Ana dilimiz ən qiymətli mənəvi sərvətimizdir 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

Millətin milliliyini saxlayan onun dilidir. Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır, ­bunlarsız isə vətənpərvərlik formulu yoxdur. Bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var.

Heydər ƏLİYEV
Ümummilli lider

 

 


 

Dövlət müstəqilliyi dövründə milli təqvimimizdə xüsusi yer tutan günlərdən biri də avqustun ilk günüdür. 15 ildir ki, bu günün bəxtinə xalqımızın ən böyük mənəvi sərvəti olan ana dilimizin və onun  əlifbasının şərəfini daşımaq və əlamətdarlaşdırmaq yazılıb. Tarixin ağır sınaqlarından çıxıb bu günümüzə yetişən Azərbaycan dili artıq milli dövlətçiliyimizin əsas göstəricilərindən biri kimi layiq olduğu ali məqama yüksəldilmişdir. Azərbaycan dili ölkəmizin dövlət dili səviyyəsində qərarlaşaraq xalqımızın milli kimliyini bütün dünyaya təqdim edir.

Ana dilinin dövlət dili statusuna yüksəlməsi, haqlı olaraq, tarixi hadisə, milli dövlətçilik tarixinin önəmli səhifəsi sayılır. Bu, milli yetkinliyin təsdiqi, xalqın öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin parlaq ifadəsidir. Azərbaycan dili ölkəmiz ərazisində min illərdən bəri mövcud olmuş dövlət birliklərinin əsas əhalisinin ünsiyyət vasitəsi olaraq varlığını tarix boyu yaşamışdır.

Xalqımız tarixin ayrı- ayrı dövrlərində hakim imperiyaların ana dilimizə basqılarını dəf etmiş, doğma dilini inkişaf etdirmiş, dünyanın ən zəngin dillərindən biri kimi bu günə gətirib çıxarmışdır. Tarix dilimizi yaşatdığı kimi, dilimiz də tariximizi öz ağuşuna alıb salnamələşdirmişdir. Baba- nənələrimizin könül dünyası da ana dilimizə hopub əbədiləşmişdir. Bu mənəvi sərvətlər dilimizin qüvvət və qüdrətini ifadə edən qaynaq, zəngin və canlı bir muzey kimi ötənlərimizə çıraq yandırır.

Dilin görüntüsü, onu zamandan- zamana ötürən daşıyıcı rolu oynayan  işarə və yazı nümunələri tarixi inkişafımızın  önəmli faktları sırasında yer almışdır. Qobustan qayalarındakı şəkil və rəmzlər, mixi yazılar, əski türk əlifbası, ərəb, latın, kiril qrafikalı əlifbalar əcdadlarımızın düşüncə və danışıqlarını gələcəyə ötürmüş, tarixə silinməz- pozulmaz möhür basmışdır. Xalqımızın milli varlığını qorumaq, dövlətçiliyini dirçəltmək uğrunda mübarizəsi həmişə yad- yabançı yazı nümunələrindən, mürəkkəb əlifba sistemlərindən yaxa qurtarmaq cəhdləri ilə müşayiət olunmuşdur.

Ötən əsrin sonlarında  Ermənistanın Azərbaycana ərazi iddiası, Dağlıq Qarabağ münaqişəsi ilə başlayan milli azadlıq hərəkatı da respublikada  ana dilinin dövlət dili statusunun təmin edilməsi, kommunist epoxası ideologiyasının daşıyıcısı kimi kiril əlifbasından imtina olunmasını zəruriləşdirdi.

1991-ci il oktyabrın 18- də Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. Yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulmasına qapı açdı, latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. 1991-ci il dekabrın 25-də Azərbaycan Ali Soveti latın qrafikalı Azərbaycan əlifbasının bərpa olunması ilə bağlı qərar qəbul etdi. Həmin gün Azərbaycan Prezidentinin "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" fərmanı ilə kiril əlifbasına keçidlə bağlı 11 iyul 1939-cu il qanunu qüvvədən düşmüş elan edildi və 1940-cı ilə qədər istifadə olunan latın qrafikalı Azərbaycan əlifbasının bəzi dəyişikliklərlə bərpası təsdiqləndi.

 1992-ci il sentyabrın 1-dən latın qrafikalı Azərbaycan əlifbasının məktəblərin 1-ci siniflərində tədrisinə start verildi. Sonrakı dövrdə Azərbaycan dövlət dilinin tətbiqinin genişləndirilməsi sahəsində hüquqi baza təkmilləşdirildi və geniş praktik addımlar atıldı.

Yeri gəlmişkən qeyd edək ki, hələ sovet dövründə ana dilimizin qorunması və inkişaf etdirilməsi, Azərbaycan dilinin dövlət dili ststusunun təmin edilməsi ilə bağlı ümummilli lider Heydər Əliyev tarixi işlər gerçəkləşdirmişdi. Ulu öndərin  qayğı və diqqəti nəticəsində hələ sovet dövründə Azərbaycan dili ölkəmizdə dövlət dili kimi rəsmiləşmişdi. Bu məsələ konstitusiyada da xüsusi maddə ilə təsbit olunmuşdu. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi və təsbit olunması həmin dövr üçün milli əhəmiyyətli hadisə idi.

1993-cü ildə Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra isə Azərbaycan dili öz inkişafında yeni mərhələyə qədəm qoydu. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil dövlətimizin ilk konstitusiyası ilə dövlət dilinin adı bərpa edildi. Bu, ulu öndərin ana dilimizə dəyişməz mövqeyinin daha bir parlaq nümunəsi oldu. Bundan sonra hökumət səviyyəsində ana dilinin inkişafı və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul edildi. Prezident Heydər Əliyevin 2001-ci il iyunun 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərmanı ilə 2001-ci il avqustun 1-dən Azərbaycanda bütün media və kütləvi nəşrlərin latın qrafikalı əlifbaya keçməsi rəsmiləşdirildi. Beləliklə, latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldı.

Yeni əlifbanın tətbiqinin ölkənin siyasi həyatında, yazı mədəniyyəti tarixində mühüm hadisə olduğunu nəzərə alaraq Prezident Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı fərmanla avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan dili Günü elan edildi. 30 sentyabr 2002-ci ildə Milli Məclisdə "Dövlət Dili haqqında Azərbaycan Respublikasının Qanunu" qəbul olundu və ulu öndər Heydər Əliyev 2 yanvar 2003-cü ildə  "Dövlət dili haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" tarixi fərmanı imzaladı.

"Millətin milliliyini saxlayan onun dilidir. Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır, bunlarsız isə vətənpərvərlik formulu yoxdur"-- deyən Heydər Əliyevin Vətən, xalq, millət, dil sevgisi hər bir azərbaycanlı üçün əsl örnəkdir, dilə qayğı, nitqin gözəlliyinə diqqət, dildən bəhrələnməyin əvəzsiz nümunəsidir. Ulu öndər deyirdi: "Mən hər yerdə Azərbaycan dilində danışıram. Qoy tərcüməçilər mənim danışdıqlarımı öz dilimdən tərcümə etsinlər. Mən arzu edərdim ki, Azərbaycan gənci Şekspiri ingilis dilində oxusun, Puşkini rus dilində oxusun, Nizamini, Füzulini, Nəsimini isə Azərbaycan dilində oxusun. Öz ana dilini bilməyən adamlar şikəst adamlardır!"

Təqdirəlayiq haldır ki, ümummilli liderin ideyalarını layiqincə yerinə yetirən Azərbaycan Prezidenti İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. İnam və qətiyyətlə deyə bilərik ki, bu gün dilimizin inkişafının əsas qarantı da məhz ölkə Prezidentinin özüdür. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz İlham Əliyevin təşəbbüsü ilə baş tutdu. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamı həm də əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Bunun da nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi baş tutdu.

Dövlət başçısının sonrakı sərəncamlarında isə 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası", 100 cildlik "Dünya uşaq ədəbiyyatı kitabxanası", 100 cildlik "Azərbaycan ədəbiyyatı kitabxanası" seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi. Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm və uğurlu tədbirlərdən biri də 2004-cü il 13 yanvar tarixində imzaladığı "Azərbaycan milli ensiklopediyasının nəşri haqqında" sərəncam oldu. Bu sərəncamların nəticəsində qiymətli kitabların çapı mənəvi xəzinəmizin zənginləşməsində mühüm rol oynadı.

Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu dəfələrlə diqqətə çəkərək demişdir: "Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir". Ölkə Prezidenti İlham Əliyev müxtəlif çıxışlarında, insanlarla olan söhbətlərində, bölgələrdə keçirdiyi görüşlərdə həmişə dövlət atributlarına, xüsusilə də Azərbaycan dilinə, əlifbasına, mədəniyyətinə, incəsənətinə, milli adət-ənənələrinə xüsusi ehtiramla yanaşaraq onun fəzilətlərindən söz açır.

Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ərəfəsində ölkənin tanınmış dilçilərindən biri – AMEA-nın müxbir üzvü, professor, Milli Məclisin deputatı Nizami Cəfərovla müsahib olduq, alimin xalqımız üçün əlamətdar olan günlə bağlı təəssüratını bölüşdük:

-- Artıq 15 ildir ki, biz ana dilimizlə bağlı bu qürur doğuracaq günü rəğbət, ehtiram və vətəndaşlıq qüruru ilə qeyd edirik. Əlbəttə, dil, sadəcə, ünsiyyət vasitəsi deyil, eyni zamanda, ədəbiyyatdır, tarixdir, mahnıdır, musiqidir, millətin taleyidir. Bu gün Azərbaycan dili müstəqil Azərbaycan dövlətinin dünyada nüfuzunun artması ilə əlaqədar beynəlxalq arenaya çıxıb. Ölkəmizdə dövlət səviyyəsində mükəmməl dil siyasəti gerçəkləşdirilir. Bu zəruri siyasətin əsaslarını yaradan isə məhz ümummilli lider Heydər Əliyev oldu.

Azərbaycan dilinin həm ümumxalq dili, həm də xüsusilə dövlət dili kimi  inkişafında Azərbaycan xalqının  ümummilli lideri Heydər Əliyevin xidmətləri,  sözün həqiqi  mənasında, tarixi xidmətlərdir ki, bu mövzuda artıq onlarla ciddi elmi əsərlər yazılmış, kifayət qədər mükəmməl ümumiləşdirmələr aparılmışdır. Mütəxəssislərin, demək olar ki, hamısı belə bir möhkəm qənaətdədir ki, Heydər  Əliyevin milli dil quruculuğu siyasəti  onun milli dövlət quruculuğu siyasətinin üzvi tərkib hissəsi olub bütöv bir sistem təşkil  edir.

Təsadüfi deyil ki, Azərbaycan dilinin dövlət dili statusunun təmin edilməsi ilə bağlı son yarım əsrdə verilmiş qərarların əksəriyyətinin altında Heydər Əliyevin imzası durur.

Azərbaycan Prezidenti və dünya azərbaycanlılarının çağdaş lideri İlham Əliyev bu siyasəti günün tələblərinə uyğun olaraq uğurla davam etdirir. Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş yığıncaqdakı dərin məzmunlu nitqində ölkə Prezidenti Azərbaycan  elminin, mədəniyyətinin inkişafı ilə bağlı məsələlər sırasında ana dilimizə qayğını da ön plana çəkdi: "Əsrlər boyu biz başqa ölkələrin, imperiyaların tərkibində  yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi,  ana dilimizi qoruya, saxlaya bilmişik. Azərbaycan dilinin saflığını qoruya bilmişik". Burada söhbət Azərbaycan dilinin tarixi  varlığı üçün həlledici olan iki mühüm məqamdan gedir ki, onlardan birincisi ana  dilinin ümumən mövcudluğu, yəni xalqın  mənəvi gücü, qüdrəti, təəssübkeşliyi sayəsində ayaqda qala  bilməsidirsə, ikincisi (və birincisindən heç də az əhəmiyyətli olmayanı) onun saflığı, təmizliyi, özünəməxsusluğudur.

İkinci məqama xüsusi diqqət yetirən Prezident qeyd edir ki, "ona görə də bu gün bəzi hallarda görəndə ki, dilimizə xaricdən müdaxilələr edilir və bəzi hallarda bu müdaxilələr Azərbaycanda da dəstək qazanır, bu, məni, doğrudan da, çox narahat edir".

Müsahibimiz daha sonra söylədi:

--Əlbəttə, qloballaşan müasir dünyada dillərin, xüsusilə inkişaf etmiş, eləcə də inkişaf etməkdə olan dillərin "müharibə"si, "münaqişə"ləri qaçılmazdır. Kifayət qədər güclü, eyni zamanda, aqressiv şovinist "mərkəzlər" də öz  "iradə"sini diqtə etməyə çalışır. Əsas məsələ isə ondan ibarətdir ki, bu "müdaxilələr" daxildə nəinki dəstək qazansın, əksinə, xalqın iradəsilə tam rədd olunsun. Bizim acı təcrübəmiz də var ki, bir sıra irəliçıxanlarımız, yaxud "ziyalılar"ımız özlərini  göstərməkdən ötrü bir sıra hallarda  yad dillərin, mədəniyyətlərin təsiri altına düşmüş, hətta ana dillərini unutmuşlar. Müstəqil Azərbaycanın  dövlət dil siyasəti isə ümummilli lider Heydər Əliyevdən gələn möhkəm milli ənənələrə  əsaslanaraq tələb edir ki, bu acı təcrübə  bir daha təkrar olunmasın.

Buna görə də Azərbaycan Prezidenti deyir: "Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici  kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq,  bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik.

Prezident İlham Əliyevin ana dilimizin qorunması, inkişafı və zənginləşdirilməsi ilə bağlı təsdiq etdiyi xüsusi dövlət proqramı da, bizim fikrimizcə, millətimizin qloballaşma şəraitindəki tarixi maraqlarını uğurla əks etdirir. "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" adlı həmin sənədin hazırlanıb Azərbaycan Prezidentinin 2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq edilməsi çox mühüm tarixi hadisədir.

Müasir dövrün tələblərini, konkret olaraq, qloballaşma prosesinin fəlsəfəsini nəzərə alan dövlət proqramının məqsədi "Azərbaycan dilinin istifadəsi və tədqiqinə dövlət qayğısının artırılmasını, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasını, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini təmin etməkdir.

Görkəmli dilçi açıqlamasının sonunda dedi:

-- Bu gün Azərbaycan dili, sözün həqiqi mənasında, müstəqil bir dövlətin dilidir. İndi Azərbaycan dili dünyanın müxtəlif dilləri ilə birbaşa əlaqəyə girmək imkanı qazanıb. Əgər bir vaxtlar dünyanın inkişaf etmiş dilləri ilə Azərbaycan dili yalnız rus dili vasitəsilə əlaqəyə girirdisə, bu da həddindən artıq vasitəli əlaqə idisə, indi birbaşa əlaqə imkanları var. Bu mənada Azərbaycan dilinin inkişafı göz qabağındadır.

Ölkəmizin tarixində ilk dəfə ana dili və onun əlifbasının şərəfinə ayrıca günün təsis olunması müstəqil dövlətimizin bu məsələyə nə qədər ciddi yanaşdığını, ana dilimizi necə bir yüksək məqama qaldırdığını göstərən tarixi amildir. Hər birimiz üçün əziz olan bu gündə hamını bir daha ana dilimizi sevməyə, qorumağa və zənginləşdirməyə çağırıram.

Qoy Azərbaycan dilinin və onun əlifbasının cəmiyyətdə mövqeyi uca və şəriksiz olsun!

Tahir AYDINOĞLU,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında