Gözümü açıb Azərbaycanda yeganə satira-yumor dərgisi olan “Kirpi” jurnalını görmüşəm. “Hədiyyə” adlı ilk satirik hekayəm də 1969-cu ildə burada dərc olunub. Hekayəni o zaman jurnalın baş redaktoru, məşhur yazıçı-satirik Seyfəddin Dağlı bəyənib çap etmişdi.
Ötən əsrin 70-ci illərində həmin jurnalın redaksiyasında Xalq şairi Süleyman Rüstəmin rəhbərlik etdiyi “Kirpiçilər məclisi”nin üzvü idim. Bu məclis haqqında ilk xəbəri də “Ədəbiyyat qəzeti”ndə mən yazmışdım. Süleyman Rüstəmin çox şirin, yumorlu söhbətləri indi də yadımdadır. Getdikcə ədəbiyyatın satira- yumor janrına daha çox bağlanırdım. Mətbuatda bir-birinin ardınca satirik hekayələrim, felyetonlarım dərc olunurdu.
Bu yazının əvvəlində düşündüm ki,bir daha “satira nədir?” sualına özlüyümdə cavab verim. Əslində, bu suala çoxdan cavab verilib. “Satira şən və hazırcavab adamların qərəzsiz hırıltısı deyil, cəmiyyətdəki biabırçılıqdan özünü təhqir edilmiş sayan adamların alovlu, dəhşətli qəzəbidir” İlk yadıma düşən rus mütəfəkkiri V.Q.Belinskinin bu tərifi kifayət qədər dəqiq və tutumludur. Söhbət ədəbi janr kimi satiranın özəlliyindən getdiyindən əlavə etməyə ehtiyac var ki, deyək: Bədii-estetik keyfiyyət olaraq satira roman, povest, hekayə, dram, şeir kimi müxtəlif ədəbi növlərdə elə əsərlərə çevrilir ki, burada ictimai həyatın mənfiliklərini qəzəblə ittiham edən, yaxud kəskin surətdə lağa qoyan məzmun yaranır.
Satiranı dünya ədəbiyyatında Aristofon, Plavt, Bokkaro, Servantes, Şekspir, Molyer, H.Heyne, Dikkens, P.Bomarşe, A.Frans, M.Tven, B.Şou, H.Mann, X.Qoşek, B.Breat, İ.A.Krılov, A.N.Ostrovski...kimi yazarlar məşhurlaşdırmışlar. Azərbaycanda isə bu janrda ən yaxşı əsərləri M.F.Axundov, S.Ə.Şirvani, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi, M. Möcüz, C. Məmmədquluzadə, M.S.Ordubadi, M.Cəlal, Ö.F.Nemanzadə, Ə.Qəmküsar, S.Mümtaz, S.Rəhman, S.Qədirzadə, R.Əhmədzadə və başqaları yaratmışlar.
Bə böyük qələm sahibləri niyə satira yazmaq kimi ağır yükü öz üzərlərinə götürmüşlər? Çünki onlar görmüşlər ki, Sabir demişkən:
Qarışıqdır millətin istedadı,
Ələnirsə, safı bir yan, tozu bir yanlıq olur.
Çalxalandıqca, bulandıqca
zaman nehrə kimi,
Yağı yağ üstə çıxır,
ayranı ayranlıq olur.
Şair “qarışıqdır millətin istedadı” deyəndə indiki kimi çalıb-oxumağı, şoular göstərməyi nəzərdə tutmur, millətin adına ləkə gətirənlərin xarakterinin qarışıq olduğunu nəzərə çatdırmaq istəmişdi.
Biz “ağır yük” deyəndə onu nəzərdə tuturuq ki, satirik əsərlər yazan qələm sahibləri həmişə cəmiyyətin müxtəlif ünsürləri tərəfindən sıxışdırılıblar, təqiblərə və təzyiqlərə məruz qalıblar. Mənfi tiplər satiriklərin həyatını zəhərə döndərməyə çalışıblar, çox vaxt da buna nail olublar. Məsələn, böyük Cəlil Məmmədquluzadə dözülməz şəraitdə yaşamağa məhkum olub, qışda əlyazmalarını sobaya atıb yandırıb ki, uşaqları soyuqdan donmasınlar. Dahi Mirzə Ələkbər Sabir sabun sataraq ailəsini dolandırmağa məcbur olub. Salman Mümtazın əlyazmalarını tonqala atıb yandırıblar... Əzim Əzimzadə kimi böyük satirik rəssamı “sinfi mübarizə və sosializm quruculuğu epoxasının obrazını verməyi bacarmayan rəssam” kimi aşağılayıblar. Dediklərimiz qələm sahiblərinin başına gətirilənlərin mində biridir...
Biz yalnız vaxtilə ölkəmizdə sıxışdırılan, təqiblərə məruz qalan satirik qələm sahiblərimizdən söhbət açırıq. Milli satira ensiklopediyamız sayılan “Molla Nəsrəddin” jurnalının naşiri və redaktoru Mirzə Cəlilin – Molla əminin “öldürüldüyü” barədə şayiə yayıldığı zaman “İrşad” qəzetində çap etdirdiyi məqaləsində Üzeyir Hacıbəyov yazmışdı: “Molla Nəsrəddini öldürmək olsa da, mollanəsrəddinçiliyi öldürmək olmaz”.
Bəli, mollanəsrəddinçilər bu gün də həyatımızın eybəcərliklərinə gülürlər və onlar həmişə xalqımızın önündə olacaqlar. Milli dərdlərin sağalmasına çalışan bu qeyrətli insanların qol-qanadlarını qırmaq yox, onlara çatışmazlıqları yazmaq üçün qol-qanad vermək lazımdır.
Çox qəribədir, satiranın bəyənilmədiyi sovet dövründə də satirik əsərlərdən, kinofilmlərdən, süjetlərdən, karikaturalardan dövlət siyasətində istifadə olunurdu. Amma bütün bu bədii yaradıcılıq nümunələri sovet ideologiyasına xidmət etməli idi. Məsələn, Azərbaycanda “Mozalan” kinojurnalı məşhur idi. Hamı şahiddir ki, “Mozalan”da hər hansı idarə, müəssisə, təşkilat haqqında tənqidi bir süjet nümayiş etdirilən kimi, həmin idarənin, müəssisənin, təşkilatın cavabdeh rəhbərliyi haqqında cəza tədbirləri görülürdü. Və yaxud, “Kirpi” jurnalı böyük tirajla nəşr olunurdu. Dövrümüzün ən böyük satirikləri həmin jurnalda xalqın dərdlərini yazırdılar, çatışmazlıqları, nöqsanları, eybəcərlikləri oxucuların nəzərinə çatdırırdılar.
İndi hanı “Kirpi” jurnalı? Niyə maddi çətinliklər ucbatından jurnal çıxmır, yaxud ildə bir neçə nömrəsi işıq üzü görür? Axı, oxucular bu jurnalı həmişə maraqla gözləyirdilər. Vaxtilə jurnalın Əvəz Sadıq, Seyfəddin Dağlı, Salam Qədirzadə kimi adlı-sanlı redaktorları olub. Bəlkə, indi satirik jurnala, kinosüjetlərə ehtiyac yoxdur? Bəlkə, hər şey yerli-yerindədir, ümumiyyətlə, tənqidə ehtiyac yoxdur?
Bir dəfə bir vəzifəli şəxsə dedim ki, jurnalistlərdən xahiş edin sizin haqqınızda bir az tənqid yazsınlar. O, təəccüblə soruşdu: “Niyə?”. Ona bildirdim ki, həmişə hər yerdə işlərinizi tərifləyirsiniz, yəni sizin heç bir nöqsanınız yoxdur? Axı sizə inanmazlar.
Cəlil Məmmədquluzadə yazırdı ki, “özümüzü başına... quru tərif və yalançı alqışlarla yox, məhz acı həqiqəti meydana qoymaqla biz maarif evini abad edə bilərik. Qeyri bir yol yoxdur”.
Cəhalətə, avamlığa qarşı çıxan qüdrətli sənətkar ürək ağrısını dilinə gətirirdi: “Zülmət çox dərindir, qaranlıq nəhayət qalındır... Bilmirəm barıt atəşimi, bilmirəm maarif topumu, bilmirəm mədəniyyət təkamülü, ya da dinamit inqilabı, ya bəlkə ikisi də lazım”.
O zamankı cəhalət, avamlıq indi yoxdurmu? Falçılar, mövhumatçılar, yalançı dindarlar, “ekstrasenslər”, çöpçülər... indi də azdırmı? Belələri hər adamı həmsöhbətə çevirən qüdrətli vasitəni – teleekranları, sanki “ələ keçiriblər”, ağıllarına və ağızlarına gələni danışırlar! Bir adam da demir ki, yığışdırın bunları ekranlardan, efirlərdən! Axı böyük satiriklərimizin yazdıqlarından yüz ildən çox vaxt keçib... Nə vaxtadək millət bu fırıldaqçılara inanacaq?!
Bunlar ona görə baş verir ki, insanların çoxu öz yerlərində deyillər və yaxud öz yerlərini bilmirlər. Mirzə Cəlil də aşağıdakı fikirləri elə-belə yazmamışdı: “Nə olardı, hər bir şey öz yerində olaydı: məktəbdə müdərrislik edən dükanda olmayaydı; ...çəkməçi öz çəkməçiliyi ilə məşğul olaydı, zərgər də öz zərgərliyi ilə. Çünki elə olsaydı, baş qanamazdı və körpü uçmazdı...”.
Mirzə Cəlilin ömür- gün yoldaşı böyük maarifpərvər Həmidə xanım xalq içərisində söylənən bu deyimi tez-tez dilinə gətirərdi:
Mən aşiq qarğalandı,
Qar yağdı, qar qalandı.
Qarğalar adam olub,
Laçınlar qarğalandı.
Sovet dövründə “özünütənqid” deyilən bir məfhum da vardı. Məsul şəxslər xalq qarşısında öz işləri haqqında danışanda axırda nöqsanlardan da bir- iki kəlmə danışardılar. Hərçənd ki, belə “özünütənqidlər” yüngülvarı olardı, çıxış edənlər ciddi nöqsanlarını söyləməzdilər. Həmin ciddi nöqsanları vaxtaşırı kütləvi informasiya vasitələri - qəzet- jurnallar, teleradio xalqa çatdırardı.
Mən çox təəccüb edirəm: nə vaxtdır qəzetlərdə felyeton janrı görünmür, əmək adamları haqında oçerklər, reportajlar oxumuruq. Axı universitetin jurnalistika fakültəsində bu janrları tələbələrə öyrədirlər.
Satira və yumorun “hörmətdən düşməsi”nin bir səbəbi də teleradio məkanında, mətbuatda gedən şit, bayağı, sözün əsl mənasında, əttökən “məzhəkələrdir”. Bunların əksəriyyətinin nə məramı var, nə də məzmunu... Səviyyəsiz insanlar öz yüngüllüklərini nümayiş etdirməkdən başqa heç nəyə qadir deyillər. Beləliklə, onlar bəzi tamaşaçıları da “yüngülləşdirirlər”. Tamaşaçı elə bilir ki, gülüş elə belə olmalıdır.
Televiziya aparıcıları dilimizi korlamaqla məşğuldurlar, çünki Azərbaycan dilini təmiz bilmirlər. Nə cümlələri düzgün oxuyurlar, nə də vurğuları yerində söyləyirlər.
İndi biz bu nöqsanları deməyək ki, kimlərinsə xoşu gəlməyəcək?
“Dünyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur. Zira ki, mal, mülk tələf olub gedir, amma söz qalır” (C.Məmmədquluzadə). Ona görə də söz, qələm əhlinə xalqımız həmişə böyük hörmət və məhəbbətini bildirir. Qələm tutan, söz yazanlar da gərək xalqın ehtiramını yüksək tutsunlar. Bizə şair xalq ona görə deməyiblər ki, əli qələm tutan şeir yazsın. Şeiri, sənəti belə ucuzlaşdırmaq olmaz!
Əbəs yerə deməmişlər ki, ağıllı və ədalətli satira həmişə və hər yerdə qanundan güclüdür. Mənfi tipli insanlara gülməyi bacarmaq o qədər də asan deyil. Gərək bu gülüş ürəkdən gəlsin, həqiqəti əks etdirsin. Gülüş eybəcərliyin qənimidir. Gülüş eybəcərliyə qarşı çevrilmiş olsa da, əsas məqsədi gözəllikdir: “Bəşəriyyət gülərək öz keçmişindən ayrılır”. Satiranın gücünə, qüdrətinə baxın!
M.F.Axundov vaxtilə cəmiyyətdəki “zülm və ədalətsizliyin, gerilik və cəhalətin kökünü kəsmək, ”xalqı tərbiyələndirmək, həmməzhəblərin əxlaqını saflaşdırıb islah etmək üçün tənqiddən faydalı heç bir vəzifə ola bilməz" - yazırdı.
Bir dəfə rəhmətlik Bəkir Nəbiyevdən soruşdum ki, bu mənfiliklər niyə getdikcə azalmaq əvəzinə çoxalır? Akademik cavab verdi ki, “getdikcə təkmilləşir”. Bəkir müəllim doğru deyirdi, yüz il əvvəl molla üç manat pul, bir kəllə qənd, bir saxsı qab yağ alıb dua yazırdısa və bu da “Molla Nəsrəddin”in tiplərindən birinə çevrilirdisə, indi böyük məbləğlərdə “şirinlik” verilir və alınır... Minlərlə belə fakt söyləmək olar. Bunları hara yazaq, hə?
Hamımızın gördüyü və bildiyi kimi, satiriklərə çox vaxt ögey münasibət bəslənilir. Bəlkə də bu, elə belə olmalıdır, çünki tənqidçini sevmək üçün böyük ürək lazımdır. Böyük ürək isə hər kəsdə olmur. Məşhur türk satiriki Əziz Nesin Bakıya gələndə bir neçə Azərbaycan yazıçısı ilə Dənizkənarı parkda gəzinti zamanı soruşur: “Sizdə satiriklərə dövlətin münasibəti necədir?”. Bizim yazıçılardan biri cavab verir ki, “çox yaxşıdır, onlara fəxri adlar, orden-medallar verilir”. Əziz Nesin təəccüblə dillənir: “Onda sizdə ya satirik yoxdur, ya da dövlət!”.
Əziz Nesinin bu fikri düşüncələrimizi təzələyir, çünki ta qədimdən düz söz deyənlər, həqiqəti söyləyənlər tonqallarda yandırılıblar, min cür zülmə məruz qalıblar. Onda belə çıxır ki, yaşamaq üçün həqiqəti deməmək, yazmamaq lazımdır? Belə olsa, dünya nə günə qalar? Gəlin, necə deyərlər, papağımızı qarşımıza qoyub dərindən düşünək. Tənqidsiz həyat, yaşayış ola bilməz. Bu sətirlərin müəllifi ömrü boyu bu qənaətlə yaşamışdır və bu qənaətin düzgünlüyünə heç zaman şübhəsi olmamışdır.
Satira ədəbiyyatın ən mürəkkəb və çətin janrıdır - desək, səhv etmərik. Niyə? Ona görə ki, satira yazmaq hər qələm sahibinin, yazıçının işi deyil. Satira yazan şəxsin ifşa etdiyi tiplərlə həyatı, yaşayışı tərs mütənasib olmalıdır, yəni ləyaqətlə yaşamalıdır. Satirikin cəsarəti, siması olmalıdır. Cəsarətsiz, qorxaq, yaltaq satira yaza bilməz və bu, qətiyyən mümkün deyil. Onu da deməliyik ki, satira yazan ədibin xalqa bağlılığı olmasa, o, ortaya heç nə qoya bilməz. Satirik istəyir ki, onun qələminə tuş gələn tör-töküntülər xalqın içərisində olmasın.
Satira-yumor janrı qısa, konkret yazmağı tələb edir. Hər qələm sahibi satira, yumor yaza bilməz. Satira və yumorun dili son dərəcə aydın, xalqın danışıq tərzinə uyğun, sözçülükdən uzaq olmalıdır. Yəni az sözlə böyük fikirlər ifadə etməyi bacarmaq lazımdır. Gülməli sözlər yazmaq, kimi isə güldürmək yumor olmadığı kimi, insanın heysiyyətinə toxunan, kəskin sözlərlə də satira olmaz. Satira- yumor müəyyən təsir gücünə malik olmalıdır. Yəni gülə- gülə ağlatmağı, ağlaya- ağlaya güldürməyi bacarmaq lazımdır.
Adam təəccüb edir, teleekranlarda Mirzə Cəlilin, Sabirin hekayələrini, şeirlərini oxuyurlar – bir-birlərinin dizlərinə, kürəyinə şapalaq ilişdirə-ilişdirə, bir-birinin çiyninə çiyinləri ilə toxuna-toxuna, şit-şit, irişə-irişə... Belələri bilməlidirlər ki, satira əyləncə deyil, xalqın dərdidir. O, ürək yanğısı ilə, göz yaşları ilə yazılır. Necə deyərlər, yazıçının bir gözü gülürsə, bir gözü də ağlayır. Xalqın dərdini isə əyləncəyə çevirmək ayıbdır.
Yeri gəlmişkən, qeyd etməliyik ki, səhnələrdə də satirik əsərə “gülüş” qatmaq üçün bəzi aktyorlar min cür lazımsız hərəkətlərə yol verirlər. Onlar bilməlidirlər ki, tamaşaçını güldürərək onun arxasınca getməli deyillər, onları öz arxalarınca aparmalıdırlar. Həm də hamı bilməlidir ki, satiradakı gülüş acı gülüşdür, yəni satira gülmək üçün yazılmır, düşünmək üçün yazılır. Kim deyir ki, insanlar gülməsinlər, amma gülə-gülə düşünsünlər. Onda satirikin əsəri yazarkən hansı hisslər keçirdiyini daha yaxşı başa düşmək olar.
İndi də teatrların satirik əsərlərə ehtiyacı olduğunu qətiyyətlə deyirəm. Tamaşalar xalqın ürəyindən olmalıdır, çünki insanlar “ürəklərindən tikan çıxaran” əsərlərə böyük maraq göstərirlər. Belə olsa, teatrlara tamaşaçı cəlb etmək üçün “əldən-ayaqdan getməyə” ehtiyac qalmaz, tamaşaçı qıtlığı olmaz...
Bu yazını yazmaqla ədəbiyyatımızda satira janrına olan soyuq münasibəti az da olsa dəyişmək fikrinə düşdük. Bu, mümkün olacaqmı? Zaman göstərər.
Xeyrəddin QOCA,
yazıçı-satirik
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.