Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Londonda 28 May Respublika Günü münasibətilə rəsmi ziyafət təşkil edib. Mərasimdə Heydər Əliyev Fondunun vitse- prezidenti Leyla Əliyeva, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri Nərgiz Paşayeva, Milli Məclisin üzvü, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, Avropa-Azərbaycan Cəmiyyətinin sədri Taleh Heydərov iştirak etmişlər.
Böyük Britaniya hökumətini təmsil edən XİN-nin Şərqi Avropa və Mərkəzi Asiya İdarəsinin direktoru Maykl Tethem, diplomatik korpusun marşalı Alister Hamilton, Britaniya XİN-in əməkdaşları, Türkiyə, Rusiya, Çexiya, Slovakiya, Gürcüstan, Türkmənistan, Monteneqro, Küveytin Londondakı səfirləri, bir sıra ölkələrin diplomatları mətbuat nümayəndələri, ölkəmizlə yaxından əməkdaşlıq edən QHT və təşkilatların təmsilçiləri, Londondakı azərbaycanlı icmasının üzvləri, ümumilikdə, 200-ə yaxın qonaq tədbirə qatılmışlar.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə tarixə nəzər salaraq 1918-ci ilin bu günündə Azərbaycan xalqının özünün müstəqilliyini elan etdiyini və müsəlman Şərqinin ilk respublikası olan Azərbaycan Demokratik Respublikasını qurduğunu bildirib. Diplomat uzun illər SSRİ-nin tərkibində olmasına baxmayaraq, dövlətçilik ənənəsini itirməyən Azərbaycan xalqının 1991-ci ildə Sovetlər Birliyinin dağılması ilə yenidən öz müstəqilliyinə qovuşduğunu və ölkəmizin dünya birliyinin bərabərhüquqlu üzvünə çevrildiyini diqqətə çatdırıb. Daha sonra müasir Azərbaycanın iqtisadi, sosial, siyasi münasibətlərindən söhbət açan səfir, bu gün Azərbaycanın dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoq üzrə tanınmış mərkəzə çevrildiyini qeyd edib.
Britaniya ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərin hər sahədə sürətlə genişləndiyini diqqətə çatdıran T.Tağızadə bu əlaqələrin inkişafına dəstək verənlərin fəaliyyətinin əvəzsiz olduğunu qeyd edib.O, Britaniyada Heydər Əliyev Fondunun vitse- prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə açılan sənət qalereyasını və professor Nərgiz Paşayevanın təşəbbüsü ilə Azərbaycan və Qafqaz bölgəsini öyrənən Britaniya Fondunun yaradılmasını nümunə göstərib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə söhbət açan səfir 23 ildir ölkəmizin bu füsunkar guşəsinin işğal altında olduğunu qeyd edib.
Mərasimdə ənənəvi olaraq Bakıda keçirilən Beynəlxalq Humanitar Forumu dünyada hökm sürən humanitar böhrana fərqli yanaşmaları ümumiləşdirmək, yeni həll yolları tapmaq və beynəlxalq birliyin həmrəyliyinə nail olmaq baxımından önəmli olduğu diqqətə çatdırılıb. Ötən ilin iyununda “Bakı-2015" Birinci Avropa Oyunlarının, cari ilin aprelində Bakı şəhərində BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun uğurla keçirildiyi vurğulanıb, bu ilin iyun ayında Bakıda “Formula 1" yarışlarına hazırlığın başa çatdığı qeyd edilib.
Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya İdarəsinin direktoru Maykl Tethem, ikitərəfli münaisbətlərimizin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb. Qeyd edilib ki, Britaniya Azərbaycanın ən böyük investorlarındandır, Britaniya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməyə böyük maraqları var. Bu ilin fevral ayında Britaniya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın ilk iclasında bütün sahələrdə əməkdaşlığımız və gələcək perspektivlərin geniş müzakirə olunduğu vurğulanıb. Britaniya XİN rəsmisi əlaqələrimizin sadəcə enerji deyil, digər sahəlrədə də sürətlə genişləndiyinin sevindirici hal olduğunu vurğulayıb. Bildirilib ki, münasibətlərimizin daha da inkişafı üçün böyük potensial mövcuddur və Britaniya hökuməti Azərbaycan ilə əlaqələrin genişləndirilməsində maraqlıdır.
Milli Məclisin deputatı, Azərbaycan-Böyük Britaniya parlamentlərarası işçi qrupunun rəhbəri Cavanşir Feyziyev ölkələrimizin parlamentlərarası münasibətlərindən danışaraq bildirib ki, Birləşmiş Krallıq Azərbaycanın müstəqilliyini Avropada ilk tanıyan dövlətlərdən olub. Hələ 1918-1920-ci illərdə ölkələrimiz arasında siyasi-diplomatik əlaqələr qurulub. Millət vəkili qeyd edib ki, ölkəmiz 1991-ci ildə müstəqilliyini yenidən bərpa etdikdən sonra, Britaniya ilə Azərbaycan parlamentləri arasındakı münasibətlər də yeni inkişaf mərhələsinə qədəm qoyub.
Deputatın çıxışında bütün sahələrdə olduğu kimi Azərbaycan və Böyük Britaniyanın parlamentləri arasında da faydalı və işgüzar münasibətlərin mövcud olduğu vurğulanıb və həmin münasibətlərin bundan sonra daha da inkişaf edəcəyinə əminlik ifadə olunub. Tədbirdə Azərbaycan milli ornamentləri, suvenirləri ilə bəzədilmiş stend təşkil edilib, ölkəmizin iqtisadi sosial inkişafı və turizm imkanlarından bəhs edən kitablar da nümayiş olunub, sənədli film nümayiş etdirilib.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.