Beş günlük qonaq (sənədli hekayə)

Dostlar həyatımızda ən böyük səadətdir.
Nə yaxşı ki, dünyada Səməd Vurğun var!

Aleksandr FADEYEV

 


 

“... Bağırov Səməd Vurğunu sevmirdi. Daha dəqiq desəm, hansı yollasa yüksək vəzifə tutan və çox zalım olan bu adamın şairi görməyə gözü yox idi. Bəlkə də o, Səməd Vurğunu xalq arasında böyük hörmət və şöhrət qazandığına, böyük istedad sahibi olduğuna görə qısqanırdı.

Amma mənə elə gəlir ki, Səməd Vurğunun səmimiliyi, əyilməzliyi gözəl qəlbə sahib olması, prinsipiallığı və dönməzliyi, şairin vəsf etdiyi ideya və fikirlərin Kommunist Partiyasının ideyaları ilə həmahəng səslənməsi, eyni ideala xidmət etməsi Bağırovu daha çox əsəbiləşdirirdi. Səməd isə, təkrar edirəm, olduqca səmimi, sözündən və əqidəsindən dönməyən, heç nədən qorxmayan bir şəxsiyyət idi. O, ikiüzlülüyü, yaltaqlığı sevmirdi. Şəxsi söhbətlərində və poetik fikirlərində heç nədən və heç kəsdən çəkinmədən Bağırov barədə tənqidi fikirlərini açıq söyləyirdi. O, heç vaxt onun dalınca danışmır, nə desə üzünə deyirdi. Bağırov buna daha çox əsəbiləşirdi. Səməd isə bizim cəmiyyətə yad olan bu yararsız zalım adamı tənqid etməkdən çəkinmirdi.

Dəfələrlə Səmədin başının üstündə qara buludlar sıxlaşdı, ancaq xoşbəxtlikdən,  Bağırov şair - kommunistlə bacara bilmədi. Bağırov şairə böyük əzablar verdi, müəyyən dövrlərdə onun poeziyasının daha da şöhrətlənməsinin qarşısına müvəqqəti sədd çəkə bildi. Amma böyük şairə olan xalq məhəbbəti durmadan artdı, aşıb-daşdı, bu onun öz zəhməti, istedadı və ölməz poeziyası ilə qazandığı ümumxalq məhəbbəti idi”. (Yevqeni Dolmatovski Səməd Vurğun haqqında xatirəsindən 20 yanvar 1963-cü il).

Onlar Ağsu aşırımına çatdılar. Günəş qüruba enirdi. Tikanlıqlar arasından uzanan yol qıvrıla-qıvrıla Ləngəbiz dağlarının yaxası boyunca qalxırdı. Maşın bir neçə döngəni burulub yenə sağa dönmək istəyəndə Səməd Vurğun başı ilə işarə elədi. Aleksandr Fadeyev yerində dikəlib aşağı baxdı. Dərənin girəcəyində abad rayon mərkəzini görüb:

- Gözəldir, - dedi, əlini ehmalca sürücünün çiyninə toxundurdu:

- Andrey, saxla Andrey. ...Sürücüdən başqa hər üçü düşüb lap yaxındakı cır armud ağacının yanında dayandılar. Səməd Vurğun üfüqlərə qədər uzanıb gedən çöldən, sapsarı saralan qürub günəşindən gözlərini ayırmadan yavaşca yerə oturdu. Elə bil ilahi bir gözəllik qarşısında səcdə edirdi. Fadeyev papirosunu sümürüb atdı. Onun ağ saçları həmişəgülər sifətini az qala tamam örtmüşdü. Oynaq, mavi gözlərini çiyin-çiyinə vermiş dağlardan ayırmır, duruşundan və baxışından hiss olunurdu ki, kefi saz, damağı da çağdır. Özünü qonaq yox, ev yiyəsi kimi aparırdı. Zirvəsi qarlı, yaxası kölgəli, günəşli dağlara baxıb incə, nazik səslə:

Dağlarının başı qardır,

Ağ örpəyin buludlardır.

Böyük bir keçmişin vardır,

Bilinməyir yaşın sənin,

Nələr çəkmiş başın sənin!..

– Kimindir bu gözəl şeir, kimin? - deyib aşağı əyildi. Sevinc dolu ürəklə dostunu qucaqladı:

– Səməd, şairsən, doğrudan da böyük şairsən. Sənin gözəl şeirlərin poeziya kəhkəşanında parlaq ulduz kimi şəfəq saçır. Biz hələ şəxsən tanış deyildik, amma Səməd Vurğun şeirlərinin məftunu idim. Səninlə dost olduğumu fikirləşəndə özümü bəxtiyar sanıram, fəqət dördgöz Mircəfər Bağırov kimisi sənin qədrini bilməz.

– Saşa, sən Allah, belə gözəl təbiətin qoynunda hər yetəni xatırlama. Qoy bu ilahi gözəlliyə doyunca baxaq. Hələ bir sağa dön, mənim əsərimin qəhrəmanı Talıstan dağlarının füsunkar gözəlliyini burdan seyr elə. Bu torpağın sıx ormanlarından, yalçın qayalarından sərkərdə Cavanşirim güc alıb.

Sonra köks ötürüb dedi:

– Azərbaycan xalqının şərəfli keçmişi var və o, ən qədim, ən mədəni xalqlar sırasına daxildir. Azərbaycan mədəniyyəti tarixin ayrı-ayrı mərhələlərində bütün Şərqdə ən qabaqcıl, ən mütərəqqi mədəniyyət olmuşdur ...Alim və tarixçilərimizin əzəmətli xalqımız haqqında, onun çoxəsirlik mədəniyyəti və qəhrəmanlıq tarixi haqqında gur səslə danışmalarının vaxtı çatmışdır.

Arif istər məni qansın,

Tarixçilər qoy utansın!

Yazılmamış tariximiz,

Tarixsizmi yarandıq biz?!

Aleksandr Fadeyev baxışlarını füsünkar təbiətdən ayırıb geri qanrıldı, qəmli-qəmli dostuna baxıb:

- Düz deyirsən, Səməd, - bizim tarixçilərin günahı çoxdu, - dedi.

Belə bir ulu ölkəni onlar dünyaya məhz qədim tarixi ilə tanıtmalıdırlar. Qoy bütün bəşəriyyət bilsin ki, yer üzündə belə bir ölkə var, onun da cənnətə bənzər təbiəti, bir də fəxr etməli ulu, qədim tarixi... Mənim əvəzsiz dostum, sən gözəl demisən ki, hər torpağın öz eşqi, hər millətin öz adı var.

İki addım aralıda qarağat kolunun yanında duran Mehdi Hüseyn gülümsünüb geri döndü:

“Mənim təbiətə bir sualım var: Ölərmi bunları görən sənətkar?!”. Səməd Vurğun qarşısındakı bir görümlük Vətən təbiətinin füsunkar gözəlliyini nəzərlərilə süzür və daxilən sevinirdi ki, onu dostu A.Fadeyevə də göstərmək imkanı ələ düşüb. Duman güneyin yamacı boyu yuxarılara - zirvələrə can atır. Gah çınqıllı yalı, gah da xırda meşəliyi yalayıb keçirdi. Üzüaşağı dərələrin dibi ilə qıvrıla-qıvrıla axıb gedən xırdaca çay suları ağarırdı. Aşağıda, üfüqlərə qədər görünməz olan Şirvan düzündə ala-tala herik qaralır, kövşənlər isə qızılı rəngdə bərq vururdu.

Aleksandr Fadeyev bütün ağırlığı ilə ağaca söykənmişdi. - Burda doğulsaydım, mən də şair olardım, - dedi, - dönüb Səmədə qıyqacı baxdı.

- Əsrarəngiz təbiətin gözəl şair oğlu, mən indi bildim ki, səni bizə kim bəxş edib. Sənin özün də elə xaraktersən ki, yüksək, poetik pyesin baş qəhrəmanı olmağa layiqsən. Mən bu fikrimi bir dost kimi yox, ədəbi aləmin Aleksandr Fadeyevi kimi ciddi deyirəm. Aşağı əyilib şair dostunun çiyinlərini qucaqladı.

Səməd Vurğun əlini torpağın üstünə qoydu.

– Otur, qardaş, otur, - dedi, – torpağa məhəbbətini bildirmək üçün onu gərək sığallayasan, - deyəsən bugünkü səfərimiz təriflə başlayıb. Məni elə hey tərifləyirsən

– Səməd yadından çıxmayıb ki, sən mənə “gülüstan” adlandırdığın Muğanı göstərməyi də söz vermisən?

- Hə, yadımdadır, Saşa, hər şey yadımdadır, ancaq o tamam başqa səmtdədir. Bura onun qardaşı Şirvandır. Bu obanın nəhəng şairlərini sən yaxşı tanıyırsan. Fələki Şirvanini, Əfzələddin Xaqanini, Seyid Əzimi, Sabiri. Amma birini tanımırsan, ədəbiyyat tarixində adı az çəkilir, az da şeirləri qalıb. Bir vaxt Nadir şah Şamaxını yandırıb, əhalisini zorla Ağsuya köçürüb. Onda Zülali adlı şair qürbətdə sürgündə imiş. Qayıdıb görür ki, doğma yurdu Şamaxı yerlə-yeksan edilib. Bu gördüyün Ağsunun ətrafı bataqlıq imiş, ağcaqanadlar camaata göz verib, işıq vermirmiş. Əsəbiləşən şair yana-yana deyir:

Qürbətdə deyərdin ki, Zülali-vətənim var,

Ensin gözünə qarə su, Ağsu vətən oldu!

Bu Şirvan camaatı belədi, qardaşım, onların danışığı da şeirnəndi.

 – Bura baxın, - deyib onlara yaxınlaşan Mehdi Hüseyn əlini təzətər ot üstündə gəzdirdi. - Bunun hamısı yağışın gücüdür. Son vaxtlar çox yağanlıq keçir. - Eh, Mehdi, adam lap məst olur, buralara baxdıqca yadıma doğma Sibir düşür. Cavan vaxtı, partizanlıqda o qədər belə göy ot üstündə şirin-şirin mürgü vurmuşam ki... Fadeyevin mavi oynaq gözləri güldü. Əlini saçlarında gəzdirib ayağa durdu.

- Səməd, gəlsənə tonqal qalayıb, gecəni burda keçirək.

- Yox, əzizim Saşa, qayıdanda. İndi bizi gözləyirlər, hələ Yevlaxda da dayanmalı olacağıq, yolçu yolda gərək.

Dayan, Səməd, dayan bu təravətli havanı qoyub hara gedirik. Qoy bu yüksəkdən günəşin batmasını da görək. Gör günəş burdan necə də yaxın görünür. Kim bilir, bəlkə bir də qismət olmadı... Səməd Vurğun ayağa durmuşdu. Qartal baxışlarını dumanlı-çiskinli dağlardan, tarlası bol günəşli Şirvandan ayırmadan sağ əlini irəli uzadıb fəxrlə:

- Saşa, - dedi, - bax, bu mənim vətənimin hələ bir parçasıdır. Onun gözəlliyini özün görürsən. İndi özün şahidsən ki, günəşli Azərbaycan deyəndə biz boş yerə öyünmürük.

Cığırla bir neçə addım aşağı enən Fadeyev uşaq kimi sevinib qollarını geniş açdı, üzünü dağlara tərəf tutdu: -

Ehey, he, hey... ulu dağlar! - dayanıb əks-səda verən səsini dinlədi. Geriyə dönüb hədsiz bir sevinclə Mehdi Hüseynə, Səməd Vurğuna baxdı. - Eşidirsinizmi, qardaşlar, eşidirsinizmi? Bax, sonra deməyin ki, Aleksandr Fadeyev Azərbaycanda yoxdu, mən həmişəlik qaldım burda. Mən də Odlar yurdunun od oğlu oldum. Fikir ver, Mehdi, elə bil təbiətdə bir bayram ruhu var, əsl bayram təntənəsi, dağların, çöllərin üzü gülür. Hava gör necə də safdır.

- Bayramdı, bəli, bayramdı. Tarix boyu Azərbaycan təbiəti dost gəlişini bayram edib. O yadından çıxartmayıb ki, indi 1951-ci il, dekabrın ilk günləridir. Fadeyevin əlli yaşına lap az qalıb, təbiət oyanıb təbrik üçün söz istəyir.

Fadeyev utancaqlıqla gülə-gülə:

- Səməd, deyirsən yəni bu təntənə mənə görədir, - dedi, üzünü dərəli-təpəli vadiyə tərəf tutdu, - sağ ol, ana təbiət, sağ ol... Səs yenə əks-səda verdi. Səməd Vurğun çiyninə qonan saralmış bir yarpağı götürüb kədərlə:

- Ömrü az olan məxluq, - deyib fikirli-fikirli ona baxdı. Hardansa yenə Bağırovla görüşü yadına düşdü. Bağırovun dostu Fadeyevə göstərdiyi soyuqluqdan Səməd Vurğun özünü təhqir olunmuş hesab edirdi. Bağırov hər iki sənətkarın yaxın dost olduğunu yaxşı bilirdi. O, hər dəfə Fadeyev familiyasını eşidəndə əsəbiləşirdi. Çünki dörd il qabaq Bağırovun bağındakı ziyafətdə Fadeyev onu “Buxara cəlladı” adlandırmışdı. O vaxtdan Bağırov Fadeyev kəlməsinə ilan yarpıza baxan kimi baxırdı. İndi Fadeyev heç bir təklif, dəvət olmadan özü respublikaya gəlmişdi: məqsədi Azərbaycan kəndini yaxından görmək, kənd əhalisinin güzəranı ilə tanış olmaq idi.

Bağırov onun gəlişini uzun zaman götür-qoy elədi. Şübhəli-şübhəli Fadeyevin görmək arzusunda olduğu yerlərin bəzisinin üstündən qara xətt çəkdi. Onlardan biri də Səməd Vurğunun doğulduğu kənd idi.

 

*  *  *

 

...Səməd Vurğunla Fadeyev onun kabinetinə girəndə lap yuxarı başda dayanan “respublikanın sahibi” onları görüb tərs-tərs qapıya baxdı. Əlləri belində cütlənmiş halda ağır addımlarla irəli yeridi. Kəhrəba təsbehi əlində şaq-şaq şaqqıldayırdı. O, kabinetin ortasında yanpörtü dayanıb əl uzatmadan “xoş gəlmisiniz”, - dedi. Fadeyev onun sərt, qayış kimi tarım sifətinə baxdı, dinmədi. Nifrət və cəsarətlə gözlərini ona dikdi. Bağırov bu baxışlara tab gətirmədi. Pəncərəyə yaxınlaşıb çölə baxdı. Səməd dərhal fürsətdən istifadə edib Fadeyevin qoluna toxundu. Fadeyev soyuqqanlıqla, gecdən-gec “sağ olun” dedi. Kabinetdə Bağırovun xrom çəkməsinin cırıltısından başqa heç nə eşidilmirdi. O, əllərini cibinə saldı. Nəsə axtardı, tapa bilmədi. Mavi sətindən tikilən köynəyinin ciblərini bir-bir axtardı. Xırdaca bir kağız tapıb oxudu. Sonra iri, büllur külqabıda onu yandırdı. Bağırov özünü elə saymazyana aparırdı ki, sanki otaqda tək idi. Fadeyev onun hərəkətlərinə baxa-baxa düşünürdü: bu xalqın da, dostum Səmədin də böyük dözümü var. Yolda Fadeyev Səməd Vurğundan soruşdu:

- Necə yaşayırsınız, Səməd, belə bir ağır şəraitdə?

- Neyləməli, Saşa, atalar demişkən, nəzilən ip bir gün qırılacaq, məncə lap yaxın vaxtda. Yüzlərlə yaxşı oğullarımızın başını yedi. Özü də heç nədən Buxara cəlladı. Bu sözü mən ona qırx yeddinci ildə nahaq deməmişəm. Ona görə də məndən zəhləsi gedir. Gördün, bu da onun qonaq qəbul etməyi. Nifrətli baxışından başqa yadımda heç nə qalmadı, ilk dəfə belə sərt üzləşdik. Məncə bu axırıncı olar.

- Dərdimiz böyükdü, qardaş, - deyib Səməd Vurğun papirosun kötüyünü qutuya döyə-döyə sözünə davam etdi.

- Bağırov nə fəhlə içinə gedir, nə də kolxozçuya salam verir. O, hamıya qara “ZİM”in pəncərəsindən dörd gözlə baxıb keçir.

(ardını oxu)

Şəmistan NƏZİRLİ


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında