Doğrudan da, son illər beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verirlər. Bu mənada Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlər müasir dünyaya əsl mənada çağırışdır. Dünyanın dörd yanından tədqiqatçılar, siyasilər, dövlət adamları tolerantlıq mühitinin nümunəsini görmək, dialoq yollarını qovuşdurmaq, mədəniyyətləri paylaşmaq üçün Azərbaycana gəlir, onun necə tolerant bir ölkə olduğunun əyani şahidi olurlar. Ölkəmizdə zamanın sınağından keçmiş qədim bir mənəviyyat qatı var. Bu isə multikultral dəyərlərə söykənən mədəniyyət yaratmışdır. Multikulturalizmin kökləri də bu mədəniyyətlə bağlıdır.
Müasir Azərbaycan dövlətinin qurucusu, müstəqil respublikamızın dünya birliyinə inteqrasiyasının, yeni inkişaf strategiyasının banisi ulu öndər Heydər Əliyev Azərbaycanda multikulturalizmin dövlət siyasətinə çevrilməsinin əsasını qoymuşdur. Ümummilli lider deyirdi: “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Azərbaycanın ən başlıca sərvətlərindən biri qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır. Biz bunu qiymətləndiririk və saxlayacağıq. Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Azərbaycanlı sözü bizi həmişə birləşdirib”. Çoxmədəniyyətliliyin, milli-etnik zənginliyin örnəyi və Şərqlə Qərbin ortaq dəyərlər modeli kimi Azərbaycan bu gün də dünyada mədəniyyətlərarası dialoqun, multikulturalizmin yayılmasına xidmət edən qlobal təşəbbüslərin müəllifi və əsas icraçısı kimi layiqli rol oynayır. Prezident İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində ölkəmiz dünyanın mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilmişdir və bu istiqamətdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgəyaşama ənənələrinə dəstəyin bariz nümunəsidir. İndi xarici ölkələr də, beynəlxalq təşkilatlar da bunu etiraf edirlər. Dünyanın nüfuzlu beynəlxalq təşkilatları da son dövrlərdə bu istiqamətdə fəallaşmaqdadır. BMT Sivilizasiyalar Alyansı da 2005-ci ildə məhz bu çağırışlara cavab olaraq formalaşmışdır. BMT-nin o vaxtkı baş katibi Kofi Annan tərəfindən Türkiyə və İspaniya baş nazirlərinin birgə dəstəyi ilə irəli sürülən təşəbbüs tezliklə 100-dən çox ölkənin qoşulduğu beynəlxalq təsisata çevrilmişdir. Ölkəmiz də bu prosesə öz dəstəyini vermişdir. Çünki bu gün multikulturalizm, mədəniyyətlərin dialoqu və tolerantlıq dünyanın gələcəyi üçün alternativi olmayan dəyərlərdir. Nazir Əbülfəs Qarayev bu məsələyə münasibət bildirmişdir: “Azərbaycanın mədəniyyətlərarası dialoqda oynadığı rol, müəllifi olduğumuz təşəbbüslər də dünyada sülhün, əmin-amanlığın bərqərar olması, sivilizasiyalar arasında dialoqun daha da möhkəmləndirilməsi məqsədi daşıyır.” Prezident İlham Əliyev bu barədə demişdir: “Azərbaycan xalqları, sivilizasiyaları bir araya gətirməyə çalışır.” Azərbaycan bu səpkili tədbirlərlə sadəcə mədəniyyətlərarası dialoqla bağlı çağırışlar etmir, eyni zamanda ölkəmizdə mövcud olan tolerant və qarşılıqlı etimad və anlaşmanın real örnəyini ortaya qoyur. Ölkəmizdə multikulturalizmin möhkəm sosial bazası ilə yanaşı, müvafiq hüquqi təsisatları da var. Ölkə Prezidentinin müvafiq fərman və sərəncamı ilə 2014-cü ildə Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət müşavirliyi təsis edilmiş, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu bu sahədə Azərbaycan örnəyini nümayiş etdirməklə bərabər, hazırda dünyada baş verən prosesləri qiymətləndirməyimiz üçün mühüm bir imkandır.
Təəssüflə qeyd etməliyik ki, bu gün dünyada etnik və dini zəminli qarşıdurmalarla müşayiət olunan neqativ proseslərin çoxu ayrı-ayrı xalqlara xas olan və əsrlər boyu formalaşmış mədəni ənənələri, dəyərləri, baxışları, həyat tərzini, dini postulatları yetərincə düzgün başa düşməməyin nəticəsidir. Yalnız dialoq, qarşılıqlı ünsiyyət bir-birimizi daha yaxşı anlamağa, münaqişələrin səbəblərini təhlil etməyə, yaranmış mürəkkəb vəziyyətdən birgə çıxış yolları tapmağa kömək edə bilər. Forumda BMT-nin yüksək vəzifəli əməkdaşları, bir neçə ölkənin dövlət və hökumət başçısı, ümumilikdə, 146-dan çox ölkədən 2500 nəfərə yaxın iştirakçı, o cümlədən siyasi liderlər, eləcə də beynəlxalq və regional təşkilatlar, özəl sektor, vətəndaş cəmiyyəti, elmi dairələr, gənclər, incəsənət aləmi və kütləvi informasiya vasitələrinin, habelə donor agentlikləri və fondların nümayəndələri qatılacaq. Nazir forumla bağlı demişdir; “Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzində gerçəkləşəcək forumun toplantıları beynəlxalq televiziyalar və internet vasitəsilə 6 dildə canlı yayımlanacaq. Forumda mətbuat üçün də əhatəli proqram nəzərdə tutulub. Bura həm forumun işıqlandırılması, həm də mədəniyyət sahəsində qarşılıqlı fəaliyyət məsələlərində beynəlxalq informasiya agentliklərinin rolunun müzakirəsinə həsr edilmiş seksiyalar daxildir. Tədbirin yekununda birlikdə “Bakı bəyannaməsi” qəbul olunacaq. Bəyannamənin layihəsi BMT-nin qərargahında müzakirə olunmuş, alyansın üzvü olan bütün ölkələrin rəsmi nümayəndələrinə təqdim edilmişdir." Əminliklə demək olar ki, Qlobal Forum mədəniyyətlərarası dialoq və anlaşmanın yeni yollarını tədqiq etmək, yeni tərəfdaşlıq və əməkdaşlıq əlaqələrini təşviq etmək istiqamətində mühüm beynəlxalq hadisə olacaq. Tədbir çərçivəsində faydalı əlaqələrin qurulması məqsədilə keçirilən toplantılar forumun məqsədlərini genişləndirmək üçün mövcud və gələcək tərəfdaşlar arasında əməkdaşlıq potensialının tədqiqi baxımından da əlavə imkan yaradacaq. Mədəniyyət və Turizm Nazirliyindən bildirmişlər ki, beynəlxalq tədbir çərçivəsində qonaqların ölkəmizin mədəniyyət ocaqları, tarixi məkanları ilə tanış olması və Azərbaycanı daha yaxından tanımaları məqsədilə nazirlik tərəfindən müxtəlif mədəni proqramlar da nəzərdə tutulmuşdur. Bu gün Azərbaycanın zəngin mədəni irsi dünyanın dörd bir yanında yüksək səviyyədə təqdim və təbliğ edilir. Mədəniyyət ölkənin ən güclü elçisidir.
Hazırladı:
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.