“Jara” yaxud bütün ulduzlar Xəzər sahilində

Bu günlərdə günəşli və küləkli Bakının həyatı növbəti yeni bir hadisə ilə canlandı. İyulun 9-10-da paytaxtımız musiqi aləmində yay mövsümünün ən hərarətli hadisəsi olan “Jara” Beynəlxalq Musiqi Festivalına ev sahibliyi etdi. Festivalın təşkilatçıları müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur. Azərbaycanın imza atdığı bu ilk də uğurlu oldu, musiqi ictimaiyyəti və KİV tərəfindən adına layiq hərarətlə qarşılandı. 

Festivaldan əvvəl “Love” Radionun internet səhifəsində belə bir yazı dərc edildi: “Jara” musiqi festivalı: bütün ulduzlar Xəzər dənizinin sahilində”. Həqiqətən də, 500-dək qonağı olan bu festival çoxlu sayda nüfuzlu musiqiçilərin iştirakı ilə fərqləndi: Qriqori Leps, Polad Bülbüloğlu, Filip Kirkorov, Stas Mixaylov, Polina Qaqarina, Vladimir Presnyakov, Nyuşa, Leonid Aqutin, Sergey Lazarev, Timati, “A-Studio”, Nikolay Baskov, Valeriya, Ani Lorak, Emın, Aleksey Vorobyov, “MBAND”, Potap və Nastya dueti, Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva, “Rast” qrupu, Səmra Rəhimli, Burito, “A-DESSA” qrupu, Ciqan, Svetlana Loboda, Yeva Polna, N`everqrin, Vlad Sokolovski, Yulianna Karaulova və bir çox digər artistlər iki gün ərzində musiqisevərlərə ən gözəl anlar bəxş etdilər. “Hello, Rossiya” saytı isə festivalın çoxsaylı qonaqlarını “Bakıya ulduz desantı” adlandırdı.

 

Hərarət KİV-lərə də yayıldı

 

Bir tərəfdən görkəmli musiqiçilərin iştirakı, digər tərəfdən isə tədbirin keçiriləcəyi məkan – günəşli Azərbaycan festivalın möhtəşəm olacağından xəbər verirdi. Festivalın Moskvada keçirilən prepartilərindən süjetlər “Youtube” portalında və sosial şəbəkələrdə yayılmışdı. Rusiyanın nüfuzlu 70-dək KİV-i “Jara” festivalından danışdı. “Lifenews”, “Spletnik”, “Woman”, “7days”, “Hello”, “Starhit”, “Love Radio”, “Radio Dacha”, “Woman’s day”, “OK!”, “Peopletalk”, “Komsomolskaya pravda”, eləcə də sosial şəbəkələr hazırlıq işləri, məşqlər, ifalar, musiqiçilərin əyləncələri, müsahibələri, bir sözlə, festivalla bağlı bütün məsələləri böyük şövqlə, heyranlıqla ictimaiyyətə çatdırır, bir məqamı belə gözdən qaçırmır, çəkdikləri fotoları, süjetləri internetdə yerləşdirirdilər. Bu materiallar bütün nəşrlərin ilk səhifələrində, baş xəbərlərdə, sosial şəbəkələrdə yüksək əhval-ruhiyyə ilə dünyaya səs salırdı.

 

“Novaya volna” festivalı ilə rəqabət edəcək səviyyə

 

“Life.ru” saytı “Jara” festivalını “Novaya volna” ilə rəqabət edə bilən festival kimi dəyərləndirib. Sayt yazır: “Rusiya artistləri qastrollarına və məzuniyyətlərinə ara verərək Bakıya gəldilər ki, çoxminli auditoriya qarşısında çıxış etsinlər”.  Festivalın ilk dəfə keçirilməsinə baxmayaraq, nüfuzlu musiqiçilər buraya böyük həvəslə hazırlaşırdılar. Çünki onlarda bu tədbirin təşkilatçılarına, eləcə də festivalın keçiriləcəyi ölkənin bu sahədə böyük təcrübəsinə, xalqımızın qonaqpərvərliyinə inam vardı. Təsadüfi deyil ki, Sergey Kojevnikov jurnalistlərə müsahibəsində “Görürük ki, Azərbaycan belə möhtəşəm tədbirin keçirilməsinə hazırdır. Ona görə də növbəti dəfə “Jara” Beynəlxalq Musiqi Festivalı ya 3, ya da 5 gün ərzində olacaq”, - deyib.

 

Festivala dəstək və ya Bakı hər kəsin can atdığı məkandır

 

Şübhəsiz ki, dövlət səviyyəsində kömək olmadan bu miqyasda tədbiri təşkil etmək mümkün deyil. “Jara” festivalının keçirilməsi ideyası Azərbaycanda böyük dəstək tapdı. Festivalın ilk günü çıxış edən Emin Ağalarov Azərbaycan Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin təşəkkürünü bildirərək dedi: “Başlıcası odur ki, festivalda iştirak etmək üçün heç kimi dilə tutmaq lazım gəlmədi. Çünki bizim Prezident və onun komandası Bakını hər kəsin gəlib görmək istədiyi gözəl bir məkana çevirib”.

Beləliklə, “Jara” festivalı da Azərbaycanın ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı müsabiqəsi, “Bakı-2015” ilk Avropa Oyunları, “Formula-1” Avropa Qran-prisi və digər nüfuzlu tədbirlərlə bir sırada durub mədəniyyət tariximizə parlaq səhifə yazdı.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında