“Əbədi sülh naminə son döyüş istəyən” şairin ürək çırpıntıları

Yəqin, hamının yadındadır.  Xalq şairi Qabilin “Ümid sənədir ancaq, Azərbaycan əsgəri!” şeiri mətbuatda veriləndən sonra qısa müddətdə dillər əzbəri olmuşdu. Hamı şairin haqlı olduğunu söyləyirdi. Hətta  bu şeirin böyüklü-kiçikli hər kəsin əzbərləməsinin vacibliyini söyləyənlər də az deyildi.  Bu il aprelin əvvəllərində ermənilərin təmas xəttində törətdiyi təxribata layiqincə cavab verən və son 20 ildə düşmənin burnunu ilk dəfə əzən Azərbaycan Ordusunun zəfərli əməliyyatlarının nəticəsini görən hər kəs  məhz Qabilin həmin şeirini yada salırdı: “Ümid sənədir ancaq”...

Qabilin həmin şeirindən  çox illər sonra  — bu məzmunlu daha bir şeir oxuduq və ədəbiyyat həvəskarları, sözün həqiqi mənasında məmnunluq hissləri yaşadılar. 2010-cu ilin yazında oxuduğumuz həmin şeirin müəllifi ürəyi Vətən məhəbbətiylə alışıb-yanan qadın şairlərimizdən biri  – Ülkər Hüseynlidir.  Yaxşı ədəbi nümunə ilə rastlaşanda həmişə  zəng edən dostlarımdan biri o şeirin ilk bəndini mənə telefonda oxumuşdu:

 

Neçə ildir sinəmiz
               güllədən dəlik-deşik,

Böyüdülər körpələr
              görmədən qundaq beşik,

Viran qaldı yurdumuz,
              talan oldu ev-eşik.

Körpələrin gözündə
              mən gülüş istəyirəm,

Əbədi sülh naminə
              son döyüş istəyirəm!

 

Deyirlər, hər qəlbin öz dünyası var. Bu, bir həqiqətdir.  Amma o da həqiqətdir ki,  hər dünyanın da  onu duya bilən qəlbə ehtiyacı var. Bu,  yarı ədəbi, yarı fəlsəfi tezisin təsdiqini  şairə Ülkər Hüseynlinin  kitablarında asanlıqla görmək olur.  Onun şeirlərinin hər birini oxuyanda  hiss edirsən ki, bu sətirlər şeir yazmaq, kitab ərsəyə gətirmək üçün qələmə alınmayıb. Bu sətirlər dünyamızın, yəni böyük aləmin bir fərdin daxili aləmindəki əksini göstərmək üçün  yazılıb. Bu sətirlərdəki işıq  Vətən üçün yanan ürəyin qığılcımlarıdır, bənd-bənd, şeir-şeir, kitab- -kitab artaraq alova çevrilir.  Şairənin bu günlərdə “ŞUŞA” nəşriyyatında işıq üzü görmüş  “İtirdiyim ünvana məktub” adlı ikinci kitabında   (redaktoru Vasif Quliyevdir) həmin od-alov daha aydın görünür. Ön sözün müəllifi, Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadənin fikrincə, Ülkər Hüseynli bu kitabdakı müxtəlif mövzulu şeirləri ilə oxucunu təkcə tanış etmir, həm də təəccübləndirməyi bacarır.  Kitabı vərəqlədikcə, şeirləri oxuduqca, ön söz müəllifinin qənaəti ilə razılaşırsan.

Yeri gəlmişkən, Ülkər xanım təxminən 10 il qabaq işıq üzü görən “Mən şeir yazmıram ki ...” kitabında bəyan edirdi ki, mən şeir yazmıram, sadəcə, ürəyimi narahat edən hissləri, insanların dərd-sərini, dünyanın problemlərini, ən başlıcası isə:

Mən şeir yazmıram ki,
Mən “özümü” yazıram. 

Ürəyimi sətir-sətir düzürəm
Misraların arasına.

Beləcə yazdı və sonra məlum oldu ki, o, şeir yazır, özü də, yaxşısından.  “Üzümdə təbəssüm dolandı daim, İçdən hönkür-hönkür hey ağlasam da” -  deyən müəllif, əslində, bu fikirlərlə həqiqi şairlərimizin min illərdən bəri yaşadığı talenin bir parçası olduğunu dilə gətirir.

İndi isə  müəllifin zamanı görməsi barədə. Doğrudan da, zamanı necə, harada görmək olar? Ülkər Hüseynli həmin ünvanı belə qələmə alır:

Zamanı harada görmək olar?

Böyüdükcə ömür möhlətinin,
Kiçikliyini anlayanda.

Edib-etmədiklərinə görə
Özünü danlayanda.

Tanışların azalan sıralarında,
Qəlbinin günbəgün  artan yaralarında...

Nəhayət,  əlimizdə olan kitabın adı ilə bağlı məqama qayıdaq. Zamanı görə bilən  şairənin itirdiyi ünvan uşaqlıq illəridir. “Çoxdan ayrıldığım uşaqlığa məktub yazmışam” - sətiri ilə başlanan şeirdə deyilir:

Darıxmışam,
                   isti-soyuq bilmədən

Həyət-bacada qaçdığımız
                       günlərimiz üçün.

Darıxmışam, məktəb
                      dəhlizlərində qalan izlərimiz,

Divarlara hopmuş şaqraq
                      gülüşlərimiz üçün.

Adama elə gəlir ki, bu sətirlərin müəllifindən incə, kövrək kiminsə olduğunu təsəvvür etmək çətindir. Amma elə deyil. Onun qətiyyətini, iradəsini, mətinliyini göstərən “Son döyüş istəyirəm!” şeirinin finalına baxmaq kifayətdir ki, müasir Azərbaycan ədəbiyyatında  daha bir aslan ürəkli  xanım şairin olduğuna inanasan:

Nə qədər eşitmişik
                   yalan vədi, sözləri,

Həqiqətə açılmır
           dünyanın kor gözləri.

Səbirdən keçdi daha,
                 tükətdilər bizləri,

Türkün əzəl yurduna
             tez dönüş istəyirəm,

Qələbə şərəfinə
              son döyüş istəyirəm.

 

Rafiq SALMANOV,
“Xalq qəzeti”,
foto müəllifindir


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında