Avey dağında arxeoloji tədqiqatların uğurlu nəticələri

Azərbaycanda  arxeoloji  tədqiqatlar uğurla davam etməkdədir. Xalqımızın tarixinə dair çox  qiymətli maddi mədəniyət nümunələri tapılmışdır.

 Azərbaycan ərazisində daş dövrü üzrə ilk dəfə arxeoloji tədqiqatlar 1953-cü ildə aparılmışdır. Həmin ilin payız ayında Rusiyadan dəvət olunmuş paleolit dövrü üzrə mütəxəssis S.N.Zamyatin və yerli arxeoloq M.Hüseynov axtarışa çıxaraq Avey dağında Damcılı bulağı ətrafında kəşfiyyat xarakterli qazıntı işləri aparmışlar. Nəticəyə gəlmişlər ki, burada arxeoloji dövrlər, yəni orta paleolit, yuxarı paleolit, mezeolit və neolit qalıqları qarışıq halda olmuşdur.

M. Hüseynov qeyd etmişdir ki, 1957-ci ilin yaz, payız aylarında apardığı qazıntıda arxeoloji dövrlərin materialları təxminən iki metr dərində gil təbəqəsinin üstündə qalmışdır. Həmin dövrdə bu ərazidə iki minə yaxın alət tapılmışdır.

2015-ci ilin yayında Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Yaponiyanın Tokio Universitetinin daş dövrü mütəxəssisi, professor Yoşihiro Nişiakinin rəhbərliyi ilə böyük bir heyət Avey dağı ətəklərində kəşfiyyat xarakterli axtarış aparmaq üçün qoruq ərazisinə dəvət olunmuşdur. Bir həftəlik kəşfiyyat xarakterli axtarışlardan sonra Avey dağında, Damcılı mağara düşərgəsinin ətrafında dünya əhəmiyyətli arxeoloji irsi kompleks tədqiq etmək üçün üçtərəfli beynəlxalq memorandum imzalanmışdır. Bu memorandum Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğu, AMEA tərəfindən Arxeologiya və Etnoqrafiya İnstitutu, Yaponiya hökuməti tərəfindən Yaponiyanın Tokio Universitetinin muzeyi arasında bağlanmışdır.

2016-cı ilin avqustunda "Avey" DTMQ -nın ərazisində yerləşən dünya əhəmiyyətli Damcılı mağara düşərgəsində arxeoloji qazıntılara başlanılmışdır. Kəşfiyyat xarakterli 10-a yaxın müxtəlif istiqamətlərdə qazıntı işləri aparılmışdır. Yaponiyalı və yerli arxeoloqların birgə işlədiyi ərazinin 4 metr dərinliyində qazıntı işləri aparılarkən orta əsrlərə, tunc dövrünün sonuna aid daha dərində isə neolit dövrü qalıqları, ocaq yerləri, fauna nümunələri (sümüklər), lal təbəqədən aşağıda isə orta paleolit dövrlərinin son mərhələsini əks etdirən qəlpə, nüvə tullantıları və alət nümunələri əldə olunmuşdur. Damcılıda tapılan maddi-mədəniyyət nümunələrinin dövrlərinin müəyyənləşdirilməsi üçün Yaponiya laboratoriyalarına göndərilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan ərazisində bir neçə ildir tədqiqatlar aparan daş dövrü üzrə ixtisaslaşmış yaponiyalı professor Yoşihiro Nişiaki qoruq ərazisindən tapılan alətlərin Azərbaycanın digər ərazilərindən tapılan alətlərə nisbətən daha qədim olduğunu düşünürlər. İlkin arxeoloji qazıntıların nəticəsinə əsasən demək olar ki, Damcılıda elmə yararlı kifayət qədər material əldə edilmişdir. Beynəlxalq ekspedisiyanın məqsədi ərazinin qədim insan məskəni olmasını təsdiqləmək, bundan başqa neolitdən əvvəlki dövrlərə aid maddi sübutlar əldə etməkdir. Qazıntılar zamanı buna nail olundu. Növbəti ilin yayında tədqiqatlar daha geniş sahədə davam etdiriləcək. Gələn ilin arxeoloji tədqiqatları zamanı Qazax rayonu ərazisində yerləşən ali təhsil ocaqlarının tələbələrinin, qoruq əməkdaşlarının və gənc mütəxəssislərin də bu tədqiqatlara cəlb olunması nəzərdə tutulur.

M.MÜKƏRRƏMOĞLU,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında