Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş sərgi

SOCAR-AQŞ birgə müəssisəsi sosial məsuliyyət proqramı çərçivəsində daha bir layihə reallaşdırıb. Belə ki, mayın 16-dan 18-dək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş rəsm sərgisi keçirilib. Tədbirin baş sponsoru qismində çıxış edən SOCAR-AQŞ Rəssamlıq Akademiyasının təşəbbüsünə  dəstək olaraq  tələbələr arasında müsabiqənin həyata keçirilməsini reallaşdırıb.

Ulu öndər Heydər Əliyevin  müstəqil Azərbaycan dövlətinin yaradılmasında oynadığı tarixi rolu və töhfələri rəng çalarları ilə bir daha tərənnüm etdirmək məqsədi daşıyan sərgidə tanınmış  rəssamlarla yanaşı, gənc sənətçilərin də yaradıcılığına geniş yer ayrılıb. Sərgi çərçivəsində, həmçinin “Heydər Əliyevin Azərbaycan xalqının rifahı uğrunda mübarizəsi” və “Neft sənayesinin inkişafı gənclərin gözü ilə” nominasiyaları üzrə müsabiqə elan olunub.

Açılış mərasimində çıxış edən Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov bildirib ki, Heydər Əliyev mədəniyyətimizin inkişafında yeni bir dövrün əsasını qoyub.  İncəsənətimizin maddi-texniki bazasının möhkəmləndirilməsində ulu öndərin misilsiz rolundan bəhs edən Ö. Eldarov  tələbələr arasında belə bir  müsabiqənin təşkilinə və sponsorluq fəaliyyətinə görə SOCAR-AQŞ rəhbərliyinə dərin minnətdarlığını çatdırıb. O deyib ki, bu cür təşəbbüslərin dəstəklənməsi gənc rəssamlarda ruh yüksəkliyi yaratmaqla yanaşı, milli-mənəvi dəyərlərin qorunması və aşılanması ənənəsini də yaşadır.

 SOCAR-AQŞ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sənubər Nəzərova çıxış edərək bildirib  ki, müəssisə gənc və istedadlı tələbələrin potensiallarını ortaya çıxara bilən təşəbbüsləri vaxtaşırı dəstəkləyir. Bakı neftinin hələ ötən əsrdən bəri rəssamların sevə-sevə müraciət etdiyi mövzulardan biri olduğunu diqqətə çatdıran S. Nəzərova müstəqil Azərbaycanın neft-qaz sənayesinin uğurlarının təməlində “Əsrin müqaviləsi”nin dayandığını, ulu öndərin gərgin zəhməti sayəsində reallaşan bu müqavilənin töhfələrinin sərgidə nümayiş etdirilən təsviri incəsənətin əksər növlərində öz təzahürünü tapdığını bildirib.

Tədbirin sonunda münsiflər heyəti müsabiqənin 8 qalibinə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq onlara təbrik paketləri və diplomlar təqdim edib.

Xatırladaq ki, sözügedən sərgidə 200-dən artıq əsər nümayiş olunub. Burada sərgilənən 50-yə yaxın rəngkarlıq, 30 qrafika, 47 ədəd xalça, 28 qobelen, 26 keramik və digər üslubda əsərlər tamaşaçıların dərin marağına səbəb olub.

M. YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında