El yaylağa qalxır

Duman, gəl, get bu dağlardan

Batabat: Oğuz övladlarının – Beyrəklərin, Banuçiçəklərin, Fərhadların, Şirinlərin, Koroğluların, Nigarların, Nəbilərin, Həcərlərin qılınc oynadıb, at minib, ov ovladıqları, qurşaq tutduqları yurd yerimiz. Ordubad elinin başı üstündən başlayıb Batabatdan Sədərəyə qədər halay vurub, qol-boyun olan Naxçıvan dağları sanki çiyin-çiyinə vermiş bir əsgər kimi bu yurdun keşiyini çəkirlər.

Bəlkə də onların əzəmətli duruşudu, qaya baxışıdı Dədə Qorqud övladlarının qanına, canına hopub. Bəlkə bu qüdrətin sayəsində çomaq zamanından raket dövrünə kimi yurdumuza hücum çəkən yağı düşmənlər həmişə diz çöküblər.     Naxçıvan dağlarının "ovuc"unda onlarca güllü-çiçəkli, buz bulaqlı, xalı çəmənli yurd yerlərindən olan Batabatdakı yaylaqların bir vaxtlar çal-çağırlı növrağını fitnə-fəsadlı ermənilərin işğalçılıq planları pozsa da, indi bu əsrarəngiz yurd yerinin qonaq-qarası kimi, obaları da çoxalıb. Ulu öndərimizin yaratdığı Milli Ordunun əsgərləri səngərlərimizdə gecə-gündüz ayıq-sayıq keşik çəkirlər. İqtisadi gücü artan dövlətimizin hərbi qüdrəti qarşısında yenildiyini hiss edən erməni də Batabat aşırımının o üzündə bəlkə də yenə fürsət axtarır qan tökməyə. Amma atalarımız demişkən, "qurddan qorxan qoyun saxlamaz". Bu gün qurddan qorxmadan, elə qurdun qulağının dibində qoyun saxlayıb, yaylaqlara qalxan elimizin məhsul istehsalını artırmaq üçün bütün imkanlardan səmərəli istifadə etməsi muxtar respublikada kənd təsərrüfatının inkişafına əvəzsiz töhfələr verir.

Şahbuz rayonunun Batabat yaylağında oba quran sədərəkli, kəngərli, şərurlu, culfalı, şahbuzlu heyvandarlar – çobanlar, naxırçılar, sahmançılar buz bulaqların başında çadırlar qurublar. Bu obalarda yayın ilk ayından – iyundan məskən salanlar ta sentyabrın sonuna kimi gözmuncuğuna bənzər yurd yerlərinin gözəllikləri ilə nəfəs alacaq, təbiətin əsrarəngiz mənzərəsinin hər anının şahidi olacaqlar.

 El malını artıran, istehsal etdiyi məhsulun keyfiyyətini yüksəldən heyvandarlara hərtərəfli dövlət qayğısı göstərilir. Tez-tez binələrə yollanan maşın karvanları, həkim briqadaları onlara ticarət, iaşə  və tibbi xidmət göstərməklə kənd əməkçilərinin yaylaqlarda problemsiz yaşamalarına təminat yaradırlar. Onların sağlamlığının qorunması diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublika Ali Məclisinin sədri tərəfindən   bu istiqamətdə görülən tədbirlər öz bəhrəsini verir.

Dövlət qayğısı əhatəsində olan kənd əhalisi yaxşı işi ilə bu qayğıya cavab vermək istəyi ilə arandan yaylağa köçüb. Belə köç sayəsində Şahbuz rayonunun allı-güllü yaylaqlarında yüzlərlə çadır qurulub. "Əyri qar"ın sıldırım yamaclarından sübhün gözü açılar-açılmaz boylanan Günəşin şüalarından, yolların kənarlarında insan oğluna gəl-gəl deyən güllərin, çiçəklərin qönçə dodağının təbəssümündən, bulaqların zümzüməsindən, göllərin qırçın ləpələrinin təranəsindən pay alır onlar.

Bu günlərdə qonaq-qarası çox olan Batabata üz tutanlar təbii göllərin kənarlarındakı dağların döşünə muncuq kimi düzülən və kənardan boyunbağını xatırladan qoyun-quzuya tamaşa edirlər. O dağların bircə aşırımından o tərəfdə bu yerlərin həsrətilə qıvrılan ermənilərin varlığı belə, əvvəllərdən fərqli olaraq, indi heç kəsi qorxutmur. Bir vaxtlar bu yaylaqların, obaların gözəlliyinə qənim kəsilən qurd xislətli qarı düşmənə – erməniyə Batabatın indiki çal-çağırlı günləri də, yəqin ki, göz dağıdır.

 Bir vaxtlar – dünyanın düz vədəsində, yəni, ermənilərin qınlarından çıxmayan vaxtlarında güzarlarını bu yerlərdən salarmışlar. Bu barədə ömrünü obada, ormanda keçirən biçənəkli çoban Nüsrət Mədətovla və naxırçı Cəlil Orucovla söhbətimiz zamanı ötən illərin xatirələri çözələndi. Həmsöhbət olduğum dünyagörmüşlər oba günləri haqqında ürəkdolusu danışdılar. Qeyd etdilər ki, illər öncə obaların sakinləri üçün yaylaqlarda şənliklər keçirilərdi. Tarixin daş yaddaşı əbədiləşən Batabatdakı "Nəbi səngəri"ndə, "Fərhad evi"ndə əks-səda verib dağlara yayılan cəngi sədasından sonra nağara, qara zurna və sazın səsindən dağlar--dərələr elə bil azmanlaşar, çiçəklər bir az da gözəlləşər, təbiət sanki cilvələnərdi.

Mədəniyyət işçiləri maraqlı konsert proqramı ilə çıxış etməmişdən bir gün əvvəl obaya səs yayılarmış. Ehey...! Xançoban, Bəyçoban haradasınız? Obalara, oymaqlara xəbər verin. Görüşümüzə gələn olacaq. Qaraca çobanın səsi ətrafa yayılarmış. "Duman gəl,get bu dağlardan" adlı el şənliyi, beləcə, çal-çağırla başlayar, çobanlar rəqs edər, sağıcılar, sahmançılarla bir yerdə unudulmaz şirin xatirələrlə dolu gün keçirərmişlər. Elə həmin illərdə keçirilən belə şənliklərdə "Alçalı" bulaqda, "Ərikli"nin dolaylarında, "Turşsu"da, "Qara yoxuş"da – qədim türk yaylaqlarında öz mal-qarasını otaran erməni çobanları da bizimkilərə qoşularmış.

Biz onları dost, qonşu bilərdik –deyən Nüsrət baba 80 illik ömür yolunun yol yoldaşı olan insanlardan danışaraq təəssüf hissi keçirdiyini bildirdi. – Erməniləri süfrəmizin başında oturdardıq. Nə bilərdik ki, onlar bizim insanpərvərliyimizdən, sadəliyimizdən istifadə edib isti aşımıza su qatacaqlar. Ancaq atalar demişkən, "qonşuya quyu qazanın özü düşər". Onlar da əməllərinin cəzalarını bugünkü yoxsulluqla, səfalətlə, aclıqla çəkirlər. Biz yenə də yurdumuzun sahibi və sakinləriyik. Çünki ulu öndər Heydər Əliyev kimi böyüyümüz elə bir dövlət qurub ki, onu hər istəyən sarsıda bilməz. Bu yolu davam etdirən Prezidentimiz cənab İlham Əliyev də düşmənə söz savaşında qalib gəlməklə Vətənimizin gücünü, qüvvətini artırır.

Naxçıvanda da bu yolla gedən insanlar bir qarış yurd yerinə belə murdar erməni ayağını dəyməyə qoymadılar. Sərhəd kəndlərimiz inkişaf etdi, sərhədlərimiz göz bəbəyi kimi qorundu. Naxçıvanda görülən işlər ta bizim yaylaqlara qədər gəlib çıxıb. Yolumuz, suyumuz, işığımız, qazımız, rahatlığımız, dolanışığımız var. Bu, bizi sevindirir. Ona görə biz də arın-arxayın elin var dövlətini bu yaylaqlara gətirir və bir neçə ay ərzində ürəyin istəyən qədər yağ, süd, pendir, qaymaq, ət istehsal edirik. Mal-qaramız da ki, həm sağlam, həm də gümrah olur...

Ağsaqqalla söhbətim zamanı elə bildim qulağıma qara zurnada çalınan çoban bayatısının sədaları gəldi. Xatırladım ki, ötən illərdə bura gəldiyim zaman obaların birinin qənşərində çəlimsiz bir oğlanla rastlaşmışdım. Oğlan əlindəki rəngli qələmlərlə bir əlçim kağıza nəsə çəkirdi. Baxdım, kiçik kağız parçasından qartal baxışlı, dağ vüqarlı və əlində avtomat silah olan bir gəncin şəklini çəkir. Əli silahlı bu oğlan sanki gözlərini dağların gədiklərinə zilləmişdi. Qeyri-ixtiyari mən də çevrilib o dağlara sarı baxdım. Elə bu vaxt şəkli çəkən çəlimsiz oğlan dedi ki, qorxmayın, o gədiklərdə şəkildə  gördüyünüz kimi, əli silahlı əsgərlər indi bizi qoruyur, sinələrini Vətən torpağına sipər edirlər.

Nədən bunu xatırladım, bilmirəm. Amma inandığım o idi ki, indi Şahbuz rayonundakı yaylaqlarda bu qədər obaların olması, el varının o dağlara qaldırılması torpaqlarımızın qorunmasından, yağı düşmənin öz qınından çıxa bilməməsindən xəbər verir.

Çox da uzaq olmayan tariximizin 90-cı illərində – ulu öndər Heydər Əliyevin yurdumuza gəlişinə kimi qısa zaman da olsa, güllə səslərindən diksinən yaylaqlarımızın gözəlliklərinə "kənardan" baxmağa məcbur idik. Hələ burnu ovulmayan erməninin əl-ayaq açdığı o illərdə Naxçıvan da  qurbanlar verdi, şəhidlərimiz oldu. Amma ulu öndərin müdrik siyasəti sayəsində bir qarış yox, bir barmaq boyda belə elimizdən, obamızdan keçmədik. Şükürlər olsun ki, o günlər arxada qalıb. İndi vaxtı çatan kimi el yaylağa qalxır. Oba qurur, yurd salır, təbii sərvətlərimizdən yaxşı dolanışıq üçün istifadə edilir. Bunun bir səbəbi də ulu öndərin yolunu davam etdirən ölkə başçısının ideyalarının muxtar respublikamızda ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsidir. Nəticə isə sevindiricidir. İnsanlar yaylaqda da, qışlaqda da, kənddə də, şəhərdə də asudə və firavan yaşayırlar.

Şəhla NƏBİYEVA,
jurnalist


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında