Pekində “Azərbaycanın inkişaf yolu” kitabının təqdimatı keçirilib

Pekində Çin dilində “Azərbaycanın inkişaf yolu” kitabının təqdimatı keçirilib.

Azərbaycanın Çindəki səfirliyinin və Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə keçirilən tədbirdə Çinin dövlət qurumlarının, araşdırma mərkəzlərinin, ali təhsil ocaqlarının, müxtəlif təşkilatların, Pekindəki diplomatik korpusun təmsilçiləri, o cümlədən Ukraynanın, Gürcüstanın, Moldovanın səfirləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Təqdimat mərasimində çıxış edən Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdir müavini Ərəstü Həbibbəyli, SAM-ın direktoru Fərhad Məmmədov, Çin Müasir Beynəlxalq Münasibətlər Akademiyasının vitse-prezidenti Fen Cunpin, İpək Yolu Beynəlxalq Ticarət Palatasının sədri Lu Ciacun, Uxan Universitetinin professoru Lyu Cayçi, Gürcüstanın Pekindəki səfiri David Aptsiauri və başqaları kitabın Çin ictimaiyyəti üçün Azərbaycan haqqında əsaslı məlumat mənbəyi kimi əhəmiyyətini vurğulayıblar.

Qeyd olunub ki, qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan XX əsrin sonunda müstəqilliyini bərpa etdikdən sonra Ermənistanın da hərbi təcavüzü nəticəsində çətin şəraitlə üzləşmişdi. Belə bir dövrdə görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı və onun uzaqgörən siyasəti, idarəçilik təcrübəsi sayəsində Azərbaycan yox olmaq təhlükəsini aşaraq inkişaf dövrünə qədəm qoydu. Dünyanın iri şirkətləri ilə imzalanmış neft müqavilələri Azərbaycanın hərtərəfli inkişafı üçün yeni imkanlar açdı, ulu öndərin təşəbbüsü ilə əsası qoyulan və Prezident İlham Əliyevin liderliyi ilə reallaşan irimiqyaslı enerji və nəqliyyat layihələri Azərbaycanı regionun lider dövlətinə çevirdi.

Çıxış edənlər hələ qədim İpək yolu dövründən təməli qoyulmuş Azərbaycan-Çin münasibətlərinin 1994-cü ildə ulu öndər Heydər Əliyevin Çinə səfəri ilə yeni tarixi dövrə qədəm qoyduğunu bildirərək, ötən dövrdə hər iki tərəfin əlaqələrimizin inkişafına böyük diqqət yetirdiklərini diqqətə çatdırıblar. Qeyd olunub ki, ötən ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri ölkələrimizin əməkdaşlığı üçün yeni imkanlar açıb.  

Azərbaycan və Çinin bir çox beynəlxalq məsələlərə münasibətdə mövqeyinin yaxınlığını qeyd edən natiqlər hər iki ölkənin bir-birinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədiklərini vurğulayıblar. Bildirilib ki, Çinin təşəbbüskarı olduğu İpək Yolu İqtisadi Kəməri layihəsini dəstəkləyən Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm bir hissəsi kimi bu təşəbbüsün reallaşmasına böyük töhfələr verə bilər.

SAM-ın aparıcı elmi işçisi Rəşad Kərimovun tərtib etdiyi kitabda Azərbaycanın tarixinə, coğrafiyasına, mədəniyyətinə, ölkənin son 25 ildə keçdiyi yola, milli dövlət quruculuğuna, iqtisadi inkişafına, neft sənayesinə, gələcək inkişaf planlarına, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, ulu öndər Heydər Əliyevin Azərbaycanın müasir tarixindəki əvəzolunmaz roluna, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin son illər dinamik inkişafına, qazandığı uğurlara, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada tanıdılması və təbliği istiqamətindəki fəaliyyətinə dair ətraflı məlumatlar əksini tapıb. Bundan başqa, kitabda ölkənin sosial-iqtisadi vəziyyətinə dair statistik məlumatlara, son illər Azərbaycanda keçirilmiş nüfuzlu beynəlxalq tədbirlərə, habelə Azərbaycan-Çin münasibətlərinə dair faktlara da geniş yer verilib.

Şahin CƏFƏROV,
AZƏRTAC-ın xüsusi müxbiri

Pekin


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında