Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Nüşabə Məmmədovanın yeni nəşr edilmiş “XX əsrin əvvəllərində Şimali Azərbaycan milli-ictimai təşkilatlarının maarifçilik fəaliyyəti” adlı monoqrafiyası aktual bir mövzuya həsr olunmuşdur. Bu gün Vətən tarixinin bütün sahələrinin, o cümlədən XX əsrin əvvəllərində Azərbaycan milli-ictimai təşkilatlarının maarifçilik fəaliyyətinin hərtərəfli və dərindən araşdırılması vacibdir. Bu baxımdan müəllif maraq doğuran problemə müraciət etmiş, milli şüurun oyandığı XIX əsrin sonları XX əsrin əvvəllərində milli-ictimai təşkilatların maarifçilik fəaliyyətini araşdırmışdır.
Monoqrafiya giriş, üç fəsil, nəticə, mənbələr və ədəbiyyat siyahısından ibarətdir. Müəllif “Giriş” hissəsində bu təşkilatların milli-ictimai təşkilatlar adlandırılmasının səbəbini açıqlayır və qeyd edir ki, həmin qurumların əsas fəaliyyət istiqamətləri Azərbaycanda milli şüurun oyanması və bu məqsədlə Azərbaycan dilinin inkişafı, vahid orfoqrafik dil konseptinin hazırlanması, Azərbaycan dilində savadın yayılması və yeni tipli məktəblərin açılması, Rusiya imperiyasının digər ərazilərində milli həmrəyliyin inkişafı, azərbaycançılıq uğrunda aparılan mübarizə və digər bu kimi məsələlərin həyata keçirilməsi idi. Məhz buna görə də böyük missiya daşıyıcısı olan bu təşkilatlar milli-ictimai təşkilatlar adlandırılmışdır. Monoqrafiyada, həmçinin milli-ictimai təşkilatların məqsəd və vəzifələri araşdırılaraq aşağıda qeyd olunan məsələlər diqqətə çatdırılmışdır: Yerli əhali arasında ana dilində savadın yayılması; ibtidai, orta və ali təhsil müəssisələrində təhsil alan istedadlı, lakin imkansız ailədən olan və yaxud kimsəsiz müsəlman uşaqların himayəyə alınması, onlara ibtidai təhsil verilməsi, sonrakı illərdə təhsillərini orta və ali təhsil müəssisələrində davam etdirmələrinə qayğı göstərilməsi, tələbələrin təhsil haqqı və digər zəruri ehtiyaclarının ödənilməsi; Azərbaycan dili və ədəbiyyatının inkişafı məqsədilə bir sıra layihələrin həyata keçirilməsi; əhali arasında dini xurafatın aradan qaldırılması; İslam dininin düzgün təbliği üçün ruhani məktəb və mədrəsələrinin əsaslı şəkildə dəyişdirilməsi və yenidən təşkil edilməsi; yeni ruhani mədrəsəsi, müəllim institutu və digər ali təhsil müəssisələrinin açılması; kitabxana və qiraətxanaların təşkili; kitabların pulsuz paylanması və azad satışı üçün kitab anbarlarının təşkili; xalq oxusu üçün Azərbaycan dilində kitablar, dərsliklər, həmçinin pedoqoji vəsaitlərin çap etdirilməsi; teatr tamaşalarının, xalq qiraətlərinin, elmi söhbətlərin, yaşlı insanlar üçün ədəbiyyat axşamlarının və kurslarının təşkili; müalicəxanalarda, əlillər evlərində, digər xeyriyyə müəssisələrində əldən düşmüş qocalara maddi yardım göstərilməsi və s.
Dövlət müstəqilliyini bərpa etmiş, lakin hələ də müharibə şəraitində yaşayan Azərbaycan xalqının mədəni həyatında, təhsil sahəsində daha da böyük uğurlar əldə etməsinə baxmayaraq, XX əsrin əvvəllərində fəaliyyət göstərən milli-ictimai təşkilatların tarixi təcrübəsinə əsaslanaraq Azərbaycan ictimai birliklərinin və sahibkarlarının təhsil sahəsindəki maarifçilik və xeyriyyəçilik fəaliyyətlərindən müasir prinsiplərə uyğun formada istifadə edilməsi məqsədə uyğundur.
Kitabın birinci fəslində müəllif Azərbaycanda milli-ictimai təşkilatların yaranması tarixini araşdırmışdır. Bu məqsədlə XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində Şimali Azərbaycanda təhsil sahəsində ümumi vəziyyət öyrənilmiş, milli-ictimai təşkilatların yaranması və maarifçilik fəaliyyətinə başlaması məsələləri tədqiq edilmişdir. Monoqrafiyada ilk milli ictimai təşkilatın Azərbaycanın görkəmli ictimai xadimi, maarifçi Həsən bəy Məlikov (Zərdabi) tərəfindən dövrün çətinliklərinə baxmayaraq, yaradılması prosesi tam şəkildə araşdırılmışdır. Bu mühüm tarixi hadisənin tədqiqi zamanı müəllif ilkin mənbələrdən, xüsusilə Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar İnstitutunun arxivindən – Həsən bəy Məlikov Fondunda saxlanan əlyazma sənədlərdən geniş istifadə etmişdir. Bu da müəllifə problemi tam şəkildə araşdırmaq imkanı vermişdir.
İkinci fəsildə milli-ictimai təşkilatların Azərbaycanda maarifçilik fəaliyyəti araşdırılmışdır. Tarixşünaslıqda ilk dəfə olaraq, Azərbaycan milli-ictimai təşkilatlarının Bakı, Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarının ayrı-ayrı qəzalarında, o cümlədən Bakı, Şamaxı, Quba, Göyçay, Astara, Ağdaş, Şəki, Zaqatala, Gəncə, Şuşa, Qaryagin, İrəvan, Naxçıvan, həmçinin digər ərazilərdə maarifçilik fəaliyyətini arxiv sənədləri, nəşr olunmuş mənbələr və həmin dövrün mətbu orqanlarında dərc olunmuş materiallar əsasında araşdırılmış və yeri gəldikcə müəllif mövqeyini əsaslandırmışdır.
Monoqrafiyanın üçüncü fəslində bəhs edilən Azərbaycan milli-ictimai təşkilatlarının Rusiya imperiyasının mərkəzi şəhərlərində və digər ərazilərində maarifçilik fəaliyyətinə xüsusi diqqət yetirilmişdir. Tarixşünaslıqda ilk dəfə arxiv sənədləri, nəşr olunmuş mənbələr və həmin dövrün mətbu orqanlarında dərc edilmiş materiallar əsasında milli-ictimai təşkilatların Rusiya imperiyasının bir çox şəhərlərində – Moskva, Sankt-Peterburq, Kazan, Orenburq, Xarkov, Tiflis, Simferopol, Baxçasaray, habelə Qars, Helsinqfors və s. nümayəndəliklərin maarifçilik fəaliyyəti təhlil edilmiş və işıqlandırılmışdır. Rusiya imperiyası ərazisində maarifçilik fəaliyyətinin həyata keçirilməsində görkəmli tarixi şəxsiyyətlərin, o cümlədən Əlimərdan bəy Topçubaşov, Haşım bəy Vəzirov, Əhməd bəy Pepinov, İsmayıl bəy Qasprinski, Məmmədyusif Cəfərov, İbrahim bəy Vəkilov, Mirzə Əsədullayev, Hacı Zeynalabdin Tağıyev, Azərbaycanın maarifçi xanımları Xurşud xanım Vəzirova, Liza xanım Muxtarova və digərlərinin tarixi xidmətləri diqqətə çatdırılmışdır.
Tarix üzrə fəlsəfə doktoru Nüşabə Məmmədovanın “XX əsrin əvvəllərində Şimali Azərbaycan milli-ictimai təşkilatlarının maarifçilik fəaliyyəti” adlı monoqrafiyasını ciddi elmi axtarışların nəticəsi olaraq dəyərləndiririk. Monoqrafiyadan çoxsaylı oxucu kütləsinin faydalanacağı, xarici ölkələrdə Azərbaycan diasporunun inkişafına müsbət mənada təsir edəcəyi baxımından əhəmiyyətli olduğunu düşünürük.
İRADƏ HÜSEYNOVA,
Bakı Dövlət Universitetinin
Qafqaz xalqları tarixi kafedrasının müdiri,
tarix elmləri doktoru, professor,
Beynəlxalq “Sokrat” mükafatı laureatı,
Əməkdar müəllim
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.