VIII Beynəlxalq Gənclik və Multikulturalizm Festivalı

Dünən Qafqaz Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə ənənəvi “VIII Beynəlxalq Gənclik və Multikulturalizm Festivalı”  keçirilib.

Ulu öndərin başlıca tövsiyyələrindən olan multikultural ənənələrin inkişaf etdirilməsi insanların yaddaşında humanist dünyagörüşün formalaşması, gənc nəslin yüksək mənəvi dəyərlər əsasında tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edir. Artıq 8 ildir ki, böyük təntənə ilə qeyd edilən bu festival Qafqaz Universitetinin çoxmillətli tələbə heyətinin sülh və dostluq bayramına çevrilmişdir.

Festivalın ənənəvi olaraq seçdiyi ilin adamı nominasiyasının builki qalibi simvolik olaraq “Azərbaycan əsgəri ” seçilib. Bu nominasiyada mükafat aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş polkovnik Vüqar Yusifovun övladı Aytən Yusifovaya təqdim edilib.

VIII Beynəlxalq Gənclik və Multikulturalizm Festivalı Azərbaycanın Dövlət himninin  səsləndirilməsi ilə başladı. Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç çıxış edərək universitetin tələbə dərnəkləri tərəfindən hazırlanmış “Gənclik və multikulturalizm festivalı”nın  ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edildiyini bildirdi. Ulu öndərin “Gənclik bir millətin gələcəyidir” sözlərini sitat gətirən Ahmet Saniç qeyd etdi ki,  millətin ən önəmli sərvəti onun vətənini sevən, bilikli, bacarıqlı mütəxəssislər kimi yetişən gəncləridir.  Bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən  davam etdirilən uğurlu daxili və xarici siyasət də xalqımızın rifahının yüksəldilməsinə xidmət edir.  Ahmet Saniç şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edərək onların qəhrəmanlığının hər bir gəncə örnək olduğunu bildirdi.

Tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” Azərbaycan Mədəniyyəti Assosiasiyasının  prezidenti Fuad Məmmədov,  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədli, ABŞ-ın ölkəmizdəki səfirliyinin Mədəniyyət və Təhsil işləri üzrə müşaviri Emi Pitersen və başqaları tədbirin əhəmiyyətindən danışaraq vurğuladılar ki, Qafqaz Universitetinin bu istiqamətdəki fəaliyyəti təqdirəlayiqdir.

Festivalda universitetin özfəaliyyət dərnəkləri bir-birindən maraqlı çıxışlarla tədbirə rövnəqlik qatdılar. Azərbaycanda təhsil alan xarici tələbələr də öz ölkələrinin stendlərini quraraq milli mətbəx, geyim və digər mədəniyyət nümunələrini nümayiş etdirdilər.

Tədbirdə Pakistan, Tacikistan, İran, Koreya, Rusiya, Özbəkistan, Türkmənistan, ABŞ, Polşa, Meksika, Kolumbiya, Argentina, Hindistan, Banqladeş, Malayziya səfirliklərinin təmsilçiləri, eləcə də bir çox dövlət və elm xadimləri iştirak edirdilər.

Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında