Gəncənin mərkəzində, Heydər Əliyev adına meydanda Miniatür Kitab Muzeyinin filialının açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi, tarix elmləri doktoru Dilarə Seyidzadə, Miniatür Kitab Muzeyinin yaradıcısı və təsisçisi, Əməkdar mədəniyyət işçisi Zərifə Salahova, Milli Məclisin deputatları, həmçinin şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin əziz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tədbiri açaraq, qonaqları Nizami yurdunda salamlamaqdan məmnunluğunu ifadə edib. O, Miniatür Kitab Muzeyinin Gəncə filialının açılmasını təqdir edərək burada toplanan kitabların tədqiqatçılar və oxucular üçün faydalı olacağını deyib. Qeyd edib ki, müasir dövrdə miniatür kitablar mədəniyyət nümunəsi kimi dəyərləndirilir və cəmiyyətdə maraqla qarşılanır. Həcmcə kiçik olsalar da, böyük dəyərə malik miniatür kitablar xüsusi kitabxanalarda, muzeylərdə, sərgilərdə nümayiş etdirilir.
Zərifə Salahova mərasim iştirakçılarına təsisçisi və yaradıcısı olduğu Miniatür Kitab Muzeyi, burada toplanan nadir nəşrlər haqqında məlumat verib. Diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyev miniatür kitabları yüksək dəyərləndirir, onların nəşrinə daim dəstək verirdi. Zərifə Salahova muzeyin Gəncə filialının yaradılmasının Azərbaycanda miniatür kitabların təbliğinə növbəti töhfə olduğunu bildirib. Diqqətə çatdırıb ki, bu filialda ümumilikdə 15 vitrində 29 ölkədə yüksək poliqrafik səviyyədə nəşr edilən müxtəlif mövzularda 1018 nüsxə mini kitab nümayiş olunur.
Dilarə Seyidzadə öz çıxışında Azərbaycanda miniatür kitab nəşrinin, belə kitabların toplanmasının və Miniatür Kitab Muzeyinin yaradılmasının Əməkdar mədəniyyət işçisi Zərifə Salahovanın adı ilə bağlı olduğunu söyləyib. Diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyev Zərifə Salahovanın miniatür kitab işi sahəsindəki fəaliyyətini yüksək qiymətləndirirdi. Muzeyin əhəmiyyətini vurğulayan Dilarə Seyidzadə deyib ki, bu, Zərifə Salahovanın uzun illər boyu sərf etdiyi gərgin əməyinin bəhrəsidir. Zərifə xanım qarşısına məqsəd qoyub ki, Azərbaycanın böyük şəhərlərində muzeyin filiallarını yaratsın. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev də Zərifə Salahovanın gördüyü bu işi dəstəkləyir. Deyə bilərəm ki, Zərifə xanım öz missiyasını çox gözəl yerinə yetirir.
Dilarə Seyidzadə qədim Gəncədə Miniatür Kitab Muzeyinin filialının açılmasını, habelə şəhərdə həyata keçirilən abadlıq-quruculuq işlərini, mədəniyyətimizə göstərilən diqqət və qayğını yüksək qiymətləndirib.
Tədbir iştirakçılarının muzeyin ekspozisiyaları ilə tanışlığı Azərbaycanda nəşr olunan kitablarla başlayıb. Burada ümummilli lider “Heydər Əliyevin Vətənə, dövlətə sədaqət andı” adlı miniatür kitab, ulu öndərin tarixi xidmətlərini, müstəqil Azərbaycan Respublikasının həyatında baş verən mühüm tarixi hadisələri, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətini, Azərbaycanın klassik ədəbiyyatını, elm və incəsənətini işıqlandıran miniatür kitablar toplanıb.
Muzeyin Gəncə filialında, həmçinin xarici ölkələrdən olan görkəmli siyasətçilərə, ədəbiyyat, elm, incəsənət və idman xadimlərinə həsr olunan, dünya ədəbiyyatının nadir incilərini əks etdirən miniatür nəşrlər və rəngli illüstrasiyalı uşaq miniatür kitabları sərgilənir. Burada miniatür dini kitablar, o cümlədən ekspozisiyanın 15-ci vitrinində 1672-ci ildə Səudiyyə Ərəbistanında çap olunan Quran nümayiş etdirilir.
Ekspozisiya zalında ulu öndər Heydər Əliyevin “Azərbaycanda miniatür kitab nəşri sahəsində Zərifə xanım Salahovanın fəaliyyəti yüksək qiymətə layiqdir” sözləri yazılan guşədə Azərbaycan və xarici ölkələr, beynəlxalq qurumlar tərəfindən Zərifə Salahovaya təqdim olunan mükafat və təltiflər sərgilənir. Burada, həmçinin Miniatür Kitab Muzeyinin və onun yaradıcısı Zərifə Salahovanın səmərəli fəaliyyətini əks etdirən rəngli fotoşəkillər də yer alıb.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.