Xalqımızın maddi-mənəvi irsi ölkəmizin uzaq keçmişinin zənginliyini təsdiq etməklə yanaşı, eyni zamanda onun milli pasportu hesab edilə bilər. Milli-mədəni irsimiz Azərbaycan xalqının tarixini özündə yaşadan zəngin informasiya mənbəyidir. Maddi-mənəvi irsimiz xalqımızın bu torpaqların qədim sakinləri olduğunu danılmaz faktlarla sübuta yetirir.
Milli-mənəvi sərvətlərimiz tarixən keçdiyi yolda müəyyən çətinliklərlə, qadağalarla qarşılaşsa da, xalqımız bu dəyərləri bütün dövrlərdə qoruyub saxlaya bilmişdir. Hətta, SSRİ dövründə bu qadağalar xalqın ruhunu sarsıda bilmədi. Milli-mənəvi dəyərlərimiz qorundu, yaşadıldı və müstəqil Azərbaycanımıza ərməğan edildi.
Ulu öndər Heydər Əliyev milli dəyərlərimizə həmişə xüsusi diqqət yetirmiş, onların qorunmasını, gənc nəslin bu ruhda tərbiyə olunmasının vacibliyini əsas amillərdən hesab etmişdir. Ümummilli liderin belə bir fikrinə diqqət yönəltmək istərdik: "Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik". Ulu öndərin tövsiyələri ölkəmizdə böyük uğurla həyata keçirilir. Bu siyasəti davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev mənəvi dəyərlərimizin inkişafına və təbliğinə böyük dəstək verir. Cənab Prezident demişdir: "Azərbaycan öz milli, dini dəyərlərinə sadiqdir. Bizim dini dəyərlərimiz milli dəyərlərimizin tərkib hissəsidir və milli dəyərlərimizi dini dəyərlərsiz təsəvvür etmək mümkün deyil. Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir."
Azərbaycan müstəqillik qazandıqdan sonra bu dəyərlərə qayğı daha da artırıldı. Xüsusilə son zamanlar muğam ifaçılıq sənətimizin, şifahi xalq yaradıcılığımızın, tarixi kitablarımızın, mahnılarımızın, saz sənətimizin, tarixi memarlıq abidələrimizin tədqiqinə və öyrənilməsinə xüsusi önəm verilir. Onlardan əksəriyyəti müstəqillik illərində dünyanın nüfuzlu beynəlxalq təşkilatı olan UNESCO-nun Bəşəriyyətin Ümumdünya Mədəni İrs Siyahısına daxil edilmişdir. Söz yox ki, bu işdə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın misilsiz xidmətləri olmuşdur. Heydər Əliyev Fondu milli-mənəvi dəyərlərimizin xarici ölkələrdə təbliğində əhəmiyyətli rol oynayır. Dünyanın müxtəlif ölkələrində, xüsusilə böyük şəhərlərdə keçirilən konsertlər, Azərbaycan mədəniyyəti günləri, rəssamlarımızın sərgiləri bunu bir daha təsdiq edir.
Vətən, ata-ana, el-oba, yurd yeri, doğma ocaq sevgisi, namus-qeyrət təəssübü çəkmək, vətənpərvərlik, halal-haram, böyük-kiçik, ədəb-ərkan, etik dəyərlər, unudulmaz inam və inanclarımız, nəhayət, müqəddəs milli adət-ənənələrimiz ümumən milli mentalitetimizin məhək daşıdır. Biz bu dəyərlərə sadiq bir xalqın nümayəndələriyik, onların qorunması hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
Bu gün Azərbaycanın mədəni irsinin özünəməxsusluğunun qorunub saxlanılması, tarix-mədəniyyət abidələrinin öyrənilməsi və mühafizəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilməkdədir. Qeyd edək ki, "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı" qəbul edilmişdir.
Bu günə qədər respublika ərazisində 6300-dən artıq tarix və mədəniyyət abidəsinin qeydə alındığını nəzərə alsaq, onların müasir tələblərə uyğun şəkildə mühafizəsinin, tədqiqinin və təbliğinin nə qədər mürəkkəb bir iş olduğunu təsəvvür etmək çətin deyil. Məhz buna görə də Dövlət Proqramı abidələrin mühafizə, bərpa, konservasiya, tədqiqat və təbliğat işlərinin təkmilləşdirilməsini bir vəzifə olaraq qarşıya qoyur.
Dövlət Proqramı tarix və mədəniyyət abidələrinin yenidən qeydiyyatını, bərpa və konservasiya işlərini, pasportlaşdırılmasını, xəritələşdirilməsini, qoruqların fəaliyyətinin inkişafını, tədqiqini, təbliğini və s. çox geniş və uzun müddətli vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur.
Azərbaycan Prezidentinin fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsaslanan Dövlət Proqramında daşınmaz tarix və mədəniyyət abidələrinin, tarixi ərazilərin, tarix və mədəniyyət qoruqlarının mühafizəsinin müasir səviyyədə təşkili, habelə bərpası, öyrənilməsi, təbliği və inkişafı üzrə tədbirlər nəzərdə tutulub.
UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil olan Atəşgah məbədi Prezident İlham Əliyevin göstərişi ilə təmir və bərpa olunub. Bərpa zamanı məbədin təməli möhkəmləndirilib, izolyasiya olunub və daşları xüsusi maddə ilə yuyularaq əvvəlki görkəminə qaytarılıb. Ölkəmizin mədəni irsinin təbliği, milli memarlıq və bərpaçılıq sənətinin təşviqi, tarix və mədəniyyət abidələrinin qorunmasının dəstəklənməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Milli irs mükafatı" təsis olunmuşdur. Şəki xanlarının evi, Xınalıq Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun Əbu-Müslüm və Xıdır Nəbi məscidlərində bərpa-konservasiya işləri tamamlanmışdır. Bu istiqamətdə həyata keçirilən davamlı tədbirlər xalqın tarixi yaddaşının yenidən canlandırılmasına imkan yaradır.
Bir məsələni də qeyd etmək vacibdir. Tarixən Azərbaycanın mədəniyyət nümunələri milli, məhəlli münaqişələrin qurbanlarına çevrilməkdən sığortalanmayıb. Hər dövrün özü ilə gətirdiyi "səmum yeli" onların bir çoxunun daşını daş üstə qoymayıb. Ötən əsrin əvvəllərində və sonlarında ermənilərin məkrli, çirkin siyasəti nəticəsində yer üzündən silinən abidə və məbədlərimiz də az olmayıb. Həmin abidələr Azərbaycan xalqının tarixi və mədəniyyətinin zənginliyini və qədimliyini özündə əks etdirdiyi üçün belə qəddarcasına, vəhşicəsinə yer üzündən silinmiş və ya erməniləşdirilmişdir.
Təsadüfi deyil ki, dağıdılmış, məhv edilmiş maddi mədəniyyət nümunələrinin arasında təkcə Şuşa, Laçın və Qubadlının rəsm qalereyaları deyil, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Kəlbəcərin nəinki ərazilərindəki, hətta muzeylərində qorunub saxlanan sərvətlər belə talan edilərək Ermənistana daşınmışdır.
Azərbaycan dövlətinin yürütdüyü humanitar siyasət nəticəsində respublika ərazisindəki mövcud tarixi, dini və mədəniyyət abidələrinin aşkar edilməsi və mühafizəsi istiqamətində çox böyük və məqsədyönlü layihələr həyata keçirilir ki, bu işdə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Məhz bu fondun reallaşdırdığı bir sıra regional, yerli və beynəlxalq layihələr əsasında xalqımızın maddi-mənəvi sərvətlərinin qorunub saxlanması və gələcək nəsillərə çatdırılması xüsusi fəaliyyət proqramına çevrilib.
Dünya birliyi abidələrin beynəlxalq mühafizəsindən danışdığı bir vaxtda erməni vandalları Azərbaycanın maddi mədəniyyət nümunələrini yer üzündən silməklə məşğuldur. Dəfələrlə beynəlxalq tribunalardan səsləndirildiyi kimi, ermənilər heç bir beynəlxalq qanunlara əməl etmək fikrində deyillər.
Şuşa tarixən abidələr şəhəri kimi tanınıb. Lakin çox təəssüf ki, 1992-ci il may ayının 8-dən sonra burada xalqımıza məxsus maddi mədəniyyət nümunələri dağıdılıb. Orada "güllələnmiş heykəllərin fəryadı" isə beynəlxalq birlikdə, sadəcə, eşidilmədi. Erməni vandalizminin Azərbaycan ərazilərinə hərbi təcavüzü nəticəsində təkcə ötən əsrin doxsanıncı illərinin əvvəllərində Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli muzey, 23 bağ, park, monumental və xatirə abidələrinin, 15 dekorativ sənət nümunəsi - tarixi və mədəniyyət nümunələrinin yerlə-yeksan edilməsi faktı artıq bir sıra beynəlxalq təşkilatların rəsmi sənədlərində də əksini tapıb.
İnanırıq ki, yaxın gələcəkdə işğal altında olan torpaqlar azad ediləcək və qansız düşmənin tar-mar etdiyi mədəniyyət abidələri yenidən xalqımıza qaytarılacaq.
M.MÜKƏRRƏMOĞLU,
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.