Çin Xalq Respublikası dünyada öz yeri, mövqeyi olan qüdrətli dövlətdir. Azərbaycan Prezidenti İlham Əliyev Çin Respublikasında rəsmi səfərdə olarkən demişdir: "Azərbaycan ilə Çin arasında dostluğun qədim tarixi var. Tarixin müxtəlif dövrlərində xalqlarımız bir-biri ilə ünsiyyətdə olublar. İndi isə Azərbaycan müstəqil dövlət olaraq Çin ilə ikitərəfli əlaqələrin qurulmasından ötən 23 il ərzində bu ölkə ilə müxtəlif sahələr üzrə fəal əməkdaşlıq edir".
Söz yox ki, bu əlaqələr sırasında mədəni münasibətlərin öz yeri vardır. Qeyd edək ki, mədəni əlaqələrin tarixi qədim dövrlərə təsadüf edir. Məsafə uzaqlığına baxmayaraq, hər iki ölkə arasında mədəni münasibətlərin təşəkkülü eramızdan əvvəllərə gedib çıxır. Eramızdan əvvəl II əsrin əvvəllərindən başlayaraq, Azərbaycan Şərqi Asiya ölkələrinin Qərblə beynəlxalq tranzit ticarəti yolunda ("İpək Yolu") yerləşdiyinə görə onun bu ölkələrlə ticarət, iqtisadi, mədəni əlaqələr yaratmasına böyük imkanlar açmışdır.
"Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, XV-XVI əsrlərdə Azərbaycan-Çin mədəni əlaqələrinin təzahürü Azərbaycan incəsənətində çox aydın müşahidə edilir. Məsələn, Abşeronun Şüvəlan kəndində qəbirüstü abidələrdən birinin üstündəki memarlıq abidələrinin təsviri, Ağdam yaxınlığındakı türbələrin birində əjdaha başlarından ibarət relyef məhz Çin motivləri əsasında yaradılmışdır ki, bu da Çin-Azərbaycan mədəni əlaqələrinin ən bariz nümunələrindəndir. XVI əsrin Azərbaycan miniatürçüləri Sultan Məhəmməd Təbrizi, Mirzə Əli, Müzəffər Əli, Mir Seyid Əli, Ağa Mirək də Çin sənətindən bəhrələnmişlər. Onların yaratdıqları əsərlərdə qaya, bulud, insan və geyimlərin təsviri zamanı Çin motivlərindən istifadə etmələri aşkar müşahidə olunur.
Bir çox tədqiqatçılar belə hesab edirlər ki, müsəlman Şərqi memarlığına aid olan məscid və türbələrdəki günbəzlər, onların səthlərinin şirələnmiş təbəqə-kaşı ilə örtülməsi də çinlilərdən, onların mədəniyyətindən iqtibas edilib. Azərbaycanın görkəmli klassik şairi Nizami Gəncəvinin "Yeddi gözəl" poemasında Çin mövzusuna müraciəti də Azərbaycan-Çin mədəni əlaqələri kontekstində diqqəti cəlb edir. Əsərdə Çin gözəlinin füsunkar obrazı, ona məxsus əql və zəkanı təsvir edən şair Çin mədəniyyətinə ehtiramını da ifadə etmişdir.
Azərbaycan-Çin mədəni əlaqələrinin tarixi mənzərəsinə nəzər saldıqda sovet dövründə bu əlaqələrin xüsusi bir ardıcıllıqla həyata keçirildiyinin şahidi oluruq. Bu, ilk növbədə, onunla əlaqədar idi ki, əvvəlki tarixi dövrlərdən fərqli olaraq, Çinlə mədəni əlaqələrin aparılması sovet dövlətinin xüsusi siyasəti çərçivəsində həyata keçirilirdi. Bu əlaqələr ikitərəfli əməkdaşlıq kontekstində reallaşdırılırdı. Azərbaycan da SSRİ-nin tərkib hissəsi kimi ümumdövlət siyasətindən çıxış edərək Çinlə mədəni əməkdaşlıq aparırdı. 1920-ci ilin sentyabrında Bakıda keçirilmiş Şərq xalqlarının I qurultayında Çindən də nümayəndələrin iştirakı yeni tarixi şəraitdə iki ölkə-- Sovet Azərbaycanı ilə Çin arasında mədəni əlaqələrin qurulması işində mühüm əhəmiyyət kəsb edirdi.
1991-ci ildə Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsi ilə Çinlə bütün əlaqələrin yenidən qurulması prosesi də başlanmışdır. 1991-ci il dekabrın 27-də Çin Xalq Respublikası Azərbaycan Respublikasının müstəqilliyini tanıdı. 1992-ci ilin aprelində isə iki dövlət arasında diplomatik əlaqələr quruldu. 1992-2005-ci illər ərzində Azərbaycanla Çin arasında mədəni əlaqələr sahəsində bir sıra sazişlər imzalanmışdır. Dövlət başçıları səviyyəsində 1994-cü ilin martında Azərbaycan Prezidenti Heydər Əliyevin, 2005-ci ilin martında isə Azərbaycan Prezidenti İlham Əliyevin ÇXR-ə səfərləri əməkdaşlığın inkişafına əhəmiyyətli təsir göstərmişdir. 2002-ci ildə təşkil olunmuş "Azərbaycan - Çin Dostluq Cəmiyyəti" əməkdaşlıq imkanlarının genişləndirilməsini nəzərədə tuturdu.
Hələ 1994-cü ilin sentyabrında Ümumçin Xalq Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin dəvəti ilə "Azərbaycan Dünyası" Beynəlxalq Əlaqələr Mərkəzini təmsil edən bir qrup ziyalı ÇXR-də səfərdə olmuşdu. Ölkələr arasında dostluğun davam etdirilməsi məqsədilə mədəniyyət, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı mədəniyyət ongünlüklərinin keçirilməsi, mübadilə səfərlərinin təşkili haqda razılıq əldə edilmişdi. Eyni zamanda, bu görüşdə Çin və Azərbaycan şəhərləri Dalyan ilə Bakının qardaşlaşması barədə təklif də irəli sürülmüş, 1995-ci ildə Çin nümayəndə heyətinin Bakıya səfəri zamanı bu məsələlər öz həllini tapmışdı.
Hər iki ölkənin tanınmış rəssamlarının qarşılıqlı sərgiləri təşkil olunur. Pekində Yuan Sikun dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsini ucaltmışdır.
2005-ci ilin martında isə Azərbaycan Prezidenti İlham Əliyevin ÇXR-ə səfəri əməkdaşlığın inkişafına əhəmiyyətli təsir göstərmişdir. Bakı Dövlət Universitetinin (BDU) şərqşünaslıq fakültəsində Çin dili tədris olunur ki, bu da mədəni əlaqələrin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Bunlarla yanaşı, iki ölkə parlamentlərarası münasibətlərini inkişaf etdirmək məqsədilə 2002-ci ildə təşkil olunmuş “Azərbaycan-Çin Dostluq Cəmiyyəti”nin əməkdaşlıq imkanlarını xeyli genişləndirmişdir.
Son illər hər iki ölkədə mədəniyyətlərin qarşılıqlı təbliği məqsədilə tədbirlərin keçirilməsi intensiv xarakter almışdır. Azərbaycanda keçirilən Çin Mədəniyyəti Günləri bu ölkənin mədəniyyətinə böyük maraq yaradır. Azərbaycan musiqi kollektivləri Çinə tez-tez qastrol səfərləri edir. Hər iki ölkənin dövlət kitabxanaları əməkdaşlıq haqqında müqaviləni aktiv şəkildə yerinə yetirirlər.
Beləliklə, ölkələrimiz arasında əlaqələrin inkişafı fonunda mədəni əməkdaşlığın da bundan sonra daha intensiv xarakter alacağı şübhəsizdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasına rəsmi səfəri də bu əməkdaşlığın inkişafına yeni stimul yaratmışdır. Söz yox ki, hər iki ölkə arasında mədəni əməkdaşlığın artması xalqlarımızın bir-birinə daha da yaxınlaşmasında əhəmiyyətli rol oynayacaq.
M.MÜKƏRRƏMOĞLU,
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.