Qədim türk yazılı abidələrinin yeni tədqiqi

Azərbaycan dilçilik elminin inkişafında xüsusi xidmətləri olan professor  Nizami Xudiyevin elmi yaradıcılığı çoxşaxəli və geniş profillidir. Onun əsas araşdırmaları ədəbi dil tarixi ilə bağlı olsa da,  müasir Azərbaycan dili, onomalogiya, nitq mədəniyyəti və s. sahələrin öyrənilməsinə aid əsərləri də dilçilik elmimizin dəyərli nümunələri sırasındadır. Nizami Xudiyevin yaradıcılığında qədim türk yazılı abidələrinın tədqiqi və tədrisi də ayrıca yer tutur.

Türk xalqlarının qədim abidələri ilə bağlı onun bir neçə əsəri işıq üzü görüb. Bunlardan “Qədim türk yazılı abidələrinin dilindən seminar məşğələləri” (1988), “Qədim türk abidələrinin sözlüyü”(1992), “Qədim türk abidələrinə aid materiallar”(1993), “Azərbaycan türk yazılı dilinin təşəkkülü”. (Ankara, 1996) və s. göstərmək olar.

Türk xalqlarının dilinin, tarixinin, mədəniyyətinin və s. təşəkkülündə əsas mənbələrdən hesab olunan Göytürk abidələrinin araşdırılması professor Nizami Xudiyevi həmişə düşündürmüşdür.  Azərbaycan televiziyasına rəhbərlik etdiyi dövrdə onun ssenarisi əsasında Orxon-Yenisey abidələri ilə bağlı televizya filmi çəkilmiş,  nəhayət, 2015-ci ildə “Qədim türk yazılı abidələrinin dili” adlı fundamental dərsiliyi çapdan çıxmışdır. Kitabda qədim türk yazılı abidələrinin tədqiqi məsələləri, fonetikası, leksikası və qrammatikası (morfologiyası və sintaktik quruluşu) araşdırılıb. Dərslikdə həmçinin qədim türk yazılı abidələrindən mətnlər, seminar məşğələləri üçün material və qədim türk sözlərinin lüğəti təqdim edilmişdir.

Qədim türk yazılı abidələri türk xalqlarının milli düşüncə tərzini, mənəvi dünyasını və zəngin dil tarixini əks etdirən möhtəşəm  nümunələrdir. Azərbaycan və digər türk dillərinin tarixi inkişaf istiqaməti, fonetik, leksik və qrammatik kateqoriyaların yaranması və formalaşması bu yazılar əsasında müəyyənləşir.

Çağdaş türk ədəbiyyatının, mədəniyyətinin genetik əsasında qədim türk mədəniyyəti dayanır. Buna görə də qədim türk abidələrinin öyrənilməsi ali məktəblərin filologiya və tarix fakültələrində tədrisi tariximizin, mədəniyyətimizin öyrənilməsi istiqamətində mühüm  tələblərdən biridir. XXI əsrin dünyada türk əsri olaraq qəbul edildiyi bir vaxtda həm qədim türk yazılı abidələrinin, türk yazısının, eyni zamanda müasir türk dillərinin müqayisəli şəkildə sistemli tədqiqinə, müasir tələblərə cavab verən dərsliklərin, dərs vəsaitləri və proqramların hazırlanmasına böyük ehtiyac vardır. Yeni çap olunmuş bu dərslik göstərilən tələblərə tam cavab verir, özündən əvvəlki tədqiqat əsərlərinə və dərsliklərə istinad edilərək, xeyli əlavə faktlarla zənginləşdirilərək bu sahə ilə maraqlananların ixtiyarına verilmişdir.

Professor N.Xudiyev bu dərsliyi yazarkən vacib mənbələrlə yaxından tanış olmuş, həmin mənbələrin çoxluğuna baxmayaraq onları bir-bir izləmiş, materiallara bu günün prizmasından yanaşmışdır. Qeyd olunan mənbələrə türk dillərinin qədim yazılı abidələri, ərəb, fars, Çin və qədim yunan, Bizans mənbələri daxildir. Lakin türk dillərinin tarixinin öyrənilməsi üçün ən etibarlı mənbələr türk dillərinin öz qədim yazılı abidələridir. Əsrlərin sınağından keçərək dövrümüzə qədər qorunub saxlanan qədim türk yazılı abidələri V-X əsrlərə aid olan yazılı materiallardır.                                          Dərsliyin əsas fəsillərindən biri “Qədim türk yazılı abidələrinin tədqiqi tarixi” adlanır. Müəllif qeyd edir ki, Orxon-Yenisey abidələri haqqında ilk dəfə I Pyotrun dövründə məlumat verilmiş, daha sonra İsveç zabiti İohann Stralenberq bu yazılarla bağlı axtarışlar aparmışdı. XIX əsrin əvvəllərində Mərkəzi Sibirdə tapılan bu qeyri-adi yazılara maraq artmış, Qriqori Spasski “Sibir xəbərləri” jurnalında yazılarla bağlı məqalə nəşr etdirmiş, 1889-cu ildə fin alimləri Yenisey yazılarının finlərə mənsub olduğunu iddia etmiş və atlasını çap etdirmişlər. Həmin ildə rus tədqiqatçısı N.M.Yadrintsev Monqolustanda Kültigin və Bilgə xaqan abidələrini tapmış, abidələrin arxa tərəfindəki Çin yazısından bu abidələrin türklərə məxsus olması aydınlaşmışdı. Lakin yazıların hansı əlifba ilə yazılması alimlər arasında mübahisələrə səbəb olmuş, onları müxtəlif əlifbalarla bağlamaq cəhdləri müvəffəqiyyətsizliyə uğramışdır.

Danimarkalı alim V.Tomsen yazıların sağdan sola oxunduğunu,oxşar işarələri, işarələrin bəzən bitişik, bəzən ayrı yazıldığını müəyyən etmişdi. Daha sonra V.Tomsen türk dillərində ahəng qanununa əsaslanmaqla bəzi sözləri: Kültigin abidəsindən tenri, türk, Kültigin sözlərini oxumağa müvəffəq olmuş və onun sayəsində 1893-cü ildə Kültiginin şərəfinə qoyulmuş abidənin mətni tamamilə oxunmuşdu. Tomsendən sonra rus alimi V.Radlov Kültigin və Bilgə xaqan abidələrinin mətnlərini nəşr etdirmişdi. 1909-cu ildə Q.Ramsted “Moyun Çor”, 1912-ci ildə V.L.Kotviç “Küli Çor” abidələrini tapır. 1951-ci ildən başlayaraq  S.Malovun qədim türk abidələri ilə bağlı sanballı əsərləri çap olunur. Eyni zamanda Türkiyədə H.N.Orkun bu abidələrin tədqiqi ilə məşğul olmuş, dörd cilddən ibarət “Eski türk yazıtları” (1936-40) əsərini nəşr etdirmişdir.

Dərslikdə abidələrin fonetik sistemi də araşdırılmış, hər bir səsin yazılışı, yeri, mövqeyi ətraflı şərh edilmişdir. Əsərdə qeyd olunur ki, Göytürk abidələrində çox vaxt saitlər mətn daxilində, tərkibində yazılmadığına görə onların sayı da hələ tam dəqiqləşdirilməmişdir.  X əsrə qədərki göytürk ədəbi dilindəki səkkiz saiti ifadə etmək üçün dörd-beş işarədən istifadə edilmişdir. Orxon-Yenisey yazılarında 16 samit səs işlənmişdir. Samitləri ifadə edən yazı işarələri qalın və ya incəliyi əks etdirmə cəhətdən eyni olmamışdır.

Kitabda qeyd olunur ki, qədim türk yazılı abidələrinin dili V-VIII əsr xalq danışıq dilini əks etdirən ədəbi dildir. Qədim Orxon-Yenisey yazılarının lüğət tərkibində olan sözlərin bir qismi müasir türk dilləri üçün arxaikləşmiş olsa da, digər qismi bəzən fonetik dəyişmələrlə, bəzən də olduğu kimi işlənməkdədir. Məşhur “Tonyukuk”, “Kültigin”, “Bilgə xaqan”, “Küli Çor” abidələrinin dili müasir oğuz qrupu türk dillərinə olduqca yaxındır. Müəllifin qeyd etdiyi kimi, 732-ci ildə yazıldığı ehtimal olunan “Kültigin” abidəsinin lüğət tərkibini Azərbaycan dilinin lüğət tərkibi ilə müqayisə etdikdə təxminən 20-ə qədər sözün müasir dilimizdə də işləndiyinin şahidi oluruq.

Yazılı abidələrin geniş, hərtərəfli tədqiqi belə bir fikir söyləməyə əsas verir ki, bu mətnlər yüksək səviyyədə inkişaf etmiş ədəbi dildə yazılmışdı. Bu isə öz növbəsində onu təsdiq edir ki, qədim türk yazılı abidələrinin dili eramızın V əsrindən daha əvvəl yaranmış, böyük bir inkişaf yolu keçmişdi. Qədim türk yazılarının, onların mənsub olduğu xalqların danışıq sistemini əks etdirməsi o deməkdir ki, bu yazılarda müşahidə edilən mükəmməl morfoloji, sintaktik, semantik xüsusiyyətlərin tarixi V əsrdən də öncəyə gedib çıxır.

Bir çox tədqiqatçılar kimi, professor N. Xudiyev də qeyd edir ki, qədim türk yazılı abidələrinin sintaksisi hələ tamamilə öyrənilməyib. Bu abidələr zaman-zaman müxtəlif əlifbalarla: göytürk, uyğur, mani, brahma-hind və s. əlifbalarla tərtib edilmiş, durğu işarələrindən istifadə olunmamışdır. Buna görə də bəzən onların oxunmasında yanlışlıqlara yol verilmişdir. Bu da həmin tarixi sənədlərin yenidən araşdırılmasını tələb edir ki, yazılı mətnlərin sintaksisi haqqında yalnız bundan sonra doğru, dəqiq fikir söyləmək olar.

Dərsliyin ən uğurlu və dəyərli cəhətlərindən biri də kitabın sonunda verilmiş “Qədim türk sözləri lüğəti”dir. Bu lüğətdə 60 mindən artıq sözün izahı verilmiş, qədim türklərin zamanında işlənmiş bir sıra antroponim, etnonim, toponim və hidronimlər öz əksini tapmışdır. Dərsliyin önəmli cəhətlərindən biri də budur ki, bu mövzuda kitabların əlsəriyyətinin kiril əlifbası ilə nəşr edilməsi tələbə və magistrlərin istifasdəsi üçün müəyyən çətinliklər yaratdığı halda, bəhs etdiyimiz dərsliyin latın qrafikalı əlifba ilə çap olunması müasir oxucuların istifadə problemini xeyli asanlaşdıracaq. Kitabın ali məktəb tələbələri, magistrlər, doktorantlar üçün əvəzsiz mənbə olacağına şübhə etmir, əsərin müəllifinə gələcək yaradıcılığında daha böyük uğurlar arzulayırıq.

Nəbi ƏSGƏROV,
filologiya üzrə elmlər doktoru,
professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında