Yarımçıq ömrün həzin notları

Onu  xatırlamamaq, sevməmək mümkün deyil. Özü aramızda olmasa da,  hər  gün  radio və televiziyada   bu  istedadlı  pianoçu və  bəstəkarın  mahnılarını  dinləyir, yaxud musiqi bəstələdiyi  filmlərə baxırıq. Yaradıcılığının çiçəkləndiyi bir  vaxtda- 1994-cü il mart ayının 19-da erməni  cəlladlarının Bakıda  törətdikləri  terrorun  qurbanı oldu.  Rafiq Babayev 1936-cı il martın  31-də  doğulmuşdu.  Martın 31-i də  məlum tarixdir. 1918-ci ilin həmin  günü  qansız  ermənilər  Bakı  qırğınını törətmişdilər. Rafiqin   doğulduğu  tarix də həmin  günə təsadüf etmişdi. Atası Fərzi Babayevin  ağlına  haradan  gələydi ki,  yenicə dünyaya  göz açan oğlu nə vaxtsa erməni terrorunun qurbanı olacaq...

Bu xəbər bütün Azərbaycanı  sarsıtmışdı.  Həmin  gün  kinostudiyada, Mahnı Teatrında  onu axtarırdılar. Məşqləri  onsuz  başlamaq mümkün deyildi. Amma o daha yox idi. Azərbaycan matəm içərisində idi. Bəstəkarın qızı həmin  günü belə xatırlayırdı: "Qəflətən güclü külək başlandı. Göyün üzü boz-qara rəngə büründü. Qəfil bir xəbər eşitdim: metronun "20 Yanvar" stansiyasında qatar partladılıb. Atamın iş yeri "20 Yanvar" stansiyasının yaxınlığında idi. Amma bu xəbəri onunla əlaqələndirmək heç ağlıma da gəlmirdi. Mənə elə gəlirdi ki, sadəcə olaraq, belə şey ola bilməz.

Həmin  günə qədər  Rafiq Babayev  musiqi ilə  həmahəng olan ömrünün sakit  günlərini yaşayırdı. Onun  sənət yolu  təhsil aldığı  160 nömrəli məktəbdən  başlamışdı. Rafiq ilk caz kvartetini də məhz bu məktəbdə yaratmışdı. 1950-ci ildə həmin məktəbi bitirəndən  sonra   A.Zeynallı adına Musiqi Məktəbinin fortepiano sinfinə daxil olub, R.S.Levinanın sinfində təhsil alıb. Eyni  zamanda, təhsil aldığı illərdə o,  Xalq Çalğı Alətləri Ansamblının musiqi rəhbəri vəzifəsində işləyir,  caz musiqisi ilə  maraqlanır və improvizasiya ustalığını təkmilləşdirirdi. 1954-cü ildə buraxılış imtahanında onun ifa etdiyi proqrama klassik əsərlərlə yanaşı, amerikalı caz pianoçusu Bill Evensin kompozisiyası da daxil edilmişdi. Sonradan özünü bütünlüklə caz musiqisinə həsr edən Rafiq Babayev 1959-cu ildə Bakı Konservatoriyasını bitirdikdən sonra həmin qrupun musiqi rəhbəri kimi, Sovet İttifaqının müxtəlif şəhərlərinə uzunmüddətli qastrol səfərlərinə çıxır. Bakıya qayıdandan sonra görkəmli müğənni Rəşid Behbudovla tanış olur. Rəşid Behbudov Mahnı Teatrını yaradanda Rafiq Babayevi  bu teatrın musiqi rəhbəri vəzifəsinə dəvət edir. Az  zaman içərisində onlar teatrlaşdırılmış böyük konsert proqramı hazırlamağa başlayırlar. Tamaşa  böyük  uğur qazanır, bundan  sonra  teatr onun iştirakı ilə yeni  repertuarlar hazırlayır. Bütün bu illər ərzində Rafiq caz musiqisi sahəsində yaradıcı işini də davam etdirir, bu işlə fasiləsiz məşğul olur, caz festivallarında iştirak edir. 1967-ci ildə Tallin şəhərində keçirilən Beynəlxalq Caz Festivalında Rafiq Babayevin ansamblı laureat olur. Onun "Bayatı-kürd" ladında ifa etdiyi kompozisiya xüsusi qeyd edilir.

Həmin illərdə Rafiq Babayev ictimai işlərlə də məşğul olur, müxtəlif müsabiqələr, baxış və festivallar təşkil edir. Onun bütün yaradıcılıq fəaliyyəti gənc instrumental musiqiçi və vokalçılarla pedaqoji işlə həmişə bağlı olmuşdur.

1991-ci ildə Rafiq Babayev "Cəngi" folklor-caz kollektivini təşkil edib və musiqi layihələrinin həyata keçirilməsinə kömək edən səsyazma studiyası yaradıb. O, folklor çalğı alətlərindən istifadə etməklə, onları qeyri-adi harmoniya ilə zənginləşdirərək, dünyanın ilk baxışda bir-birinə zidd cəhətlərinə - Qərbə və Şərqə xas olan musiqini melodik tərzdə birləşdirərək gözəl kompozisiyalar yaradırdı.

Rafiq Babayev kino sahəsində də  məhsuldar çalışırdı.  Mütəxəssislərin  fikrincə  onun  kinoya gəlişi ilə filmlərdə  bir  musiqi sərbəstliyi elementi yarandı. Elə buna görə də musiqinin əvvəlcədən yazılması tələbi arxa plana keçdi və sözün yaxşı mənasında, musiqi  ilə bağlı qərarlar qəbul edilməsində improvizə imkanı yarandı. Bu, filmin səs palitrasını ölçüyəgəlməz dərəcədə genişləndirdi. Bu baxımdan filmlər get-gedə bir-birindən maraqlı olurdu. Oqtay Mirqasımovun "Gümüşü furqon", "Başa düşmək istəyirəm" filmlərinə Rafiqin musiqisini yazanda tamamilə gözlənilməz halda, elə studiyada musiqi  ilə bağlı qərarlar qəbul edirdi. Rejissor da orada idi və Rafiq onunla məsləhətləşərək, əlüstü hər şeyi dəyişə bilirdi. Yəni müəyyən mühüm dramaturji tapıntılar bilavasitə studiyada, səsyazma zamanı yaranmışdı. Bəstəkarın "1001-ci qastrol",  "Alman klinikasına şəxsi səfər", "Anlamaq istəyirəm" bədii filmlərinə, "Abşeron bağları"  silsiləsindən onlarca  sənədli  film eyni zamanda,  Azərbaycan haqqında  bir sıra sənədli  filmlərə musiqi bəstələmişdir.  Bu  filmlər  bu gün Rafiq  Babayevin kino musiqisinin necə bənzərsiz yaradıcısı olduğunu  təsdiq edir.

Heydər Əliyev Fondu Azərbaycanın musiqi mədəniyyəti tarixində xüsusi yeri olan Xalq artisti, cazmen, pianoçu, bəstəkar Rafiq Babayevin yaradıcılığından bəhs edən musiqi albomu hazırlayıb. 2008-ci il aprelin 11-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə layihənin təqdimatı keçirilib.

MDB ölkələrinin və Azərbaycanın dövlət arxivlərindən toplanmış materiallar əsasında hazırlanmış alboma Rafiq Babayevin həyat və yaradıcılığından bəhs edən kitab, nadir videoyazılar olan 2 DVD və sənətkarın əsərlərindən ibarət 8 CD daxildir. Disklər  SONY  firmasının Avstriyadakı studiyasında müasir texnologiya əsasında təmizlənərək yazılıb. Kitabdakı mətnlər üç dildə - Azərbaycan, rus, ingilis dillərində verilib. Kitab sənətkarın həyatının müxtəlif anlarını əks etdirən fotoşəkillərlə zəngindir.

Xalq artisti, istedadlı  bəstəkarın  xatirəsini Azərbaycan xalqı heç zaman unutmayacaq.

M.MÜKƏRRƏMOĞLU,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında