“Bir millətim, bir sazımdı, bir Vətən”...

Uzun illər  ölkənin musiqi ictimaiyyəti arasında, mədəniyyət xadimləri ilə ünsiyyətdə olan bir qələm sahibi kimi bilirdim ki, Bakıda tar və kaman da daxil olmaqla bir çox musiqi alətlərimizi, hətta, Qərb alətlərini belə  hazırlayan  və ya təmir edən ustalar olub.

Ancaq Bakı mədəni mühitində sazbəndin olması barədə heç bir məlumatım yox idi. Çünki sazbəndlər Borçalıda, Göyçədə, Tovuz - Qazax - Gədəbəy bölgələrimizdə ola bilərdi və olurdu. Əslində indi haqqında söz açdığımız sazbənd Qəzənfər Tağılı da Gədəbəy bölgəmizdəndir. Ötən əsrin 70-ci illərində Bakıya köçən bu soydaşımız  öz fitri istedadı nəticəsində Bakı sazbəndliyinin təməlini qoyub. Doğrudur, sonralar paytaxtımıza köçən sazbəndlər çox olub. Buna baxmayaraq Bakıda saz bağlayan ilk usta kimi onun adı tarixə düşüb.  Amma o da faktdır ki, onun tarixə düşməsinin əsas səbəbi hazırda dünyanın 20-dək ölkəsini təmsil edən  peşəkarların ondan alıb xaricə apardıqları sazlardır.

Kamil usta və maraqlı insan olan  Aşıq Qəzənfər Tağılı uzun illər 35 saylı musiqi məktəbində dərs deyib, dəfələrlə müsabiqələrdə qalib olan çoxlu yetirmələri var, özü ondan çox saz havası yaradıb. Hamı tərəfindən yüksək qiymətləndirilən “Qəzənfər harayı” adlı saz havasını 20 Yanvar faciəsinə həsr etmişdi. Həmin illərdə bu hava radio və televiziyada bilavasitə öz ifasında, həm də dəfələrlə səsləndirilib. Bundan başqa, “Sazbənd Qəzənfərlə telli sazın dastanı” adlı əsəri də vardır.

Bu sətirlərin qələmə alınmasının səbəbi isə başqadır. Belə ki,  50 ildən artıq bir müddətdə Sazbənd Qəzənfər təxəllüsü ilə şeirlər yazan bu soydaşımızın “Yaşa -dedi, ellər mənə” adlı üçüncü kitabı  bu günlərdə işıq üzü  görüb. İndiyədək onun “Özgə adla gəzəmmərəm” (bu kitab sonradan Türkiyədə Anadolu türkcəsində də çıxıb) və “Sazbənd Qəzənfərin saz-söz dünyası” kitabları oxuculara təqdim edilmişdi. Azərbaycan Yazıçılar və Aşıqlar birliklərinin üzvü, Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi rəhbərliyinin “Fəxri fərman”ları, Aşıqlar Birliyinin “Fəxri diplomu” ilə təltif olunmuş, “Qızıl qələm” mükafatı laueratı olan yaradıcı soydaşımızın yeni kitabında aşıq şeirinin demək olar ki, bütün janrlarında qələmə alınmış nümunələr vardır.

Ürəyindəki üç müqəddəs sevginin ünvanını “Bir millətim, bir sazımdı, bir Vətən” - deyə göstərən şairin yeni kitabı  barədə mülahizələrimizi kitabda verilmiş ön sözün müəllifi Müzəffər  Şükürün bir cümləsi ilə tamamlamaq istəyirik: “Hələ neçə-neçə illər beləcə  saz-söz yaradıcılığı Qəzənfər Sazbəndin poetik axtarışlarında qoşa qanad kimi irəliləyəcək, özünə yeni-yeni pərəstişkarlar tapacaq”.

Rafiq SALMANOV,
“Xalq qəzeti”,
foto müəllifindir


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında