Yeni kitablar

Vaxtın içində itmək... ağrısı
Yenə də bir təzə şeirlər kitabı, yenə də insanı qocaldan zamandan şikayət, vaxtdan giley-güzar, ötən illəri tutub "qəfəsdə saxlamaq" istəyi. Ancaq bir qədər fərqli, bir qədər orijinal, bədbinliyin içindən pöhrələnən nikbinliyin boyu qədər kövrək şeirlər.
Özünü "Zamanın tərəzisində çəki daşı" kimi görən, "yol üstündə dayanıb zaman qatarının vaxtını bilməyən" müəllifin şeirləri kövrək olmalıdır, səmimi olmalıdır, kövrək, səmimi oxucunun arzuladığı sətirlərdən yaranmalıdır. Ali təhsili başa vurandan sonra ötən 20 ilin hamısını jurnalist kimi fəaliyyət göstərən bir müəllifin sətirlərində publisistikanın, qəzetçiliyin, efir-ekran dilinin hakimliyi sezilməliydi. Nə yaxşı ki, həmkarımızın oxuculara yeni təqdim edilən ilk şeirlər kitabında həmin çərçivələr yox, şeirin sadəliyi və böyüklüyü hakimdir. Bunu isə sənət, peşə, təhsil yox, ürək təmin edir.
Söhbət Ramazan Səməroğlunun (Ziyadov) "Özüm də itirəm vaxtın içində" adlı şeirlər kitabından gedir. Şair Rüstəm Behrudinin "ön sözü" ilə başlanan, 312 səhifəlik kitabdakı şeirlər Vətən, ana, məhəbbət, ömrün müxtəlif anları, zaman, məkan, təbiət və başqa bölmələrdə toplanıb. Əslən Qərbi Azərbaycandan olan müəllif özünün və doğmalarının dədə-baba yurdundan didərgin salınmasını, el-oba həsrətini özünəməxsus şəkildə ifadə edir:
"Artıq neçə ildir Çəmənyurddakı
Binə yerlərinin yiyəsi gəlmir".
Ancaq yüzlərlə şeirin toplandığı kitabın ilk sətirləri insanı daha çox düşündürür, daha çox narahat edir:
"Sərhəd daşlarını güllələdilər,
Sərhədi qoruyan daş yaralandı..."

və bu yara Ramazanın əksər şeirlərində göynəyir, qan verir. "Gözəl Şuşam", "Təbrizli qardaşlarıma", "Dağlar", "Zəngəzurdadır", "Gəldinizmi, gözə dağlar?" şeirlərində həmin yara, sızıltı oxucuya da sirayət edir. "Murova yalnız durbinlə baxmaqla təsəlli tapan" müəllif hansısa məclisdə 71 yaşlı bir ağsaqqaldan soruşur ki, "hardansınız?" Kəlbəcərdən məcburi köçkün düşmüş ağsaqqal bu sualı eşidəndə kövrəlir:
"Dedi-elim, obam vardı,
Yüz beş yaşlı babam vardı.
Kəlbəcər tək qalam vardı,
Elim hara səpələndi?"

Bu sətirləri başlayanda qeyd etmişdik ki, Ramazan Səməroğlu da zamandan şikayət edir, vaxtdan giley-guzarlıdır. Bir milyon soydaşına qaçqınlıq, köçkünlük taleyi bəxş etmiş zamanla şair ürəkli qələm sahibi necə yola gedə bilər? Çətindir. Hətta, zaman Zəngəzur həsrətli şairin yalvarışını da eşitmir:
"Yalvarıram, zaman geri qayıda,
Doyunca su içəm yenə dağlardan".

"Vaxtın içində itən" müəllifin məhəbbət şeirləri də vətən şeirləri kimi ağır yüklü, çalın-çarpaz xəttlidir. "Bir qız ağlayırdı" adlı şeirdə həmin hisslər daha uğurlu şəkildə qələmə alınıb. Qızın göz yaşları "qəhrəmanı" çıxıb getməyə qoymur. Bu lövhəni birbaşa dilə gətirməyən müəllif göz yaşının yolu tutduğunu yazır:
"Göz yaşı axırdı...
Bir anda tuturdu mən gedən yolu".
Eləcə də "Təbiətin portreti" şeirində adi bitki yarpaqlarının bir neçəsinin bükülməsi barmaqları ilə nəyisə sayan insanın əlinə bənzədilir:
"Baldırğan elə bil günləri sayır,
Andız yarpağından şeh buxarlanır".
Daha maraqla oxunan şeirlərdən biri də "Durnalar" şeiridir. Müəllif durna qəribliyinə, durna çaşqınlığına o qədər aludə olur ki, öz taleyi ilə barışmır və ona kiminsə yeni bir tale yazmasını arzulayır. Bəs bu taleyi kim yazsın?
"Mənim taleyimi - yazsın durnalar,
Mənim taleyimi... özgə yazmasın".

Sonda müəllifin özü barədə bir neçə kəlmə. 1961-ci ildə Zəngəzur mahalının Qafan rayonunda (Kurud kəndi) dünyaya gəlib. Bakı Dövlət Universiteti filologiya fakültəsinin məzunudur. Müxtəlif ədəbi nəşrlərdə və dövri mətbuatda Ramazan Zəngəzurlu imzası ilə çıxış edib. Az TV, ANS, Lider, Spase telekallarında çalışıb.

{nl}

İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında