Nəhayət, çoxdan gözlənilən gün gəlib çatdı. Gəncə Avropanın müxtəlif şəhərlərindən gələn qonaqları gül- çiçəklə, sevinclə qarşıladı. Xəbər verdiyimiz kimi, Gəncə şəhəri “Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində qalib gələrək 2016- cı ilin Avropa Gənclər Paytaxtı seçilmişdir.
Xatırladaq ki, bu layihə ilk dəfə 2009- cu ildə Avropa Gənclər Forumu tərəfindən irəli sürülüb. Layihənin məqsədi yerli və xarici gənclər təşkilatlarının beynəlxalq əməkdaşlığının inkişaf etdirilməsi, Avropa gənclər paytaxtları seçilmiş şəhərlərin aid olduğu ölkələrin gənclər təşkilatları milli şuraları arasında təcrübə mübadiləsinin aparılmasıdır. Avropanın ilk gənclər paytaxtı 2009- cu ildə Niderlandın Rotterdam şəhəri seçilib. 2010-cu ildə Turin (İtaliya), 2011-ci ildə Antverp (Belçika), 2012-ci ildə Braqa (Portuqaliya), 2013-cü ildə Maribor (Sloveniya), 2014-cü ildə Saloniki (Yunanıstan), ötən il isə Kluj Napoca (Ruminiya) Avropa gənclər paytaxtları olub. Gəncənin 2016- cı ildə Avropa Gənclər Paytaxtı seçilməsi barədə qərar 2013- cü il aprelin 10- da Yunanıstanın Saloniki şəhərində elan edilib.
... Mayın 4- də Heydər Əliyev Mərkəzindəki konfrans zalında “Gəncə Avropa Gənclər Paytaxtı 2016" layihəsinin rəsmi açılışı olmuşdur. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin tədbiri açıq elan edərək qonaqları salamlamışdır. Qeyd etmişdir ki, bu gün gənclərin həyatında çox mühüm bir hadisənin – Gəncənin Avropa Gənclər Paytaxtı seçilməsi ilə bağlı mərasimin açılışına toplaşmışıq. Ölkəmizdə gənclər siyasətinin uğurla aparılması öz bəhrəsini vermişdir. Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm cənab Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət bu gün hər bir gəncin həyatında özünü müsbət mənada büruzə verir. Biz fəxr edirik ki, Gəncənin gəncləri əsl nümunə göstərirlər.
Sonra Azərbaycan Respublikası Prezidentinin ictimai- siyasi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin “Gəncə Avropa Gənclər Paytaxtı 2016” rəsmi açılış iştirakçılarına məktubunu oxumuşdur. Əli Həsənov belə bir faktı qürurverici hadisə kimi vurğulamışdır ki, Azərbaycan Avropa Birliyinin üzvü olmadığı halda onun şəhəri, yəni Gəncə belə bir mötəbər layihənin qalibi adını qazanıb. Bu, layihənin həyata keçirildiyi tarixdə ilk belə bir hadisədir. Prezident sözçüsü əldə olunan uğuru ölkədə aparılan gənclər siyasətinin təntənəsi kimi qiymətləndirmiş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daxili və xarici siyasətinin məntiqi nəticəsi olduğunu bildirmişdir. Gəncənin bu gününə, burada aparılan böyük abadlıq- quruculuq işlərinə toxunan şöbə müdiri Gəncədə bu il keçiriləcək saysız-hesabsız tədbirlərin uğurlu olacağına əminliyini ifadə etmişdir.
Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimov öz çıxışında bu günü əlamətdar bir hadisə adlandırdı və dedi ki, Gəncənin belə bir çətin yarışda qalib adını qazanması və Avropanın diqqətini özünə cəlb etməsi təkcə bu qədim şəhərin deyil, bütövlükdə, Azərbaycanın çox böyük yüksəliş yolu keçdiyinə əyani sübutdur.
Açılış mərasimində Avropa Gənclər Forumu İdarə Heyətinin üzvü Lora Lübonova, Avropa Şurası Gənclər üzrə Məşvərət Şurasının üzvü Marko Qroşeviç, Türkiyənini Əskişəhər valisi Güngör Tuner, Braqa şəhərinin vitse-meri Mariya Spero, Avropa Gənclər Paytaxtları Şəbəkəsinin icraçı direktoru Andras Farkas və başqaları çıxış edərək layihənin əhəmiyyətindən, Avropa gənclərinin daha da yaxınlaşmasının vacibliyindən, Gəncə şəhərinin gözəlliyindən, Azərbaycanda və bu şəhərdə gənclərin gördüyü böyük işlərdən, perspektiv məsələlərdən danışmışlar.
Sonra qonaqların iştirakı ilə Gənclər evinin açılışı olmuşdur. Qırmızı lent kəsildikdən sonra bu möhtəşəm sarayda gənclər üçün yaradılan şəraitlə tanışlıq hamının xoşuna gəlmişdir.
Qonaqlar şəhərin görməli yerləri ilə tanış olmuş, şəhər sakinləri ilə səmimi söhbətlər etmişlər.
Tədbir davam edir. Daha geniş yazı növbəti nömrələrimizdə dərc olunacaqdır.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.