“ÖLÜLƏR” yenidən səhnəmizdə

Azərbaycan ədəbiyyatında bədii yaradıcılığı  elmi təfəkkür səviyyəsində bilik və dünyagörüşü aşılayan, elmi araşdırmaları ən zərif bədii təsvir və ifadə vasitələri ilə cilvələnən, adı xalqımızın ictimai fikir tarixinə görkəmli yazıçı, alim, pedaqoq kimi əbədi həkk olunan  Mir Cəlal böyük Cəlil Məmmədquluzadə realizmindən bəhs edərkən göstərmişdir ki, ədibin “satirik komediyaları,  xüsusilə, bir üçlük  silsiləsi təşkil edən “Ölülər”, “Danabaş kəndinin məktəbi”, “Anamın kitabı” dramaturgiya tariximizdə yüksək pillə sayılır. Bu əsərlər nəinki ideya, məzmun etibarı ilə, həm də dramaturji quruluş, texnika, bədii sənətkarlıq etibarı ilə bitkin əsərlərdir.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı bu “üçlük silsiləsi”nin ən uca zirvəsi olan  “Ölülər” pyesini Mir Cəlalın son dərəcə tutarlı və dəqiq tərifinə bütün cəhətləri ilə cavab verə  biləcək səviyyədə tamaşaya qoymuş,  teatrsevərlərə qiymətli bir töhfə  bəxş etmiş və mübaliğəsiz demək olar ki, bütövlükdə, incəsənətimizin, mədəniyyətimizin böyük uğuruna imza atmışdır.

 Teatrın bədii rəhbəri, tamaşanın quruluşçu rejissoru respublikanın Xalq artisti Azər-paşa Zəfəroğlu bu uğurun əsl təşkilatçısı və icraçısıdır. Qeyd etmək lazımdır ki,  bu tamaşada Azərbaycan teatr incəsənəti tarixində ilk dəfə olaraq, tamaşanın müəllifi, quruluşçu rejissoru və rəssamı vəzifələrinin bir şəxsin simasında cəmləşdiyinin şahidi oluruq. O da Azərpaşa Nemətovdur. Azərpaşa müəllimi yaxından tanıyanlar buna heç  də təəccüblənmirlər.

Fövqəladə qabiliyyət sahibi olan  bu səhnə mücahidinin çoxcəhətli  istedadı, o cümlədən, güclü musiqi duyumu erkən gənclik illərindən üzə çıxmağa  başlamış, səhnəyə  meyli isə milli teatr incəsənətimizdə özünəməxsus yeri olan rejissor Zəfər Nemətovun ailəsində doğulub boya-başa çatmasından mayalanmışdır.

Mən Azərpaşa müəllimin teatrlarımızda tamaşaya qoyduğu bütün əsərlərə baxmışam. Bunlardan ikisini xüsusi qeyd etmək istərdim. Biri, milliyyətindən, ideya istiqamətindən, üslub və sənətkarlıq yönümündən asılı olmayaraq, bütün dünya rejissorlarının özləri üçün imtahan meyarı saydıqları “Hamlet”, digəri isə həyatını erkən yaşlarında itirmiş yazıçı-dramaturq Arif Süleymanovun “Tufandan əvvəl” tamaşalarıdır. Azərpaşa müəllim “Hamlet”in bütün müsbət məziyyələri ilə yanaşı, tamaşanın  finalında dünya şekspirşünaslığında tapıntı sayıla biləcək  bir addımla - Hamlet ruhunun ölməzliyini nümayiş etdirən  orijinal bir səhnə elementi ilə yadda qalmış, “Tufandan əvvəl” tamaşasında isə, əsərin sətiraltı məna və mündərəcəsini, müəllifin əsas ideyasını çox  düzgün tutmuş  – çarizmin, xalqlar məhbəsi sayılan bu imperiyanın süqutunun məhz Bakıdan başlandığını incə ştrixlərlə verə bilmişdir.

Bunlar Azərpaşa Neməto­vun bir rejissor kimi püxtələşməsinin uğurlu addımları sayıla biləcək  mərhələlərdir. Elə bu addımlar onu dahi Sabirin yana-yana :

Pah atonnan, nə ağır yatdı bu oğlan, ölübə,

Nə də tərpənməyir  üstündəki yorğan, ölübə... 

– misralarında təsvir etdiyi,  hər bir cəmiyyətdə olduğu kimi, bizim millətimiz arasında da o vaxtkı canlı ölüləri  diriltmək, onları qəflət yuxusundan ayıltmaq, ictimai təfəkkürün intibahına cəlb etmək arzusunun atəşi ilə alovlanan,  həm  də bu məqsədə çatmağın yollarını göstərən və beləliklə də ümumbəşəri  əhəmiyyət kəsb edən “Ölülər” pyesinin tamaşasına gətirib çıxardı.

Teatr formal olaraq  bəyan edir ki,  tamaşa “Ölülər” əsərinin Hüseynqulu Sarabskinin  1916-cı il ilk səhnə quruluşunun 100, Tofiq Kazımovun 1966-cı il səhnə quruluşunun 50, Xalq artisti Nurəddin Mehdixanlının 60 illik yubileylərinə həsr olunub.  Amma, həqiqət naminə  etiraf etmək lazımdır ki,  bu ithafların, onların doğurduğu məsuliyyət hissinin yaradıcı  kollektivin işinə nə qədər müsbət təsir göstərdiyi açıq-aşkar nəzərə çarpsa belə, tamaşa səhnə incəsənətimizin ən yüksək meyarlara cavab verə biləcək müstəqil bir nümunəsi  kimi  böyük uğur  qazanmış  və gələcəkdə özünün yubileylərinin keçirilməsi haqqını əldə etmişdir.

Tamaşanın məziyyətləri barədə danışmazdan əvvəl, zənnimcə,  onun bizim günlərimizdə, bütün ithaflara baxmayaraq, yeni quruluşda səhnəyə çıxarılması zərurətini aydınlaşdırmaq lazımdır. Ümumiyyətlə, bəşər mədəniyyətinin ən böyük nailiyyətləri, düha sahiblərinin əsərləri sosial və ya mənəvi  sifariş olmadan, bu əsərlərdə irəli sürülən məqsəd və vəzifələrin xəlqiləşdirilməsinə ehtiyac duyulmadan hasilə gəlmir. “Ölülər” də həmçinin.

Bu gün Azərbaycan müstəqil dövlətçilik həyatını yaşayır. Azərbaycan iqtisadiyyatı, bu sahədə, az-az ölkələr istisna olmaqla, bütün dünyanı bürümüş  böhrana baxmayaraq, inkişaf tempini saxlaya bilmişdir. Elə bu nailiyyətlərə əsaslanaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev indi insan kapitalı yaratmaq zərurətini dövlət vəzifəsi səviyyəsinə qaldırmışdır. İnsan kapitalı, ilk növbədə, pak və ülvi mənəviyyat sahibi  olan adamlardan yaranır. Pak və ülvi mənəviyyat sahiblərinin yolu elmdən, mütərəqqi təfəkkür tərzindən keçir. Onlar hər cür mövhumatın və xürafatın fövqündə dururlar. Bax bu nöqtədə   dövlətimizin başçısının cəmiyyətimiz qarşısında qoyduğu vəzifə ilə “Ölülər”in məzmunu  və ideyası vəhdət təşkil edir.

Kefli İskəndərin Şeyx Nəsrullaha qarşı mübarizəsi, onu ifşa etməsi insanların beyinlərinin və ruhlarının xürafat, mövhumat çirkabından təmizlənməsinə,  mənəviyyat süzgəcindən keçərək paklaşmasına  xidmət edir. Bu nöqtədə də dinin çağırışları və tələbləri  ilə  Mirzə Cəlilin mövqeyi üst-üstə düşür. Məhəmməd peyğəmbərin (s.ə.) İslam dininin adamları elmə, sağlam təfəkkürə çağıran bir din olması barədə xeyli hədisi-şərifləri var. Onlardan birini göstərmək kifayətdir: “Elm öyrənin –  beşikdən ta qəbrədək”.

“Ölülər” əsərinin dinə münasibətini xalqımızın ulu öndəri Heydər Əliyev çox düzgün və sərrast müəyyən etmişdir: “Ölülər” əsərindən uzun müddət din əleyhinə təbliğatda istifadə edilib və çox hallarda o, din əleyhinə yazılan bir əsər kimi qəbul  olunmuşdur... Ancaq Mirzə Cəlil əsəri yaradarkən heç də dinə müxalif çıxmayıbdır, əksinə, bu əsərlə dinin xalqımız üçün nə qədər böyük mənəvi dəyər olduğunu sübut etməyə çalışmışdır.  Eyni zamanda, o, dini təhrif  edənləri, dindən istifadə edib fırıldaqla məşğul olanları  ifşa edib, tənqid atəşinə tutubdur”.

Ulu öndərin bu sözləri bu gün,  bütövlükdə,  haqqında söhbət açdığımız “Ölülər” pyesinin yeni tamaşası üçün leytmotiv rolunu oynayır. Tamaşada bu aparıcı ideyanın səhnə təcəssümü olan bir çox epizodlar var. Xorasanda, guya dirilmiş Kərbəlayi Fətullahın qardaşı Məşədi  Oruca yazdığı məktubun oxunuşu səhnəsi  casus məlumatlarından ibarət yalan və fırıldaq məzmunlu bir parça kağızın təsiri ilə mövhumat və xürafat qurbanlarına çevrilmiş kütlənin avara, sərgərdan olmasını inandırıcı şəkildə canlandırır. 

Tamaşanın finalı isə Azərpaşa Nemətovun “Hamlet” tamaşasının finalındakı tapıntısının bu dəfə  kütləvi şəkildə yeni nümayişidir: elmə, tərəqqiyə, mənəvi saflığa aparan yolda öz çürük mənəviyyatı ilə maneəyə çevrilən diri ölülər qəbrə gömülür, onlara qalib gələn, elm, tərəqqi, mənəvi saflıq carçısı olan İskəndər isə gur səhnə işıqlarının nuruna boyanır.  Tamaşaçı inanır ki, əsərin yeni quruluşunun  elmi məsləhətçisi, Azərbaycan ədəbiyyatşünaslığında böyük nüfuz  sahibi olan akademik İsa Həbibbəylinin sözləri ilə desək, “Ölülər” tragikomediyası indi də mənəvi ölülüyə qarşı mübarizədə qüdrətli silahdır”.

Teatrın yaradıcı kollektivi, xüsusən, aparıcı rolları öz ifaları ilə obraz səviyyəsinə qaldıra bilmiş  aktyorlar bu “silah”dan düzgün istifadə etmək üçün  tamaşanın uğurunda böyük əmək və istedad sərf  etmişlər. Biz qəsdən ad çəkmirik. Çünki bu, uzun bir siyahı əmələ gəlməsinə səbəb olardı. Amma bir nəfərin ifasını qeyd etməyə bilmirik – respublikanın Xalq artisti, yubilyar Nurəddin Mehdixanlı! Adətən, yubilyarlara hədiyyə verirlər. Nurəddin Mehdixanlı isə təkcə Azərbaycanda deyil, bütün müsəlman ölkələrində, harada müsəlman icması varsa, orada su bulandıran, dinin birləşdirdiyi xalqları yenidən ayıran, onları  dindən təcrid edib, müxtəlif məzhəb və təriqətlər yaradaraq,   bəd əməllərə təhrik etməyə çalışan Şeyx Nəsrullahların ümumiləşdirilmiş obrazını yaratmaqla, ədəbiyyatımıza, mədəniyyətimizə qiymətli bir hədiyyə bəxş etmişdir.

Bütün bunlar göstərir ki, “Ölülər”in yenidən səhnəyə gəlişi tamaşanı  Akademik Milli Dram Teatrına sifariş vermiş  Azərbaycan Respublikası Mədəniyyət və Turizm  Nazirliyinin,  mədəniyyət işçilərinin, teatr xadimlərinin bu gün dövlətimizin, onun rəhbəri Prezident İlham Əliyevin yürütdüyü siyasətə düzgün mövqedən yanaşmalarının,  ona səs vermələrinin, insan kapitalı uğrunda mübarizənin önündə getmələrinin parlaq nişanəsidir. 

Hacı RAFİQ,
“Say”qəzetinin
baş redaktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında