Miniatür Kitab Muzeyində Özbəkistana həsr olunmuş miniatür kitabların təqdimatı keçirilib

Avqustun 29-da Miniatür Kitab Muzeyində Özbəkistan Respublikasının müstəqilliyinin 25 illiyinə həsr olunmuş 3 cilddən ibarət miniatür kitabın (“İslam Karimov – Prezident Uzbekistana”, “Osnovı nezavisimosti” və “Uzbekistan”) təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan Miniatür Kitab Muzeyinin yaradıcısı və təsisçisi, Əməkdar mədəniyyət işçisi Zərifə Salahova təqdimatı keçirilən kitabların Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə nəşr edildiyini bildirib. Diqqətə çatdırıb ki, hər birinin ölçüsü 50x55 mm olan bu miniatür kitablar 2016-cı ildə rus və ingilis dillərində Miniatür Kitab Muzeyi tərəfindən “İndigo” mətbəəsində 100 nüsxə tirajla nəşr edilib. Hər üç kitabın forzasında “Özbəkistan Respublikasının müstəqilliyi–25 il” emblemi yer alıb.

Bildirilib ki, “İslam Karimov – Prezident Uzbekistana” miniatür kitabı 160 səhifədən ibarətdir. Kitaba 27 rəngli foto daxil edilib. Bu nəşrdə yer alan məqalədə oxucu müstəqillik illərində dövlətin inkişafında və əldə etdiyi nailiyyətlərdə İslam Kərimovun adı və fəaliyyətli ilə bağlı mühüm məqamlarla tanış olacaq.

“Osnovı nezavisimosti” kitabı 180 səhifədən ibarətdir. Nəşrdə 55 rəngli foto yer alıb. Oxucu kitabda Özbəkistanın suverenliyi haqqında deklarasiya və dövlət müstəqilliyi haqqında qanunla tanış olacaq. Bundan başqa, nəşrdə dövlət gerbi və bayrağı haqqında məlumat, eləcə də milli himnin mətni dərc edilib.

Diqqətə çatdırılıb ki, “Uzbekistan” miniatür kitabı 184 səhifədən ibarətdir. Nəşrdə 77 rəngli foto verilib. Burada respublika haqqında 40-dək maraqlı fakt yer alıb. Oxucunun nəzərinə siyasi, iqtisadi, humanitar xarakterdə məlumatlar təqdim olunur. Kitab iqtisadiyyat, elm, mədəniyyət sahələrində nailiyyətləri, böyük özbək alim və mütəfəkkirləri, UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilən tarixi abidələr, coğrafi faktlar və s. barədə məlumatları əhatə edir.

Təqdimat mərasimində çıxış edən Özbəkistan Respublikasının səfiri Şerzod Fayziyev bildirib ki, sentyabrın 1-də ölkəsi müstəqilliyinin 25 illiyini qeyd edəcək. Müstəqillik xalqın milli şüurunu, şərəf və qürurunu, ləyaqət hissini oyadıb, xalqın ana dilini, dinini, dəyər və ənənələrini özünə qaytarıb. Özbəkistanın 25 il ərzində əldə etdiyi nailiyyətlərdən danışan diplomat qeyd edib ki, ölkə haqqında məlumatların hamısını bu üç kitabda əhatə etmək mümkün deyil. Odur ki, oxucunun diqqətinə hər üç kitabda ölkənin siyasi, iqtisadi, mədəni həyatı ilə bağlı ən mühüm məsələlər çatdırılıb.

Səfir Azərbaycanda yerli mütəxəssislərin və kitabsevərlərin köməyi ilə ərsəyə gələn bu nəşrlərin iki qardaş xalqın dost münasibətlərinin növbəti ifadəsi kimi ölkələr arasında daha bir güclü körpü olacağını bildirib.

Şerzod Fayziyev Miniatür Kitab Muzeyinin yaradıcısı və təsisçisi, Əməkdar mədəniyyət işçisi Zərifə Salahovanın böyük iş gördüyünü vurğulayaraq ona təşəkkür edib.

Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə, Əməkdar jurnalist Elmira Əliyeva, yazıçı, Əməkdar incəsənət xadimi Natiq Rəsulzadə və başqaları tədbirdə çıxış edərək kitabların əhəmiyyətindən söz açıblar.

Çıxışlarda Özbəkistan Respublikasının müstəqillik illərində qazandığı nailiy-yətlərdən, Azərbaycan-Özbəkistan münasibətlərindən söz açılıb, iki ölkə arasında əlaqələrin tarixi köklərə malik olduğu vurğulanıb, təqdimatı keçirilən miniatür kitabların bu əlaqələrə növbəti töhfə verəcəyi bildirilib.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında