Naxçıvanda “Əlincə qalası” tamaşasına baxış olub

Mübarizlik, əyilməzlik simvoluna çevrilən Əlincəqala əcdadlarımızın qəhrəmanlıq tarixindən və yadelli işğalçılara qarşı apardığı mübarizədən soraq verir. Qəhrəmanlıq, yurd sevgisi kimi ali dəyərləri yaşadan Əlincəqala Vətənə, dövlətçiliyə sədaqət, ana yurda sahiblik hissi aşılayır. Şair, yazıçı və dramaturqlarımız bu qalanı vəsf edən onlarla əsər yazıb, qala müdafiəçilərinin qəhrəmanlıq yolundan bəhs edən tamaşalar hazırlanıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 24-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında yazıçı-dramaturq Həmid Arzulunun “Əlincə qalası” tarixi dramı əsasında hazırlanmış eyniadlı tamaşaya baxış olub.

Tamaşa başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri 2014-cü il fevral ayının 11-də “Culfa rayonundakı Əlincəqala tarixi abidəsinin bərpa edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən Əlincəqalanın elmi-bərpa layihəsi hazırlanıb və 2014-cü ildə bərpa işlərinə başlanıb. 2016-cı il iyun ayının 17-də Əlincəqala tarixi abidəsinin və muzeyinin açılışı olub. Sərəncama uyğun olaraq Naxçıvan Dövlət Musiqili Dram Teatrı şair-dramaturq Həmid Arzulunun “Əlincə qalası” tarixi pyesinə yenidən müraciət edib və həmin əsər əsasında Əlincəqala tamaşasını hazırlayıb.

Sonra “Əlincə qalası” tamaşasına baxış olub.

Tamaşa uzun illər Əmir Teymura qarşı mübarizə aparan Əlincəqalanın müdafiəsindən bəhs edir. Qala müdafiəçilərinin qəhrəmanlıqları, naxçıvanlıların qurub-yaratmaq əzmi, uzun müddət mühasirədə yaşayan, lakin buna baxmayaraq qürurunu itirməyən xalqın həyat tərzi tamaşaçıya uğurlu səhnə həlli ilə çatdırılıb. Xalqın qəhrəman oğulları Əmir Altun, Rəşid və Əhədin insanları öz ətrafına toplayaraq vətənin müdafiəsinə qalxaraq xalqın mübarizə əzmini nümayiş etdirməsi əsərin əsas ideyasını təşkil edir. Əsərdə Azərbaycan qadınının hünər və cəsarəti, təmkin və sədaqəti, ailədə və cəmiyyətdə nüfuzu bir daha real səhnələrlə tamaşaçıya təqdim olunub. Gilan ananın xalqı mübarizəyə səsləməsi, igid vətən oğullarına dəstək olması, onlara nəsihət verməsi Azərbaycanda qadına, ana adına tarixən göstərilən ehtiramın daha bir ifadəsinə çevrilib. Tamaşa Əmir Teymurun qala müdafiəçilərinin hünər və cəsarəti qarşısında aciz qalması və sonda məğlub olması ilə sona çatır.

Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyevin quruluş verdiyi tamaşada Xalq artistləri Rza Xudiyev, Rövşən Hüseynov, Şirzad Abutalıbov, Azərbaycan Respublikasının Əməkdar artistləri Bəhruz Haqverdiyev, Əbülfəz İmanov, Xəlil Hüseynov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşıyev, aktyorlardan Elnur Rzayev, Şölə Novruzbəyli, Nurbəniz Niftəliyeva, eləcə də  Naxçıvan Dövlət Musiqili Dram Teatrının “Təməl” teatr studiyasının tələbələri öz ifaları ilə uğurlu səhnə həllinə nail olublar.

Tamaşadan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov səhnə arxasına keçərək uğurlu tamaşa münasibətilə yaradıcı heyəti təbrik edərək deyib: Əsər Azərbaycanın əyilməzlik qalası olan Əlincəqala ilə bağlı olduğuna görə onun səhnələşdirilməsi və aktyorların ifası da uğurlu alınmışdır. Vətən sevgisi və sənətin birləşməsi hər bir rolun uğurlu alınmasına imkan verdi. Xalqın keçmişi daşlarda, abidələrdə, kitablarda, əsərlərdə yaşadılır. Keçmişin yaşadılması isə gələcəyin qorunması deməkdir. Əlincəqalanın bərpa olunması, qala haqqında əsərlərin yazılması və tamaşaların hazırlanması ümumilikdə xalqımızın mübarizlik tarixini əbədiləşdirmişdir. Səhnə əsərində qala müdafiəçilərinin mərdliyi, onların namərdliyə qarşı apardıqları mübarizə, göstərdikləri vətənpərvərlik ustalıqla tamaşaçılara təqdim olundu. Ona görə də “Əlincə qalası” tamaşası muxtar respublikanın rayonlarında, hərbi hissələrdə göstərilməli, xalqımızın mübarizlik tarixi, vətənpərvərliyi təbliğ olunmalıdır.

Ali Məclisin sədri əsərin müəllifi, yazıçı-dramaturq Həmid Arzuluya və tamaşanın rejissoru, Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyevə təşəkkür edib, kollektivə yeni yaradıcılıq uğurları arzulayıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında