Yazılı qaynaqlarda adı X əsrdən başlayaraq “Alıncaq”, “Alancıq”, “Əlincək” və “Əlincə” şəklində çəkilən qala Naxçıvan yolunun kənarında, Əlincəçayın sağ sahilində, dağ üstündə yerləşir. Bu adın qədim türk dilindəki “alan” (yastı, düzənlik, meydan) sözündən yarandığı ehtimal edilir. Qədim türk dilində dağın təpəsi anlamını verən “alın” və qənimət anlamı daşıyan “alınc” mənaları da olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” sərəncamı tarixi abidələrimzə göstərilən qayğının bariz nümunəsidir. Sərəncamda deyilir: “Naxçıvan Muxtar Respublikası qədim, orta əsrlər və yeni dövr tariximizin izlərini özündə əks etdirən nadir maddi-mədəniyyət və memarlıq abidələri ilə zəngindir. Beş minillik şəhər mədəniyyəti tarixi olan bu qədim diyar özündə ilk insanların yaşadıqları mağaraları, qədim yaşayış yerlərini, erkən şəhər mədəniyyəti qalıqlarını, möhtəşəm qala divarlarını, qayaüstü təsvirləri, daş qoç heykəllərini, xatirə memarlığının ən gözəl nümunələri olan türbələri əks etdirir. Hazırda muxtar respublika ərazisində 1200-dən çox dünya, ölkə və yerli əhəmiyyətli tarixi abidə qeydə alınaraq pasportlaşdırılmışdır ki, onların içərisində müdafiə qalalarının, o cümlədən “Əlincəqala”nın özünəməxsus yeri və rolu vardır”.
Həqiqətən, bu qalanın dünya mədəniyyəti tarixində xüsusi yeri və əhəmiyyəti vardır. Bura mədəniyyətin beşiyi, sisivilizasiyanın mərkəzidir. Bura ən qədim insanların yaşayış məskəni olmuşdur. Nuh dastanı ilə bağlı Şumer və Naxçıvan əfsanə və rəvayətlərdə Əlincəqalanın adı keçir.
Əlincəqalanın adı və salınma tarixi dəqiq məlum deyil. Xalq etimologiyasına görə, dağın adı “əlini çək” kimi də işlənmişdir. Elmi mülahizələrə görə isə dağın (həm də qalanın) adı Alançıq (“meydança”, “kiçik meydan”; alan - qədim türk dilində “düzənlik”, “meydan”) sözündəndir. Naxçıvan folkloruna görə, Əlincəqalanın adı Nuh peyğəmbərin nəticəsi Alınca xanın adı ilə bağlı yaranmışdır. Zaman keçdikcə, həmin qala adı canlı danışıq dilində tədricən Əlincə şəklinə düşmüşdür.
Ən qədim ulu dastanımız “Kitabi Dədə Qorqud”da Əlincə qalası möhkəm istehkam qala kimi təsvir olunur və 3 dəfə adı çəkilir: X boyda deyilir, “...yolu Əlincə qalasına uğramışdı...”; “...Əgrəgi tutdular, Əlincə qalasına zindana bıraqdılar”; “Hünərin var isə qartaşın Əlincə qələsində əsirdir, var onu qurtar”.
Bu qalanın hündürlüyü 2000 metrdir. Çıxılması çətin olan sıldırım qayalıqlarla əhatə olunmuşdur. “Əlincəqala” tarixdə Azərbaycan xalqının əyilməzlik və mübarizlik rəmzi kimi böyük şöhrət qazanmış, 1387-1401-ci illərdə – 14 il ərzində 4 dəfə Əmir Teymurun qoşunlarının hücumlarına müqavimət göstərmişdir.
Ali Məclis sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli sərəncamının icrası ilə əlaqədar muxtar respublika ərazisindəki tarixi abidələr qeydə alınıb pasportlaşdırılarkən “Əlincəqala” haqqında da məlumatlar toplanmış və bu abidə 2007-ci ildə dünya əhəmiyyətli abidələrin siyahısına daxil edilmişdir.
Şəmsəddin Eldənizin hakimiyyəti dövründə Atabəylər dövlətinin baş xəzinəsi Əlincə qalasında saxlanmış, Əlincədəki saraylar və yardımçı binaların bir çoxu Azərbaycan Atabəylərinin sifarişi ilə ucaldılmışdır. İndiyə qədər uçuqları qalan Əlincə qalasında uzunmüddətli hücumlara dözüm üçün hərbi-strateji və maddi-iqtisadi imkanların olduğu aydın görünür. Geniş düzənliyin ortasında yüksələn çılpaq, sıldırım dağa üç yandan dar “keçi cığırı” ilə qalxmaq olur. Bu cığırların zəif yerlərində divar və bürclərdən istehkamlar, səngərlər, hücum mövqeləri quraşdırılmışdır. Qalanın möhkəm divarları və qayanın sıldırım olması onu sarsılmaz müdafiə istehkamına çevirmişdir.
Qalanın kiçik şəhərciyi xatırladan yuxarı hissəsində bişmiş kərpicdən tikilmiş yaşayış və ictimai binaların xarabalıqları və bünövrə daşları nəzərə çarpır. Burada bulaqlar, üzümlüklər, əkin yerləri, otlaqlar, bağlar, zəmilər, hovuzlar olmuşdur. Qazıntılar zamanı yaşayış və ictimai məkanlar, tövlə, anbar, təndir, ovdan, yeraltı su xətləri – “kəhriz”lər aşkar olunmuşdur. Burada əl dəyirmanı, saxsı qablar, balta və pullara da rast gəlinmişdir.
Tarixçilərin verdikləri məlumata görə, Azərbaycan Atabəyləri-Eldənizlərin hakimiyyəti dövründə Əlincənin əhəmiyyəti xüsusilə artmış, hökmdar ailəsinin təhlükəsizliyini təmin etmək üçün sığınacaq yerinə çevrilmişdir. Naxçıvan hakimi Zahidə xatunun iqamətgahı və Eldənizlərin xəzinəsi Əlincədə yerləşirdi.
Yüksəklikdə yerləşən Əlincəqalanın çevrəsindəki qəbiristanlıq və türbələr, xanəgahlar bu yerlərin uzun illər abad yaşayış məskəni olduğundan xəbər verir. Əlincə qalası həm də hürufilərin yaşayış məskəni, qiyam və mübarizə məkanı olmuşdur. Hürufiliyin banisi Fəzlullah Nəimi 1394-cü ildə Miranşahın əmri ilə Əlincə qalasında öldürülmüş və Əlincə Xanəgahı deyilən yerdə də dəfn edilmişdir. Bu yer Culfa rayonundakı Xanağa kəndidir.
Əlincə qalası ilə bağlı Naxçıvan folklor mühitindən rəvayət və əfsanələr, bayatılar mövcuddur. Bir şeirdə isə deyilir:
Qurban olum torpağına, daşına,
Qaldır məni Əlincənin qaşına,
Qoy dolanım, Vətən, sənin başına
Deməsinlər, pərvanəsi çatışmır.
Əkrəm HÜSEYNZADƏ,
AMEA-nın Naxçıvan Bölməsi İncəsənət,
Dil və Ədəbiyyat İnstitutunun
folklorşünaslıq şöbəsinin müdiri,
filologiya üzrə fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.