Azərbaycanın ərazisində müdafiə xarakterli istehkamlar və qalaların ucaldılması ölkənin təbii sərvətlərinin zənginliyinə, öz dövrü üçün inkişaf etmiş iqtisadi-sosial durumun təşəkkül tapdığına dəlalət edir.
Heydər ƏLİYEV
Ümummilli lider
Dünya mədəniyyətinin beşiklərindən biri olan qədim Naxçıvanın hər qarışı ilk insan yaşayış yerləri, erkən şəhər mədəniyyəti izləri, möhtəşəm tarxi abidələrlə zəngindir. Aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, Naxçıvanda ilkin şəhər mədəniyyəti 5 min il bundan əvvəl formalaşmış, sənətkarlıq və mədəniyyət inkişaf etmiş, Duzdağda mədən üsulu ilə duz çıxarılmasına başlanılmışdır. Bütün bunlarla yanaşı, Azərbaycanın tarixi ərazisinin coğrafi mövqeyi və əlverişli şəraiti, Böyük İpək Yolunun üzərində yerləşməsi də qədim dövlətlərin diqqətini cəlb etmiş, şəhər aramsız hücumlara məruz qalmışdır.
Bütün bunlar Naxçıvan ərazisində hələ qədimdən müdafiə tədbirlərinin görülməsini zərurətə çevirmiş, yaşayış məntəqələrinin işğal və dağıntılardan qorumaq üçün qalalar tikilmiş, qala-şəhərlər meydana gəlmişdir. Əcdadlarımız hər qayası səngər olan bu qədim diyarda yadelli işğalçılardan qorunmaq üçün Oğlanqala, Qazançı qalası, Çalxanqala, Əlincəqala, Naxçıvanqala kimi möhtəşəm müdafiə istehkamları tikmişlər.
Tarix boyu ərazidə Azərbaycan türkləri tərəfindən yaradılan mədəni irsin qorunub yaşadılması üçün ardıcıl tədbirlər görülür, tarixi abidələr bərpa olunaraq keçmişdən bu günə körpü salınır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin "Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında" 2005-ci il 6 dekabr tarixli sərəncamı bu baxımdan mühüm əhəmiyyətə malikdir. Artıq muxtar respublikada 1200-dən çox abidə qeydə alınaraq pasportlaşdırılmışdır ki, onlardan da 80-i qalalardır.
Dünyanın ən qədim insan məskənlərindən biri olan Naxçıvanda iyulun 8-10-da "Naxçıvan qalaları: tarixdə və günümüzdə" mövzusunda beynəlxalq konfransın keçirilməsi də tarixi keçmişimizə bir baxış idi. Tarixin bütün dövrlərində bu qədim diyarda zəngin mədəniyyət və memarlıq nümunələri yaradılıb. Qalalar isə yalnız sığınacaq məqsədi daşımayıb. Qalalar bu ərazidə yaşayan əcdadlarımızın həyat tərzini, dövlətçilik ənənələrini və memarlıq sənətini özündə yaşadan mədəniyyət nümunələridir.
Naxçıvanın ən qədim müdafiə istehkamlarından biri Qazançı qalasıdır. Əlincə çayının hər iki sahilini əhatə edən qalanın tarixi bizim eradan əvvəl III-I minilliyin əvvələrinə aid edilir. Bu qala Kas türkləri ilə bağlıdır. 1300 il bundan əvvələ aid olan "Kitabi-Dədə Qorqud" dastanındakı qəhrəmanların adı Naxçıvan qalalarında əbədiləşmişdir. Sədərək, Əlincə, Qazançı kimi toponimlər, qala adları deyilənlərə ən yaxşı nümunədir. Tədqiqatçılar Qazançı qalasının adını da "Kitabi-Dədə Qorqud" dastanının baş qəhrəmanlarından biri olan Qazan xanın adı ilə də əlaqələndirirlər. Axtarışlar zamanı qala ərazisindən tapılmış müxtəlif dövrləri əhatə edən gil qab nümunələri, daş əmək alətləri və dən daşları Naxçıvan mədəniyyəti və sənətkarlığı üçün səciyyəvidir.
Şərur rayonundakı Qarasu qalası, birinci və ikinci Qız qalaları Arpaçay vadisində yerləşən möhtəşəm hərbi istehkamların dövrümüzə qədər gəlib çatan nümunələridir. Strateji cəhətdən olduqca əlverişli mövqedə salınan bu qalalar yadelli hücumlarının qarşısının alınmasında mühüm əhəmiyyətə malik olub. Oğlanqalada və Qızqalada yaşayan əcdadlarımız erkən dəmir dövründə vahid dövlət halında birləşərək xarici işğalçılara qarşı mübarizə aparıblar. Saraydan tapılan və üzərində mixi işarələr olan təsərrüfat küpünün parçaları isə Oğlanqala şəhər yerində yazı sisteminin mövcudluğunu təsdiqləyir. Müəyyən edilib ki, bu qalaların ətrafındakı 487 hektarlıq ərazi möhtəşəm müdafiə divarları ilə əhatə olunub. Həmçinin qalanın yaxınlığında yerləşən Sədərək, Xələc, Qalaçıq yaşayış yerlərinin əhalisi erkən dəmir dövründə güclü tayfa ittifaqı yaradaraq tarixi ərazimizin və mədəniyyətimizin qorunmasını təmin ediblər.
Cəhriçayın sağ sahilində, Çalxan dağının üzərində yerləşən Çalxanqala da öz möhtəşəmliyini saxlayan abidələrdəndir. Qala əlverşli mövqedə yerləşir. Buradan Cəhriçay və Naxçıvançay vadisini nəzarətdə saxlamaq mümkündür. Qalanın yerləşdiyi Çalxan dağı hər tərəfdən sıldırım qayalarla əhatə olunduğundan əsas giriş yolu cənub tərəfdən olub, Cəhriçayın sağ sahilindən başlayır. Qala öz tikinti texnikasına görə Naxçıvan ərazisində olan Oğlanqala və Qazançı qalası ilə oxşardır. Qaladan Cəhriçaya enmək üçün yeraltı yol salınıb. Şübhəsiz ki, yeraltı yollar həm də gizli çaparların göndərilməsi və düşmənə qəfil zərbələr vurmaq üçün də mühüm əhəmiyyətə malik idi. Qalanın şimalında mövcud olan qavaldaş isə yadelli yürüşlərinin əvvəlcədən xəbərdar edilməsi üçün istifadə olunub.
Muxtar respublika ərazisindəki qalalar sırasında Naxçıvanqalanın da mühüm əhəmiyyəti var. Aparılan tədqiqatlar zamanı məlum olub ki, Naxçıvanqala təkcə müdafiə məqsədi daşımayıb, eyni zamanda, bu tarixi ərazidə formalaşmış ilkin şəhər mədəniyyətinin ayrılmaz elementinə çevrilib.
Tarixin müxtəlif dönəmlərində Naxçıvanda olan səyyahların verdikləri məlumata görə, qala XVII əsrin ortalarınadək müdafiə istehkamı kimi mövcud olub və müharibələr zamanı dağıdılaraq əvvəlki möhtəşəmliyini itirib. Naxçıvanqalanın tarixi əhəmiyyətini artıran mühüm amillərdən biri isə qala divarları yaxınlığında Nuh peyğəmbərin (ə.) məzarının və məzarüstü abidəsinin olmasıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin sərəncamı ilə 2010-cu ildə Naxçıvanqalanın bərpasına başlanılmış, ərazidə yenidənqurma və bərpa işləri aparılmış, qalanın əvvəlki görkəmi özünə qaytarılmış, Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksi yaradılmışdır.
Sakit-sakit axan Əlincə çayı boyunca irəlilədikcə yenilməz Əlincə qalasının məğrurluğu qarşısında heyrətlənməmək mümkün deyil. Qala Əlincə çayının sağ sahilində, Əlincə dağının zirvəsindədir. Tədqiqatçıların araşdırmalarından məlum olur ki, Əlincə adı bu ərazilərdə yaşamış Ərinçı, yəni Əlincək tayfasının adı ilə bağlıdır. Təqribən, 2 min il bundan əvvəl həmin tayfa birliyi Əlincəqalanı inşa etmiş və özlərinin təhlükəsizliyini qorumuşdur. "Kitabi-Dədə Qorqud" dastanında da Əlincə qalası möhkəm müdafiə istehkamı kimi təsvir olunur.
Əlincə XIII-XIV əsrlərdə Hülakülərin, XIV əsrin ikinci yarısında Cəlairlərin hakimiyyəti altında olub. XIV əsrin 80-90-cı illərində Əlincə qalası Azərbaycan xalqının Teymura qarşı mübarizəsinin əsas istinadgahına çevrilməklə 14 il mərdliklə müdafiə olunub. Əmir Teymurun qoşunları 1386-1401-ci illərdə qalaya 4 dəfə yürüş etmişdir. Lakin qala müdafiəçiləri Əlincəqalanı mərdliklə qorumuşlar. Əmir Teymur 14 il ona müqavimət göstərən qalanın möhtəşəmliyinə heyran qalmışdır.
Bu qalanı tikən babalarımız özlərindən sonrakı nəslə qəhrəmanlıq, yurd sevgisi kimi ali dəyərlər qoyub gediblər. Əlincəqala zamanın sınaqlarından keçib, tarixin müxtəlif dönəmlərində biganəliklə üz-üzə qalıb, müəyyən qədər dağılsa da, öz əzəmətini qoruyub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2014-cü il 11 fevral tarixli sərəncamına əsasən, Əlincəqala bərpa olunub, ona ikinci həyat verilib, qala ərazisində muzey yaradılıb.
Qalanın bərpası zamanı, ümumiyyətlə, texnikanın gücündən istifadə olunmayıb. Tikinti materiallarının daşınmasında atlardan və bir də insan əməyindən istifadə edilib. Qala divarları qısa zamanda və çətin şəraitdə pillə-pillə, kərpic-kərpic ucaldılıb. Bərpaçı ustaların əlinin sığalı ilə məğrurluq tariximiz özünə qaytarılıb. Əgər əvvəllər qalaya daşlı-çınqıllı yollarla qalxmaq mümkün idisə, bu gün onun ən yüksək zirvəsinədək salınmış pillələr gələnlər üçün rahatlıq yaradır.
Əlbəttə, bu qala heç də düşmənlərdən müdafiə məqsədi ilə bərpa olunmayıb. Əlincə qalasının bərpası tarixə sahiblik hissinin ali nümunəsidir. Bu nümunə qalanın möhtəşəmliyinin özünə qaytarılması, yenilməzlik simvolu kimi hələ neçə yüz illər bundan sonra da dünyaya gələcək nəsillərə əmanətdir. O əmanət ki, gələcək nəsillərə ulu babalarının qəhrəmanlığından, yenilməzliyindən bəhs edəcək, Vətənə, dövlətçiliyə sədaqət, ana yurda sahiblik hissini aşılayacaqdır.
Tarixin şahidi və iştirakçısı olan qalalarımız məğrurluğun, yenilməzliyin rəmzidir. Əvəzi olmayan, müqayisəyə gəlməyən əmanətlərdir. Bu yerlərdə dağ qalaya, qala dağa bel bağlayır, bir-birinə ucalıq bəxş edir, əzəmət verir, bütövlüyü təsdiqləyir. Bu gün biz qalalara təkcə qədim müdafiə tikililəri kimi baxmırıq. Naxçıvan qalaları həm də milli dövlətçilik, milli birlik ənənələrimizi yaşadır. Hər birimizə torpaq təəssübü və Vətənə dərin sədaqət hissi aşılayır. Tarixi yaşadanları isə tarix yaşadacaqdır.
Vaqif AĞALAROV,
Naxçıvan Televiziyasının
baş redaktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.