Respublikamızın səfalı guşələrindən olan Qəbələ rayonu gözəl təbiəti ilə yanaşı, həm də zəngin abidələri ilə tanınır. Azərbaycanın qədim dövlətlərindən olan Albaniyanın min ilə yaxın bir müddətdə paytaxtı olmuş qədim Qəbələ şəhərinin qalıqlarını qeyd etmək kifayətdir ki, bu bölgənin abidələrinin ölkəmizin iqtisadi, mədəni və siyasi tarixində nə qədər mühüm rol oynadığını lazımınca dəyərləndirmək mümkün olsun. Qəbələnin füsunkar təbiəti və tarixi abidələri bu bölgədə turizmin inkişafı üçün hərtərəfli imkanlar yaradır.
Xüsusilə qeyd etmək lazımdır ki, son on ildə Qəbələ rayonu ərazisindəki arxeoloji abidələrin mühafizəsi və tədqiqi istiqamətində SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının misilsiz xidmətləri vardır. Məhz SEBA-nın təşkilatçılığı və maliyyə dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitunun əməkdaşları Cənubi Koreya arxeoloqları ilə birgə qədim Qəbələ şəhərinin qalıqlarında iri miqyaslı arxeoloji qazıntılar aparırlar. Nəticədə aşkar edilmiş qədim strukturların yerindəcə konservasiya edilərək qorunması abidənin turizm məqsədləri üçün geniş istifadəsinə şərait yaratmışdır. Bundan əlavə, Qəbələdə beynəlxalq aeroportun tikintisi zamanı aşkar edilən, bütün Qafqazın xalkolit dövrü arxeologiyası üçün müstəsna əhəmiyyətə malik beynəlxalq səciyyəli Qalayeri yaşayış məskəninin dağıntılardan xilas olması və orada 2011-ci ildə ilkin qazıntıların aparılması da məhz SEBA-nın əvəzsiz xidmətidir.
Azərbaycanda ilk arxeoloji tədqiqatların aparıldığı ərazilərdən biri olmasına baxmayaraq, son illərə qədər burada əsas tədqiqat obyekti məhz Qəbələ şəhər xarabalıqları olmuşdur. Qəbələdə tarixin daha qədim mərhələlərinə aid maddi mədəniyyət nümunələrinin, arxeoloji abidələrin aşkar edilməsi bu bölgəyə arxeoloqların diqqətini daha da artırmışdır. Yeni araşdırmaların nəticələrinin xronoloji ardıcıllığına diqqət yetirsək ilk növbədə qədim daş dövrünə aid tapıntıları qeyd etmək lazımdır. 2005-ci və 2014-cü illərdə rayonun Böyük Əmili, Qaradein, Savalan, Dizaxlı kəndləri ərazisində ilk dəfə olaraq qədim daş - paleolit dövrünə aid daşdan hazırlanmış əmək alətləri aşkar edilmişdir. Bu tapıntılar Qəbələ ərazisində hələ 4,5-5 yüz min il əvvəl ibtidai insanların yaşadığını sübut etdi və bu mahalın Qafqazın ilk məskunlaşan bölgələri sırasına daxil etməyə imkan verdi. Eyni zamanda, bu tapıntılar gələcəkdə Qəbələ və ona qonşu rayonların ərazisində ibtidai insan düşərgələrinin aşkar ediləcəyi ehtimalının real olduğunu göstərdi. Son illər Qax və Zaqatala rayonları ərazisində paleolit dövrünə aid mağara düşərgələrinin aşkar edilərək tədqiqatlara cəlb edilməsi buna əyani sübutdur.
Azərbaycan dünyada ən qədim istehsal mədəniyyətinin meydana çıxdığı ölkələrdən biridir. Hələ 6-8,5 min il əvvəl burada erkən əkinçi-maldar tayfaların yaşadığı arxeoloji qazıntılarla sübuta yetirilmişdir. Bu dövr abidələri daha çox Naxçıvan, Qarabağ, Gəncə Qazax və Muğan bölgələrində tədqiq edilmişdir. Həmin tarixi mərhələnin yaşayış məskənləri Şirvan bölgəsində, demək olar ki, məlum deyildir. 2011-ci ildə Qəbələ beynəlxalq aeroportunun inşası zamanı miladdan əvvəl IV minilliyin birinci yarısına, yəni 5,5-6 min il əvvələ aid yaşayış yerinin aşkar edilməsi bu boşluğu doldurdu. 2012-ci ildən yerli əhali tərəfindən Qalayeri adlandırılan bu qədim yaşayış məskənində apardığımız qazıntılar abidənin xalkolit dövründə Azərbaycan ərazisində yayılmış Leylatəpə arxeoloji mədəniyyətinə aid olduğunu və Yaxın Şərq sivilizasiyaları – Anadolu-Mesopotamiya mədəniyyətləri ilə sıx bağlı oluğunu sübuta yetirdi. Qalayerində son beş ildəki araşdırmalar o dövrdə qədim Azərbaycan ərazisində müxtəlif sənətkarlıq sahələrinin – dulus çarxında saxsı qab istehsalının, sümükişləmənin, daşişləmənin, mis əsaslı erkən metallurgiyanın yüksək inkişaf səviyyəsində olduğunu göstərdi. Xalkolit dövründə dulusçuluqda dulus çarxının tətbiqi, çoxsaylı tapıntılarla sübuta yetirilən metallurgiyanın mövcudluğu istehsal mədəniyyəti tarixində bir inqilab, sıçrayış idi. Bütün bunlar və Qalayerindəki digər tapıntılar hələ 5,5-6 min il əvvəl qədim Azərbaycan cəmiyyətində iyerarxik münasibətlərin – erkən dövlətçilik ənənələrinin rüşeymlərinin yarandığını göstərir. Bu yaşayış yerində arxeoloji tədqiqatların ən mühüm elmi yeniliklərindən biri 2016-cı ildəki qazıntılar zamanı 6 min il əvvələ aid, Qafqazda və bütövlükdə Avropada katakomba tipli ən qədim qəbir abidəsinin aşkar edilməsidir. Yaxın gələcəkdə Qəbələdə və ətraf ərazilərdə Qalayeri tipli yaşayış məskənlərinin və onların qədim sakinlərinin kurqan tipli qəbir abidələrinin aşkar edilməsi üçün ekspedisiyaların təşkili arxeologiya elmi qarşısında duran vəzifələrdəndir.
Qəbələ ərazisindəki növbəti tarixi mərhələ Qafqaz və Yaxın Şərqin bir sıra bölgələrində yayılmış ilk tunc dövrü Kür-Araz arxeoloji mədəniyyətinə aid e.ə. III minilliklə tarixlənən abidələrlə təmsil olunmuşdur. Keçən əsrin 50-60-cı illərində Qəbələ və Oğuz rayonları ərazisində görkəmli arxeoloq Saleh Qazıyev bu mədəniyyətə aid bir neçə qəbir abidəsini tədqiq etmişdir. Bunlar Oğuzun Kərimli kəndi yaxınlığında Balaşor adlı yerdə torpaq qəbirləri və Qəbələnin Dizaxlı kəndində kurqanaltı qəbirlərdir.
2012-ci ildən başlayaraq rayon ərzisində apardığımız arxeoloji qazıntılar nəticəsində uzun fasilədən sonra Kür-Araz mədəniyyətinə aid əvvələr məlum olmayan abidələr aşkara çıxarılmışdır. Bu baxımdan ilk növbədə yuxarıda qeyd etdiyimiz Qalayeri yaşayış məskənində sonrakı, ilk tunc dövründə salınmış yarımqazma tipli yaşayış yeri qalıqlarını qeyd etmək lazımdır. Buradakı arxeoloji qazıntılar zamanı aşkara çıxarılmış yarımqazma tipli evlərin içərisində çoxsaylı saxsı qablar, müxtəlif ev heyvanlarına aid sümüklər aşkar edilmişdir ki, bunlar da burada yaşamış insanların təsərrüfatının əsasını maldarlıq və qismən sənətkarlıq təşkil etdiyini göstərir.
Rayonun Dizaxlı kəndi ərazisində, Qaraçayın hündür sağ sahilində son illər iki qəbir abidəsində apardığımız qazıntı nəticəsində bütövlükdə Şirvan bölgəsinin ilk tunc dövrü tarixi üçün yeni olan maddi mədəniyyət nümunələri aşkara çıxarılmışdır. Yalnız bu il həmin sahədə qazılmış 2 nömrəli qəbirdə 30-a yaxın müxtəlif tipli saxsı qab, əqiqdən, pastadan, balıqqulağından, misdən hazırlanmış 100-dən artıq muncuq və digər bəzək əşyaları aşkar edilmişdir. Qaraçay qəbirlərində elmi baxımdan daha çox diqqəti cəlb edən, şübhəsiz ki, keramika məmulatı – saxsı qablardır. Məhz bu qəbirlərdən Şirvan bölgəsinin erkən tunc dövrü üçün ilk dəfə olaraq yeni tip keramika nümunələri aşkar edilmişdir. Buradan əldə edilmiş vaza tipli qabları isə xüsusilə qeyd etmək lazımdır. Belə qablar Azərbaycan ərazisində yalnız Quba-Xaçmaz bölgəsindəki, eyni zamanda, Dərbənd ətrafındakı ilk tunc dövrü abidələrindən məlumdur. Hələ keçən əsrdə aparılan tədqiqatlarda Cənubi Dağıstan və Azərbaycanın Quba-Xaçmaz bölgəsinin Xəzərsahili ərazilərindəki ilk tunc dövrü abidələri Kür-Araz arxeoloji mədəniyyətinin Şərqi Qafqaz lokal qrupunda və ya variantında birləşdirilmişdir və bu variant yaşayış yerləri ilə təmsil olunmuşdur. Keçən əsrin sonu və XXI əsrin əvvəllərində Dağıstanın cənubunda aparılan araşdırmalarla yalnız Dərbənd ətrafındakı ilk tunc dövrü abidələrinin ayrıca bir mədəniyyət (Vəlikənd) təşkil etdiyi yazılmışdır.
Qəbələnin ilk tunc dövrü abidələrində son illər apardığımız arxeoloji qazıntılar bu elmi problemin yenidən işlənməsinin zəruriliyini ortaya qoydu. İlk növbədə müəyyən edildi ki, "Kür-Araz arxeoloji mədəniyyəti" adlandırılan maddi mədəniyyət məcmusunun daha geniş anlayışları, komponentləri və Şimali Qafqazdan Anadolu, Fələstinədək daha geniş əraziləri əhatə edən "Kür-Araz Mədəni-Tarixi Birlik" adlandırılması fikri daha düzgündür. Çünki göstərilən belə böyük bir ərazidə hələ 4,2-5,7 min il əvvəl yayılmış, demək olar ki, yalnız saxsı qabların bəzi ümumi xüsusiyyətlərinə əsaslanan maddi mədəniyyət ənənələrini vahid arxeoloji mədəniyyətdə və ya onun lokal variantlarında birləşdirmək tarixi təkamülün elmi təhlili baxımından düzgün deyil. Çünki, hər bir "lokal variantın" müəyyən xronoloji çərçivədə və konkret coğrafi arealda təsərrüfatın, maddi istehsalın, dəfn adətlərinin digər "lokal variantından" seçilən yerli xüsusiyyətləri vardır. Buna görə də qeyd edilən geniş regionları əhatə etmiş bu ənənələri "Tarixi-Mədəni Birlik", onun lokal variantlarını isə bu birliyin çərçivəsində arxeoloji mədəniyyətlər adlandırmaq daha düzgündür.
Məhz bu prinsipdən çıxış edərək Qəbələdəki son qazıntılar və aşkar edilmiş maddi mədəniyyət qalıqlarının geniş regional miqyasda müqayisəli təhlili əsasında Qəbələ rayonundakı Dizaxlı kəndində kurqanaltı qəbirlər, Qaraçay nekropolu, Qalayerində yarımqazmalardan ibarət yaşayış yeri, Oğuz rayonunda Balaşor torpaq qəbirləri, Xaçmaz rayonunda Sərkərtəpə, Mollaburhantəpə yaşayış yerləri, Şabran rayonunda I və II Çaqqallıqtəpə yaşayış yerləri, Quba rayonunda Xınalıq (Zanqar) yaşayış yeri, Dağıstanda Vəlikənd abidələri kompleksi, Qayakənd yaşayış yeri və Şərqi Qafqazın digər ilk tunc dövrü abidələrini vahid arxeoloji mədəniyyətdə birləşdirmək mümkündür. Yəni Azərbaycanın Şirvan, Quba-Xaçmaz bölgələrinin və Cənubi Dağıstanın yekdil səciyyəli erkən tunc dövrü mədəniyyətini Kür-Araz Tarixi-Mədəni Birliyi çərçivəsində "Şərqi Qafqaz" erkən tunc dövrü arxeolji mədəniyyəti adlandırmaq daha düzgündür. Bu mədəniyyətin isə bir sıra yerli xüsusiyyətlərə malik lokal variantlarını və ya qruplarını (Cənubi Dağıstan, Şirvan, Quba-Xaçmaz və s.) fərqləndirmək olar. Şərqi Qafqaz mədəniyyətini səciyyələndirən amillər sırasında dairəvi planlı, o cümlədən yarımqazma və karkas tipli tikililəri, keramika istehsalının yerli xüsusiyyətlərini, başlıca olaraq vaza tipli qabları və spesifik qab altlıqlarını, metaldan hazırlanmış çəlik şəkilli sancaqları, özünəməxsus dəfn adətlərini və s. qeyd etmək olar. Şərqi Qafqaz mədəniyyətinin yekdil xüsusiyyətləri hələ beş min il əvvəl Azərbaycanın tarixi torpaqlarının böyük bir ərazisində vahid ənənələrin formalaşdığını göstərir. Əlbəttə, bu istiqamətdə tədqiqatların davam etdirilməsi, bu mədəniyyəti fərqləndirən cəhətlərin daha ətraflı araşdırılması zəruridir.
Ümumiyyətlə, son illərin araşdırmaları göstərdi ki, arxeoloji abidələrlə zəngin Qəbələ rayonunun ərazisi qədim tariximizin öyrənilməsi, bununla yanaşı, bölgədə turizmin inkişafı üçün olduqca perspektivlidir.
Nəcəf MÜSEYİBLİ,
AMEA Arxeologiya və
Etnoqrafiya İnstitutu
direktorunun elmi işlər üzrə müavini
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.