Görkəmli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb

Avqustun 17-də Fəxri xiyabanda zəmanəmizin tanınmış müğənnisi, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm ­Maqomayevin xatirəsi anılıb. Tədbir sənətkarın doğum gününə
həsr olunub.

Dövlət və hökumət rəsmiləri, tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri Fəxri xiyabanda Müslüm Maqomayevin məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər.

Dünya şöhrətli müğənninin musiqi sənətinə verdiyi töhfələrdən söz açan Azərbaycanın Xalq artisti, kinorejissor Eldar Quliyev qeyd edib ki, illər ötdükcə Müslüm Maqomayev haqqında danışmağa daha çox ehtiyac duyulur. Kinorejissor deyib: “O, hamımızı – tamaşaçıları, Bakı şəhərini, Azərbaycanı sevirdi. İllər keçəcək, lakin Müslüm Maqomayevin sənəti yaşayacaq. Biz də fəxr edəcəyik ki, onunla bir dövrdə, bir şəhərdə yaşamışıq, eyni küçələrdən keçmişik, onu tanımışıq”.

Müslüm Maqomayevin ömür-gün yoldaşı, SSRİ Xalq artisti Tamara Sinyavskaya görkəmli sənətkarın xatirəsini yad etmək üçün Fəxri xiyabana gələnlərə təşəkkür edib. O deyib: “Mənim üçün çox xoşdur ki, siz hər il avqustun 17-də buraya gəlib Müslüm Maqomayevin xatirəsini yad etməyə vaxt ayırırsınız. Mən Müslümü xatırlayıram və yaşayıram. Xatırlamaq mənim həyatımdır. Bizdə həmişə ənənə olub ki, avqustun 17-də  Müslümün doğum günündə nə olursa-olsun Bakıya gələk. Müslüm Moskvada ad gününü həmişə sentyabrın 17-nə keçirirdi. Müslüm Maqomayevi sevənlər həmin gündə də Bakıdan Moskvaya gəlirdilər. Artıq 8 ildir ki, Müslüm Maqomayevin xatirəsini Fəxri xiyabanda qeyd edirik. Buraya gələn hər kəsə təşəkkür edirəm”.      

Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib ki, Müslüm Maqomayev bu gün Rusiyanın mədəni, bədii və musiqi həyatının bir hissəsi olaraq qalır. Rusiya Federasiyasının səfiri kimi çox xoşbəxtəm və qürur duyuram ki, Müslüm Maqomayev bu gün də öz adı, yaradıcılığı və musiqisi ilə Rusiya və Azərbaycanın daha da yaxınlaşmasına, iki ölkə arasında dostluğun və qonşuluğun möhkəmlənməsinə kömək edir. Diplomat vurğulayıb ki, o, eyni dərəcədə həm Azərbaycana, həm də Rusiyaya məxsus idi, çünki hər iki ölkəni öz Vətəni sayırdı.

Bu gün bir tərəfdən kədər hissi, bir tərəfdən də qürur hissi yaşanıldığını söyləyən Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov qeyd edib ki, Müslüm Maqomayevin sənəti həmişə yaşayacaq. Onun doğum günü həm Azərbaycan, həm də Rusiya üçün böyük hadisədir. 

Çıxış edənlər Müslüm Maqomayevin hələ sovet dövründə təkcə Azərbaycanda deyil, respublikanın hüdudlarından kənarda təşkil edilən konsertlərinə insanların uzaq məsafələri qət edərək gəlməsindən söhbət açıb, müğənninin ifasının qəlbləri fəth etdiyini vurğulayıblar. 

Diqqətə çatdırılıb ki, Bakıda dünyaya göz açan M.Maqomayev ilk dəfə ­1962-ci ildə Helsinkidə gənclər festivalında diqqəti cəlb edib. O, “Buhenvald harayı” və “Ruslar müharibə istəyirlərmi?” mahnılarının ifasına görə festivalın laureatı olub. 1963-cü ildə öz konsertləri ilə sözün əsl mənasında Moskvanı fəth edib. Onun çıxışları böyük əks-səda yaradıb. Müslüm Maqomayev estrada mahnıları ilə opera ariyalarını eyni dərəcədə gözəl ifa edirdi. 1964-cü ildə Milanın “La-Skala” Teatrında staj keçmək üçün bir il müddətində İtaliyada olub.

Vurğulanıb ki, Milandan sonra Müslüm Maqomayev “Toska” və “Sevilya bərbəri” operaları ilə Sovet İttifaqının ən iri şəhərlərində çıxış edib. 1966-cı və 1969-cu illərdə Parisin məşhur “Olimpiya” Teatrında Maqomayevin qastrolları böyük uğur qazanıb. M.Maqomayev 1969-cu ildə Sopot festivalında birinci mükafata layiq görülüb. 1973-cü ildə ona SSRİ Xalq artisti adı verilib. M.Maqomayev 1975-1989-cu illərdə özünün yaratdığı Azərbaycan Dövlət Estrada Simfonik Orkestrinin bədii rəhbəri olub.

Müğənni sovet televiziyasında daim əsas hökumət konsertlərində və bayram proqramlarında iştirak edib. “Bremen musiqiçilərinin izi ilə” (1973-cü il) populyar cizgi filminin qəhrəmanı Trubadur məhəbbət serenadasını Müslüm Maqomayevin səsi ilə oxuyur.

Müslüm Maqomayevin diskoqrafiyasına 45-dən çox qrammofon valı, habelə 15 kompakt-disk, o cümlədən “Sənə minnətdaram” (1995), “Opera və müzikllərdən ariyalar. Neapol mahnıları” (1996), “Sovet estradasının ulduzları. Müslüm Maqomayev.” (2001), “Məhəbbət mənim mahnımdır. Xəyallar ölkəsi” (2011) diskləri və s. daxildir.

Onun xidmətləri sadalamaqla bitmir. Bir sözlə, M.Maqomayevin bənzərsiz yaradıcılığı insanların qəlbində silinməz izlər qoyub.

AZƏRTAC

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında