Əsas məsələ turizm sənayesini yaratmaqdır--həm daxili turizm, həm də qonaqları qəbul etmək üçün. Bizim gözəl iqlimimiz, yay aylarında Xəzər sahili, qış aylarında, dağlar, xizək kurortları var. Bizim çoxlu tarixi abidələrimiz var. Nəinki Bakıda, bütün bölgələrdə müasir infrastruktur, otellər, yollar var. Ona görə bu istiqamətdə görüləsi işlər hələ çoxdur.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Turizm artıq bütün dünyada ən gəlirli sahələrdən biri kimi geniş və sürətlə inkişaf edən iqtisadi sektor hesab edilir. Onun davamlı olaraq inkişaf etməsi və genişlənməsi bu sahəni sosial-iqtisadi tərəqqidə əsas aparıcı qüvvəyə çevirib. Bu, özünü yeni iş yerlərinin yaradılması, turizmlə bağlı müəssisələrin və infrastrukturun qurulmasında göstərir.
Dünyada mövcud olan 11 iqlim qurşağının 9-nun ölkəmizdə olması nəinki yaz-yay, hətta payız-qış istirahətinin də təşkilinə imkan yaradır. Zəngin tarixi, mədəni irsimizə maraq da son illər dünyanın hər yerindən qonaqları ölkəmizə cəlb edir. Min bir dərdin dərmanı olan mineral su qaynaqları, dünyada yeganə müalicə nefti olan Naftalan, nadir qədim memarlıq abidələri, özünəməxsus mədəniyyət, milli mətbəx və bir çox digər amillər Azərbaycanda turizmin bütün növlərinin inkişafı üçün geniş imkanlar yaradıb. İyulun 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu barədə ətraflı danışan ölkə başçısı demişdir: "...Son illər ərzində Azərbaycanın dünyada tanıdılması istiqamətində çox böyük işlər görülüb. Azərbaycanda dünyanın diqqətini cəlb edən beynəlxalq tədbirlər keçirilir. Misal üçün, bu il BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilmişdir. Dünya miqyaslı tədbirdir. Bir neçə il bundan əvvəl "Eurovision", keçən il Avropa Oyunları böyük marağa səbəb olmuşdur. Yəni Azərbaycanı artıq tanıyırlar. Əlbəttə ki, ölkəmizin tanıdılmasında "Formula-1" yarışının xüsusi yeri var. ...Əgər dünya çempionatı və Olimpiya Oyunları bir şəhərdə bir dəfə keçirilirsə, yaxud da ki, indi bəlkə də əlli ildə iki dəfə keçirilirsə, "Formula-1" yarışı Azərbaycanda ən azı bundan sonra dörd il keçiriləcəkdir. Bizim üstünlüyümüz ondan ibarətdir ki, bu, şəhər yarışıdır və Bakının gözəlliyi 500 milyon insan üçün artıq təqdim olunub".
Ölkə başçısı nitqində ölkəmizi dünyada tanıtdırmaq üçün çox ciddi tədbirlər görüldüyünü, təbliğat-təşviqat işlərinin həyata keçirildiyini, vizalarla bağlı problemlərin aradan götürüldüyünü, "ASAN viza" xidməti yaradıldığını diqqətə çatdırmışdır.
Turizm sahəsində Azərbaycanın rəqabət imkanları çox yüksək olduğundan, deyə bilərik ki, regionların inkişafı üçün məhz turizm sənayesi həlledici əhəmiyyət kəsb edir. Təbii sərvətlərimiz, rəngarəng iqlimimiz, zəngin tarixi-mədəni irsimiz cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm zəmindir. Bununla bərabər, Azərbaycan dövləti turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edib. Son 10 il ərzində ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bunu bir daha sübut edir. Bu tədbirlər nəticəsində Azərbaycanda turizm sənayesi yeni mərhələyə qədəm qoyub, ölkəmiz dünyada yeni turizm istiqaməti kimi tanınmağa başlayıb və beynəlxalq turizm bazarına inteqrasiya ilbəil daha geniş şəkildə təmin olunur.
Turizmin inkişafına dövlət qayğısının nəticəsidir ki, respublikamıza gələn turistlərin və qonaqların sayı çoxalır. Fransa Senatının Fransa--Azərbaycan dostluq qrupu (sədri Andre Rişard) ilə respublika Mədəniyyət və Turizm Nazirliyində keçirilən görüşdə Azərbaycan ilə Fransa arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın vəziyyəti və gələcək perspektivləri müzakirə edilib. Bildirilib ki, iki ölkə arasında turizm sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Qarşılıqlı münasibətlərin inkişafında Azərbaycanın birinci xanımı, Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti, həyata keçirilən layihələr olduqca mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanda ekoloji turların təşkili çox geniş yayılmışdır, bunlara təbii qoruqlara səfərlər, trekkinq və alpinist marşrutları daxildir. Günorta çağı qum çimərlikləri, dənizdə çimmək, Xəzəryanı istirahət mərkəzlərində olmaq çox cəlbedicidir. İstər xarici ölkə vətəndaşlarının Azərbaycana istirahətə gəlişi, istərsə də ölkəmizin vətəndaşlarına göstərilən xidmətin təşkilindən çoxlu nümunə gətirmək olar.
Azərbaycanda turizm sahəsinə dövlət qayğısı gündən-günə artır və tezliklə iqtisadiyyatın mühüm sahələrindən birinə çevrilməkdədir. Hazırda paytaxt Bakıda və digər turist zonalarında çoxlu sayda yüksək xidmət səviyyəsinə malik mehmanxanalar fəaliyyətdədir. Onların sayı
500-ü ötmüşdür. Azərbaycanın ən məşhur brend şəbəkəli mehmanxanalarından olan "Four Seasons Hotel Baku", "Hyatt Regency", "JW Marriott Absheron Baku Hotel", "Jumeirah Bilgah Beach Hotel", "Grand Hotel Europe", "Hilton Baku", "Badamdar" və digərləri diqqətçəkəndir.
Azərbaycanda turizm sahəsindəki davamlı inkişafın nəticəsi kimi, peşəkar kadrlara olan ehtiyac da sürətlə artmışdır. Bu ehtiyacın təmin olunması məqsədilə 2006-cı ildən 200 tələbə, 1 fakültə və 3 ixtisasla Azərbaycan Turizm İnstitutu (ATİ) fəaliyyətə başlayıb, Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti ilə bakalavr və magistr hazırlığı sahəsində ikili diplom proqramını uğurla həyata keçirməklə yanaşı, Avropanın digər ali məktəbləri ilə də sıx əməkdaşlıq edib. ATİ-ni indiyədək 1064 məzun bitirib. Onlardan 97 nəfəri ATİ ilə yanaşı, Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin diplomunu alıb. Lakin turizm sektorunda rəsmi olaraq işləyənlərin sayı 10 min nəfərdən çoxdur. Həmin işçilərin əlavə təhsil proqramı və qısamüddətli kurslar vasitəsilə ixtisas artırmasına, yenidən hazırlanmasına (ixtisas dəyişməsinə) nail olmaq üçün müvafiq işlər görülüb. Bacarıqlı xidmət personalının hazırlanması üçün 2008-ci ildə ATİ-də Təlim Mərkəzi yaradılıb. Mərkəz tərəfindən Bakı ilə yanaşı, turizm potensialının yüksək olduğu bölgələrdə də "Bələdçi", "Turoperator və turagent" və "Qeydiyyat-ön büro" peşə istiqamətləri üzrə kurslar təşkil olunub. Bələdçi kurslarını bitirmiş şəxslər üçün Beynəlxalq Turizm Bələdçiləri Federasiyası ilə birlikdə HOT 1 təlimi təşkil edilib və onlar beynəlxalq sertifikatlar alıblar.
Ölkədə turizmin inkişafı üçün müasir tələblərə cavab verən kadrların hazırlanması prosesinin daha da təkmilləşdirilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 22 dekabr 2014-cü il tarixli sərəncamı ilə ATİ-nin bazasında Azərbaycan Turizm və Menecment Universiteti yaradılıb. Bu, ölkə Prezidentinin təhsilə, turizm sektorunun inkişafına, ümumiyyətlə, ölkədə müasir menecment təcrübəsinin tətbiqinə verdiyi böyük dəstəkdir. Hazırda 3 fakültə, 10 kafedrada 11 ixtisas üzrə bakalavriatura səviyyəsində 1747 nəfər, magistraturada 107 nəfər, doktoranturada 61 nəfər və ilk peşə-ixtisas təhsili üzrə Bakı Turizm Peşə Məktəbində 12 ixtisas üzrə 440 nəfər təhsil alır. Beləliklə, bu gün ATMU ailəsində ümumilikdə 2355 gənc turizm sahəsi üçün müxtəlif səviyyəli mütəxəssis kimi hazırlanıb. İndiyədək ATMU-dan 1296 bakalavr və 70 magistr olmaqla cəmi 1366 nəfər məzun olub, onlardan 124 nəfəri ölkənin təhsil tarixində ilk dəfə olaraq ATMU ilə yanaşı, Avstriyanın İMC Tətbiqi Elmlər Universitetinin diplomunu alıb. Hazırda isə 113 tələbə bu proqram üzrə təhsilini davam etdirir. Məzunların əksəriyyəti ölkənin nüfuzlu turizm müəssisələrində uğurla fəaliyyət göstərir. Universiteti bitirən məzunlar Azərbaycan Turizm İnstitutunun Məzunları Assosiasiyasını (ATİMA) yaradıb və onu qeyri-hökumət təşkilatı kimi dövlət qeydiyyatından keçiriblər. Məzunlar bu gün nəinki Azərbaycanda, həmçinin dünyanın müxtəlif ölkələrində çalışır, təhsil alır və vətənimizi uğurla təmsil edirlər.
Azərbaycanın regionlarında da mehmanxanalar, istirahət zonaları, əyləncə və idman mərkəzləri fəaliyyət göstərir. Bunlara misal olaraq Qafqaz Mehmanxanalar Şəbəkəsini, Qəbələ şəhərindəki "Gabaland" attraksionlar parkını, Qusar rayonundakı möhtəşəm "Şahdağ" Qış-Yay Turizm Kompleksini, həm idmanla məşğul olmaq, həm də turistləri qəbul etmək üçün müvafiq infrastruktura malik 15-dən çox Olimpiya İdman Kompleksini və digərlərini göstərmək olar.
Ölkəmizdə davamlı turizmə nail olmaq üçün qış turizm bazasının yaradılması və mövsümlük anlayışının aradan qaldırılması məqsədilə yaradılan "Şahdağ" Yay-Qış Turizm Kompleksi dünyadakı bu tipli komplekslərdən müasirliyi və universallığı ilə fərqlənir. 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan bu nəhəng obyektin tikintisi zamanı ölkə başçısının görülən işlərlə yerində tanış olması məqsədilə həyata keçirdiyi səfərlər dövlət tərəfindən turizmə göstərilən qayğının bariz nümunəsidir.
"Şahdağ" Turizm Kompleksi Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə Şahdağ Milli Parkının yaxınlığında yerləşir. Dünyada ən mükəmməl layihələrdən biri olan "Şahdağ" Turizm Kompleksi oxşar istirahət mərkəzlərindən bənzərsizliyi ilə fərqlənir. Bu layihənin reallaşdırılması respublikamızda dağ-xizək idmanı və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açıb. Kompleks Azərbaycan tarixində ilk dağ-xizək kurortudur. Ölkə Prezidenti İlham Əliyev Qusar rayonuna səfərləri çərçivəsində kompleks ərazisində 2012- 2013-cü illərdə bir neçə hotelin açılışında iştirak etmişdir. Onu da deyək ki, bir neçə il öncəyə kimi Azərbaycan vətəndaşları qış mövsümündə turizm məqsədilə digər ölkələrə üz tuturdular. Lakin artıq Azərbaycanda iki qış turizm müəssisəsi fəaliyyət göstərir: Qusarda "Şahdağ" Yay-Qış İstirahət Kompleksi və Qəbələ rayonunda 2014-cü ilin yanvar ayında açılışı olan "Tufan" Dağ-Xizək Mərkəzi. Bu iri komplekslərin inşası göstərir ki, Azərbaycanda təkcə yay turizminə alternativ turizm növlərinin də inkişafına və bu sahədə infrastrukturun yaradılmasına xüsusi diqqət göstərilir.
Bütün bunlar turizmin Azərbaycanda dövlət siyasətinin üstün istiqamətlərindən birinə çevrildiyinə və ölkənin iqtisadi inkişafına böyük perspektivlər açdığına dəlalət edir. Təsadüfi deyil ki, bu məsələyə kompleks şəkildə toxunan ölkə başçısı cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında demişdir: "...Əsas məsələ turizm sənayesini yaratmaqdır -- həm daxili turistləri, həm də xarici qonaqları qəbul etmək üçün. Bizim gözəl iqlimimiz, yay aylarında Xəzər sahili, qış aylarında dağlar, xizək kurortları var. Bizim çoxlu tarixi abidələrimiz var. Nəinki Bakıda, bütün bölgələrdə müasir infrastruktur, otellər, yollar var". Artıq Azərbaycan dünya turizminin perspektivli ünvanına çevrildiyindən bu istiqamətdə görüləsi işlər, yəqin ki, hələ çoxdur.
Ölkəmizdə Azərbaycanın turizm şirkətlərinin və mehmanxanalarının birgə fəaliyyətini özündə birləşdirən və hazırda 300-dən çox üzvü olan Azərbaycan Turizm Assosiasiyası fəaliyyət göstərir. Bu təşkilatın əsas məqsədi dövlət sektoru ilə turizm sənayesi arasında körpü rolunu oynamaq, üzvlərinin hüquqlarını qorumaq və turizm sənayesinin təbliğatına dəstək verməkdən ibarətdir.
Turizmin inkişafı üçün mövcud olan dəyərləri qorumaq, bütün regionlarda turizmin balanslaşdırılmış səviyyədə inkişafını təmin etmək, düzgün idarəetmə və turizm ehtiyatlarından səmərəli istifadə mexanizmlərini qurmaq üçün respublikanın bütün bölgələrində müasir tələblərə cavab verən, rəqabətədavamlı turizm xidməti sahələrinin yaradılması zərurəti nəzərə alınaraq, yaxın 10 ildə ölkədə turistlərə xidmət yerlərinin sayının ciddi ölçüdə artırılması nəzərdə tutulur. Turizm sənayesinin inkişafı ilə bağlı aparılmış tədqiqatların nəticələrinə görə, 2020-ci illərdə turizm təhsilinin müxtəlif səviyyələri üzrə ixtisaslaşmış təxminən 70-75 min nəfərə ehtiyac olacaqdır. Məhz bu ehtiyacı ödəmək, regionlarda inkişafı peşəkarlarla davamlı etmək üçün kompleks tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.
Biz çox böyük inamla deyə bilərik ki, Azərbaycanda turizmin inkişafı üçün geniş imkanlar mövcuddur. Əldə edilən nəticələr, ölkəmizə gələn turistlərin sayının ildən-ilə artması da onu göstərir ki, bu istiqamətdə dövlət və özəl sektorun apardığı birgə siyasət öz səmərəsini verir.
Zərifə BƏŞİRQIZI,
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.