Azərbaycanın ilk bədii filminin ekrana çıxmasından 100 il ötür

"Neft və milyonlar səltənətində"  adlı ilk Azərbaycan bədii  filmi İbrahimbəy Musabəyovun eyniadlı povesti əsasında ekranlaşdırılmışdı.  Film 1916-cı  ildə   ekranlara  çıxarıldı və  bununla da  Azərbaycanda bədii kino sənətinin əsası qoyuldu.  Bu povest ilk dəfə 1916-cı ildə kitab şəklində çap olunmuşdu. İnqilaba qədər Azərbaycan  bədii nəsrində neft sənayesi sahiblərinin və burjua əxlaqının, pul hakimiyyətinin ifşasına həsr olunmuş əsərlər içərisində bu povest  xüsusi yer tutur.

XIX əsrin sonlarında Bakı "qara qızıl" hesabına Zaqafqaziyanın mədəniyyət mərkəzi kimi tanınmağa başlayır. Elə bu vaxtlarda Fransadan gəlmiş fotoqraf Aleksandr Mixayloviç Mişonun Bakıda nəşriyyatı və fotoatelyesi var idi.  Bakı mənzərələrini, neft mədənlərini, mədənlərdə baş vermiş yanğınlarla bağlı silsilə şəkillər çəkirdi. O, "Bibiheybətdə neft fontanının yanğını" , "Balaxanıda neft fontanı", "Şəhər bağında ictimai gəzinti", "Qafqaz rəqsi" xroniki süjetlərinin də müəllifidir.

   XX əsrin ilk onilliyində, Azərbaycan sovetləşməzdən beş il əvvəl belçikalı sahibkarlar – Pirone qardaşları Bakıda 1915-ci ildə kirayə kontorunu açıb, kino istehsalını təşkil etdilər.

Bakının mərkəzində, Birja küçəsindəki (indiki Ü.Hacıbəyli küçəsi) 3 saylı yaraşıqlı binada onların "Filma" Səhmdar Cəmiyyəti yerləşirdi. Filmlərə quruluş vermək üçün Peterburqdan rejissor Boris Svetlov və operator Qriqori Lemberq dəvət olunmuşdu. Filmlərə ssenari yazmaq A.D.Panova-Potyomkinaya tapşırılmışdı. Onlar 1915-1918-ci illərdə bir neçə bədii film – "Yeni tərzdə köhnə əhvalat" (1915, satirik kinokomediya), "Arvad" (1916, məişət dramı), "Arvadlar ərlərini mənsəbə necə çatdırırlar" (1916, məişət komediyası), "Arşın mal alan" (1916, kinokomediya), "Ayaqyalın məhəbbət" (1916, kinoyumoreska), "Knyaz Dəmir Bulat" (1916, melodram), "Ölümünə bir saat qalmış" (1916, kinodram), "Bir alçalmanın tarixi" (1918, kinodram) kinolentlərini istehsal etdilər.

1916-cı ildə isə "Neft və milyonlar səltənətində" povestini ekranlaşdırmaq üçün şirkət Sankt-Peterburqdan rejissor Boris Svetlovu dəvət edir. Ssenarini A.D. Panova-Patyomkina yazır. Operator Q. Lemberq idi. Çəkilişlər Bakıda və ətrafında (Balaxanıda, Binəqədidə, Xəzər sahilində), pavilyon çəkilişləri isə Tiflisdə aparılırdı. Baş rolda – Cəlil ağanın var-dövlətini əlindən çıxaran Lütfəli bəy obrazında Hüseyn Ərəblinski çəkilir (təəssüf ki, bu onun kinoda ilk və son rolu oldu).

Kinorejissor Məmməd Əlili o dövrlə bağlı xatirələrində yazırdı: "1914-cü ilin axır günləri idi. Cəfər Cabbarlıgilə getmişdim. O, mənə dedi: “Artist Murad Muradov deyib ki, Peterburqdan kino çəkmək üçün Bakıya bir dəstə gələcək”.

Sonra Cəfər mənə başa saldı ki, kinonun mənzərə hissələri Bakı şəhərində, neft mədənləri isə Balaxanı kəndində çəkiləcək. Sən Balaxanıda oxumusan, o yerləri yaxşı bilirsən, köməyin dəyə bilər. Onlar çəkiliş üçün mollaxanalardan uşaq seçəcəklər. Çox güman ki, sizin yanınıza da gələcəklər. Zirək tərpən, fürsəti əldən vermə. Qoy bizlərdən də bir artist çıxsın ortaya.

Bir neçə gündən sonra artist Murad Muradov filmin rejissoru Boris Svetlovla bizim mollaxanaya gəldilər. Sınaq çəkilişləri üçün beş nəfər uşaq seçdilər. Artıq yaşım ötdüyü üçün Cəlilin uşaqlıq roluna yaramadım. Amma kütləvi səhnədə çəkildim. Maraqlısı odur ki, filmin çəkilişinin axırına kimi mən bir növ qeyri-rəsmi rejissor köməkçisi işlədim. Murad Muradovun, xüsusilə Cəfərin filmi çəkən dəstəyə çox köməyi olurdu. Filmin inandırıcı səhnələrindən biri Bayıl tərəfdə çəkilmişdi.

C.Cabbarlının məsləhəti ilə yuxarı məhəllənin arvad-uşaqlarını xalça-palaz yumaq üçün Bayıla gətirtdirirdim. O vaxtlar hələ Bakıya çəkilən Şollar suyu gəlmədiyindən əhali quyulardan istifadə edirdi və bu suyu səhənglərdə evlərə daşıyırdılar. Bu səhnələr filmdə çox inandırıcı çıxmışdı. Filmi çox qısa müddətə - dörd aya çəkib başa vurdular".

Filmdə Cəlil ağanın toy məclisində görkəmli xanəndə Cabbar Qaryağdıoğlu oxuyurdu, tarzən Qurban Pirimov idi. Məşhur tarzən Qurban Pirimov sənətşünas N.Sadıxovla söhbətində bu barədə danışarkən demişdir: "Filmin "Toy" və "Kazinoda şənlik" epizodlarında xanəndə Cabbar ilə mən də çəkilmişdim. Mən çalırdım, Cabbar oxuyurdu. H.Ərəblinskinin oynaması mənim çox xoşuma gəlirdi. Lütfəli bəyin par-par parıldayan faytondan düşməsi indiki kimi yadımdadır. Onun iti baxışları elə bil gözümün qabağındadır. Lütfəli bəyin obrazı Ərəblinskiyə çox yaraşırdı".

"Baku" qəzetində belə bir elan dərc edilmişdi: "Fransız elektrobioqrafı, H.Z.Tağıyevin pasajı. Uşaqlar və şagirdlər buraxılmır. Bu il mayın 14-dən Bakının neft mədənlərində çəkilmiş və neft milyonçularının həyatından bəhs edən "Neft və milyonlar səltənətində" filminin 1-ci seriyası nümayiş etdiriləcək. Kinodram İ.B.Musabəyovun romanı əsasında çəkilib. Ssenari müəllifi A.D.Panova - Potyomkinadır. Film tammetrajlı olduğuna görə hər axşam yalnız üç seans göstəriləcək."

Filmin ən maraqlı epizodu Balaxanıda milyonçu Səlimovun neft mədənində baş vermiş dəhşətli yanğının lentə alınması idi. Bu kadr o dövrdə sensasiya kimi qarşılanmışdı. Film ekrana çıxmazdan əvvəl geniş reklam edilmişdir. Hətta xüsusi buklet də buraxılmışdı  və  buraya filmdən ayrı-ayrı kadrlar da daxil edilmişdi. Filmin titrləri həm Azərbaycan, həm də rus dillərində idi.

Bu film ilk dəfə Tağıyev pasajında göstərildi. Bakı nümayişindən sonra film Zaqafqaziyada, Orta Asiyada və Rusiyada da  nümayiş etdirildi.

Həmin  film  bizə gəlib  çatmayıb. Bnun səbəbi  müxtəlif  versiyalarla izah edilir. Bir versiyaya görə, 1918-ci il hadisələri vaxtı Tağıyev teatrı növbəti dəfə yananda (birinci dəfə 1909-cu ildə), teatrda olan "Neft və milyonlar səltənətində" filmi də yanıb külə dönür. Ancaq kinoşünas Aydın Kazımzadənin yazdığına görə, "Filma" şirkətinin öz ofisi ( keçmiş Birja -Ü.Hacıbəyov) varkən filmi niyə teatrda saxlamalıydı ki? Aydın müəllimin fikrincə, film Rusiyanın kino arxivində olub. Sonralar yararsız hala düşdüyündən, atılıb. Hazırda orada yoxdur.

Azərbaycanda ilk səssiz bədii filmi  "Neft və milyonlar səltənətində"ki yazılar iki dildə – Azərbaycan və rus dillərində yazılıb. Film neft Bakısının XX əsrin əvvəllərindəki həyatını, Bakı müsəlman milyonçularının məişətini, neft mədənlərində ən çətin şəraitdə işləyib yaşayan fəhlələrin ağır güzəranını ekranda canlandırır.

Filmdə baş verən bütün əhvalatlar əsərin qəhrəmanı Cəlilin taleyi fonunda cərəyan edir. Yoxsul və kimsəsiz olan Cəlil təsadüf nəticəsində varlı bir neft sahibkarına çevrilir. Pozğun və qəddar neft milyonçusu Lütfəli ilə dostluğu onu müflisləşdirir və məhv edir. Burjua cəmiyyətinin ali təbəqəsinə qədər yüksələn bir kasıbın burada özünə yer tapa bilməməsi və buna mənən hazır olmaması onun faciəsi ilə nəticələnir.

Filmdə varlı neft sahibkarlarının xoş və firavan həyat sürmələri, yoxsul fəhlələrin acınacaqlı həyatı, gecə-gündüz neft mədənlərində işləyib bir parça çörək pulu qazanmaları  və bu kimi digər səhnələr tamaşaçıda dövrün ab-havası, neftin insan həyatında oynadığı təzadlı rol barədə müəyyən təsəvvür yaradır.

 "Neft və milyonlar səltənətində" povestinin motivləri əsasında çəkilmiş filmin ikinci variantı 1980-ci ildə "Qızıl uçurum" adı ilə yenidən ekranlarda nümayiş etdirilir. Melodramın quruluşçu rejissoru Fikrət Əliyevdir. Filmdə Cəlil rolunda Əliabbas Qədirov, Lütfəli bəy rolunda isə Hamlet Xanızadə çəkiliblər. 1983-cü ildə Leninqradda (indiki Sankt-Peterburq) XIV Ümumittifaq Kinofestivalında bu filmə görə rejissor Fikrət Əliyevə mükafat verilir.

M.MÜKƏRRƏMOĞLU,"Xalq qəzet"

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında