Qax: Yerli turizmin özünəməxsusluğu qonaqları heyran edir

Hansısa fikir  sahibi demişdi ki, həyat hadisələrlə doludur. Hələ tələbəlik illərində oxuduğum bu ifadə mənə qəribə gəlmişdi. Düşünmüşdüm  ki, o boyda mütəfəkkir hamıya məlum olan məsələni təkrar edib.  Həmin ifadəni ötən həftə Qaxda olarkən rastlaşdığım bir təsadüf yadıma saldı. Təsəvvür edin, 30 il qabaq, Estoniyada, Fin körfəzi sahillərindəki "Noorus" ("Gənclik") düşərgəsində tanış olduğumuz və bir neçə həftə yoldaşlıq etdiyimiz saratovlu Viktor İvanovu Qaxda gördüm. Yatsam yuxuma, oyaq vaxtı isə ağlıma gəlməzdi. "Həyatı hadisələrlə dolduran" məqamlardan biri də o idi ki, mən Viktoru tanıya bilməsəm də , o, məni tanıdı. 30 il qabaq gənc jurnalist olsalar da, özlərini  peşəkar qələm sahibi kimi görən İvanovla Həsənov Moskvada və ya Bakıda deyil, məhz Qaxda görüşür, kövrəlir, heç zaman unudulmayacaq gənclik xatirələrini Qax dağlarına danışırlar... səhnəni özünüz təsəvvür edin.

Xeyli söhbət etdik. Viktor danışdı ki, builki Qax səfəri onun Azərbaycanın bu dilbər guşəsi ilə ikinci görüşüdür: – Ötən il gələndə burada beş gün qaldım. Çox məmnun oldum. Dağlar, dərələr, meşələr, saf sular, təmiz hava ilə yaddaqalan zəngin təbiət,  xeyirxah insanlar,  sirlərlə dolu tarixi yerlər, insan təfəkkürünün məhsulu olan mədəniyyət abidələri ... bir-birini mükəmməl şəkildə tamamlayan bu məqamların bir adı və bir ünvanı var -- Azərbaycan. Qax isə bu möhtəşəmliyin dəyərli bir parçasıdır. Ona görə də bu il kimsə məndən soruşanda ki, istirahət etmək üçün hara gedəcəksən, düşümnədən cavab verdim ki,  Qaxa.

Aradan  xeyli keçsə də, kövrək xatirələrin canlandığı həmin görüşü unuda bilmirəm. Hətta, o görüşü nə zaman unutsam belə, Viktorun Azərbaycan həqiqətləri, Qax turizmi barədə dedikləri yaddaşımda uzun illər qalacaq. O da faktdır ki, bu gün Qaxda öz köhnə dost-tanışı ilə görüşən tək mən deyiləm.  Bizim görüşümüzə bənzər nə qədər görüşün   şahidi olmuşamsa, bilmirəm. Yəqin ki, hörmətli oxucularımızdan kimsə Qaxa gəlsə, burada mütləq anoloji hadisənin iştirakçısı və ya şahidi olacaq.

Qaxdakı "İçəribazar" Turizm və Mədəniyyət Mərkəzi  haqqında çox yazmışam. Böyük sənətkarımız Müslüm Maqomayevin babasının bu bazardakı dəmirçi sexini də dəfələrlə yada salmışam. Həmin  faktı indi ona görə xatırladıram ki, çoxdan bəri formalaşmış ənənəmə sadiq olaraq bu dəfə də İçəribazara gələndə başa düşmədiyim dildə danışan beş-on turistin məhz həmin dəmirçi sexinin başına toplaşdığını gördüm. Güman etdim ki, bu adamlar ən azından bizim dünənimizə olan hörmət və ehtiramımızı alqışlayırlar.

...Burada hamı mehriban, qonaqsevər və ən başlıcası, həmsöhbət olmağı bacarandır. Sadə bir fakt. Bir neçə dostla İçəribazardakı çayxanada əyləşdik. Qonaqlara xidmət edən Əzizə Məmmədovadan buraya turistlərin, yoxsa yerli camaatın daha çox gəldiyini soruşdum. – Turistlər daha çox gəlirlər, – deyə cavab verdi və əlavə etdi ki, bir az əvvəl Fransadan bir velosipedçi gəlmişdi. İlisuya gedirdi. Əvvəlcə bizim çayımıza qonaq oldu və sonra yoluna davam etdi. Bizi başa salmağa çalışırdı ki, belə dağları və belə içkisi olan camaat xöşbəxtdir.

Söhbətimizə rayon icra hakimiyyəti başçısının müavini Yunus Əfəndiyev də qoşuldu: – Maraqlıdır, indi təyyarə, qatar və ya avtomobil yolu ilə gələn turistlərlə bahəm,  velosipedlə gələn əcnəbilərin də sayı artır. Təxminən 10 gün əvvəl Rusiyadan ər-arvad iki  velosipedçi  gəlmişdi. Fransızlar təbiətimizdən, ruslar isə mətbəximizdən məmnunluq ifadə edirdilər. Turistlərdən biri zarafatla dedi:  – Adama elə gəlir ki, əl uzatsan, dağa çatar, amma gedəndə çatmaq olmur.  Xüsusən, ərəblər yaşıl meşəli dağları görəndə təbiətimizə dəlicəsinə vurulur,  sevinclərini gizlədə bilmirlər. Əvvəlki illərdə qonaqlarımız əsasən keçmiş SSRİ ölkələrindən  olurdular. İndi isə demək olar ki, dünyanın hər yerindən gəlirlər. Əsası odur ki, nə qədər qonaq gəlsə, qəbul etməyə imkanımız var.

 "İtalyanlar isə sülhüllünü daha çox sevdilər" – deyə çayxananın sahibi Tərlan Əhmədov söhbətimizə qarışdı: – Xarici qonaqlara  təqdim etdiyimiz  ət kirsini və  dolmanı dünyanın heç yerində görmədiklərini söyləyirlər. Dağlarımızın şəklini o qədər çəkirlər ki, adam başa düşmür, bir dağın 15-20 şəkli nəyə lazımdır.  Hətta elə turist görmüşəm ki, gün ərzində dağı, dərəni, meşəni, çayı gəzir və ancaq şəkil çəıkmək, yazı yazmaqla məşğul olur. Etiraf edirlər ki, burada təkcə istirahət etmir, həm də nə isə öyrənirlər.

İçəribazardakı həmin söhbətimizdən bir neçə gün sonra Qaxda, sözün həqiqi mənasında, ilin ən qələbəlik gününün şahidi olduq.  Belə ki, Heydər Əliyev Fondunun təşkil etdiyi VIII Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Ukraynanın "Kiyev virtuozları" Kamera Orkestri  avqustun 10-da Qaxda  konsert proqramı ilə çıxış edirdi.  "İçəribazar" Turizm və Mədəniyyət Mərkəzinin yay səhnəsində keçirilən konsertdə yerli musiqisevərlərlə yanaşı,  şəhərin qonaqları da iştirak edirdilər. Konsertdən əvvəl kiçik giriş nitqi ilə çıxış edən   rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev qeyd etdi ki, Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində artıq 4 ildir şəhərimizin bu tarixi məkanında tanınmış musiqi kollektivlərinin çıxışları olur. Məni isə məmnun edən məqam o idi ki, konsertdə Avropa və rus bəstəkarlarının əsərləri ilə yanaşı,  görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirovun və Qara Qarayevin simfoniya və baletlərindən parçalar da  səsləndirildi.

Sonra Musa müəllimlə görüşümüzdə  rayonun turizm potensialı barədə söhbət etdik. Həmsöhbətim qeyd etdi ki,  Qaxın iqlimi,  mineral bulaqları,  təbiət mənzərələri burada turizmin  inkişafı üçün  kifayət qədər əlverişlidir.  Çünki bu diyarın hər bir guşəsi turistlər üçün əsl istirahət məkanıdır. Rayon rəhbəri qeyd etdi ki, son illər Qaxda müasir tələblərə cavab verən turizm infrastrukturunun yaradılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Nəticədə  rayona gələn qonaqların sayı nəzərəçarpacaq dərəcədə çoxalıb. Təbii ki,  yay aylarında öz istirahətlərini Qaxda keçirmək arzusunda olanların sayı xeyli artır.

Yeri gəlmişkən, rayonda olarkən  öyrəndik ki, hazırda Qaxda 12 turizm obyekti fəaliyyət göstərir. Müxtəlif yazılarda onların əksəriyyəti barədə söz açsaq da, bəzilərini yenə də yada salmağına dəyər. Məsələn, 2015-ci ildə "Berqs" İstirahət Mərkəzinin fəaliyyətə başlaması, "El Resort" otelində və "Eden" istirahət mərkəzində əlavə korpusların, 2016-cı ilin mayında "Səngər qala" ailəvi istirahət mərkəzində 39 mənzilli 90 yerlik binanın istifadəyə verilməsi nəticəsində rayonun turizm obyektlərində yerlərin sayı artırılaraq 800-ə çatdırılıb. Rəsmi statistikaya görə, 2015-ci ildə rayona 25 minə yaxın turist gəlib. 2014-cü ildə isə bu göstərici 20 min olub. Statistika göstərir ki, builki göstərici daha böyük olacaq.  Evlərdə qalan turistlərin sayını da bura əlavə etsək, həmin  göstərici daha da artacaq.

Rayon mədəniyyət və turizm şöbəsindən öyrəndik ki,  yay mövsümündə turistlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə mədəni-kütləvi tədbirlərin, əyləncəli proqramların, gəzintilərin həyata keçirilməsi nəzərdə tutulur. Turistlərin rayonun tarixi məkanlarına, gəzməli-görməli yerlərinə ailəvi və kollektiv ekskursiyalarını təşkil etmək məqsədilə rayon mədəniyyət və turizm şöbəsi tərəfindən 6 istiqamət üzrə marşrut müəyyənləşdirilib. Bu marşrutlardan istifadə olunması üçün turizm obyektlərinin rəhbərlərinə proqramlar təqdim edilib, tövsiyələr verilib.

İlisuda fəaliyyət göstərən "Uludağ" Turizm və İstirahət Mərkəzində kottec tipli mənzillərdə eyni vaxtda 120-140 nəfər yerləşə bilir. Tələbatı nəzərə alaraq, növbəti ildə yataq yerlərinin sayının artırılaraq 180-ə çatdırılması, xidmətlərin çeşidinin çoxaldılması nəzərdə tutulur. İstirahət mərkəzində bir nəfər üçün bir günlük qalmaq və xidmət haqqı səhər yeməyi də daxil olmaqla 30 manat təşkil edir. Bu qiymət turistləri qane edir.

Rayonun ən səfalı guşələrindən birində  yerləşən "Səngər qala" ailəvi istirahət mərkəzində  (İlisu kəndinə gedən yolun kənarındadır)
7 mərtəbəli 90 yerlik yeni otel binası  istifadəyə verilib. Milli memarlıq üslubunun elementləri ilə inşa olunan "Səngər qala" oteli tarixi abidəni xatırladır. Otelin adı buradakı Səngər bulağının adından götürülüb. Tikinti işlərinə 2011-ci ildən başlanılan otel 7 mərtəbədən ibarətdir. Bina  ­gözoxşayan xarici və daxili dizaynda, fərqli bir üslubda inşa edilib. Birinci mərtəbədə qeydiyyat, qəbul otağı və digər inzibati kabinetlər yerləşir. Yeddinci mərtəbədə hər tərəfi ətraf dağ və meşə mənzərəsinə açılan restoran var. Qalan 5 mərtəbədə isə nömrələrdir. Burada  xidmət çeşidlərinə görə fərqlənən  38 nömrə var. Hər  nömrədə qonaqların rahat istirahəti üçün standartlara cavab verən şərait yaradılıb. Nömrələr kondisioner sistemi, birbaşa çıxışlı telefon şəbəkəsi, simsiz internet şəbəkəsi ilə... təmin edilib. Restoranda milli və dünya mətbəxinin gözəl təamlarını dadmaq mümkündür.

İstirahətini "İlisu" pansionatında keçirmək arzusunda olanları da çox maraqlı sürprizlər gözləyir. Dağlar qoynunda yerləşən, bənzərsiz təbiəti olan bu istirahət mərkəzində yeni yaradılan müxtəlif əyləncə guşələri, o cümlədən uşaqlar və böyüklər üçün "macəralar parkı", "möcüzələr adası", velosiped meydançası turistlərin asudə vaxtlarının olduqca mənalı və səmərəli keçməsini təmin edəcək. Burada  istirahət edənlər, eləcə də alpinistliyə maraq göstərənlər üçün ilk dəfə olaraq dağ yolu ilə gəzinti marşrutları müəyyənləşdirilib, 5 istiqamət üzrə cığırlar hazırlanıb. Bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən müvafiq razılıq alınıb. Əsas məqsəd insanları təbiətə daha yaxın etməkdir. Bu marşrutların ən kiçiyinin uzunluğu 300 metr təşkil edir. Uzunluğu 24 kilometr olacaq ən uzun dağ cığırı isə xüsusi hazırlıq keçənlər və alpinistlər üçün nəzərdə tutulub. Bu marşrut Qaşqaçay kəndinədək uzanacaq.

Qaxın əsrarəngiz təbiəti, istirahət guşələri haqqında bu sətirləri  hazırlayarkən ürəyimdən belə bir əminlik keçir ki, gedib orada istirahət etsəniz,  həmin  gözəllikləri gözlərinizlə görsəniz, peşman olmayacaqsınız. Bir çox Azərbaycan filminin çəkildiyi  bu qədim şəhər öz gözəlliyi ilə hamını  heyran qoyur. Təbii ki, oxucularımızın böyük əksəriyyəti Qaxı görüb. Görməyənlər də mütləq buraya gələcəklər. Amma buna baxmayaraq, mən istərdim ki,  daha bir neçə məlumatı verim. Məsələn, rayona  daxil olarkən ilk qarşılaşdığımız mənzərə coxillik qoz agaclarının yollara verdiyi qeyri-adiliyi görəcəksiniz. İnsan sanki özünü tuneldə hiss edir. Bu diyar əksər şirniyyatlarımızın bəzəyinə çevrilən qoz - fındıqla məşhur olan bir bölgədir.

Turistlər üçün maraqlı olacaq ünvanlar --Şəhər stadionu, İçəribazar, "İçəribazar" qala qapısı, Səngər qala ,  Ulu dag, Ulu körpü (tarixi abidə), Ləkit kəndində Mamırlı şəlaləsi,  "Qorxma, mən səninləyəm" bədii filminin bəzi fraqmentlərinin çəkildiyi Sumuq qala, Qalaça (Şamil qalası), Beşbulaq, Səngər bulaq və sair. Onu da unutmayaq ki,  Qaxın təbiəti və tarixi abidələri kimi özünəməxsus xörəkləri də var.  Qax mətbəxi Azərbaycanda çox məhşur mətbəxlərdən birirdir. Məsələn, sürhüllü, gürzə, bamiyə, göyərti qutabı bu diyarın istənilən qonağını özünə cəzb etmək iqtidarındadır.

... Qaxın əsas ünvanlarından biri İlisudur, İlisunun mühüm rəmzlərindən biri isə dövlət tərəfindən qorunan Beşbulaq su mənbəyidir.Beşbulaqdan əlavə  kəndin ərazisində daha on bulaq var. Onlardan ikisinin adı səngər sözü ilə bağlıdır. Səngər bulaq və Səngər məhəllə bulağı. Bilirsiniz o bulaqların ətrafında nə qədər qələbəlik olur? Bilmirsiniz. Bəlkə  onu da bilmirsiniz ki, kəndin digər bulaqlarına nisbətən Səngər bulağı nə üçün daim qonaq-qaralıdır. Onda mən deyim. Elin ən qeyrətli, ən cəsarətli oğulları səngərdə, düşmənlə üz-üzə  olanda, ən ismətli, ən ləyaqətli, ən sədaqətli qızları da Səngər bulağnın suyuna üz tutur, evlərinə aydınlıq aparırlar ki... Yox, bu lövhələri ancaq və ancaq görmək lazımdır. Yazmaq olmur.

İlqar HƏSƏNOV,
"Xalq qəzeti"nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında