Qarabağ atlarının Londonda möhtəşəm şousu

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS)  təşkilatçılığı ilə Azərbaycan xalqının dünya atçılığına bəxş etdiyi, xüsusi cins olan Qarabağ atları Britaniya Kraliçası II Elizabetin 90 illik yubiley tədbirlərində möhtəşəm şou proqramla təmsil olunub. Ölkəmizdə idmanın bütün sahələrinə, o cümlədən atçılığın, milli cinslərin inkişafına göstərilən diqqət və qayğı sayəsində artıq milli qürurumuz olan Qarabağ atları dünyanın bütün ölkələrində xüsusi bir cins kimi tanınır.

Prezident İlham Əliyevin tapşırığına əsasən artıq ikinci dəfədir ki, Qarabağ atı tarixi bağlılığı olan Vindsor qəsrində tədbirlərdə iştirak edir. Kraliça II Elizabetə 1956-cı ildə hədiyyə edilən “Zaman” ləqəbli Qarabağ atı London qəsrinə gətirilmiş ilk Azərbaycan cinsi kimi tarixə düşüb.

Britaniya monarxlarının şəhər kənarındakı iqamətgahı sayılan Vindzor qəsrində keçirilən tədbirlərdə hər gün Kral ailəsinin bir üzvü iştirak edəcək. Son gün isə Kraliça II Elizabetin iştirakı planlaşdırılıb.

Yubiley tədbirlərinin açılış mərasimində Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyevin başçılıq etdiyi nümayəndə heyəti də iştirak edib.

Britaniya Kraliçasının atlara marağı nəzərə alınaraq yubiley tədbirlərində atların iştirakı ilə xüsusi şou proqram təşkil edilib.  Atçılığın inkişaf etdiyi dünyanın az sayda ölkələri, o cümlədən Azərbaycan bu proqramda təmsil olunub.

Dörd gün davam edəcək yubiley tədbirlərində hər gün 900-dən çox at və 1500-dən artıq iştirakçı şou proqramla çıxış edəcək.

Azərbaycan milli geyimində arenaya çıxan rəqqaslarımızı Qarabağ atlarının belində şou-proqramla çıxış edən Dövlət Sərhəd Xidmətinin təcrübəli “Süvarilər” qrupunun atçıları müşayiət ediblər. Azərbaycan milli rəqsi ilə ali atsürmə elementlərinin sintezindən ibarət şou-kompozisiya iştirakçılarda böyük maraq doğurub. Tədbirin moderatoru Azərbaycanın şou-kompozisiyasının favorit olduğunu elan edib.

Xatırladaq ki, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə 2012-ci ildə Britaniya Kraliçasının hakimiyyətə gəlməsinin 60 illik yubileyi ilə bağlı Londonda keçirilən tədbirlərdə də Qarabağ atlarının şou proqramı iştirakçılarda böyük maraq doğurmuşdu.

Orxan İSMAYILOV,
AZƏRTAC-ın xüsusi müxbiri

London


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında