Azərbaycanın bütün guşələri gözəldir. Hər bölgənin özünəməxsus relyefi, yaşam tərzi, adət-ənənəsi. Regionların inkişafı Azərbaycan Prezidentinin diqqəti, qayğısı və birbaşa nəzarəti ilə gündən-günə sürətlənir. Məhz buna görə də, rayonlar, kəndlər getdikcə simasını dəyişir, gözəlləşir, insanların rahatlığı üçün yeni istirahət məkanları yaradılır. Dünyada mövcud olan 11 iqlim qurşağının 9-nun ölkəmizdə olması nəinki yaz-yay, hətta payız-qış istirahətinin də təşkilinə imkan yaradır. Zəngin tarixi, mədəni irsimizə maraq da son illər dünyanın hər yerindən qonaqları ölkəmizə cəlb edir.
Bəs özümüz necə, Azərbaycanın dilbər guşələrini, meşə, bulaq və çaylarını, zirvəsi yay-qış qarla örtülü dağlarını yaxşı tanıyırıqmı? Əlbəttə, yox. Bir qayda olaraq, istirahətlərini Gürcüstan, Rusiya, Şimali Qafqaz, Türkiyə və digər qonşu ölkə və şəhərlərdə keçirən vətəndaşlarımızın əksəriyyətinin, nəinki Azərbaycandakı istirahət məkanlarından, hətta, havası, suyu, can dərmanı olan bulaqları, zümrüd meşələri ilə zəngin yurdumuzdan xəbərləri yoxdur. Həyata atılan gənclərin, məktəblilərin doğma Vətənə, torpağa sevgi və məhəbbətini necə artırmaq olar? Gəzməsən, görməsən, qoynunda dincəlib, şəlalə səsi altında mürgüləməsən, havanı ciyər dolu içinə çəkməsən, meşənin sərinliyində istidən qorunmasan, torpaqla ayaqyalın təmasa girməsən... o məkanlara sevgi necə yaranar?..
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən təşkil edilən "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyaları bu mənada müstəsna əhəmiyyəti olan bir kampaniyadır. Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin Vətənə, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsidir. "Ölkəmizi tanıyaq" devizi ilə keçirilən maarifləndirici tur-aksiyaların məktəblilərin dünyagörüşünün daha da zənginləşməsində böyük rol oynadığı şübhəsizdir. Ayrı-ayrı bölgələrin məktəbliləri qrup şəklində ölkəmizin digər şəhər, rayon və kəndlərini qarış-qarış gəzib həm ölkə haqqında daha çox məlumat əldə edirlər, həm də onlarda Vətənə məhəbbət hissi artır.
Tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikası məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət dörd qrupun Bakıya səfəri, paytaxtımızın görməli yerləri, tarixi abidələri, müasir memarlıq inciləri, o cümlədən Heydər Əliyev Mərkəzi ilə tanışlıq yəqin ki, onların yaddaşından heç vaxt silinməyəcək. Məktəblilərə dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzinin binası haqqında məlumat verilib. Bildirilib ki, mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və ulu öndərin zəngin irsinin dərindən öyrənilməsinə və tədqiqinə yönəlib. Mərkəzin həyata keçirdiyi layihələr Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərin beynəlxalq aləmdə populyarlaşdırılmasına və təbliğinə, elmin, təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın, ekologiyanın və iqtisadiyyatın müxtəlif sahələrinin dəstəklənməsinə və inkişafına xidmət edir. Məktəblilər öyrəniblər ki, mərkəzdə rəsmi qəbulların, müxtəlif beynəlxalq konfransların, iclasların və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Ümummilli liderin anadan olmasının 90 illik yubileyi ərəfəsində açılan Heydər Əliyev Muzeyi şagirdlərdə böyük maraq doğurub. Muzeyin "Fotolarda əks olunmuş həyat", "Azərbaycanın ictimai-siyasi həyatı", "Dövlətçilik, irs və nailiyyətlər" bölmələrində ulu öndərin həm sovet dövründə, həm də müstəqillik illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual formada təqdim olunur. Materiallar hər mövzu üzrə Azərbaycan və ingilis dillərində olmaqla səsli formatda təqdim edilir. Məktəblilər, həmçinin mərkəzin "Azərbaycan inciləri" sərgisinə də tamaşa ediblər. Öyrəniblər ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu sərgidə ölkəmizin tükənməz təbii sərvətlərinə, çoxəsrlik tarixinə, mədəni irsinə dair nadir eksponatlar nümayiş olunur. Sərgidə qədim sənətlərin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri, mis məmulatlar uşaqlarda xüsusi maraq doğurub. Onlar Azərbaycanın qədim musiqi alətlərinin orijinal formada--səsli təqdim olunmasına heyranlıqlarını gizlətməyiblər. Azərbaycanın milli geyimlərinin, qədim sikkələrinin nümayiş olunduğu ekspozisiyada qonaqlar müxtəlif dillərdə müqəddəs kitablarla da tanış olublar.
Məktəblilər Bakıda və regionlardakı tarixi memarlıq abidələrinin maketlərini əks etdirən "Mini Azərbaycan" sərgisi ilə tanış olublar. Şərur və Culfa rayonlarından olan məktəblilər Bakı və onun görməli yerləri ilə tanışlıqdan razı qaldıqlarını bildiriblər. Şərurun Kərimbəyli kənd məktəblisi Sürəyya Əkbərova və Culfa şəhər 3 nömrəli məktəbin şagirdi Elgün Həşimov maarifləndirici tur-aksiyanın gənc nəslin vətənpərvərlik ruhunun yüksəlməsinə mühüm təsir göstərdiyini vurğulayıb və ölkəmizlə yaxından tanışlıq və Bakıya gəlmək imkanının yaradılmasına görə təşkilatçılara minnətdarlıq ediblər.
Tur-aksiya çərçivəsində Beyləqan, İmişli və Kürdəmir rayonlarından olan IX-XI sinif şagirdləri, onları müşayiət edən qrup rəhbərləri, müəllimlər qədim Gəncə şəhərinə ekskursiya ediblər. Onları Heydər Əliyev Park Kompleksinin girişində, Zəfər tağı önündə Gəncə Şəhər Uşaq Yaradıcılıq Mərkəzinin rəqs kollektivinin maraqlı çıxışları ilə qarşılayıblar. Qonaqlara Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə həyata keçirilən layihənin məktəblilərin gələcək inkişafındakı əhəmiyyətindən danışılıb. Şagirdlər bir-birindən gözəl məkanlarda olaraq, ölkəmizin ikinci böyük şəhəri Gəncənin zəngin və çoxəsrlik tarixi, mədəniyyəti haqqında dolğun məlumat əldə ediblər. Sonra şagirdlərə tur-aksiya çərçivəsində gəzəcəkləri məkanlardan bəhs edən Gəncənin bələdçi kitabları paylanılıb.
Aksiya iştirakçıları Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və siyasi fəaliyyətinin ayrı-ayrı məqamlarını, xüsusilə Gəncə şəhərinə tarixi səfərlərini əks etdirən foto və sənədlərlə tanış olublar. Heydər Əliyev Mərkəzi ilə tanışlıq çərçivəsində şagirdlər mərkəzdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə nümayiş olunan məşhur "Nikolya Şokolad Muzeyi"nin eksponatlarından ibarət sərgiyə də baxıblar. Məktəblilərə məlumat verilib ki, sərgidə ümumi kütləsi 700 kiloqramdan çox olan 300-dək yüksək keyfiyyətli şokolad məmulatı – şokolad və marsipan heykəllər, şokolad bagetlərlə çərçivəyə alınmış rəsmlər, miniatürlər və kompozisiyalar nümayiş etdirilir. Tur-aksiya iştirakçıları sərgidə məşhur şokolad ustası Nikolay Popovun nümayiş olunan əl işləri ilə bərabər, şokolad məhsulları ilə tanış olub, şokoladın yaranma tarixi haqqında məlumat alıblar.
Daha sonra Heydər Əliyev Mərkəzinin qonaqları ümummilli lider Heydər Əliyevin, Atatürkün, dahi Azərbaycan şairi Nizami Gəncəvinin şokoladdan hazırlanan portretlərinə maraqla baxıblar. Kütləsi 65 kiloqram olan "Qız qalası", 512 hissədən ibarət, hündürlüyü 210 santimetr, çəkisi 45 kiloqram olan "Eyfel qülləsi", həmçinin müxtəlif zövq və incəliklə hazırlanan heykəllər, portretlər və sənət əsərləri muzeyin qonaqlarına xoş təsir bağışlayıb.
Sumqayıt şəhərinin, Abşeron, Tərtər, Cəbrayıl, Füzuli, Qubadlı, Şuşa və Zəngilan rayonlarının IX-XI sinif şagirdləri və onların müəllimlərinin bu aksiyada bəxtlərinə cənub mirvarisi adlandırılan, gözəlliklər məskəni Lənkəran düşüb. Qonaqlar Lənkəranın özünəməxsus adət-ənənələri, milli mətbəxi ilə tanış olublar. Məktəbliləri müşayiət edən qrup rəhbərlərinə Lənkəran rayonlarınun sosial-iqtisadi inkişafını əks etdirən fotoalbomlar verilib. Tur-aksiya iştirakçıları Lənkəran şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra ulu öndərin adını daşıyan mərkəzdə böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponat və fotoşəkillərlə tanış olublar.
Beyləqan, İmişli və Kürdəmir məktəbliləri isə bu aksiya çərçivəsində Gəncə–Şəmkir–Göygöl marşrutu üzrə ekskursiyaya çıxıblar. Rayonla tanışlığa orta əsr Şəmkir qalasından başlanan tur-aksiya iştirakçıları öyrəniblər ki, tarixi "İpək yolu" üzərində yerləşən bu qədim şəhər 2007-ci ildə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu əməkdaşlarının ərazidə apardıqları qazıntılar zamanı aşkar edilib. Alimlərin araşdırmaları zamanı məlum olub ki, şəhər ərəb, Bizans, Hülaki və Atabəylər dövlətlərindən sonra rus qoşunlarının da hücumlarına məruz qalaraq dağıdılıb. Muxtariyyə kəndi ərazisində yerləşən bu tarixi abidə qarşısında xatirə şəkli çəkdirdikdən sonra rayon mərkəzinə gələn şagirdlər Heydər Əliyev Mərkəzində ümummilli liderin həyat və siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Dahi şəxsiyyətin müxtəlif ölkələrdə keçirdiyi görüşləri əks etdirən fotoşəkillərə baxan məktəblilər ulu öndərin müstəqil Azərbaycanın inkişafı və dünya birliyində özünə layiqli yer tutması üçün gördüyü işlərlə bağlı məlumatı maraqla dinləyiblər. Sonra şagirdlər bayraq muzeyində, gənclər mərkəzində, abidələr parkında, eləcə də vaxtilə burada yaşamış almanların inşa etdikləri lüteran kilsəsində olublar.
Quba isə Ağdaş, Şirvan, Göyçay, Kəlbəcər, Xocalı, Ağdam, Xocavənd və Laçın rayonları məktəblərini dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədə qarşılayıb. Qonaqlara qəsəbə haqqında, əsasən sakinləri dağ yəhudiləri olan bu gəzməli məkan haqqında məlumat verilib. Qırmızı qəsəbədən sonra tur-aksiyanın iştirakçıları 1802-ci ildə tikilmiş və özünəməxsus memarlıq üslubuna malik Cümə məscidi ilə tanış olub, şəhərdə fəaliyyət göstərən "Qədim Quba" xalçaçılıq müəssisəsində xalçaların toxunması prosesini izləyiblər. Qonaqlar Quba Soyqırımı Memorial Kompleksi və ərazidəki kütləvi məzarlığı ziyarət zamanı ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar. Məktəblilər Quba soyqırımı məzarlığının 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edildiyini, bundan sonra AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparıldığını, məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğunu öyrəniblər. Quba Soyqırımı Memorial Kompleksinin Heydər Əliyev Fondunun dəstəyi ilə yaradıldığını və 2013-cü il sentyabrın 18-də açıldığını öyrənən məktəblilər Xınalıq yolu üzərində yerləşən dağ şəlaləsi, "Rixos Quba Azerbaijan" otel kompleksi və Azərbaycan milli qolf klubunun fəaliyyəti ilə yaxından tanış olublar.
Azərbaycan Prezidenti
İlham Əliyevin tapşırığına əsasən, "Ölkəmizi tanıyaq" devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasına səfər də maraqlı olub. Naxçıvana səyahət zamanı şagirdlər ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyində olublar. Burada onlar ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, kitablar, sənədlər, ümummilli liderə məxsus geyim və şəxsi əşyalara baxıblar. Tur-aksiya iştirakçıları, həmçinin Batabat Dövlət Qoruğu, Batabat Astrofizika Rəsədxanası, "Üzən ada", Gənclər Mərkəzi, Dövlət Bayrağı Muzeyi, Naxçıvan Dövlət Universiteti, orta məktəblər, Naxçıvan şəhərində fəaliyyət göstərən sənaye müəssisələri və bir sıra tarixi abidələrlə – böyük və ulu H.Cavidin məqbərəsi, memarlıq incilərindən sayılan Möminə Xatun türbəsi ilə yaxından tanış olublar. İştirakçılar füsunkar təbiətə malik qədim Ordubad rayonuna da səfər edib, tarixi yerlərdə görkəmli şəxsiyyətlərin ev-muzeylərində olub, onlara aid şəxsi əşyalar və ekspozisiyalarla bağlı məlumatlandırılıblar. Məktəblilərin haqqında dəfələrlə eşitdikləri, görməyi çoxlarının arzuladığı Əshabi-Kəhf ziyarətgahına etdikləri səfər isə onların xatirəsində çox güman ki, silinməz iz qoyacaq. Naxçıvan, Ordubad şəhərlərinin, Şahbuz, Kəngərli rayonlarının tarixi, maddi-mədəniyyət nümunələri, turizm mərkəzləri və başqa gəzməli-görməli yerləri ilə tanış olan qonaqlar, "Duzdağ" otelində Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin konsertində iştirak ediblər.
Dövlətimizin başçısı
İlham Əliyev təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə diqqət və qayğı göstərdiyi kimi, gənclərin asudə vaxtlarının səmərəli təşkili və onlarda vətənpərvərlik hissinin yüksəldilməsinin də qayğısına qalır. "Ölkəmizi tanıyaq" devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın məhz məktəblilərin tətil günlərində təşkili buna əyani misaldır. Biz əminik ki, neçə ildən bəri davan edən və ötəri olmayan bu aksiya çərçivəsində olan turlar ölkəmizin bölgələrini gəzən, bir-birindən gözəl məkanları görən, dəyişkən iqlimi, təbii şəraiti müşahidə edən məktəblilərin həm dünyagörüşünün, həm də Vətən, torpaq sevgisinin daha da artmasına təkan verəcək.
Zərifə BƏŞİRQIZI,
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.