“Jara” beynəlxalq musiqi festivalı başa çatıb

Xəzər dənizinin sahilindəki “Sea Breeze” istirahət mərkəzində iyulun 9-10-da keçirilən “Jara” (“İsti günlər”) beynəlxalq musiqi festivalı paytaxtımızın sakinlərinə və şəhərimizin qonaqlarına xoş anlar yaşatdı.

Festivalın birinci gününün konsertinin gecəyarıyadək davam etməsinə, səhərədək “after party”nin keçirilməsinə baxmayaraq, növbəti gün səhər tezdən bütün işçi heyət - rejissorlar, səs operatorları, texniki işçilər, təşkilatçılar, ifaçılar, rəqqaslar iş başında oldular. İfaçılar mahnılarının notlarını, rəqqaslar hərəkətlərini, texniki heyət isə videogörüntünün hər kadrının dəqiqliklə işlənməsi üçün hazırlıq gördü. Heç kəsin əməyi hədər getmədi. Tamaşaçılara möhtəşəm şou təqdim edildi.

İyulun 10-da – festivalın ikinci günündə qırmızı xalının üstündən keçən musiqiçilər, eləcə də festivalın təşkilatçıları pərəstişkarları ilə fotolar çəkdirdilər, jurnalistlərin suallarını cavablandırdılar. Qonaqlar Bakı, onun görməli yerləri, şəhər sakinləri və Azərbaycan mətbəxinə valeh olduqlarını bildirdilər, festivalın ilk gününün konserti barədə təəssüratlarını bölüşdülər, tədbirin əhəmiyyətini, yüksək səviyyədə təşkil olunduğunu vurğuladılar.

Filip Kirkorov: “Vaxt edib şəhərə gəzməyə çıxdım. Dünənki möhtəşəm konsertdən sonra az da olsa istirahət etdim. Çoxlu şəkil çəkdirdim”.

Yana Çurikova: “İsti günlər” ümumi söz, ümumi fikirdir. Bu, yalnız havaya aid deyil. Bu söz həm də bizim burada yaşadığımız hisslərə aiddir. “Jara” festivalında ən yaxşı artistlər var. Bu festivalın keçirilməsi Eminin, Kojevnikovun və Lepsin ən yaxşı ideyalarından biridir. Təbiət, hava, məkan və insanlar bu festivalın yüksək səviyyədə keçirilməsinə imkan verir. Bakıda “Eurovision” mahnı müsabiqəsi və nüfuzlu beynəlxalq idman tədbirləri keçirilib. Bu cür tədbirlər Bakıda mütəmadi təşkil edilir”.

Leonid Aqutin: “Bakıda tez-tez oluram. “Jara” festivalı əla keçir. Gözəl məkandayıq. Səhnə də möhtəşəmdir. Tamaşaçılar həmişəki tək istiqanlıdırlar. Bakıda hər zaman belə olur”.

Valeriya: “Bakını sevirik. Çox yaxşı ki, festival buraya gəlməyə daha bir səbəb oldu. Bakını yaxşı tanıyıram, Azərbaycan mətbəxini sevirik. Biz Moskvada da Azərbaycan mətbəxinin təamlarından dadırıq”.

Nikolay Baskov: “Bakıya ilk səfərim deyil. Burada konsert proqramları ilə çıxış etmişəm. Bakı çox qonaqpərvər şəhərdir. Bu festivalın keçirilməsi əla ideyadır. Gələn il festivalın qonaqlarının sayı daha da çox olacaq və hər bir artist bu festivalda iştirak etməsi ilə fəxr edəcək”.

Sati Kazanova: “Festival çox isti, rahat və qonaqpərvər mühitdə keçirilir. Şadam ki, bu festivalda iştirak edirəm”.

Revva: “Mən Bakını, buradakı insanları, müsbət enerjini və qonaqpərvərliyi çox sevirəm”.

Lolita: “Təşkilatçılara dəvətə görə təşəkkürümü bildirirəm. Heyfsilənirəm ki, Bakıda az müddət olacağam. Ümid edirəm ki, tamaşaçılar tanınmış müğənnilərin parlaq çıxışlarından zövq alırlar”.

Potap və Nastya: “Bakını çox sevirik. Sonuncu dəfə burada 5 il əvvəl olmuşuq. Bakı inanılmaz dərəcədə inkişaf edib. Şəhəriniz çox gözəldir. Azərbaycana ailəvi gəlib istirahət etməyin başqa bir ləzzəti var”.

Stas Mixaylov: “Bakıdan hər zaman yaxşı emosiyalar alıram. Bu gün də istisna deyil. Yeni artistlər yeni musiqilər təqdim edirlər. Layihənin özü də əla ideyadır”.

Emin Ağalarov: “Jara” festivalı gözlənildiyindən də əla keçir. Enerji, əhval-ruhiyyə yüksək səviyyədədir. Bu, çox gözəl başlanğıc oldu. Gələn il daha isti olacaq”.

“MBAND” qrupunun üzvləri: “Hər şey əladır. İlk dəfədir Bakıdayıq və çox müsbət enerji aldıq. İki sutka ərzində cəmi iki saat yatmağımıza baxmayaraq, burada insanlardan aldığımız enerji bizə gümrahlıq verdi”.

Denis Klyaver: “Biz həqiqətən də sevinc hissləri yaşayırıq. İstirahətimiz də xoş keçir. Bunun üçün hər cür şərait yaradılıb. Qonaqpərvərlik yüksək səviyyədədir. Mətbəxiniz də ləzizdir. Hər şeyə görə təşəkkürümü bildirirəm”.

Yeva Polna: “Çoxdandır Bakıda olmamışam. Şəhər möhtəşəmdir – müasir, gözoxşayan tikililər. Xəzərin sahili də gözəldir. Mətbəxinizi sevirəm”.

Festivalın ikinci gününün konserti Anna Sedokova və Ciqanın artıq yeddi ildir ki, ifa etmədikləri mahnı ilə açıldı. Azərbaycanın “Eurovision-2016” mahnı müsabiqəsində təmsilçisi Səmra tamaşaçıları “Miracle” mahnısı ilə sevindirdi. Sonra “Arsenium”, “Serebro” qrupları, Emil Kadırov, Denis Klyaver, Mitya Fomin, Tünzalə Ağayeva, Stas Mixaylov çıxış etdilər. Daha sonra Emin, Keti Topuriya, Nikolay Baskov, Loboda “Nastroyeniye AMOR” mahnısını birgə ifa etdilər.

Festivalın bu günündə də Rusiya estradasının kralı Filip Kirkorov tamaşaçıların qəlbinə həm də Azərbaycan dilində danışması ilə yol tapdı. O, ifa etdiyi mahnının adını da dilimizə tərcümə etdi, rus dilində isə “Bakı, mən sənin uğrunda ölərəm” söylədi. Tamaşaçılar isə Filip Kirkorovla birgə mahnı oxudular. Onlar müğənnini səhnədən buraxmaq istəmirdilər.

“A`Studio” qrupu, Tomas Nevergreen, Yeva Polna, Revva, Valeriya, “A-DESSA”, “Pitsa” qrupları, Ani Lorak, “M BAND”, Lolita, “Band`eros”, Aleksey Vorobyov, Yulianna Karaulova, Narqiz Zakirova, “Vremya i steklo” dueti, “Burito” qrupu, Potap və Nastya dueti, Sergey Lazarev, Qriqori Leps, Timati, Nyuşa, Elina Çaqa və başqalarının çıxışları da festivalın adına uyğun hərarətlə qarşılandı.

Səhnədə tamaşaçılara səmimi hisslərini ifadə edən festival iştirakçıları Azərbaycan mətbəxinin şirniyyat və yeməklərinin çox dadlı olduğunu xüsusilə vurğuladılar. Aparıcı Yana Çurikova “Jara” festivalının uğurla baş tutduğunu söylədi, bu musiqi bayramının təşkilinə verilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Leyla Əliyevaya təşəkkürünü bildirdi.

Festivalda maraq doğuran məqamlardan biri də mahnıların həm səhnədə, həm də “Sea Breeze” istirahət mərkəzinin hovuzu ətrafında təqdim edilməsi oldu.

Festivalın sonuncu günündə Qriqori Leps, Emin, Nikolay Baskov və Aleksey Vorobyov dünya şöhrətli müğənni və bəstəkar ­Müslüm Maqomayevin xatirəsinə “Sinyaya veçnost” mahnısını ifa etdilər. Onlar bu mahnını Rusiya-Azərbaycan dostluğunu sübut edən daha bir amil kimi səciyyələndirdilər.

Tədbiri ən yaxşı quruluşçu rejissorlar hazırlayıblar. “İsti günlər” festivalı elə planlaşdırılmışdı ki, ifaçılar həm səhnədə, həm də zalda gəzişirdilər. Beləliklə, qonaqlar interaktiv prosesə və televiziya versiyasına cəlb olunublar.

“İsti günlər”in təşkilatçıları müğənni və musiqiçi Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Festival Bakıda hər il keçiriləcək. Əgər builki proqram iki gün üçün nəzərdə tutulubsa, gələn il artıq üç-dörd gün davam edəcək, artistlərin və çıxışların sayı da artacaq.

Musiqi bayramı Müslüm Maqomayevin “Azərbaycan” mahnısının sədaları altında möhtəşəm atəşfəşanlıqla başa çatdı.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında