Azərbaycan yaxın gələcəkdə turizm ölkəsinə çevriləcək

Biz ölkəmizin turizm imkanlarını daha geniş şəkildə təbliğ  etməliyik.  Çünki bizim gözəl təbiətimiz var, istənilən turizm növü Azərbaycanda  mövcuddur.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 


 

Azərbayanın qeyri-neft sektorunda önəmli yer tutan turizm ölkə iqtisadiyyatının daha da güclənməsinə xidmət edir.  Son illər  bu sahənin inkişafına göstərilən  diqqət və qayğı nəticəsində  Azərbaycanda  geniş  turizm infrastrukturu yaradılmış, yeni mehmanxanalar, istirahər guşələri  istifadəyə verilmiş,  ölkəyə turistlərin  cəlb olunması üçün  mühüm layihələr reallaşdırılmışdır.

Nazirlər Kabinetinin 2016-cı ilin  birinci rübunun sosial-iqtisadi inkişafının yekunlarına  və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında  geniş nitq söyləyən  Prezident İlham Əliyev ölkədə  qeyri-neft sektorunun inkişafına  xüsusi diqqət  yetirmişdir. Ölkə  başçısı  demişdir: “Qeyri-neft  sektoru bu gün  Azərbaycan iqtisadiyyatının  əsas hissəsini təşkil edir. Biz buna nail olmuşuq və gələcəkdə, əlbəttə, çalışmalıyıq ki,  qeyri-neft sektoru  bizim ixrac strukturumuzda da  daha böyük çəkiyə  malik olsun.”

Ölkəmizdə turizm sahəsi böyük perspektivlərə malikdir. Turizmin əksər növlərinin (kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman, dini və s.) inkişafı üçün geniş imkanlar mövcuddur. Son illərdə əldə olunmuş sürətli sosial-iqtisadi tərəqqi bu sahənin hərtərəfli inkişafına yeni imkanlar açıb. Turizm ehtiyatlarının öyrənilməsi, genişləndirilməsi, turistlərin tələbatının ödənilməsi üçün zəruri xidmətlərin təşkili və müasir standartlara uyğunlaşdırılması, sanatoriya-kurort imkanlarının genişləndirilməsi, mehmanxanaların və digər turizm obyektlərinin sayının artırılması, turizm marşrutlarının çoxaldılması  istiqamətində həyata keçirilən  davamlı  tədbirlər öz real nəticələrini verməkdədir. Əsas  məqsəd turizmin ölkə iqtisadiyyatının ən dayanıqlı, effektiv və rəqabətə davamlı sahəsinə çevrilməsindən ibarətdir.

Ölkəmizdə  turizmlə bağlı  müsbət dinamika güclənməkdədir. Hər il Azərbaycanda 25-50 yeni mehmanxana, hotel, motel və digər turist yerləşdirmə obyektinin təməli qoyulur. Bundan başqa, iş adamlarında turizm sahəsinə böyük maraq yaranıb.

Qeyd etdik ki, qeyri-neft sektorunun inkişafında turizmin öz yeri,  ölkəmizdə bu sahənin inkişafı  üçün zəngin potensial var. Prezident İlham Əliyev bir neçə mühüm sahə ilə yanaşı, Azərbaycanda turizmin inkişafını da qeyri-neft sektorunun əsas istiqamfətlərindən biri elan edib və bu istiqamətdə atılan addımlar artıq öz bəhrəsini verir. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycanda turizmin inkişafı sürətlə gedir, yeni hotellər, istirahət zonaları, beynəlxalq səviyyəli turizm kompleksləri açılır. Son illər ölkəmizin uğurlu sosial-iqtisadi inkişafı, möhkəm daxili sabitlik respublikamıza turist axınını şərtləndirən əsas amillərdəndir.

Azərbaycanın coğrafi baxımdan əlverişli məkanda yerləşməsi, flora və fauna növlərinin müxtəlifliyi, Xəzər dənizi, infrastruktur təminatının yaxşılaşdırılması turizmin imkanlarını daha da artırır. Görülən tədbirlərin nəticəsidir ki, son illər ölkəmizin regionlarına gələn həm yerli, həm də xarici turistlərin sayı artmaqdadır.

Ölkəmizdə turizm infrastrukturunun müasir standartlara uyğunlaşdırılması, mövcud turizm məhsullarının təkmilləşdirilməsi sahənin perspektiv inkişafına imkan verir. Zəngin potensialı olan paytaxt Bakı ilə yanaşı, ölkənin bütün bölgələrində turizm obyektləri yaradılır. Bu gün dövlət siyasətində hər bölgənin turizm potensialı və ənənələri əsas götürülməklə, müvafiq infrastrukturun qurulmasına xüsusi diqqət yetirilir, başqa sözlə desək, ölkəmizin turizm siyasəti kompleks xarakter daşıyır. Qısa müddətdə Azərbaycanın müxtəlif bölgələrində turist marşrutları üzrə mükəmməl infrastruktur şəbəkəsi yaradılması və müasir turist yerləşdirmə obyektlərinin istifadəyə verilməsi bunun təsdiqidir. Ölkəmizin reytinqinin yüksəlməsində mühüm rol oynayan Şahdağ Qış-Yay Turizm Kompleksi belə yüksək səviyyəli obyektlərdəndir. Bu kompleks dünyadakı oxşar turist obyektlərindən nadirliyi və universallığı ilə fərqlənir.

Başqa bir beynəlnəlxalq səviyyəli turizm mərkəzi “Tufan” Dağ-Xizək Qış İstirahət Kompleksi son üç ildir Azərbaycanın dilbər guşələrindən olan Qəbələ rayonunda yaradılır. Bu iri kompleksin yaradılması göstərir ki, Azərbaycanda turizmin inkişafına və bu sahədə infrastrukturun yaradılmasına, həqiqətən, böyük qayğı var. Bu layihə çərçivəsində indiyədək nəhəng infrastruktur yaradılmış, avtomobil yolu çəkilmiş, torpaq sürüşməsinin qarşısının alınması üçün mühafizə tədbirləri görülmüşdür.

Son üç il ərzində Bakıda bir neçə beşulduzlu otel açılmışdır. Bu otellər dünyanın ən yüksək keyfiyyətli  otelləri sırasına daxildir. “Fourseasons”, “Fairmont”, “Marriott”, “Hilton”, “Kempinski”, “Cumeyrah”, “Sheraton”, “Hyatt” kimi otellər  Bakıda yerləşir.  Yəni, biz bunu ancaq dünyanın inkişaf etmiş şəhərlərində müşahidə edə bilərik.

Mədəniyyət və  Turizm Nazirliyinin “elektron hökumət” Dövlət İnformasiya Sistemi" (EHDİS) portalına qoşulmaq üçün müvafiq işlər aparılmış, nazirliyin e-xidmətlər saytında (www.e-services.mct.gov.az) müxtəlif interaktiv xidmətlər göstərilmişdir. Hazırda turizm, mehmanxana, mehmanxana tipli obyektlərə və turizm fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərə icazələrin, lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu yalnız e-xidmətlər vasitəsilə həyata keçirilir.

Azərbaycanda zəngin müalicəvi kurort mərkəzlərinin yaradılması istiqamətində də işlər davam etdirilir. Hazırda ölkəmizin turizm siyasətində belə mərkəzlərin yenidən qurulması əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilir. Məsələn, Naftalan əvvəlki şöhrətini özünə qaytarır. Burada üç gözəl otel fəaliyyət göstərir. Qalaaltı Kurort-Müalicə mərkəzi də turistlərin müraciət etdiyi əhəmiyyətli turizm obyektidir.

Hazırda Azərbaycan turizm sahəsində geniş beynəxalq əlaqələr qurur. Belə ki, respublikamız turizm sahəsində inkişaf etmiş ölkələrlə əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalayıb.Respublikamızın turizm təşkilatları son illər Dünya Turizm Təşkilatının  (DTT)  tədbirlərində yaxından iştirak edirlər. Ölkəmizi təmsil edən bir neçə turizm şirkəti də DTT-nin assosiativ üzvləri sırasına daxil olub. Bu isə, öz növbəsində, DTT-yə üzv ölkələrdə respublikamızın tanınmasına və turizm potensialının təbliğinə geniş imkanlar açır.

Azərbaycan hər il dünyanın böyük şəhərlərində təşkil olunan beyənlxalq turizm sərgilərində iştirak edir. Bu yaxınlarda isə Pekində “COTTM-2016" beynəlxalq turizm sərgisində də Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin yerli turizm şirkətləri və ”Azərbaycan Hava Yolları” QSC-nin nümayəndələri təmsil etmişlər. Sərgidə ölkəmizin  turizm  imkanlarının təbliğ olunması üçün nazirlik tərəfindən 39 kvadratmetrlik pavilyon icarəyə götürülmüşdür. Burada Azərbaycanın rayonlarını, paytaxt Bakını, ölkəmizin təbiətini, mili mətbəximizi, turizm potensialını təbliğ etmək məqsədilə ingilis və Çin dillərində müxtəlif növ reklam-çap məhsulları nümayiş etdirilmişdir. Beynəlxalq sərgiyə Azərbaycanla yanaşı, 65 ölkədən 300-ə yaxın şirkət qatılmışdır. Bu sərgiyə Azərbaycan 5-ci dəfə idi ki, qatılırdı. Qeyd edək ki, ötən il Çindən ölkəmizə 5 mindən çox turist səfər edib.

Son illər Azərbaycanda təşkil edilən Beynəlxalq Turizm və Səyahətlər Sərgisi ölkəmizin turizm potensialına marağı xeyli artırmışdır. 15 ildir ənənəvi olaraq keçirilən bu tədbirlərin açılış mərasimlərində ölkə Prezidenti də iştirak edir.

Dünya İqtisadi Forumu (DİF) “2015-ci il üçün səyahət və turizm rəqabətliliyi hesabatı”nda Azərbaycan 141 ölkə arasında insan resursları və əmək bazarı göstəricisinə görə 36-cı yeri tutmuşdur. Hazırda turizm sənayesi ölkə üzrə ümumdaxili məhsulun 4 faizini təşkil edir. Azərbaycanda 250-dən çox turizm şirkəti və 570-dən çox yerləşdirmə yeri fəaliyyət göstərir. Son on ildə ölkəmizə gələn turistlərin sayı 5 dəfədən çox artıb.

Azərbaycan bu gün böyük beynəlxalq tədbirlərin məkanına çevrilib. Ölkəmiz bir çox mədəniyyət, idman və digər sahələr üzrə beynəlxalq tədbirlərə, o cümlədən, ənənə halını almış Dünya Mədəniyyətlərarası Dialoq və Bakı Beynəlxalq Humanitar forumlarına layiqincə ev sahibliyi edir. Eyni zamanda, Bakıda  böyük uğurla keçirilən  birinci Avropa Oyunları, BMT-nin Sivilizasiyalar Alyansının  7-ci Qlobal Forumu ölkəmizin turizm potensialının  təbliğində  əhəmiyyətli rol oynadı. Şübhəsiz ki,  paytaxtımızda baş tutacaq Formula 1 Avropa Qran-pri yarışı da turizmin inkişafına  öz təsirini göstərəcək. Belə mötəbər tədbirlərin keçirilməsi ölkəmizin dünyada artan nüfuzunu bir daha sübut edir.

Azərbaycan xalqının qonaqpərvərlik və tolerantlıq ənənələri hər zaman ölkəmizə gələn turistlərin diqqətini cəlb edir. Turizm məqsədilə Azərbaycana səfər etmək istəyən bütün turistlərin rahat, təhlükəsiz   istirahəti üçün zəruri  şərait yaradılmışdır.

Bütün bunlar  Azərbaycanın yaxın  gələcəkdə turizm  ölkəsinə  çevriləcəyinə böyük inam yaradır.

Mehdi MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


 

Məqalə Azərbaycan Mətbuat Şurasının və Mədəniyyət və Turizm Nazirliyinin “Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında