müəyyən etmişdir. 3nömrəli Üçtəpə kurqanı Cənubi Qafqazda bu günə qədər qazılmış bu tip yeganə kurqandır.
Qarabağın orta tunc və son tunc – ilk dəmir dövrü – e.ə. III minilliyin sonları-I minilliyin əvvəllərini əhatə edən mərhələlərə aid abidələrdə A.A.İyessenin ekspedisiyasının apardığı araşdırmalar Azərbaycanın qədim tarixinə dair yeni faktların aşkara çıxarılması ilə nəticələnmişdir. Belə ki, Ağdam yaxınlığındakı orta tunc dövrünə aid Üzərliktəpə yaşayış yerindəki arxeoloji qazıntılar buranın hələ 4 min il əvvəl müdafiə sədləri ilə əhatələnmiş erkən şəhər tipli yaşayış yeri olduğunu, əhalinin oturaq həyat sürdüyünü və müxtəlif sənətkarlıq sahələrini inkişaf etdirdiyini sübut etmişdir. Eyni zamanda, Mil düzündə və Xocalı ətrafındakı son tunc-erkən dəmir dövrünə aid abidələrdə aparılan tədqiqatlar əsasında A.A.İyessen hələ 3 min il əvvəl Qarabağın dağlıq və aran ərazilərinin vahid mədəniyyətdə birləşdiyini "İz istoriçeskoqo proşloqo Milsko-Karabaxskoy stepi" adlı məşhur məqaləsində xüsusi vurğulamışdır. Ümumiyyətlə, görkəmli alim istər Mil düzü, istərsə də Qarabağın dağlıq ərazisindəki abidələri təhlil edərkən həmişə onları Azərbaycan abidələri, qədim sakinlərini isə qədim Azərbaycan əhalisi adlandırmışdır.
"Örənqala" ekspedisiyasının Ö.Ş.İsmizadənin rəhbərlik etdiyi dəstəsi Mil düzündə Qaratəpə yaşayış yerində apardığı qazıntılar bölgənin, eyni zamanda, Azərbaycanın qədim dövlətlərindən olan Albaniyanın e.ə. I minilliyə aid tarixinin, öyrənilməsində böyük addım olmuşdur.
Orta əsr Örənqala şəhər yerində aparılan iri miqyaslı arxeoloji qazıntılar Azərbaycan arxeologiyasında bu dövr abidələrinin öyrənilməsində mühüm yer tutur. Bu möhtəşəm abidənin qazıntıları ilə sübuta yetirilmişdir ki, Örənqala məhz yazılı mənbələrdə adı çəkilən Beyləqan şəhərinin qalıqlarıdır. Bundan əlavə, Q.M.Əhmədovun Beyləqan rayonunun Təzəkənd kəndindəki qədim şəhər yerinin qazıntıları isə A.A. İyessenə burada Albaniyanın Paytakaran şəhərinin yerləşdiyi fikrini irəli sürməyə imkan vermişdir. Bununla da tədqiqatçı Mil-Qarabağ bölgəsində Azərbaycanın antik və orta əsrlər dövrü şəhər mədəniyyətinin, eyni zamanda, siyasi tarixinin varisliyi məsələsini əsaslandırmışdır. Ümumiyyətlə, görkəmli alim arxeoloji qazıntılarla bu bölgədə son 7 min il ərzində Azərbaycanın qədim mədəniyyətlərinin fasiləsiz təkamül tarixini təkzibedilməz faktlarla sübuta yetirmişdir.
A.A. İyessenin rəhbərlik etdiyi "Örənqala" ekspedisiyasının qeydə aldığı Ağcabədi rayonundakı Kamiltəpə, Qalatəpə, Xocavənd rayonundakı Nərgiztəpə qədim yaşayış məskənlərində son illərdə də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyaları, o cümlədən Azərbaycan-Almaniya beynəlxalq ekspedisiyası geniş tədqiqat işləri aparmışlar. Bu ekspedisiyanın tərkibində işləmiş o zaman gənc arxeoloqlar Q.M.Əhmədov, O.H.Həbibullayev, Ö.Ş.İsmizadə, İ.H.Nərimanov və b. sonralar Azərbaycanın arxeologiya elmində məktəb və elmi istiqamətlər yaratmış görkəmli tədqiqatçılar idilər.
Cəmi 68 il ömür sürmüş A.A. İyessenin 68 elmi əsəri nəşr olunmuşdur. Onlardan 20-yə yaxını bilavasitə Azərbaycanın, xüsusilə də Mil-Qarabağın qədim abidələrinə həsr olunmuşdur. A.A. İyessenin topladığı zəngin irs hələ uzun illər Mil-Qarabağ bölgəsinin arxeoloji araşdırılmasında tədqiqatçılar üçün başlıca elmi mənbə olaraq qalacaqdır.
Nəcəf Müseyibli,
AMEA Arxeologiya və
Etnoqrafiya İnstitutu direktorunun elmi işlər üzrə müavini
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.