Beş günlük qonaq (sənədli hekayə)

(əvvəli)

Artıq üçüncü gün idi ki, onlar Şəmkirdə qonaq idilər. Bütün günü kolxoz və sovxozlarda olur, əməkçilərlə görüşüb söhbət edirdilər. Şəmkir və onun gülərüz camaatı Fadeyevin xoşuna gəlmişdi. Ona görə də buradan getməyə tələsmirdi. Səməd Vurğun ona mane olmaq istəmirdi. Əslində, Fadeyevin belə ləngiməyi onun da ürəyindən idi. Səməd vaxt tapıb arabir Şəmkirdə yaşayan qohumu İbrahimə, Aftab xanıma baş çəkirdi. Çox sevdiyi Şəmkir aşığı Teymurun, Məsimin qonağı olurdu.

Nahardan sonra qonaq evinin həyətindəki bağda xeyli söhbət etdilər. Üz-gözündən yorğunluq tökülən Fadeyev bir az dincəlmək istədiyini dedi.

Mehdi Hüseyn Səmədə rayon mədəniyyət evində “Tarzan” kinosuna baxmağı təklif etdi.

Səməd Vurğun etiraz etmədi. Yalnız respublika mədəniyyət nazirinin müavini Məmməd Əfəndiyev getməkdən imtina etdi.

Səməd Vurğun:

- Bu, lap yaxşı oldu, - dedi - sən elə burada qalsan, pis olmaz. Hər halda qonağı tək qoyub getmək yaxşı düşməz.

Təxminən yarım saat sonra xidmətçi qadın tələsik Məmməd Əfəndiyevin yanına gəlib, dedi ki, qonaq durub əl-üzünü yuyur. Məmməd Əfəndiyev pilləkənlə üzüyuxarı çıxanda əli dəsmallı qonaqla qarşılaşdı. Fadeyev baş ağrısından yata bilmədiyindən şikayətləndi. Səmədgilin harada olduğunu soruşdu. Kinoya getdiklərini biləndə:

- Qoy, - dedi - onlar kinoya baxsın, biz də gəl onlar qayıdana kimi məşğul olaq.

Fadeyev “məşğul olaq” deyəndə içməyi nəzərdə tuturdu. Məmmədi qorxu hissi bürüdü. Üzü gəlmirdi ki, “içən deyiləm” - desin. İçkiyə çox az meyl edən, xoştəbiətli insan idi.

Hələ yığışdırıb qurtarmadığı süfrəyə xidmətçi yenidən yemək-içmək düzdü. İlk badəni Məmməd qaldırdı. Hörmət və ehtiram əlaməti olaraq “respublika sahibi”nin şərəfinə içməyi təklif etdi:

- Bağırov yaxşı dövlət xadimidir, əsl kommunistdir.

O, danışdıqca Fadeyevin sifəti sərtləşir, əsəbi üzündə göy damarlar oynaşırdı. Ürəyində fikirləşirdi ki, indi buna Bağırovun yaxşı, pis adam olmağını başa salmaq çətindir. Vaxt gələr, özü xəcalət çəkər. Bir də ki, bunun hamısı qorxudandır. Görünür, otuz yeddidən buna da “pay” düşüb.

Fadeyev heç nə demədən, hirsini boğa-boğa ona axıracan qulaq asdı. Ağır və kədərli səslə Məmmədin gözləmədiyi qeyri-adi bir təklif deyib içdi:

- Biz incəsənət işçiləriyik. Yaxşısı budur, mərhum Üzeyir bəyin xatirəsini yad edək. O, ədəbiyyatda, incəsənətdə və insanlıqda əvəzsiz şəxsiyyət idi.

Məmməd quruyub qaldı. Onun etiraz etməyə nə imkanı oldu, nə də sözü. Hər ikisi bir neçə dəqiqə susduqdan sonra Fadeyev papiros çəkmək üçün eşiyə çıxdı. Məmmədin əlinə girəvə düşdü. Qonağa yoldaşlıq etmək xatirinə öz badəsinə çay süzdü. Bir azdan Fadeyev geri qayıtdı. Məmməd onun badəsini konyakla doldurdu.

- Aleksandr Aleksandroviç, içək Azərbaycan xalqının sınanmış oğlu Bağırov yoldaşın sağlığına...

Fadeyevin sərt baxışından Məmmədə elə gəldi ki, indicə durub onu şillələyəcək. Özünü itirən Məmməd cümləsini bitirə bilmədi.

Əli çənəsində, gözü Məmmədin üzündə qalan Fadeyev, stola söykənib qürurla:

- Azərbaycan xalqının ən gözəl, sınanmış kommunist oğlu Səməd Vurğundur. İçək onun sağlığına, - deyib son damlasına qədər içdi.

Bu dəfə Məmməd Əfəndiyevdə qorxu əlaməti həqiqətən hiss olunurdu. İnqilabçı əmisi Soltan Məcid Əfəndiyevin heç nədən gedər-gəlməzə göndərilməsini, əmisinə görə işdən qovulub ev dustağı olmasını, partiya sıralarından nahaqdan çıxarılmasını yadına saldı. Bütün bu şər və iftiralardan təmizə çıxana kimi az qala on il qocalmışdı. “Bu, nə iş idi yenidən düşdüm. Qonaq bəlkə məni sınayır”, – deyə fikirləşən Məmməd badəyə əl atıb yenidən Bağırov haqqında təmtəraqlı sağlıq demək istəyəndə Fadeyev onu qabaqladı:

- İçək sizin sağlığınıza...

- Məmməd Əfəndiyev badə əlində quruyub qalmışdı. Fadeyev sol əlilə alnına tökülən tel-tel saçlarını geri eləyib, xırdaca, mavi gözlərilə gülümsündü: - Sizin sağlığınıza içək, sizi deyirəm, şəxsən sizin və ailənizin...

- Aleksandr Aleksandroviç, icazə verin sizin yazıçı...

- Niyə etiraz edirsiniz. Utanmayın, çəkinməyin. Mənim dostum Səməd Vurğun deyir ki, utancaqlığın özü də bir eybəcərlikdir. Darıxmayın, mənim də sağlığıma içərik. Hələ vaxt çoxdur, səhərə qədər burdayıq, mən sizin sağlığınıza içirəm.

Həyətdə səs-küy eşidildi. Taxta pillələrlə kimsə qalxırdı. Artırmada Səməd Vurğun göründü. O, Fadeyevə yaxınlaşıb əlini çiyninə qoydu, stul çəkib əyləşdi:

- Saşa, - dedi, - bağışla, kinoya sənsiz getdik, yatmışdın, narahat eləmək istəmədim.

Fadeyevin gözləri işıqlandı, zarafatla:

- Yaxşı eləmisən, Səməd, biz heç də darıxmamışıq. Ötən gəncliyimizdən, məhəbbət macəralarımızdan bir-birimizə danışıb ləzzət almışıq...

Hamı oturdu. Kimi filmdən, kimi də Gəncəyə səhər saat neçədə yola düşəcəklərindən söhbət açdı. Məmməd bir azdan ayağa durub, Səməd Vurğuna da çölə çıxmağa işarə elədi.

Həyətdə bir az əvvəl olmuş “sağlıq əhvalatı”nı həyəcanla Səməd Vurğuna danışdı. Şair onu axıra kimi dinləyib:

- Məmməd, bu əhvalatı məndən başqa daha heç kimə danışma, – dedi.

 

*  *  *

 

Əhvalatdan iki saat keçməmiş Məmməd Əfəndiyevi dövlət telefonuna çağırıb tapşırdılar ki, təcili Bakıya qayıtsınlar, Bağırovun əmri belədi. İkinci katib Çeplakov dedi ki, yoldaş Bağırov bərk əsəbiləşib. Deyir, orada yenə nə qatıb-qarışdırmısınız? “Vozmite s soboy mılo i moçalku, v banü poydete. Vıezjayte sroçno v Baku”.  

Geri qayıdırdılar. Görünür, Bağırovun kabinetindən kədərlə başlanan səfər orda da qanqaralığı ilə sona çatmalı idi. Yalnız qabaqdakı maşında əyləşən Fadeyevlə Səməd Vurğun zarafat edir, deyib-gülürdülər. Arabir yolda dayananda Mehdi Hüseyn Səmədi belə şən görüb təəccüblə deyirdi:

 -  Zalım oğlu, qurd ürəyi yeyib, elə bil, cəllad yanına yox, toya-bayrama gedir.

Səməd Vurğun, həqiqətən nə Bağırovun qan saçan gözlərindən vahiməyə düşürdü, nə də onun hədə-qorxusundan...

... 1939-cu il noyabrın 28-də Samur-Dəvəçi kanalının açılışı mərasiminə Səməd Vurğun dəvət olunmamışdı. Təntənəli açılış günü şair özü ora getdi. Yığıncağın başlanmasına beş-on dəqiqə qalmış Bağırov Səmədi görüb, təəccüb və kinayə ilə:

- Sən nə əcəb gəlmisən? - deyə soruşur.

Səməd Vurğunun sanki cavabı hazır idi. O, özünü itirmədən, qorxub-çəkinmədən deyir:

- Gəldim ki, xalqın təntənəsini, şadlığını öz gözlərimlə görüm, onların sevincinin şahidi olum.

- Onda bu təntənəyə gərək mütləq şeir oxuyasan - deməkdən başqa Bağırovun əlacı qalmır.

Səməd Vurğun elə oradaca yazdığı “Samur” şeirini oxuyur:

 

... Qarlı dağlar qucağından
                     şırıl-şırıl süzülən,

Çəmənlərin ayağına
                    inci kimi düzülən,

Sahillərdə güzgü kimi
                  şəfəq salan büsatın

Sağlığına saz tutaraq,
              söz deyirəm indi mən!

 

*  *  *

Samur çayı salam verir
                     bizim ağır ellərə,

Öz suyunu şərbət kimi
                   o paylayır çöllərə;

Dümsükləyib təbiəti
                    yuxusundan oyadır,

Alqış onun yaxasında
                    tarix yazan əllərə...

 

...Böyük Vətən müharibəsinin cahanşümul Qələbəsindən bəhs edən pyesini yazıb qurtaranda dostlarına oxumuşdu. Onu müharibədə qəhrəmanlıqla həlak olan dostu İslam Məmmədovun xatirəsinə həsr edib, adını da “İslam” qoymuşdu. Bağırova çatdırmışdılar ki, əsərdə İslam dini təbliğ olunur. Səhərisi gün Səməd Vurğunu hüzuruna çağıran Bağırov özündən çıxıb demişdi:

- “Peyğəmbər”i yazan Hüseyn Cavidin aqibətini yadına sal. Səni də onun dalınca göndərərəm. Onun yolunun davamçısı olmaq istəyirsən? Bizə İslam dinindən, onun xeyir-şərindən moizə oxumaq lazım deyil!

- Bağırov əllərini qoşalaşdırıb şairin gözləri qarşısında oynatdı. - Göndərərəm!...

Səməd Vurğun dərhal hiss elədi ki, Bağırov niyə məhz “Peyğəmbər”in adını çəkir. Deməli, ona mənim yeni əsərim haqqında tamam başqa fikir söyləyiblər.

O, cəsarətlə dedi:

- Mənim pyesimdə dindən əsər-əlamət yoxdur. Əsər Böyük Vətən müharibəsindən bəhs edir. Onu sizin də yaxşı tanıdığınız Qazax Rayon Partiya Komitəsinin keçmiş katibi, müharibədə qəhrəmanlıqla həlak olmuş İslam Məmmədovun xatirəsinə həsr etmişəm.

Bağırov bar-bar bağıraraq:

- Bilmirəm, dəyiş adını, dəyiş! - deyib əlindəki bir dəstə qələmi yerə çırpmışdı.

Onda əsərə heç bir xələl gəlmədən “İslam” “İnsan” olmuşdu...

 

*  *  *

 

1939-cu ildən başlayaraq hökumət rəhbərlərinin iştirakı ilə tez-tez ziyalıların yığıncağı keçirilirdi. 1949-cu ilin noyabr ayında keçirilən yığıncaqda M.C.Bağırov odlu-odlu danışır, qabaqcıl rus dilini tərifləyir, övladlarını rus məktəbində oxudan ziyalıları alqışlayırdı. Uşaqlarını rusca oxutmayan bəzi ziyalıları isə millətçilikdə, türkçülükdə ittiham edirdi.

- Bax, elə götürək xalq düşməni Dadaş Bünyadzadəni şair Səməd Vurğunla müqayisə edək. Bu iki nəfərin bir fərqi var: Dadaşın gözləri qonur idi, Səmədin isə gözləri qaradır.

Bu ittiham və müqayisədən sonra keçmişdi Səməd Vurğunun uşaqlarının Azərbaycan dilində oxumağı məsələsinə. Sual olunur: niyə Səməd Vurğunun balalarının heç biri rus dilində oxumur? Deməli, Səmədin özünün qatı millətçi olmağı bəs deyil, balalarını da türk şovinisti kimi tərbiyə edir. Məgər belə ailə başçısı ilə kommunizm qurmaq olarmı? İcazə verirəm, qoy şair bu barədə ciddi düşünüb düz yola qayıtsın...

Səməd Vurğun əlini qaldırıb danışmaq istədiyini bildirdi. Ona söz verdilər. Təmkinlə dil, millət və təhsil haqqında danışan Səməd Vurğun dedi:

- Mən yoldaş Bağırovun ilk ittihamına, guya “xalq düşməni” olmağıma heç cavab vermək istəmirəm. Çünki mən həyatımda və yaradıcılığımda xalqımızın əsla düşməni deyil, həqiqi dostu olmağımı çoxdan sübut etmişəm. Qaldı ki, mənim uşaqlarımın rus məktəbində oxumamağının səbəbinə, yoldaş Bağırov unudur ki, mən Azərbaycan şairiyəm! Mənim balalarım məni başqa dildə tərcümədə oxusalar, bu mənim üçün böyük bir faciə olar!

Səməd Vurğunun bu sözlərindən sonra zalda bərk gurultulu alqışlar səsləndi. Rəyasət heyətində oturanların hamısı, xüsusən M.C.Bağırov qəzəbli baxışlarla zala baxdı. Bir an tərəddüd içində qalan M.C.Bağırovun özü də əl çalmağa başladı...

...Səməd Vurğunun həyatı ilə bağlı olan bir hadisəni xatırlayıram:

1948-ci ilin apreli. Azərbaycan KP MK bürosunda Sov. İKP MK-nın “Leninqrad” və “Zvezda” məcmuələri haqqında qərarı ilə əlaqədar Azərbaycan ədəbiyyatının vəziyyəti müzakirə olunurdu.

Büronun gedişində M.C.Bağırov böyük şairə atmacalar atır, - öz üzərində işləmirsən, klassikləri oxumursan, - deyə onu nüfuzdan salmağa çalışırdı. Səməd Vurğun özünü təmkinli aparır və yeri gəldikcə atmacaların cavabını verirdi. Qəzəblənmiş Bağırov şairin sözünü kəsərək deyirdi: “Ya sənin kimi bir neçə nəfəri qurban verəcəyəm, ya da Azərbaycanı Azərbaycan edəcəyəm”.

 M.C.Bağırovun təklifi ilə Azərbaycan Yazıçılar İttifaqını yoxlamaq üçün xüsusi komissiya ayrıldı və komissiyaya rəhbərlik Təhlükəsizlik Komitəsinin sədrinə tapşırıldı...

Bu hadisədən sonra Səməd Vurğunun bədxahları onun əsərlərini təftiş etməyə başladılar. “Aygün” poeması əleyhinə yazılmış və əsl həqiqəti deməkdən uzaq olan məqalələrdən birinə Səməd Vurğun cavab yazdı. Lakin onun yazısını heç bir redaksiya çap etməyə cürət etmədi" (fəlsəfə elmləri doktoru, professor Cahid Quliyevin  “Azadlıq və məsuliyyət” məqaləsindən. “Kommunist” qəzeti, 22 yanvar 1989-cu il).

(ardı var)

Şəmistan NƏZİRLİ


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında