Böyük mütəfəkkirə həsr olunmuş sərgi

Ulu öndər Heydər Əliyev Azərbaycan  milli-məfkurə xəzinəsini  formalaşdırmış tarixi şəxsiyyətlərimiz haqqında danışarkən Əbülhəsən Bəhmənyar, Nəsirəddin Tusi, Mirzə Fətəli Axundzadə və Abbasqulu ağa Bakıxanovun adlarını xüsusilə vurğulamışdır.

Bu dəqiq və yüksək qiymətləndirməni əsas götürən elm, təhsil və mədəniyyət müəssisələrimizdə həmin tarixi şəxsiyyətlərin həyat və yaradıcılığına dövri olaraq müraciət edilir. Belə müəssisələrin önündə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanası gedir. Kitabxananın həmin silsilədən olan növbəti tədbiri Abbasqulu ağa Bakıxanov mövzulu kitab, qəzet və jurnal məqalələrindən ibarət sərginin təşkil edilməsi idi.

Sərginin açılışında tamaşaçılara geniş məlumat verən mədəni-kütləvi işlər şöbəsinin baş kitabxanaçısı Jalə Məmmədova bildirdi ki, XIX əsr Azərbaycan maarifçilərindən biri olan Abbasqulu ağa Bakıxanov şair, yazıçı, alim, mütəfəkkir və tərcüməçi  kimi mükəmməl bir yaradıcılıq irsi qoyub getmişdir. O, "Gülüstani-İrəm" əsəri ilə Azərbaycan tarixşünaslıq elminin əsasını qoymuş,  "Qüdsi" təxəllüsü ilə Azərbaycan, ərəb və fars dillərində şeirlər yazmışdır. Bütün bu keyfiyyətlərinə görə onun əsərləri  müxtəlif illərdə və bir çox dillərdə nəşr olunaraq dünya oxucularına təqdim edilmişdir.

Natiq qeyd etdi ki, tamaşaçıların ixtiyarına verilən sərgidə böyük mütəfəkkirin öz əsərlərindən və onun haqqında yazılmış əsərlərdən ibarət, təxminən, 120 kitab və bir o qədər də qəzet, jurnal və digər çap məhsulları nümayiş etdirilir. Sərgidəki ən qədim kitab  1831-ci ildə Tiflisdə fars  dilində nəşr edilmiş "Qanuni-Qüdsi" kitabı, ən yeni çap məhsulu isə AzTV-nin əməkdaşı Həsən Cəbrayılovun  son otuz-qırx ildə A.A.Bakıxanov haqqında hazırlanmış televiziya verilişləri əsasında toplayaraq bugünlərdə oxuculara təqdim etdiyi kitabdır. Burada Tiflis, Bakı, Moskva, Tehran, İstanbul, Varşava,  Ankara, Leninqrad, Vaşinqton və digər şəhərlərdə çap olunmuş kitablar toplanmışdır.

Böyük ədibin yaradıcılığı və onun haqqında yazılmış elmi əsərlər  haqqında tamaşaçıların təhsil prosesində kifayət qədər məlumata malik olduğunu yada salan baş kitabxanaçı bu qəbildən olmayan iki kitab haqqında öz fikirlərini söyləmək istədi.  Həmin kitablardan biri Əməkdar jurnalist İttifaq Mirzəbəylinin 2011-ci ildə tərtib etdiyi "Qüdsi əbədiyyəti" kitabı, digəri isə Tahirə Nurullayevanın "Əlyazmaları kolleksiya kataloqu" adlı  kitab idi. "Qüdsi əbədiyyəti" kitabında hələ Abbasqulu ağa Bakıxanovun sağlığında ( Puşkinin anasından başlayaraq) qələmə alınmış, eləcə də ölümündən sonra  bugünədək qəzet və jurnallarda verilmiş bütün rusdilli və anadilli məqalələr toplanmışdır. Həmin kitabda Azərbaycanın ən görkəmli filosof, filoloq və tarixçilərinin böyük mütəfəkkir haqqında məqalələri vardır.  "Əlyazmaları kolleksiya kataloqu"nun  nə dərəcədə dəyərli olması isə bu kitabın adından da görünür.

Sərginin açılışında iştirak edən Bakıxanovlar sülaləsinin görkəmli nümayəndəsi, Xalq artisti, professor, "Şöhrət" ordenli bəstəkar Tofiq Bakıxanov ulu babasının xatirəsinə və elmi-bədii irsinə göstərilən ehtirama  görə Milli Kitabxananın rəhbərliyinə, sərginin təşkilatçılarına və qonaqlara  bütün bakıxanovlar adından minnətdarlıq etdi.

Rafiq SALMANOV,
"Xalq qəzeti"
(foto müəllifindir)


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında