Xalq rəssamı Hüseyn Əliyevin “Mənzərələr” adlı fərdi sərgisi açılacaq

İyunun 2-də Müasir İncəsənət Muzeyində Azərbaycanın Xalq rəssamı Hüseyn Əliyevin “Mənzərələr” adlı fərdi sərgisi açılacaq.

Müasir İncəsənət Muzeyindən AZƏRTAC-a bildirilib ki, sərgi iyulun 2-dək davam edəcək.

Görkəmli rəssam Hüseyn Əlirza oğlu Əliyev 1911-ci il aprelin 22-də Zəngəzur mahalının Comərdli kəndində anadan olub. İlk təbiət mənzərəsini 12 yaşında çəkib. 1927-1932-ci illərdə Bakıda Rəssamlıq Texnikumunda oxuyub. 1922-1931-ci illərdə “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlıq edib, onun bir sıra karikaturaları jurnalın səhifələrində çap olunub. 1932-1935-ci illərdə Leninqrad Boyakarlıq, Memarlıq və Heykəltəraşlıq İnstitutunda təhsil alıb. “Kommunist” qəzetində (indiki “Xalq qəzeti”) 50 il əsas rəssam kimi fəaliyyət göstərib.

Böyük Vətən müharibəsində iştirak edən rəssam “Qafqazın müdafiəsinə görə”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində fədakar əməyə görə”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 30 illiyi” medalları və “Xalqlar dostluğu”

 ordeni ilə təltif olunub.

Hüseyn Əliyev istedadlı rəssam kimi üç dəfə Azərbaycan, bir dəfə Ukrayna Ali Sovetinin fəxri fərmanlarına layiq görülüb. 1940-cı ildən Rəssamlar İttifaqının üzvü olan Hüseyn Əliyev 1977-ci ildə Əməkdar rəssam, 1982-ci ildə Xalq rəssamı fəxri adlarına layiq görülüb.

Rəssamın təbiətin gözəlliklərini əks etdirən mənzərələri monumentallığı ilə seçilir. Bu əsərlər qeyri-adi koloriti ilə diqqəti cəlb edir, Vətənə böyük sevgisindən xəbər verir. Milli incəsənətin tarixində öz yeri olan Hüseyn Əliyevin əsərləri xaricdə də tanınır, sevilir və çox yüksək qiymətləndirilir.

Təsadüfi deyil ki, Hüseyn Əliyev bu ifadəni tez-tez təkrarlayırdı: “Mənim müəllimim təbiətin özüdür!” Uşaqlığı Zəngəzur və Naxçıvanda keçən rəssam təbiətin rəngarəng qammasının vurğunu idi. Bu vurğunluq onun hər bir əsərində, rənglərin palitrasında, yaradılmış obrazların reallığında hiss olunur.

Ustad rəssam tərəfindən yaradılan bütün əsərlərin əsasını şəxsiyyətin psixoloji dərkedilməsi və təbiətin fəlsəfəsi təşkil edir. Rəssam onu əhatə edən təbiətdə başqalarının görə bilmədiklərini görür, onu özünəməxsus, adi baxışa zidd dərk edir. O, qəhrəmanlarının daxili dünyasını çox incəliklə təsvir edir, bunu onların üzlərində əks etdirirdi.

Təsvirin heyranedici reallığı və rənglərə olan qeyri-adi hissiyyatı sayəsində Hüseyn Əliyev lirik və romantik mənzərələrin rəssamı kimi tanınıb. Onun yaradıcılığının əsas istiqaməti də bu idi.

Hüseyn Əliyev mənzərələrinin rəngarəngliyi romantizmə həvəsləndirir, insanın hiss və emosiyalarına güclü təsir edir.

Parlaq rəng palitrası Hüseyn Əliyevin mənzərələrinin xarakterik xüsusiyyətlərindən biridir.

Həyat, sevgi, gözəllik, dinamizm – Hüseyn Əliyev yaradıcılığını bu cür xarakterizə etmək olar.

Bir ay ərzində ziyarətçilər həftənin II-VII günləri saat 11.00-dan 20.00-dək Müasir İncəsənət Muzeyində Xalq rəssamı Hüseyn Əliyevin “Mənzərələr” sərgisi ilə tanış ola bilərlər. Sərgiyə giriş biletinin qiyməti 5 AZN, tələbələr üçün 2 AZN-dir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında